Xəbər verdiyimiz kimi iyunun 27-dən 29-dək Bakıda Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının yaradılmasının 10 illiyinə həsr olunmuş “ Dövlət idarəetmə orqanlarının sənəd-informasiya təminatı: müasir vəziyyət və inkişaf perspektivləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilmişdir.

Azərbaycan, Türkiyə Cümhuriyyəti, Rusiya Federasiyası, Macarıstan, və arxiv xidmətinin rəhbəri Mehmet Toprakla söhbətimizdə bir daha bu faktın şahidinə çevrildik.

Öncə həmsöhbətimiz haqqında qısa məlumat:

1965-ci ilin mart ayında Türkiyənin paytaxtında dünyaya gələn Mehmet Toprak Ankara Universitetini kitabxanaçılıq ixtisası üzrə bitirmişdir. Mədəniyyət və Turizm Nazirliyində kitabxanaçı, Çanaqqala Vilayət Mədəniyyət və Turizm İdarəsi müdirinin müavini, Ankaradakı Ədnan Ötükən adına Vilayət Kitabxanasınm və Sənədləşdirmə İdarəsinin müdiri vəzifələrində çalışmışdır. Bu müddətdə “ Mədəniyyət Nazirliyinin 1952-1999-cu illərdəki nəşrlər kataloqu” (2000-ci il) və “Mədəniyyət Nazirliyinin 1933-2000-ci illərdə dövri nəşrlər toplu biblioqrafiyası” (2002-ci il) adlı dəyərli tədqiqat kitablarını ərsəyə gətirmişdir. Türk və ingilis dillərində mühazirələr oxuyur.

- Mehmet bəy, Azərbaycanı necə gördünüz?

- İştirakçısı olduğum konfrans barədə fikirlərimdən, ictimai-siyasi məzmunlu təəssüratdan və sizin sualımızın cavabından əvvəl bir məqamı qeyd edim ki, bu gün mənim evimdə cocuqlarımın başa düşməkdə çətinlik çəkdiyi bir çox ifadələr var ki, mən onları körpə ikən anamdan eşitmişdim. Son üç gündə həmin ifadələrin əksəriyyətini yenə də eşitdim. Amma bu dəfə Ankarada, anamdan yox, Bakıda qardaşlarımdan. Bu doğmalığı və yaxınlığı görüb hiss etmək mənim səfərimin ən dəyərli qazanclarından oldu. Mən eyni zamanda Bakı səfərim zamanı siyasət dahiləri Mustafa Kamal Atatürklə Heydər Əliyevin Azərbaycanla Türkiyə, yaxud Türkiyə ilə Azərbaycan arasındakı qardaşlığa verdikləri möhtəşəm önəmin real həyatdakı təsdiqini gördüm. Əminəm ki, Türkiyəyə ilk dəfə yolu düşən hər bir azəri də məhz bu hissləri yaşayacaq.

- Bəs ictimai-siyasi təəssüratlarınız?

- Mən ictimai-siyasi və elmi-mədəni proseslərlə daim maraqlarının bir mütəxəssis kimi Azərbaycan haqqında həmişə əhatəli məlumata malik olmuşam. Üstəlik, Azərbaycan Milli Məclisinin kitabxanasının formalaşdırılmasında Türkiyə Böyük Millət Məclisinin kitabxanası olaraq yaxından iştirak etmişik. 1997-ci ildən Azərbaycan Parlament Kitabxanası ilə sıx əlaqə saxlayırıq. Yəni, Azərbaycanı tanımayan birisi deyiləm. Bununla belə, Bakını görəndə mən sanki Avropanın ən böyük ölkələrindən hansınınsa paytaxtmı görürmüş kimi heyrətləndim. Çox qısa müddət müstəqilliyi olan bir türk dövlətinin bu qədər iti sürətlə inkişaf etməsi məni təkcə sevindirmədi, bundan həm də qürur duydum. Bayraq Meydanı, Alov qüllələri, sizinlə indi ləpələrinin sərinliyində söhbət etdiyimiz Xəzərin Bakı sahili boyunca uzanan Milli Park paytaxtımızın ən gözəl ünvanlarındandır. İçəri Şəhər, Qız qalası, Qala arxeoloji - etnoqrafik muzeyi isə bu ölkənin nə qədər zəngin tarixə malik olduğundan xəbər verir. Bir sözlə, ürəyimdə Azərbaycana olan utopik (xəyali-red.) sevginin reallığa çevrilməsindən çox məmnun oldum.

- Azərbaycan xalqı kimi bizim dövlətimiz də sabahı qurmaqla yanaşı, keçmişə də hörmətlə yanaşır, tarixi dəyərləri qoruyur.

-Sizin xalqımız və dövlətiniz təkcə öz tarixi dəyərlərini deyil, başqalarının tarixi dəyərlərini də qoruyur, hörmətlə mühafizə edir. Mən iştirakçısı olduğum konfransın keçirildiyi binanı nəzərdə tuturam. Erməni kilsəsi öz əzəli görkəmində bərpa olunaraq çoxminli insanların istifadəsinə verilmişdir. Bəzən görürsən ki, hansısa ölkədə tarixi bina nəyinsə xatirinə bərpa edilir, ancaq insanlar üçün qapalı saxlanılır. İnsan olmayan yerdə isə binanın ömrü qısalır. Azərbaycanda bu məsələ daha böyük miqyasda təqdir olunmalı bir şəkildə öz həllini tapıb. Üstəlik, biz gördük ki, Prezident Kitabxanasının fondunda kifayət qədər erməni ədəbiyyatı, erməni dilində olan kitablar saxlanılır. Torpaqlarının bir hissəsi məhz həmin ermənilər tərəfindən işğal olunmuş xalq bu mədəniyyəti sərgiləyirsə, bu, dünya tərəfindən alqışlanmalıdır. Mən bu fond barədə tanınmış ermənişünas tədqiqatçılara məlumat verəcəm. Bakıdan qayıtdıqdan sonra bu məsələlər barədə geniş söz açacağam və Azərbaycanın Prezident Kitabxanasının fondunun zənginləşdirilməsi məqsədilə əlimizdən gələn qardaş köməyini əsirgəməyəcəyik. Xatırladım ki, Azərbaycanın Parlament Kitabxanasına son iki ildə 848 kitab göndərmişik. Bu yaxınlarda isə daha 197 kitab göndərəcəyik.

Prezident Kitabxanasının direktoru Mayıl Əhmədovla maraqlı və əhatəli söhbəti- miz oldu. Bu işin ən dəyərli uzmanlarından olan Mayıl müəllim rəhbərlik etdiyi kitabxananın beynəlxalq əlaqələrinə xüsusi önəm verir. Bu, çox vacib və zamanın tələb etdiyi məsələdir. Xüsusən, qonşu və qardaş ölkələrin kitabxanaları arasında işbirliyi yüksək səviyyədə olmalıdır. Mən söz verdim ki, Ankaradan Bakıya tarixi, siyasi və ədəbi kitabların göndərilməsinə yardımçı olacağam. Bunu ona görə etmək istəmirəm ki, sizin kitabxananın (Prezident Kitabxanası nəzərdə tutulur -İ.M.) fondu zəifdir. Əksinə, sizin kitabxananın həm kitab fondu olduqca zəngindir, həm də elektron resurslarınız çox əhatəlidir. Yeri gəlmişkən bir məsələni də qeyd edim ki, Azərbaycanın Prezident Kitabxanası ilə Türkiyə Böyük Millət Məclisinin kitabxanasının iş prinsipi bir çox məqamlarda eynidir. Ancaq sizin veb saytınızı daha çox bəyəndim. Çünki siz həmin saytı kimdənsə şablon kimi almamısınız. Bilavasitə özünüzə lazım olan səviyyədə özünüz bir əmək yaratmış və zənginləşdirmisiniz. Bu, çox vacib məsələdir. Saytda kitabların dəqiq təsnifatlaşdırılmasına nail olmaqla isə daha bir əmək ərsəyə gətirmisiniz.

Mayıl müəllimlə bir sıra məsələlər ətrafında müzakirələrimiz oldu. Kifayət qədər nikbin notlarımız və perspektiv əməkdaşlığı təmin edəcək təkliflərimiz var. Bu müzakirələr və sonrakı əməkdaşlığımıza dair qeydlərimiz elektron poçt üzrə davam etdiriləcək.

-Konfrans haqqında təssüratlarınızı eşitmədik.

- Bu konfrans böyük bir coğrafiyam əhatə etsə də mən Avropam və Asiyanı təmsil edən iştirakçı ölkələri nəzərdə tuturam - çox konkret məsələyə həsr olunmuşdu. Üstəlik, iştirakçıların hamısı eyni sahənin mütəxəssisləri idi. Ona görə də müzakirələr asan və səmərəli oldu. Biz təmsil etdiyimiz qurumlar arasındakı əməkdaşlıqdan başqa fərdi dostluq və əməkdaşlıq sahəsində də bir sıra uğurlara nail olduq. Ümumiyyətlə, istənilən beynəlxalq tədbir yaradıcı insanlar üçün səmərəli olur. Əgər tədbir Azərbaycanda keçirilirsə və Azərbaycan Prezidentinin İşlər İdarəsinin Prezident Kitab- xanası tərəfindən təşkil olunursa, deməli, konfrans iştirakçılarının hamısı öz ölkəsinə zəngin təəssüratla qayıdır. Şəxsən mən Bakı ilə bir daha görüşmək arzusuyla Ankaraya qayıdıram. Əminəm ki, növbəti səfərlərim zamanı Azərbaycanın daha böyük uğurlarının şahidi olacağam.

İttifaq MİRZƏBƏYLİ.

 


Xalq qəzeti.-2013.-5 iyul.-№ 144.-S.6.