Müasir ictimai həyatın heç bir sahəsini informasiya təminatı olmadan təsəvvür etmək mümkün deyildir. Cəmiyyətdə belə təminatı həyata keçirə bilən bir sıra təsisatlar vardır ki, bunların içərisində kitabxanalar aparıcı mövqeyə malikdir. Onlar öz profillərinə, tipinə, istifadəçilərin informasiya tələbatının əsas istiqamətlərinə görə sənəd fondları, biblioqrafik resurslar yaradır və bu informasiya resurslarının istifadəsini təşkil edirlər. Son onilliklər ərzində ictimai fəaliyyətin bütün sahələrinə sirayət edən informasiyalaşdırma tendensiyasının nəticəsində kitabxanalar öz fəaliyyətlərində informasiya texnologiyalarının nailiyyətlərini, istehsalat proseslərinin avtomatlaşdırlmış idarə edilməsi və informasiya-axtarış sistemlərini, informasiya-kommunikasiya şəbəkələrini, o cümlədən interneti geniş miqyasda tətbiq edərək öz xidmətlərinin keyfiyyətini və operativliyini daha da yüksəldir, tələbatçılara yeni-yeni xidmət növləri təklif edirlər. Həmin yeni texnologiyaların və metodların tətbiqi informasiya təminat sistemində “elektron kitabxanalar” deyilən yeni fenomenin meydana çıxmasına şərait yaratmışdır.

Elektron kitabxanalar ənənəvi kitabxanaların fəaliyyətinə sərt çərçivə qoyan bir çox məhdudiyyətləri - oxucunun kitabxanadan uzaqda yaşaması, gedib-gəlməsi ilə bağlı coğrafi-məkan çətinliyini, kitabların və digər nəşrlərin nüsxəsinin məhdud olması nəticəsində eyni bir nəşrdən ancaq bir insanın istifadə edə bilməsi, oxu zallarında yerlərin məhdud miqdarı kimi məhdudiyyəti, kitabxananın ancaq həftənin müəyyən günləri və günün müəyyən saatları xidmət göstərməsi kimi zaman məhdudiyyətini və s. aradan qaldırır və kitabxananı hər zaman istifadəçilərin üzünə açıq edən sənəd- informasiya təminatı müəssisəsinə çevirir. Elektron kitabxanaların get-gedə daha da artıq populyarlaşmasına rəvac verən digər amil vətəndaşların elektron mühitə, virtual məkana əlyetərlik səviyyəsinin yüksəlməsidir. Əgər XX əsrin sonlarında inkişaf etməkdə olan ölkələrdə, o cümlədən Azərbaycanda internetdən istifadə etmək üçün rabitə kanalı və belə rabitənin haqqını ödəmək üçün maliyyə imkanı, kompüter və ya onu əvəz edən cihazlar və digər lazimi texniki qurğular əhalinin az bir qisminə əlyetər idisə, indi Azərbaycanın demək olar ki, hər bir ailəsi və bir çox halda ayrıca olaraq hər ailə üzvü belə imkana malikdir.

Ölkədə informasiya-kommunikasiya infrastrukturunun inkişaf etdirilməsi, ictimai həyatın bütün seqmentlərində informasiyalaşdırmanın həyata keçirilməsi məsələsi xüsusən də ümummilli lider Heydər Əliyevin imzası ilə 3 aprel 1998-ci ildə qəbul edilmiş “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunun tətbiqi ilə daha da sürətləndi və bu qanun elektron kitabxanaların yaradılması və onlardan istifadə etmək üçün imkanlar yaradılmasını daha da sürətləndirən mühüm amil oldu. Bu qanunda, informasiya-kommunikasiya texnologiyalarının inkişafına yönələn digər qanunlarda və dövlət proqramlarında nəzərdə tutulan hədəflərə çatılması ölkənin demək olar ki, bütün əhalisi üçün elektron kitabxanadan istifadə etmək üçün potensial imkan yaratdı. Belə bir vəziyyət kitabxanaları elektron sənəd-informasiya resurslarının, onlardan istifadə etmək üçün axtarış sistemlərinin yaradılmasını da stimullaşdırdı.

Azərbaycanda kitabxanaların informasiyalaşdırılması prosesi ümummilli lider Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdən etibarən geniş miqyasda həyata keçirilməyə başladı. Respublikamızın kitabxanaları içərisində ilk olaraq müasir kitabxana metod və texnologiyalarını tətbiq etməklə öz fəaliyyətini günün tələbi səviyyəsində quran kitabxanalardan biri Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası oldu. 2003-cü ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış bu kitabxana keçən illər ərzində mütəmadi olaraq yeni ədəbiyyatla zənginləşən, yeni texnologiya ilə təmin edilmiş, güclü kadr potensialına malik, öz fəaliyyətində kitabxana işində istifadə edilən qabaqcıl metod və üsulları geniş tətbiq edən, çox sayda istifadəçilərə malik müasir bir kitabxanaya çevrilmişdir. Burada ilk kitabxana saytı yaradılmış, ilk dəfə olaraq kitabxana-biblioqrafik proseslərin kompleks avtomatlaşdırılması sistemi tətbiq edilmiş, elektron kataloqun, elektron kartotekanın tərtibinə başlanmış və onların internetə çıxışı təmin edilmiş, kitab və mətbuat materiallarının tam mətnlərinin hazırlanması və həmin fayllara elektron kataloq və elektron kartotekadan keçməklə əlyetərlik təmin edilmişdir. Kitabxananın fondunda saxlanana bütün monoqrafik nəşrlərin (kitabların, kitabçaların, dissertasiya avtoreferatlarının) elektron kataloqda əks etdirilməsi prosesi tam olaraq başa çatmışdır və hal-hazırda fonda yeni daxil olan bütün nəşrlər haqqında məlumat dərhal elektron kataloqa daxil edilir.

Kitabxanada 2004-cü ildə elektron kitabxananın ilk atributu olan elektron kataloq tətbiq edilməyə başlanandan sonra, burada 2005-ci ildə ilk dəfə tətbiq edilməyə başlayan digər bir metod - özündə ən müxtəlif həm ilkin sənədləri, həm də biblioqrafik informasiyanı əks etdirən tematik informasiya toplularının, portal və layihələrin yaradılmasıdır. Xeyli vaxt, zəhmət, səriştəli mütəxəssislərin məqsədəyönlü fəaliyyətini tələb edən bu iş bir sıra mərhələlərdən ibarətdir. Bu toplularda seçilmiş konkret mövzuya uyğun olaraq Kitabxananın fondunda olan ən müxtəlif oxucu təyinatlı və janrlı kitablar, məqalələr seçilir, toplanır və bunun ardınca konkret fərqli aspektlərdən açılır, ümumiləşdirlir, tərcümələr edilməklə Azərbaycan, ingilis və rus dillərində versiyalar yaradılır, lazım gəldikdə, Kitabxanada olmayan, respublikanın digər kitabxanalarında saxlanılan başqa mənbələr üzə çıxarılır, təhlil edilir, əməkdaşlar tərəfindən analitik və icmal tipli orijinal mətnlər yazılaraq topluda cəmləşdirilir. Bir çox halda toplunun tərkibində Kitabxanada yaradılmış tammətnli verilənlər bazasında mövcud olan və həmin mövzu ilə əlaqədar olan kitablar, məqalələr aşkara çıxarılır və toplunun daxilindəki xüsusi bölmədə həmin kitab və məqalələrin mətni saxlanılan fayllara keçidi təmin edən linklər qoyulur. Belə toplular bir sıra hallarda qeyri-mətn informasiya (xəritə, foto, audio və video fayllar) əlavə edilməklə daha da zənginləşdirilir. Bundan başqa, toplunun mövzusu ilə bağlı yardımçı ədəbiyyatın mövzu biblioqrafik siyahıları tərtib edilərək topluya əlavə edilir. Toplunun yaradılması zamanı ən vacib məsələlərdən biri toplunun optimal strukturunun qurulması, onun funksiya göstərməsi üçün proqram təminatının seçilməsi və tətbiqi, toplunun müvafiq dizaynının işlənib hazırlanmasıdır. Məhz bunun nəticəsində istifadəçi toplunun strukturunu tez anlaya, onun daxilində rahat naviqasiya edə, lazımi məlumatı tapa, əlavə edilmiş kitabları, məqalələri, multimedia faylları açıb istifadə edə bilir. Özü də bu toplular istifadəyə verildikdən sonra da önün üzərində iş bitmir, toplu statik vəziyyətdə qalmır, mütəmadi olaraq təkmilləşdirilir, Kitabxanaya daxil olan yeni materiallar əsasında zənginləşdirlir.

Kitabxananın əməkdaşları tərəfindən tərtib edilərək 2006-cı ildə istifadəçilərə təqdim edilən ilk belə toplu “Odlar yurdu Azərbaycan” adlı toplu oldu. Ayrıca tematik sayt şəklində qurulmuş bu toplu öz müstəqil internet ünvanına malikdir və özündə Azərbaycan haqqında ən müxtəlif istiqamətli məlumatları əks etdirir. Az bir zaman ərzində bu toplu istifadəçilər arasında yüksək populyarlıq qazandı və bundan sonra Kitabxananın mütəxəssisləri həmin istiqamətdə işlərini daha da intensivləşdirdilər. Qeyd edək ki, Kitabxananın belə topluların, çoxaspektli informasiyanı əhatə edən kompleks mənbələrin yaradılması sahəsindəki metodikası sonradan respublikanın digər aparıcı kitabxanaları tərəfindən də mənimsənildi və bu istiqamətdə xeyli işlər görüldü, çox sayda belə tematik toplular hazırlanaraq istifadəyə verildi.

Keçən 13 il ərzində Kitabxanada bu istiqamətdə həyata keçirilən intensiv fəaliyyət nəticəsində çox zəngin sənəd-informasiya resursları yaradılmışdır. Onu da qeyd edək ki, Kitabxanada yaradılan belə topluların mövzu əhatəliliyindən asılı olaraq “elektron külliyyat”, “elektron nəşr”, “elektron resurs”, “elektron layihə” terminlərindən istifadə edilir.

İndiyədək Kitabxanada ”İlham Əliyev” adlı zəngin elektron külliyyat da daxil olmaqla 23 layihə hazırlanmışdır. Onlar aşağıdakılardır- “Heydər Əliyev. Elektron sənədlər toplusu”, “Odlar yurdu Azərbaycan”, “XX əsrin faciəsi - Xocalı soyqırımı”, “Azərbaycan. Dövlət rəmzləri və atributları”, “Naxçıvan Muxtar Respublikası”, “Təcavüz. 20 Yanvar. Bakı 1990”, “Azərbaycan ekologiyası”, “Müstəqil Azərbaycan”, “İrəvan şəhəri”, “Azərbaycan Xalq Cümhuriyyəti”, “Erməni vandalizmi: əsirlikdə olan Azərbaycan abidələri”, “Erməni cinayətləri: Soyqırım. Deportasiya. Terror”, “Türk xalqlarının kitab abidələri. Elektron kitabxana”, “Mehriban Əliyeva. Azərbaycanın birinci xanımının fəaliyyəti mətbuat səhifələrində”, “Azərbaycan multikulturalizmi”, “Görkəmli dövlət və elm xadimi Əziz Əliyev (1897-1962)”, “Azərbaycan və İslam dünyası”, “Azərbaycan-UNESCO əlaqələri”, “Mir Cəlal”, “Ramiz Mehdiyev. Elektron kitabxana”, “Bakı”.

Kitabxanaya daxil olan rəylər göstərir ki, yaradılan bu toplu və layihələr ən müxtəlif tələbatçı qruplarının informasiya ehtiyaclarını çox effektiv şəkildə ödəyir. Bu mənbələrdən nəinki respublikamızdan olan istifadəçilər, həm də onun hüdudlarından kənarda olan istifadəçilər də yararlanırlar.

Kitabxananın bu sahədə sonuncu işi olan “Bakı” adlı elektron toplu Kitabxanada yaradılan bu tipli informasiya məhsulları içərisində xüsusi mövqeyə malikdir. Yaradılmasına 2018-ci ildə başlanaraq cari ilin aprel ayında istifadəçilərin ixtiyarına verilmiş bu toplu xalqımızın ictimai-siyasi, iqtisadi həyatında, dövlətçiliyində müstəsna yeri olmuş Bakı şəhərinə həsr edilmişdir. Belə bir toplunun yaradılması zərurəti Bakı şəhərinin bpyük elmi-mədəni və sənaye mərkəzi olan paytaxt şəhəri ilə bağlı Kitabxanaya çox sayda oxucu müraciətlərinin, faktoqrafik və biblioqrafik sorğuların daxil olması ilə əlaqədar olmuşdur. Özü də belə müraciətlərı təkcə yerli istifadəçilər deyil, həm də xaricdən olan oxucular ünvanlayırlar. Bu səbəbdən toplu üç dildə-Azərbaycan, rus və ingilis dillərində tərtib edilmişdir.

Toplunun strukturu 10 bölmədən ibarətdir. Tarix, Paytaxt, Memarlıq, Sənədlər, Xronologiya, Görkəmli şəxslər, E-Resurslar, Biblioqrafiya, Fotoqalereya və Videoqalereya. “Tarix” bölməsi şəhərin yaranmasından başlayaraq müasir dövrə qədərki dövrü əks etdirən 14 altbölməni əhatə edir. Qeyd edək ki, birinci altbölmədə şəhərin yaranması tarixi ilə yanaşı. bu şəhərin adının etimologiyası, onun adının mənaları izah edilir. Bu altbölmədən məlum olur ki, bu ərazidə ilk yaşayış məskənləri eramızdan əvvəl VIII minillikdə meydana gəlmişdir. Burada daha sonra şəhərin özünün yaranması, inkişafı barədə ətraflı məlumat verilir. Burada son bölmə isə Abşerona, Bakı şəhərinə səfər edən səyyahların yazdıqları əsasında tərtib edilmişdir.

Toplunun növbəti- “Paytaxt” bölməsi isə 8 tematik altbölmədən ibarətdir (İnzibati bölgü, Əhali, İqtisadiyyat, Təhsil, Mədəniyyət, Turizm, İdman, Rəmzlər). Bunların hər birində zəngin faktiki material, çoxlu statistik məlumatlar verilmişdir.

Toplunun “Memarlıq” adlanan üçüncü bölməsi də istifadəçilərdə xeyli maraq doğurur. Onun 4 altbölməsi şəhərin memarlığının ayrı-ayrı dövrlərinə dair məlumatları özündə əks etdirir. Ayrıca “Bakının küçə və meydanlarının köhnə və yeni adları” bölməsi ilə keçən zaman ərzində qeyd edilən adların necə dəyişməsini əks etdirir.

Toplunun “Sənədlər” adlanan dördüncü bölməsi də əvvəlki bölmələr kimi xronoloji struktura malikdir və tərkibində ardıcıl olaraq 5 tarixi dövrü əhatə edən altbölmələr vardır. Burada Səfəvilər, xanlıqlar, rus imperiyası, sovet və müstəqillik dövrünə mənsub olmaqla Bakı ilə əlaqədar tarixi sənədlər toplanmışdır.

Toplunun “Xronologiya” adlanan beşinci bölməsində isə eramızdan əvvəl VIII minillikdən başlayaraq 2019-cu ilə qədər şəhərin həyatında baş vermiş ən mühüm, ən əhəmiyyətli tarixi hadisələrin xronologiyası verilmişdir.

Məlumdur ki, Bakı şəhəri Azərbaycanın bir çox məşhur insanlarının kiçik vətənidir. Bu insanlar haqqında məlumatlar toplunun ayrıca olaraq “Görkəmli şəxslər “ adlı bölməsində toplanmışdır. Burda tarixçi alim, şair, çar ordusunun zabiti A.A. Bakıxanovdan başlayaraq məşhur müğənni Zeynəb Xanlarovaya qədər onlarla tanınmış bakılılar haqqında müxtəsər bioqrafik məlumatlar verilmişdir.

Prezident Kitabxanasında yaradılmış digər elektron toplular kimi “Bakı” toplusunda da mövzu ilə əlaqədar çox sayda maraqlı məqalələr, kitablar elektron versiyaya çevrilərək topluya əlavə edilmişdir. Tələbatçılar xüsusi siyahıda həmin sənədləri nəzərdən keçirə, onlardan özlərinə lazım olanları müəyyənləşdirə və faylı açaraq tam mətnindən istifadə edə bilərlər. Hal-hazırda toplunun “E-kitablar” bölməsində müxtəlif dillərdə 108 adda kitabın, Azərbaycan dilində 120 adda, rus dilində 144 adda, ingilis dilində 6 adda məqalənin tam mətni toplanmışdır.

Kitabxanada yaradılan bu tipli topluların xarakterik xüsusiyyətlərindən biri burada toplunun mövzusuna uyğun olan, lakin tammətnli faylları olmayan nəşrlərin biblioqrafik siyahısının verilməsidir. “Bakı” toplusu da bu baxımdan istisna deyildir. Toplunun “Biblioqrafiya” bölməsində verilmiş zəngin siyahıda toplunun mövzusu üzrə ayrıca olaraq Azərbaycan, rus, ingilis və digər dillərdə kitabların biblioqrafik siyahısı verilmişdir.

Toplunun maraq cəlb edən digər bir xüsusiyyəti onun “Fotoqalareya” adlı bölməsidir. O, iki altbölmədən ibarətdir. “Köhnə Bakı” adlı altbölmədə şəhərin ən qədim dövrlərdən başlayaraq XX əsrin ortalarına qədər əl ilə çəkilmiş ağ-qara və rəngli rəsmlərinin reproduksiyaları və fotoları(cəmi 80 şəkil), “Müasir Bakı” altbölməsində isə indiki dövrə aid 21 fotoşəkil toplanmışdır. Bu şəkillər şəhərin necə inkişaf etməsi, şəhərin o zamankı məişəti və həyatı haqqında dolğun təsəvvür yaradır.

Toplunun son bölməsi “Videoqalereya” adlanır. Burada Bakının bugünkü mənzərəsini, həyatını əks etdirən altı maraqlı videoçarx yerləşdirlmişdir.

Toplu istifadəçilər üçün http://bakucity.preslib.az/ internet ünvanı vasitəsi ilə daima əlyetərdir.

Əminliklə söyləmək mümkündür ki, Kitabxana tələbatçıların Bakı mövzusunda informasiya ehtiyaclarını ödəyə bilən maraqlı bir informasiya resursu yaratmışdır. Bunu toplunun internet ünvanına daxilolmaların statistikası da sübut edir. Şübhəsiz ki, Prezident Kitabxanasının mütəxəssisləri elektron topluların yaradılması kimi maraqlı işi bundan sonra da davam etdirərək istifadəçilər üçün faydalı elektron resurslar yaradacaqlar.

Əliyusif Məmmədov,
Bakı Dövlət Universiteti Biblioqrafiyaşünaslıq kafedrasının baş müəllimi

 

 

Respublika.-2019.- 16 may.- №106.- S. 6.