Prezi̇dent ki̇tabxanası tərəfi̇ndən hazırlanmış “Təcavüz. Bakı. 20 Yanvar 1990” elektron nəşri̇ni̇n təqdi̇matı olmuşdur
Yanvarın 18-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası tərəfindən hazırlanmış “Təcavüz. Bakı. 20 Yanvar 1990” adlı elektron nəşrin təqdimatı keçirilmişdir.
Kitabxananın direktoru Mayıl Əhmədov bildirmişdir ki, 1990-cı ilin yanvarında Bakıda və Azərbaycanın bəzi rayonlarında törədilən qanlı qırğınlardan 20 il ötür. Bu müddətdə 20 Yanvar faciəsinin baş verməsinin səbəbləri, onun miqyası, ibrət dərsləri haqqında bir sıra tədqiqatlar aparılmış, məqalələr və kitablar yazılmış, ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə qanlı hadisəyə ölkənin ali qanunvericilik orqanı tərəfindən siyasi-hüquqi qiymət verilmişdir.
1990-cı ilin yanvarında törədilən qanlı aksiya zamanı 147 nəfərin şəhid olduğunu, 744 nəfərin yaralandığını, 841 nəfərin qanunsuz həbs edildiyini diqqətə çatdıran M.Əhmədov, bunun xalqımıza qarşı sovet hakimiyyəti illərində həyata keçirilən qətliamların sonuncu mərhələsi olduğunu vurğulamışdır.
Qeyd olunmuşdur ki, xalqımıza qarşı törədilən bu cinayəti ilk dəfə ulu öndər Heydər Əliyev 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirdiyi mətbuat konfransında kəskin surətdə pisləmiş, əliyalın xalqın gülləbaran edilməsini hüquqa, demokratiyaya, insanlığa zidd aksiya kimi qiymətləndirmişdir.
Sonra Kitabxana tərəfindən hazırlanmış elektron nəşr barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, beş fəsildən ibarət elektron nəşrin “Azərbaycana qarşı cinayət” adlanan birinci fəslində qan yaddaşımız olan 20 Yanvar faciəsi haqqında dolğun məlumat toplanmışdır.
M.Əhmədov vurğulamışdır ki, 20 Yanvar faciəsinə elmi-analitik yanaşma ilk dəfə akademik Ramiz Mehdiyevin “Azərbaycanlılara qarşı soyqırımı gerçəklikləri” əsərində öz əksini tapmışdır. Həmin əsərdə qanlı faciə bir neçə aspektdən - dini, milli, Qafqaz amilləri və geosiyasi aspektlərdən, Dağlıq Qarabağ problemi kontekstindən araşdırılmış, Qanlı Yanvarın ibrət dərsləri təhlil edilmişdir.
Həmin fəslin digər bölməsində 20 Yanvara aparan hadisələrin qısa xronologiyası öz əksini tapmışdır. Sonuncu bölmədə isə 20 Yanvar şəhidlərinin ümumi siyahısı verilmişdir.
Elektron nəşrin ikinci fəsli “Rəsmi sənədlər” adlanır. Bu fəslin 1-ci bölməsində istər sovet hakimiyyəti dövründə, istərsə də müstəqillik illərində Azərbaycan parlamentində 20 Yanvar hadisələri ilə bağlı qəbul edilmiş qərarların tam mətni toplanmışdır. 2-ci bölmədə isə mövzu ilə əlaqədar Azərbaycan Prezidentinin indiyədək imzaladığı fərman və sərəncamlar əks olunmuşdur. Fəslin sonuncu bölməsində dövlətimizin başçısının 20 Yanvarla bağlı görüşləri, qəbulları, çıxışları, müsahibələri və bəyanatlarını özündə əks etdirən materiallar toplanmışdır.
Elektron nəşrin “Müraciətlər, bəyanatlar, tədbirlər” adlanan üçüncü fəslinin 1-ci bölməsində Bakıda fövqəladə vəziyyət tətbiq edilməsi ilə bağlı SSRİ Ali Soveti Rəyasət Heyətinin 19 yanvar 1990-cı il tarixli fərmanının, Bakıda komendant saatı tətbiq edilməsi haqqında şəhər komendantının əmrinin mətnləri verilmişdir. Bu fəslin 2-ci bölməsi “Heydər Əliyev Qanlı Yanvar haqqında” adlanır və orada ümummilli liderin keçirdiyi mətbuat konfransında, Ali Sovetin sessiyalarında etdiyi çıxışlar, teleqramları toplanmışdır. “Müraciətlər, bəyanatlar və digər materiallar” adlanan bölmədə isə 1990-cı il yanvarın 20-dən başlayaraq Azərbaycan SSR Ali Sovetinin bəyanatları, ictimai-siyasi xadimlərin, görkəmli şəxsiyyətlərin, ayrı-ayrı kollektivlərin, insan hüquqlarının müdafiəsi ilə məşğul olan qurumların müraciətləri öz əksini tapmışdır. “Stenoqramlardan çıxarışlar” bölməsində 20 Yanvar hadisələrinə dair müzakirələr aparılmış Azərbaycan KP MK plenumlarının və Ali Sovetin sessiyalarının protokollarından çıxarışlar təqdim edilmişdir.
“Anma tədbirləri” adlanan bölmədə isə xarici ölkələrdə Qanlı Yanvar şəhidlərini anma mərasimləri, müxtəlif tədbirlər və aksiyalar haqqında məlumatlar xronoloji ardıcıllıqla toplanmışdır.
“Elektron resurslar” fəslində 20 Yanvar faciəsinin əks-sədasına dair xarici və yerli mətbuatda dərc edilmiş yazılar, analitik materiallar, kitabların elektron versiyaları və mövzuya aid biblioqrafiya öz əksini tapmışdır.
M.Əhmədov qeyd etmişdir ki, Qanlı Yanvar hadisələri baş verdiyi günlərdə bir çox videogörüntülər və fotoşəkillər çəkilmişdir. Bu gün həmin kadrlar və fotoşəkillər sovet rejiminin qanlı əməllərini yaddaşlarda bir daha canlandırır. Elektron nəşrin “Fotoarxiv” bölməsində tanınmış fotoqraf Mirnaib Həsənoğlunun fövqəladə vəziyyət rejimində çəkdiyi şəkillər yerləşdirilmişdir. Bu şəkillərin bəziləri ilk dəfədir ki, ictimaiyyətə təqdim edilir.
Kitabxananın direktoru vurğulamışdır ki, 20 Yanvar faciəsinə dair dolğun materiallar toplusu virtual məkanda ilk dəfə olaraq internet istifadəçilərinə təqdim olunmuşdur və bu elektron nəşr mütəmadi olaraq yenilənəcəkdir. Azərbaycan, rus və ingilis dillərində hazırlanmış bu elektron nəşr həm yerli, həm də əcnəbi tədqiqatçılar, habelə mövzu ilə maraqlanan digər şəxslər üçün əvəzsiz mənbə rolunu oynayacaqdır.
AZƏRTAC.- 2010.- 18 yanvar.