İrəvan şəhərinin tarixinə həsr edilmiş veb-saytın təqdimatı olmuşdur
Mayın 17-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında İrəvan şəhərinin tarixinə həsr edilmiş iravan.preslib.az veb-saytının (Azərbaycan və rus dillərində) təqdimatı keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbirdə İrəvanın tarixinə işıq salan “İrəvan şəhəri” elektron resursunun əhəmiyyətindən, bu cür veb- saytların sayının çox olmasının vacibliyindən danışılmışdır.
Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov bildirmişdir ki, müasir dövrdə məlumat-informasiya mərkəzi rolunu oynayan kitabxanaların qarşısında qoyulan mühüm vəzifələrdən biri də Azərbaycanın tarixinə, dövlətçiliyinə və ölkəşünaslığa dair müxtəlif istiqamətlərdə elektron resursların hazırlanması məsələsidir.
Prezident Kitabxanasında indiyədək bu sahədə xeyli iş görülmüş, “Odlar Yurdu Azərbaycan” adlı virtual elektron məlumat bazası və bir sıra elektron resurslar yaradılmışdır. Hər biri üç dildə - Azərbaycan, ingilis və rus dillərində hazırlanan bu elektron resurslar Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün sanballı baza hesab edilə bilər.
Prezident Kitabxanasının şöbə müdiri və AMEA Tarix İnstitutunun əməkdaşı Nazim Mustafanın qələmə aldığı “İrəvan şəhəri” əsərinin əsasında hazırlanmış “İrəvan şəhəri” elektron resursu Azərbaycanın qədim elm, mədəniyyət, habelə dini mərkəzlərindən olan qədim İrəvan şəhərinə həsr edilmişdir. Layihənin elmi məsləhətçisi Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Yaqub Mahmudovdur.
Tarixi saxtalaşdıranlara qarşı tutarlı cavab olan “İrəvan şəhəri” əsəri yazılarkən kitabxananın fondunda qorunub saxlanılan erməni dilində olan ədəbiyyatdan geniş istifadə edilmişdir. Bu əsərin yaxın gələcəkdə ingilis dilinə də tərcümə edilməsi və elektron versiyasının hazırlanması nəzərdə tutulur.
Tədbirdə layihənin elmi məsləhətçisi, professor Y.Mahmudov çıxış edərək bildirmişdir ki, AMEA-nın Tarix İnstitutu mühüm layihələrini Prezident Kitabxanası ilə birgə həyata keçirir. İnstitutun əməkdaşlarının qələmə aldıqları kitabların elektron versiyası bu kitabxanada hazırlanır. Bütün bunlar düşmənlərimizə qarşı informasiya müharibəsində üstünlüyümüzü təmin edən başlıca amillərdəndir.
Qədim Azərbaycan şəhərlərinə həsr olunmuş əsərlərin əhəmiyyətindən danışan Y.Mahmudov demişdir ki, Nazim Mustafanın keçmişdən müasir dövrə qədər İrəvan şəhərinin tarixini işıqlandıran “İrəvan şəhəri” kitabı 2009-cu ildə AMEA-nın Tarix İnstitutu tərəfindən çap edilən və müəllifləri ötən il Dövlət mükafatına layiq görülən “İrəvan xanlığı” monoqrafiyasından sonra İrəvan şəhəri mövzusunda yazılan ilk sistemli tədqiqat əsəridir.
Yeni elektron resursda İrəvan şəhərində azərbaycanlılara məxsus maddi-mədəniyyət nümunələrinin erməni vandalları tərəfindən yer üzündən necə silindiyi və yaxud başqa xalqlara məxsus tarixi-memarlıq abidəsi kimi necə qələmə verildiyi ayrı-ayrı faktlarla göstərilir.
Layihənin rəhbəri N.Mustafa veb-sayt haqqında ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, veb-saytda materiallar 31 bölmədə qruplaşdırılmışdır. Hər bölmədəki yazılar tarixi gerçəklikləri əks etdirən fotoşəkillərlə müşayiət olunur.
Saytın “Müqəddimə” adlanan bölməsində İrəvan şəhərinin ümumi mənzərəsi, onun tarixi keçmişi, şəhər həyatı, maddi-mədəniyyət və memarlıq abidələri və bu günü haqqında ümumi məlumat verilmişdir.
“Tarixi arayış”, “Rusiya işğalı dövrü”, “İrəvanı idarə edənlər” və digər bölmələrdə İrəvanın Azərbaycanın qədim elm və mədəniyyət mərkəzlərindən biri olduğunu nümayiş etdirən materiallar yer almışdır. Yeni elektron resursda “Memarlıq və incəsənət” bölməsi diqqəti daha çox cəlb edir. Son iki əsrdə ermənilərin cidd-cəhdlə izlərini silməyə çalışdıqları maddi-mədəniyyət və memarlıq abidələrimizlə bağlı materiallar məhz bu bölmədə əksini tapmışdır. Bu fəsildə “İrəvan qalası”, “Xan sarayı”, “Məscidlər”, “Əmir Səəd məqbərəsi” və “Sənətkarlıq və incəsənət” bölmələri yer almışdır.
Qeyd olunmuşdur ki, iravan.preslib.az veb-saytında yerləşdirilən “İrəvan şəhəri” əsəri İrəvan şəhərinin əslində kimlərə məxsusluğunu göstərən qiymətli elektron resurs olmaqla yanaşı, tariximizi saxtalaşdırmağa çalışan ermənilərə qarşı tutarlı cavabdır. Əsərin yazılması zamanı 300 ədəbiyyata müraciət olunmuşdur ki, onların da təqribən üçdə biri ilk dəfədir elmi-tədqiqat dövriyyəsinə cəlb edilir.
Digər çıxış edənlər də yeni elektron resursun əhəmiyyətindən danışmışlar. Vurğulanmışdır ki, iravan.preslib.az veb-saytı Prezident Kitabxanası əməkdaşlarının hazırladıqları digər elektron resurslar kimi, Azərbaycan həqiqətlərinin üzə çıxarılmasında və tarixin qaranlıq səhifələrinin aşkarlanmasında çox faydalı olacaqdır.
AZƏRTAC.- 2013.- 17 may.