Mayın 5-də Prezident Kitabxanasında respublikanın hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyevin redaktorluğu ilə nəşr olunmuş “Heydər Əliyev və ordu quruculuğu”, “Heydər Əliyev və qanunçuluq”, “Heydər Əliyev dövlətçilik haqqında” və “Heydər Əliyev: Dövlət xalq üçündür” kitablarının elektron variantları və həmçinin “Heydər Əliyev: Dövlət xalq üçündür” kitabının təqdimat mərasimi keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov bildirmişdir ki, kitabda ulu öndərimiz Heydər Əliyevin irsi kontekstində siyasi-hüquqi, sosial-iqtisadi və mədəni-mənəvi həyatın aktual problemləri, eləcə də müdrik dövlət xadimi barəsində görkəmli şəxsiyyətlərin fikirləri öz əksini tapmışdır. Bu kitab siyasətçilər, elm adamları, eləcə də geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.

Sonra hərbi prokurorluq tərəfindən hazırlanmış kitabların elektron variantlarının fotoslaydları nümayiş etdirilmişdir.

Baş prokurorun müavini, respublikanın hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev görkəmli dövlət xadimi Heydər Əliyevin 1969-cu ildən başlayaraq müasir Azərbaycanın tarixindəki rolu, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi müdrik və uğurlu siyasət barədə ətraflı məlumat vermişdir.

Hərbi prokuror ulu öndərimizin siyasi rəhbərliyi dövründə Azərbaycanın inkişaf etmiş dünya dövlətləri sırasında özünə layiqli yer tutduğunu, aparılmış mütərəqqi islahatlar nəticəsində hüquqi və sivil bir dövlətə çevrildiyini, qanunçuluğun, ictimai-siyasi sabitliyin bərqərar edildiyini faktlarla əsaslandırmışdır.

Ulu öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin respublikamızda hüquqi islahatları uğurla davam etdirdiyini vurğulayan hərbi prokuror, dövlətimizin başçısının Azərbaycanın inkişafı, ölkənin təhlükəsizliyinin, əmin-amanlığın qorunması istiqamətində gördüyü işlərdən bəhs etmişdir.

Yeni nəşrlə bağlı məlumat verən Xanlar Vəliyev nəzərə çatdırmışdır ki, təqdim olunan “Heydər Əliyev: Dövlət xalq üçündür” kitabı geniş oxucu kütləsinə görkəmli insan və siyasətçi Heydər Əliyev şəxsiyyətinin əsil miqyasını daha dərindən anlamağa, onun Azərbaycan dövlətinin təşəkkülünə və möhkəmləndirilməsinə çox böyük töhfələr verməsini layiqincə qiymətləndirməyə imkan yaradır. Kitabda ümummilli liderimiz Heydər Əliyevin müdrik kəlamları, aforizmləri, cəmiyyətin sosial-iqtisadi, hüquqi, mədəni həyatının ən geniş sahələrini əhatə edən çıxış və nitqlərindən seçilmiş fikirlər toplanmışdır. Ulu öndərin nitq və çıxışlarından toplanmış hər bir sitat bu dahi şəxsiyyətin, əsl vətənpərvər insanın müdrikliyindən xəbər verir. Milli Məclisin deputatları Musa Quliyev, Havva Məmmədova, İlham Məmmədov və Əkrəm Abdullayev böyük zəhmət hesabına yazılmış kitabın Heydər Əliyev irsinin dərindən öyrənilməsi, onun gələcək nəsillərə çatdırılması yönündə mühüm əhəmiyyət daşıdığını bildirmiş, nəşrin xarici dillərə də tərcümə olunmasının zəruriliyini vurğulamışlar.

Bildirilmişdir ki, Respublika Hərbi Prokurorluğu tərəfindən hazırlanmış nəşrlər kitabxananın elektron saytına daxil edilmişdir.

 


AZƏRTAC.- 2009.- 5 may.