Prezident Kitabxanasında “Mir Cəlal” adlı elektron nəşr hazırlanıb
Azərbaycanın görkəmli ədibi və elm xadimi Mir Cəlal Paşayevin zəngin irsi daim öyrənilir və tədqiq edilir. 2008-ci ildə XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mir Cəlalın anadan olmasının 100 illiyi ölkə daxilində və UNESCO səviyyəsində qeyd olunduğu dövrdə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında “Mir Cəlal Paşayev-100” adlı elektron biblioqrafik göstərici hazırlanaraq istifadəçilərin ixtiyarına verilib. Ötən 10 il ərzində həmin elektron göstəricinin materialları daim yenilənib. Prezident Kitabxanasının əməkdaşları bu elektron göstəricinin əsasında yeni elektron nəşr hazırlayıblar.
“Mir Cəlal” adlanan bu yeni elektron nəşr görkəmli alim və yazıçının həyat və fəaliyyətinin mühüm məqamlarını özündə əks etdirməklə yanaşı, onun elmi və ədəbi irsinin, tərcümələrinin, haqqında yazılan kitab və məqalələrin elektron versiyalarını və biblioqrafiyasını özündə əks etdirir. 13 əsas bölmədən ibarət olan elektron nəşrin “Bioqrafiya” adlanan birinci bölməsində görkəmli şəxsiyyətin yığcam bioqrafiyası verilib. “Xronologiya” adlanan ikinci bölmədə Mir Cəlal Paşayevin həyat və fəaliyyətinin mühüm məqamları və adının əbədiləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər haqqında məlumatlar öz əksini tapıb. “Rəsmi sənədlər” adlanan üçüncü bölmədə Sovet Azərbaycanı dövründə Mir Cəlal Paşayevin təltif edilməsi haqqında verilən fərmanlar, müstəqillik illərində yubileylərinin keçirilməsi haqqında sərəncamların və adının əbədiləşdirilməsi ilə bağlı qəbul edilən qərarların tam mətnləri toplanılıb.
Elektron nəşrin “Əsərləri” bölməsinə Mir Cəlal Paşayevin indiyədək çap olunmuş kitablarının, dissertasiyalarının, dərsliklərə daxil edilən hekayələrinin, povest və romanlarından parçaların, dövri mətbuatda və məcmuələrdə dərc edilən yaradıcılıq nümunələrinin, ədəbi-tənqidi və publisistik məqalələrinin ayrı-ayrı başlıqlar altında biblioqrafik təsvirləri daxil edilib. “Tərcümələri” adlanan növbəti bölmədə müxtəlif xalqların yazıçılarının əsərlərindən Azərbaycan dilinə etdiyi tərcümələrin biblioqrafiyası verilib. Elektron nəşrin “Uşaqlar üçün işlədiyi əsərlər” adlanan bölməsi Nizami Gəncəvinin əsərləri əsasında ədibin uşaqlar üçün nəsr janrında işlədiyi yaradıcılıq nümunələrinin Azərbaycan, rus və ingilis dillərində biblioqrafiyasını əhatə edir. “Redaktə etdiyi əsərlər” bölməsinə ədibin 1933-1977-ci illərdə redaktəsi ilə işıq üzü görən görkəmli Azərbaycan şair və yazıçılarının, tədqiqatçıların kitablarının biblioqrafiyası öz əksini tapıb.
Mir Cəlal Paşayevin filoloq alimlərin yetişməsində böyük xidməti olub. Onun rəhbərliyi və məsləhətçiliyi ilə 10-larla namizədlik və doktorluq dissertasiyaları müdafiə edilib. Elektron nəşrin “Rəhbərlik etdiyi dissertasiyalar” bölməsində namizədlik və doktorluq dissertasiyalarının avtoreferatlarının biblioqrafiyası verilib.
Elektron nəşrin “Həyat və fəaliyyəti haqqında” bölməsində haqqında yazılan kitabların, yaradıcılığından və elmi-pedaqoji fəaliyyətindən bəhs edən dissertasiyaların avtoreferatlarının, haqqında məcmuələrdə və dövri mətbuatda dərc edilən məqalələrin biblioqrafiyası ayrı-ayrı başlıqlar altında istifadəçilərə təqdim edilir.
“Elektron resurslar” bölməsində ədibin əsərlərinin elektron mətnlərini və anadan olmasının 100 illiyinə həsr olunmuş konfransın materiallarını özündə əks etdirən və Kitabxananın fonduna daxil olan disklər (CD-ROM-lar) haqqında məlumat daxil edilib.
“E-Kitablar” bölməsinə Mir Cəlal Paşayevin əsərlərinin və haqqında yazılan 33 adda kitabın elektron versiyaları daxil edilib.
“E-məqalələr” bölməsinə isə alim və yazıçı, pedaqoq Mir Cəlal Paşayevin haqqında Azərbaycan və rus dillərində dövri mətbuatda və elmi məcmuələrdə dərc edilən məqalələrin elektron versiyaları toplanılıb.
Elektron nəşrin sonuncu “Fotoqalereya” bölməsində Mir Cəlalın gənclik illərindən başlamış, ömrünün sonunadək fotoaparatın yaddaşından süzülüb gələn 67 nadir şəkli xronoloji ardıcıllıqla düzülüb.
http://mirjalal.preslib.az sub-domenində yerləşdirilən “Mir Cəlal” elektron nəşri mütəmadi olaraq yenilənir.
AZƏRTAC.- 2018.-25 aprel.