Dövlət müstəqilliyimizin bərpasının 20 illiyinə dəyərli hədiyyə
Son zamanlar Azərbaycanın xalqının təntənə ilə qeyd etdiyi dövlət müstəqilliyinin bərpasının 20 illik yubileyi bir çox əlamətdar hadisələrlə yadda qalacaqdır. Bu əlamətdar tarixə öz layiqli töhfəsini verən qurumlar sırasında Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası da vardır. Belə ki, həmin tarixi ildönümü ilə bağlı Prezident Kitabxanası tərəfindən "Azərbaycan Respublikası - 20 " adlı elektron layihə hazırlanaraq tələbatçıların istifadəsi üçün kitabxananın internet saytına yerləşdirilmişdir (http://republic.preslib.az/index.html). Bu genişhəcmli və zəngin informasiya mənbəyinin quruluşunu, axtarış imkanlarını açmazdan əvvəl bu layihənin Prezident Kitabxanasının fəaliyyət spektrində hansı mövqeyə malik olmasına, burada yaradılan faydalı informasiya mənbələrinin hansı tipinə aid olmasına qısaca nəzər yetirək.
Məlumdur ki, bu Prezident Kitabxanası 2003-cü ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə yaradılmışdır. Əsas vəzifəsi ölkənin ali icra hakimiyyəti orqanlarının əməkdaşlarının, eləcə də digər peşəkar tədqiqatçılarının ilkin sənədlərə və biblioqrafik informasiyaya olan tələbatını professional səviyyədə ödəmək olan Prezident Kitabxanasında kitabxana xidmətinin ən qabaqcıl dünya meylləri nəzərə alınır və yaradıcılıqla həyata keçirilir. Əgər Azərbaycan kitabxanalarında tələbatçıya ənənəvi olaraq ya sənədin özü (kitab, dövri mətbuat nümunələri və fondu təşkil edən digər sənəd növü) və ya sənədlər haqqında biblioqrafik informasiya verilirdisə, Prezident Kitabxanasında Azərbaycan kitabxana praktikasında ilk dəfə olaraq tələbatçıları maraqlandıran istiqamətlər nəzərə alınmaqla, ən aktual mövzular üzrə sənəd-informasiya və faktoqrafik toplular yaradılır. Bu istifadəçinin tələbatını bir növ qabaqlamağa, tələbatı daha dolğun ödəməyə imkan yaradır.
Bu tipli vəsaitlər Prezident Kitabxanasında 2004-cü ildən etibarən yaradılmağa başlanmışdır və indiyə kimi bu kateqoriyaya aid 12 adda elektron resurs və 9 adda elektron layihə hazırlanaraq kitabxananın internet saytın- da sərbəst istifadə üçün yerləşdirilmişdir. Bu sənəd-informasiya toplularından "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri, bəyanatla- n: 2003-2011". "İlham Əliyev və Azərbaycanın neft diplomatiyası", "Əsrin müqaviləsi - 15 il" kimi elektron resursları, "Heydər Əliyev: Elektron Sənədlər toplusu", "Azərbaycan Prezidenti İlham Əliyevin xarici siyasət fəaliyyəti " kimi elektron layihələri xüsusi qeyd etmək olar.
Qeyd edək ki, "Azərbaycan Respublikası — 20" elektron layihəsi əlamətdar tarixə uyğun olaraq 2011- cü ilin oktyabr ayının 21-də istifadəyə verilmişdir. Nəzərə alsaq ki, ölkəmiz Dövlət müstəqilliyinin bərpasının 20 illiyini qeyd etməkdə davam edir və bu geniş informasiya-axtarışı imkanlı onlayn informasiya mənbəyinin xüsusiyyətlərinin daha da populyarlaşdırmağa, potensial tələbatçılara onun haqqında məlumat verməyə ehtiyac vardır.
Layihədəki materiallar 9 tematik hissədən və onların daxilində 29 bölmədən və onların tərkibində altbölmələrdən ibarətdir. Layihənin yaradılmasında mövzu ilə əlaqədar kitablardan, məqalələrdən və internetdəki informasiya resurslarından istifadə edilmişdir. Layihə müxtəlif ölkələrdə yaşayan, müxtəlif dillərdən istifadə edən auditoriya üçün nəzərdə tutulmuşdur və buna görə də, onun Azərbaycan, ingilis və rus versiyaları yaradılmışdır və həm də bu versiyaların bölmələrində, tərkibindəki materiallarda qurulusunda və həcmində müəyyən fərqlər mövcuddur. Layihədəki mətnlər internet vasitəsi ilə çox asan açılan pdf fayl formatındadır.
Layihənin birinci hissəsi "Ümumi məlumat" adlanır. O, iki bölmədən ibarətdir. "Azərbaycan bu gün" adlanan birinci bölmədə Azərbaycan Respublikasının coğrafi mövqeyi, ərazisi, əhalisi, şəhərləri, inzibati- ərazi bölgüsü haqqında qısa məlumat verilir.
Azərbaycanın tam dövlət müstəqilliyi qazanması və onun bərpası "Müstəqilliyə qədərki tarixin qısa xülasəsi" adlı ikinci bölmədə verilir. Burada ən qədim dövrlərdən bu günədək Azərbaycan tarixinin əsas məqamları barədə yığcam məlumat verilmişdir.
Layihənin ikinci hissəsi "Müstəqil Azərbaycan" adlanır. Bu hissə dörd bölmədən ibarətdir. "Dövlət müstəqilliyinin bərpası və qorunub saxlanması" adlanan birinci bölmə XX əsrin 80-ci illərinin sonunda Azərbaycanda baş verən hadisələrdən və nəticədə dövlət müstəqilliyinin bərpasından bəhs edir.
"Sosial-iqtisadi inkişaf' adlı hissəsi isə 7 bölmədən ibarətdir. "Ümumi məlumat" adlanan birinci bölmədə dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycanda sosial-iqtisadi inkişafin ümumi icmalı verilir.
Layihənin beşinci hissəsi "Müstəqilliyin ildönümünə dair materiallar" adlanır. Bu hissə iki bölmədən ibarətdir. "Nitqlər, çıxışlar, müraciətlər, fərman və sərəncamlar" adlanan birinci bölmə ayrı-ayrı illərdə dövlət müstəqilliyinin bərpasının ildönümü tarixləri ilə əlaqədar keçirilən tədbirlərdə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin söylədikləri nitqlər, çıxışlar, təbriklər, bu məsələ ilə əlaqədar imzaladıqları fərman və sərəncamlar öz əksini tapmışdır.
"Tədbirlər" adlanan ikinci bölmədə dünyanın müxtəlif ölkələrində Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsinin 20-ci ildönümü ilə əlaqədar keçirilmiş tədbirlər haqqında məlumat verilir.
Layihənin altıncı hissəsi "Xronologiya" adlanır. Ölkəmizdə bu mövzu ilə əlaqədar tərtib edilmiş ilk faktoqrafik-xronoloji informasiya mənbəyi olan bu bölmədə müstəqillik ərəfəsində və müstəqillik illərində (1988-2011-ci illər ərzində) baş vermiş ən mühüm hadisələr haqqında məlumat verilmişdir.
Prezident Kitabxanasının sənəd-informasiya toplularının əksər hissəsində toplunun mövzusu ilə əlaqədar müstəqil mənbə kimi əhəmiyyət kəsb edən sanballı kitabların və məqalələrin tam mətnləri ayrıca bölmədə toplanır və tələbatçıların istifadəsinə verilir. "Elektron resurslar" adlanan yeddinci hissəsi də yüksək elmi səviyyədə verilmişdir.
Layihənin səkkizinci hissəsi "Biblioqrafiya" adlanır. Burada Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi mövzusuna dair əlavə mənbə kimi istifadə edilə bilən kitab, məqalə və dissertasiya avtoreferatlarının biblioqrafik siyahısı verilmişdir.
Layihənin doqquzuncu hissəsi "Foto-qalereya. Müstəqil Azərbaycanın keçdiyi tarixi yolun qısa fotoxronikası" adlanır.
Bu elektron layihənin ənənəvi nəşrlərlə, eləcə də digər internet informasiya resursları ilə müqayisəsi belə bir fikir söyləməyə əsas verir ki, bu layihə indiyə qədər Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsi mövzusunda yaradılmış ən geniş və zəngin mənbədir.
Əliyusif MƏMMƏDOV,
Bakı Dövlət Universitetinin kitabxanaçılıq-informasiya fakültəsinin biblioqrafiyaşünaslıq kafedrasının baş müəllimi
Xalq qəzeti.-2011.-29 dekabr.-№ 289.-S.8.