Tariximizin faciə və qəhrəmanlıq səhifəsi
Prezident Kitabxanası 20 Yanvarla bağlı hazırladığı yeni elektron nəşri təqdim etdi
1990-cı il yanvarın 20-də keçmiş SSRİ Silahlı Qüvvələri və Daxili Qoşunlarının hissələri tərəfindən Bakıda və Azərbaycanın bəzi rayonlarında törədilmiş qanlı qırğınlardan 20 il keçir. Azərbaycan xalqı artıq 20 ildir ki, bu faciənin ildönümlərini ürək ağrısı ilə qeyd edir, Bakının Dağüstü parkındakı Şəhidlər Xiyabanını ziyarət edir, Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş yüzlərlə Vətən övladının xatirəsini ehtiramla yad edir.
Ölkədə 20 Yanvar faciəsinin təbliği və dünya ictimaiyyətinə əyani faktlarla olduğu kimi çatdırılması istiqamətində də ardıcıl işlər görülür. Bu baxımdan dünən Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Prezident Kitabxanasında keçirilən yeni elektron nəşrin təqdimatı da diqqətəlayiq addımlardan biridir. Artıq hazırlanaraq istifadəçilərin ixtiyarına verilən elektron nəşr barədə ətraflı məlumat verən Prezident Kitabxanasının rəhbəri Mayıl Əhmədov bildirdi ki, Azərbaycan, rus və ingilis dillərində tərtib olunmuş yeni nəşrdə 20 Yanvar faciəsinin baş vermə səbəbləri, miqyası, ibrət dərsləri haqqında ötən illər ərzində aparılmış tədqiqatlar, yazılmış məqalə və kitablar, ölkənin ali qanunverici orqanı tərəfindən qəbul edilmiş qərarlar özünün geniş əksini tapıb, sistemləşdirilmiş bir məlumat bazası yaradılıb.
“Tədqiqatlar göstərir ki, 20 il əvvəl Azərbaycana qarşı aparılmış təcavüzün əsas məqsədi ölkəmizdə geniş vüsət almış milli azadlıq hərəkatını boğmaq, yenidən müstəqilliyə qovuşmaq amalı ilə ayağa qalxmış xalqın iradəsini qırmaq, onun milli mənlik hissini alçaltmaq, başlıcası isə Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycandan qoparılıb Ermənistana verilməsinə etiraz edən xalqı cəzalandırmaq olmuşdur. Keçmiş SSRİ Silahlı Qüvvələrinin Bakıya və respublikanın digər rayonlarına yeridilməsi nəticəsində haqq-ədalətin müdafiəsi üçün küçələrə çıxmış silahsız, günahsız insanların qəddarcasına qətlə yetirilməsi tarixdə totalitar kommunist rejiminin Azərbaycan xalqına qarşı hərbi təcavüzü və bəşəri cinayət kimi qiymətləndirilmişdir” - deyə Mayıl Əhmədov qeyd etdi.
Onun sözlərinə görə, aparılmış son dəqiqləşdirmələr nəticəsində müəyyən edilmişdir ki, 20 Yanvar faciəsində 147 nəfər Azərbaycan vətəndaşı şəhid olmuş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz olaraq həbsə alınmışdır. “Xalqımıza qarşı həyata keçirilmiş bu cinayəti ilk dəfə ümummilli liderimiz Heydər Əliyev 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək keçirdiyi mətbuat konfransında pisləmiş, əliyalın xalqın kütləvi şəkildə qətlə yetirilməsini hüquqa, demokratiyaya və insanlığa zidd aksiya kimi qiymətləndirmişdir. 20 Yanvar hadisələrinə dövlət səviyyəsində siyasi- hüquqi qiymət verilməsi məsələsi də ümummilli liderimizin sayəsində öz həllini tapmışdır. 1994-cü ilin fevralında Milli Məclisin xüsusi sessiyasında Azərbaycana qoşun yeridilməsinin xalqımıza qarşı hərbi təcavüz və cinayət kimi qiymətləndirilməsi, təqsirkarların məsuliyyət dərəcəsinin müəyyənləşdirilməsi də məhz onun təşəbbüsü ilə baş vermişdir. Eyni zamanda, 20 Yanvar hadisələri həm ümumxalq faciəsi, həm də milli azadlıq hərəkatının zirvəsi kimi xarakterizə edilmişdir”.
M.Əhmədov qeyd etdi ki, Prezident Kitabxanasının əməkdaşları tərəfindən hazırlanmış “Təcavüz. Bakı. 20 Yanvar 1990” adlı elektron nəşr beş fəsildən ibarətdir. ”Azərbaycana qarşı cinayət” adlanan birinci fəsildə qan yaddaşımız olan 20 Yanvar faciəsi haqqında dolğun məlumat verilir. 20 Yanvar faciəsinə elmi-analitik yanaşma ilk dəfə akademik Ramiz Mehdiyevin “Azərbaycanlılara qarşı soyqırım gerçəklikləri” (Bakı, 2000) əsərində öz əksini tapmışdır. Həmin əsərdə qanlı faciə bir neçə - dini, milli, Qafqaz amilləri və geosiyasi aspektdən, Dağlıq Qarabağ problemi kontekstində araşdırılmış, qanlı yanvarın ibrət dərsləri təhlil edilmişdir.
Məruzəçinin sözlərinə görə, birinci fəslin sonrakı bölmələrindən birində 20 Yanvara aparan hadisələrin qısa xronologiyası öz əksini tapmışdır. Fəslin sonuncu bölməsində isə 20 Yanvar şəhidlərinin tam siyahısı verilmişdir.
Elektron nəşrin “Rəsmi sənədlər” adlanan ikinci fəslinin birinci bölməsində istər sovet hakimiyyəti illərində, istərsə də müstəqillik dövründə Azərbaycan parlamentində 20 Yanvar hadisələri ilə əlaqədar qəbul edilmiş qərarların tam mətnləri toplanmışdır. İkinci bölmədə Azərbaycan Prezidentinin 20 Yanvarla bağlı indiyədək imzaladığı fərman və sərəncamlar öz əksini tapmışdır. Sonuncu bölmədə isə dövlət başçısının faciə ilə bağlı görüşləri, çıxışları, müsahibələri və bəyanatları toplanmışdır.
Nəşrdəki üçüncü fəsil “Müraciətlər, bəyanatlar, tədbirlər” adlanır. Fəslin birinci bölməsində Bakıda fövqəladə vəziyyət tətbiq edilməsi ilə bağlı SSRİ Ali Soveti Rəyasət Heyətinin 19 yanvar 1990-cı il tarixli fərmanının, Bakı şəhər komendantının əmrlərinin mətnləri öz əksini tapmışdır. ”Müraciətlər, bəyanatlar və digər materiallar” adlı bölmədə 1990-cı il yanvarın 20-dən başlayaraq Azərbaycan SSR Ali Sovetinin bəyanatları, ictimai-siyasi xadimlərin, görkəmli şəxsiyyətlərin, ayrı-ayrı kollektivlərin, hüquq-müdafiə təşkilatlarının müraciətləri verilmişdir. “Stenoqramlardan çıxarışlar” bölməsində Azərbaycan KP MK plenumlarında və Ali Sovetin sessiyalarında 20 Yanvarla bağlı aparılmış müzakirələrin protokollarından çıxarışlar təqdim edilir. ”Anma tədbirləri” adlı bölmədə isə xarici ölkələrdə 20 Yanvar şəhidlərini anma tədbirləri, müxtəlif aksiyalar haqqında məlumatlar xronoloji ardıcıllıqla toplanmışdır.
“Elektron resurslar” fəslində faciə ilə əlaqədar xarici və yerli mətbuatda dərc edilmiş yazılar, analitik materiallar, kitabların elektron versiyaları və mövzuya dair biblioqrafiya əks olunur.
M.Əhmədov onu da bildirdi ki, Bakıda qanlı qırğınların baş verdiyi günlərdə bir çox videogörüntülər və fotoşəkillər çəkilmişdir. Bu gün həmin kadrlar sovet rejiminin qanlı əməllərini sübut etmək üçün canlı faktlardır. Elektron nəşrin “Fotoarxiv” fəslində tanınmış fotoqraf Mirnaib Həsənoğlunun Bakıda hökm sürən fövqəladə vəziyyət rejimində çəkdiyi şəkillər yerləşdirilmişdir. Bu şəkillərin bəziləri ilk dəfədir ki, ictimaiyyətə təqdim olunur. M. Əhmədov xahiş etdi ki, kimdəsə o dövrdə çəkilmiş şəkillər varsa, kitabxanaya təqdim etsin və həmin şəkillər mütləq bu resursa daxil ediləcək. Çünki elektron nəşr mütəmadi olaraq yenilənir, 20 Yanvarla bağlı hər gün baş verən yeniliklər həmin dəqiqə nəşrə daxil edilir.
Paşa ƏMİRCANOV.
Xalq qəzeti.-2010.-19 yanvar.-N 13.-S.5.