Konfransda səslənən fikirlər Prezident Kitabxanasının respublikamızın müasir kitabxana quruculuğu sahəsindəki müstəsna əhəmiyyətini əks etdirir

24-25 yanvar 2008-ci ildə Bakıda keçirilən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının yaradılmasının 5 illiyinə həsr olunmuş "Dövlət idarəetmə orqanlarının sənəd-informasiya təminatı: müasir vəziyyəti və inkişaf perspektivləri" elmi-praktik konfransının iştirakçıları Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarı önünə tər çiçəklər düzdülər və xatirəsinə ehtiramlarını bildirdilər.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının yaradılmasının 5 illiyinə həsr olunmuş "Dövlət idarəetmə orqanlarının sənəd-informasiya təminatı: müasir vəziyyəti və inkişaf perspektivləri" elmi-praktik konfransda çıxış edən Azərbaycan Respublikası Prezidenti işlər müdirinin birinci müavini Oqtay Şahbazov dinamik inkişaf dövrünü yaşayan Azərbaycanda hərtərəfli tərəqqinin getdiyini vurğulayaraq qeyd etdi ki, bu baxımdan Prezident Kitabxanasının ötən dövr ərzindəki səmərəli fəaliyyəti əsaslı köklərə bağlıdır. Belə ki, ulu öndər Heydər Əliyevin strateji siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin şəxsi diqqət və qayğısı sayəsində kitabxana müasir dövrün tələbləri səviyyəsində inkişaf edib, qabaqcıl beynəlxalq təcrübə ilə zəngin milli ənənələrin uğurlu vəhdətinə nail olaraq öz işini daim inkişaf etdirmək, fəaliyyətini təkmilləşdirmək yoluna sadiq qalıb. Prezident Kitabxanasının fəaliyyətinin 5 illiyi münasibətilə keçirilən beynəlxalq konfrans da bir daha mövcud əlaqələri genişləndirməyə, təcrübə mübadiləsini dərinləşdirməyə və işgüzar dialoqa xidmət edir.

Azərbaycanın bütün sahələrdə olduğu kimi, humanitar sahələrdə də beynəlxalq əlaqələrə xüsusi önəm verdiyini bildirən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və mədəniyyət və turizm nazirinin müavini Sevda xanım Məmmədəliyeva qeyd etdilər ki, Prezident Kitabxanasının qısa zamanda əldə etdiyi uğurlar dövlət qayğısından və kitabxana kollektivinin gərgin əməyindən, rəhbərliyin səmərəli fə­aliyyətindən irəli gəlir. Odur ki, kitabxanada hər zaman inkişaf üçün, yeniləşmə üçün böyük perspektivlər mövcuddur. Beynəlxalq əlaqələrə verilən xüsusi önəm bu perspektivlərdən gələcəkdə də layiqincə istifadə ediləcəyinə əminlik yaradır, Prezident Kitabxanasının işinin dünyada müvafiq sahədə yaxşı bir örnək kimi qəbul olunacağını deməyə əsas verir.

Ali dövlət idarəetmə orqanlarının, ilk növbədə icra strukturlarının keyfiyyət və operativliyə daha yüksək əhəmiyyət verdiyi şəraitdə kitabxana-biblioqrafiya və informasiya təminatının ümdə məsələlərini müzakirə etməyin zəruriliyindən söz açan Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov bildirdi ki, bu konfransda cəmiyyətin informasiyalaşdırılması, informasiya texnologiyalarının kitabxana sahəsinə tətbiqi şəraitində Prezident Kitabxanasının təcrübəsinin öyrənilməsinə və kitabxana proseslərinin kompleks avtomatlaşdırılması sistemlərinin yaradılması məsələlərinə xüsusi diqqət yönəldiləcəkdir. Belə bir konfransın Azərbaycan Respublikasının Prezident Kitabxanasında keçirilməsi onun respublikamızın kitabxana quruculuğundakı rolunu və əhəmiyyətini, ölkə rəhbərliyinin kitabxana işinə, cəmiyyətin sənəd-informasiya təminatının yaxşılaşdırılmasına, sənəd-informasiya ehtiyatlarının yaradılmasına olan qayğısını göstərir.

Bu gün Prezident Kitabxanası sənəd fondları və biblioqrafik ehtiyatlar yaradılması, kitabxana proseslərinin avtomatlaşdırılması, müasir kitabxana-informasiya texnologiyalarının tətbiqi sahəsində əhəmiyyətli vəzifələr yerinə yetirir. Bu, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının, mərkəzi və yerli icra orqanlarının, ictimai və humanitar elmlər sahəsində çalışan tədqiqatçılara keyfiyyətli kitabxana-biblioqrafiya və informasiya xidmətinin təşkil edilməsinə imkan yaradır.

Azərbaycan dövlətçiliyinə, milli ideologiyaya və azərbaycançılığa dair ədəbiyyatın təbliği mərkəzi kimi kitabxana həm də ümummilli lider Heydər Əliyevin zəngin irsinin və onun haqqında ədəbiyyatın toplanması, saxlanması və təbliği üzrə vacib funksiyaları yerinə yetirir. Kitabxananın yubileyi ərəfəsində onun əsərlərinin Azərbaycan Respublikası Prezidenti İcra Aparatının rəhbəri akademik Ramiz Mehdiyevin rəhbərliyi ilə Azərnəşr tərəfindən nəşr edilmiş 20 cilddən ibarət "Müstəqilliyimiz əbədidir" çoxcildliyinin elektron versiyası hazırlanmış və istifadəyə verilmişdir. Bu cildlərdə Heydər Əliyevin 1993-cü ilin iyun ayından 1999-cu ilin avqust ayına qədər olan dövrə aid fəaliyyəti əks olunmuşdur.

Prezident Kitabxanası təşkil edilərkən onun müasir tələblərə cavab verən mədəniyyət və informasiya mərkəzi kimi fəaliyyət göstərməsi məqsədilə xeyli müzakirələr aparılmış, digər ölkələrin analoji strukturları - prezident kitabxanaları ilə əlaqə yaradılmışdır. Mütəxəssislərimiz Rusiya Prezidenti Administrasiyasının və Dövlət Dumasının kitabxanalarına ezam olunmuş, onların iş təcrübələri öyrənil­mişdir. Eyni zamanda xüsusi mütəxəssis qrupu tərəfindən müasir dövrdə MDB ölkələrinin kitabxanalarında tətbiq olunan kitabxana-biblioqrafiya proseslərinin kompleks avtomatlaşdırılması sistemlərinin imkanları təhlil edilmişdir. Nəticədə kitabxanamız üçün "İRBİS-64"- Kitabxanaların Avtomatlaşdırılma Sisteminin tətbiqi daha məqbul hesab edilmişdir. "İRBİS-64"-ün ən çox istifadə edilən əməliyyat sistemləri əsasında qurulması kitabxana-biblioqrafiya proseslərinin bütün mərhələlərini əhatə etməsi, iş prosesində davamlılığı, korporativ şəbəkələrlə əlaqəli işləmək imkanı, beynəlxalq standartları və təsnifat sistemlərini, web texnologiyalarını dəstəkləməsi və digər müsbət xüsusiyyətləri əsas götürülmüşdür. Bu sistem Prezident Kitabxanasında fundamental elektron kitabxana yaradılmasına və oxuculara məsafədən xidmət texnologiyasını tətbiq etməyə imkan vermişdir.

"İRBİS-64"- Kitabxanaların Avtomatlaşdırılması Sisteminin tətbiqindən keçən az bir müddət ərzində kitab fondunun böyük bir hissəsini əks etdirən biblioqrafik informasiyanın elektron kataloqa daxil edilməsi tamamilə başa çatmışdır. Hazırda elektron kartotekanın verilənlər bazası ən vacib məqalələri və dövri nəşrlərdən götürülmüş digər materialları əks etdirən 100 mindən artıq biblioqrafik yazını əhatə edir. Tammətnli verilənlər bazasında isə əsasən siyasi, iqtisadi, hüquqi mövzulu elmi və publisistik məqalələri əks etdirən 50 mindən artıq mətn faylı toplanmışdır. Verilənlər bazasına həm də qanunların və digər rəsmi sənədlərin mətnləri daxildir.

Kitabxanada ən yeni texniki vasitələrlə təchiz edilmiş 14 oxucu yeri olan elektron resurslar zalı yaradılmışdır. Bu zalın tərkibində CD, DVD və digər informasiya daşıyıcıları toplanmış elektron media fondu təşkil edilmişdir. Hərtərəfli informasiya-biblioqrafiya xidməti ilə yanaşı, zalın istifadəçilərinə həm də texniki xidmətlər (kserokopiya, skanlama, laminasiya və s.) göstərilir.

Əməkdaşlar tərəfindən hazırlanmış elektron resurslar içərisində Azərbaycan, rus və ingilis dillərində hazırlanmış "Odlar yurdu Azərbaycan" adlı geniş ölkəşünaslıq elektron nəşrlər toplusunu xüsusi qeyd etmək lazımdır. Burada respublikamız haqqında zəngin material toplanmışdır. Bu elektron informasiya resursunun ölkənin inzibati ərazi bölgüsü, tarix, iqtisadiyyat, mədəniyyət, azərbaycançılıq kimi bölmələri kitabxananın internet səhifəsinin ziyarətçiləri tərəfindən geniş istifadə edilir. Bu toplu üçün ilkin material kimi həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda yaradılmış nüfuzlu mənbələr əsas götürülmüşdür.

İstifadəçilər üçün xüsusi maraq kəsb edən digər bir elektron toplu özündə ümummilli lider Heydər Əliyevin prezidentliyi dövründə etdiyi çıxışların, məruzələrin, nitqlərin, müsahibələrin tam mətnini əhatə edir. Bu elektron toplu görkəmli dövlət xadiminin zəngin irsinin öyrənilməsi üçün qiymətli mənbədir.

İnformasiya tutumu baxımından zəngin mənbələrdən biri də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2003-cü ilin oktyabr ayından başlayaraq etdiyi bütün nitqlərinin, məruzələrinin, çıxışlarının və müsahibələrinin tammətnli elektron nəşridir. "İlham Əliyev və Azərbaycan neft diplomatiyası, "Əsrin müqaviləsi-10 il" adlanan tammətnli elektron nəşrlərdə isə ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən Azərbaycanın yeni neft strategiyasına, indiyədək imzalanmış neft müqavilələrinə, Azərbaycan neftinin dünya bazarlarına nəqli ilə bağlı keçirilən rəsmi görüşlərə, təntənəli mərasimlərə, ixrac boru kəmərlərinə, neft və qaz sərgilərinə, Dövlət Neft Fonduna dair zəngin materiallar toplanmışdır.

"Xoşməramlı səfir" adlanan tammətnli elektron nəşrdə Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın genişmiqyaslı fəaliyyətinə dair materiallar toplanmışdır. Bu materiallar mütəmadi olaraq yeniləşdirilir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılmasında problemin hüquqi aspektlərinin müəyyənləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir.

Bu məqsədlə yaradılmış "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi", "Azərbaycanlıların soyqırımı və deportasiyası", "XX əsrin faciəsi - Xocalı soyqırımı" adlı tammətnli elektron nəşrlərdə azərbaycanlılara qarşı ağlasığmaz qəddarlıq və soyqırımı faktları, erməni təcavüzünün sosial-iqtisadi fəsadları ilə yanaşı, BMT-nin, ATƏT-in, Avropa Şura-sının, Avropa Birliyinin, İKT-nin, GUAM-ın və digər beynəlxalq təşkilatların qəbul et-dikləri sənədlər və münaqişənin həllinin hüquqi aspektlərinə dair materiallar öz əksini tapmışdır.

Digər mühüm faktoqrafik məlumat toplusu "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xarici siyasət fəaliyyətinin xronikası" adlanır. Bu elektron nəşr İlham Əliyevin Prezident vəzifəsinə başladığı gündən hazırkı dövrə qədər onun çoxsahəli xarici siyasət fəaliyyətini əks etdirir.

Kitabxananın əməkdaşları Azərbaycan tarixi, mədəniyyəti və incəsənətinə dair fondumuzda olan və böyük elmi əhəmiyyət kəsb edən fundamental kitabların tam mətnlərinin elektron versiyalarını yaradaraq kitabxananın web səhifəsində yerləşdirirlər. Kitabxananın aldığı dövri nəşrlərin səhifələrində dərc edilmiş əhəmiyyətli məqalələrin də elektron versiyaları yaradılır. Qeyd etmək lazımdır ki, kollektivi­miz elektron resursların və kitabların elektron versiyalarının yaradılması zamanı müəlliflik hüququ qaydalarına ciddi riayət edir.

2006-cı il iyun ayının 27-də ölkəmizin kitabxana ictimaiyyəti üçün çox əlamət-dar bir hadisə baş vermiş, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bizim kitabxanamıza gəlmişdir. Dövlət başçısı kitabxanada görülən işlərlə, burada saxlanılan nadir ədəbiyyat nümunələri ilə, avtomatlaşdırma sisteminin funksiyaları, onun axtarış imkanları ilə yaxından tanış olmuşdur. O, həm də əməkdaşlar tərəfindən yaradılmış tammətnli elektron nəşrlərə, biblioqrafik göstəricilərə baxmış, bir sıra tammətnli elektron nəşrlərin ingilis və rus dillərində tərcümə variantlarının hazırlanmasının, ölkəmizin tarixini, ictimai-siyasi və mədəni həyatını əks etdirən kitabların elektron versiyalarının yaradılması işinin daha da sürətləndirilməsini tapşırmışdır. Bütün kitabxana prosesləri ilə maraqlanan dövlət başçısı kitabxana fondunun elektron nəşrlərlə daha da zənginləşdirilməsi, onun maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı da dəyərli tövsiyələrini vermişdir.

Dövlət başçısı kitabxana sahəsinin inkişafına və informasiya cəmiyyətinin inkişafında onların roluna böyük əhəmiyyət verir. 2007-ci il aprelin 20-də Prezident "Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında" Sərəncam imzalamışdır. Sərəncamda deyilir: "Müasir Azərbaycan cəmiyyətinin informasiya təminatının həyata keçirilməsində ölkə kitabxanalarının tutduğu mühüm yer mədəniyyətin bu sahəsində informasiya cəmiyyətinin tələblərinə uyğun olaraq müasir texnologiyaların tətbiqini zəruri edir". Sərəncamda elmi və mədəni sərvətlərin hərtərəfli istifadəsini genişləndirmək, Azərbaycan kitabxana-larının dünya informasiya məkanına daxil olmasını təmin etmək məqsədilə onların maddi-texniki bazasının möhkəmləndirilməsi və müasir informasiya daşıyıcıları ilə təmin edilməsi üzrə bir sıra əhəmiyyətli tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Prezidentin imzaladığı bu sərəncam respublikanın bütün kitabxanaları üçün fəaliyyət proqramıdır. Tabeçiliyindən asılı olmayaraq bütün kitabxanalar öz sahəsinin sənəd-informasiya mərkəzi olmalı və kitabxana işinin informasiya cəmiyyətinin, bilik cəmiyyətinin bərqərar olması üçün yeni keyfiyyət səviyyəsinə yüksəldilməsinə yardım etməlidir.

İnanıram ki, bu konfrans Azərbaycanda kitabxana fəaliyyətinin inkişafı üçün əlavə bir stimul olacaq, Prezident Kitabxanasının beynəlxalq əlaqələrinin möhkəmlənməsinə yardım edəcəkdir.

Daha sonra çıxış edən Rusiya Federasiyası Prezidenti Administrasiyası Kitabxanasının direktoru V.Q.Zaytsev, RF Dövlət Kütləvi Elmi-Texniki Kitabxanasının baş direktoru Y.D.Şrayverq, YUNESKO­nun "İnformasiya hamı üçün" proqramının Rusiya Komitəsinin sədri Y.İ.Kuzmin, Moldova prezidentinin informasiya inkişafı problemləri üzrə müşaviri V.İ.Diozu, RF Parlament Kitabxanasının direktoru İ.A.Andreyeva, Belarus Respublikası Prezident Kitabxanasının direktor müavini L.İ.Naumova, Qazaxıstan Respublikası Prezidenti Administrasiyası Kitabxanasının müdiri K.K.Nakipova, Regionlararası Kitabxanaların Əməkdaşlıq Mərkəzinin icraçı direktoru S.D.Bakeykin, RF Dövlət Kütləvi Elmi-Texniki Kitabxanası direktorunun birinci müavini B.İ.Marşak, BDU-nun kitabxanaşünaslıq kafedrasının müdiri, professor Abuzər Xələfov, Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri L.Məmmədova və başqaları müasir kitabxana işinin nəzəri və praktik cəhətlərindən söz açdılar, bu baxımdan öz fikir və praktik təcrübələrindən irəli gələn tövsiyələrini konfrans iştirakçıları ilə bölüşdülər. Maraqlı və qarşılıqlı müzakirələrlə keçən konfransda natiqlər öz mülahizələrini konkret faktlarla əsaslandırır və vizual şərhlərlə söylənənlərin canlı mənzərəsini yaradırdılar.

Yanvarın 25-də öz işini davam etdirən konfrans iştirakçıları Heydər Əliyev Fondu ilə tanış oldular, İçərişəhərə və Azərbaycan Dövlət Tarix Muzeyinə ekskursiya etdilər və "Azərilmə" Xalça Birliyinin işi ilə maraqlandılar.

Bəşarət MƏMMƏDLİ

 


Respublika.-2008.- 26 yanvar.-S. 4.