Bu gün Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında “Erməni saxtakarlığı. Yalan üzərində qurulan tarix” kitabının təqdimat mərasimi keçirilib.

Inews.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) təşəbbüsü ilə nəşr edilən kitabın müəllifləri Prezident Kitabxanasının şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, SAM-ın aparıcı elmi işçisi Araz Qurbanov və tədqiqatçı Elşad Əlilidir.

Kitabın elmi məsləhətçisi və “Ön söz’un müəllifi Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsi müdirinin müavini, iqtisadiyyat üzrə fəlsəfə doktoru Ərəstu Həbibbəylidir.

Tanınmış elm və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbiri Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov açaraq bildirib ki, bu nəşr SAM-ın növbəti çox uğurlu layihələrindən biridir: “Buna qədər də SAM tərəfindən maraqlı layihələr həyata keçirilib. Bu kitabın ən böyük özəlliyi isə budur ki, ilk dəfə olaraq ermənilərin tariximizə, mədəniyyətimizə, maddi irsimizə qarşı əsassız iddiaları, saxtakarlıqları bir nəşrdə toplanaraq bu iddiaların yalan olduğu sübuta yetirilib”.

M.Əhmədov Azərbaycanın və region xalqlarının tarixinin, onların maddi və qeyri-maddi mədəni irs nümunələrinin ermənilər tərəfindən mənimsənilməsi və saxtalaşdırılması səylərindən, bu hallara qarşı mübarizə istiqamətində görülən tədbirlərdən də danışıb. O, “Erməni saxtakarlığı. Yalan üzərində qurulan tarix” kitabını bu sahədə yeni addım kimi dəyərləndirib, bu cür tədqiqatların erməni saxtakarlığına qarşı sanballı cavab kimi qiymətləndirib.

Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsi müdirinin müavini Ərəstü Həbibbəyli deyib ki, nəşrin müəllifləri Azərbaycanda uzun illərdir erməni yalanlarını və saxtakarlıqlarını ifşa edən şəxslər kimi tanınır. Bu mənada onların yeni ideyası təqdir edilməlidir. Erməni saxtakarlıqlarının bir kitab halında ərsəyə gəlməsi əhəmiyyətli addımdır: “Burada erməni saxtakarlıqları siyasətdən tutmuş tarixi, dini, mədəni irsimiz, kulinariya və s. qədər faktlarla ifşa edilib. Həmin saxtakarlıq və mənimsəmə isə təkcə Azərbaycan və türk xalqlarına qarşı deyil, təmasda olduqları bütün xalqlara qarşı həyata keçirilib. Sual oluna bilər ki, buna səbəb nədir? Burda iki mühüm məqamı qeyd etmək olar. Birincisi, bu gün erməni adlandırdığımız haylar etnik kimlik deyil, zaman-zaman etnik kimliyini itirən və kilsə ətrafında birləşən ayrı-ayrı fərdlərin birliyidir. Etnik kimlik daşımayan ermənilərin müxtəlif xalqların milli-mədəni dəyərlərinə və tarixi irsinə sahib çıxmaq cəhdləri, özlərini qədim xalq kimi təqdim etmək niyyətləri məhz bundan qaynaqlanır.

Digər tərəfdən, “böyük Ermənistan” xülyasıdır ki, bu da Balkanlardan Xəzərə qədər ərazini əhatə edir. “Böyük Ermənistan” xülya və mifdən başqa bir şey deyil".

PA rəsmisi nəşri erməni yalanlarına cavab formasında dəyətli tədqiqat adlandırıb, kitabın elmi və tarixi dəyərindən danışıb, erməni yalanlarının diapazonunun çox geniş olduğunu vurğulayıb. Təklif edib ki, nisbətən qısaldılmış formatda kitabın onlayn şəkildə yerləşdirilməsi ermənilərin sistemli kampaniyasına qarşı bir cavab ola bilər.

SAM-ın direktoru Fərhad Məmmədov deyib ki, bu layihə rəhbərlik etdiyi qurumun fəaliyyətində tarixi bir aspektdir. Onun sözlərin görə, İkinci Dünya müharibəsindən sonra dünyada gedən proseslər elə ideyaya və fəlsəfəyə xidmət edirdi ki, yeni qaydalar yaradılmışdır, tarix isə tarixçilərə aid, onların müzakirə edəcəyi məsələyə çevrilmişdir. Sovet İttifaqının dağılmasından sonra bir çox dövlətlər imzaladıqları beynəlxalq müqavilələrə baxmayaraq məhz tarixi amildən istifadə edib sərhədləri dəyişdirdilər, referendumlar keçirdilər, ərazi iddiları ilə çıxış etdilər. Bu tarixi amil yeni çalrala beynəlxalq siyasətin vacib faktoruna çevrildi".

F.Məmmədov çıxışında region xalqların maddi-mədəni və tarixi irsinin mənimsənilməsinin bu gün Ermənistan dövlətinin daxili və xarici siyasətinin prioritet istiqamətlərindən birinə çevrildiyini söyləyib. O, erməni saxtakarlığının ifşa edilməsi sahəsində SAM-ın göstərdiyi fəaliyyətdən bəhs edib, bu sahədə istər yerli, istərsə də xarici mütəxəssislərlə sıx əməkdaşlıq edildiyini vurğulayıb və bu gün təqdimatı keçirilən kitabın da məhz belə bir əməkdaşlıq sayəsində ərsəyə gəldiyini deyib. Əlavə edib ki, bu iş davam etdiriləcək.

SAM-ın aparıcı elmi işçisi, kitabın müəllifi Araz Qurbanov tədqiqat zamanı 100-dən artıq erməni saxtakarlığının müəyyən edildiyini, lakin nisbətən daha aktual olanların seçildiyini bildirib. O, saxtakarlığın bir səbəbinin ermənilərin ərazi iddiaları ilə bağlı olduğunu vurğulayıb. Tədqiqatçı Elşad Əlili erməni saxtakarlığının tarixinə nəzər salıb, onların ərazi iddialarının yalan üzərində qurulduğunu diqqətə çatdırıblar. Qeyd olunub ki, kitabda bütün bu məsələlər anlaşılan dildə və faktlara əsaslanaraq əksini tapıb.

Prezident Kitabxanasının şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa isə bildirib ki, kitabın ərsəyə gəlməsi uzun illərin tədqiqatının nəticəsidir: "Eyni zamanda ermənilərin Azərbaycan tarixinin, maddi mədəniyyət nümunələrinin mənimsənilməsinə qarşı tutarlı, sanballı bir cavabdır. Burda qədimdən bəri ermənilərin istər Azərbaycan tarixinin, istər qonşu xalqların tarixini öz adlarına çıxması, maddi mədəniyyət nümunələrimizi mənimsəmələri, hazırkı Ermənistan ərazisi, İrəvanın qədim Azərbaycan şəhəri olması, ordakı abidələrin bizə məxsus olması haqqında ayrı-ayrı elmi araşdırmalar şəklində materiallar var. Burda ermənilərin 24 iddiasına 24 cavab var. Yəni bu, simvolik olaraq ermənilərin 24 aprel uydurmalarına cavab kimi səslənir, hər bir erməni saxtakarlığına faktlarala, elmi araşdırmalarla cavab verilir. Kitabın ingilis, rus digər dillərdə çapı nəzərdə tutulub, çünki ermənilər bizim tariximizi saxtalaşrıdıb Avropa və digər ölkələrdə yayırlar və biz də buna sanballı cavab olaraq kitabı ərsəyə gətirdik. Erməni iddialarına qarşı gələcəkdə bu işi davam etdirib və genişləndirəcəyik".

 


1news.az.-2018.-29 mart.