Prezident Kitabxanasında kitab təqdimatı
Prezident Kitabxanasında Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə ölkənin neft sənayesi tarixi və yeni neft strategiyasından bəhs edən “Azərbaycanın neft və qaz ehtiyatları: bir dövlətin regional enerji mərkəzinə çevrilməsi” adlı kitabın təqdimatı keçirilib.
Tədbirdə çıxış edən kitabxananın direktoru Mayıl Əhmədov bildirib ki, fransız dilində nəşr olunan və sayca 5-ci olan bu kitabda Azərbaycanın neft tarixi, neft ixracı və bugünkü ehtiyatları barədə ətraflı informasiya toplanıb. O deyib ki, kitabın Kanadada fransız dilində nəşr olunmasının xüsusi əhəmiyyəti var: “Çünki Fransız dili Kanadada ikinci dövlət dili və BMT-nin 6 rəsmi işlək dillərindən biridir. Bu baxımdan kitabın fransızdilli ölkələrdəki elmi mərkəzlərə, kitabxanalara, ali təhsil ocaqlarına göndərilməsi Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə çatdırılmasına xidmət edəcək. Eyni zamanda düşünürəm ki, bu kitab Azərbaycan neft strategiyasının banisi Heydər Əliyevin doğum gününə gözəl hədiyyədir”. Direktor kitabın elektron versiyasının Prezident Kitabxanasının saytında yerləşdiriləcəyini söyləyib.
Kitabın müəllifi, hüquq elmləri doktoru Fazil Zeynalov çıxışında Azərbaycanın qədimdən neft ölkəsi kimi tanındığını vurğulayıb: “Sovet İttifaqı dağılandan sonra Azərbaycanda çətin duruma düşən neft sənayesi ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra yenidən dirçəlib və yeni neft strategiyası həyata keçirilib.
Kitabda neft strategiyasını uğurla həyata keçirən və müstəqil xarici siyasət yürüdən Prezident İlham Əliyevin neft və qaz kəmərlərinin diversifikasiyası məsələsini uğurla həll etməsi məsələsinə də xüsusi yer ayrılıb. Kitabda neft strategiyasının mahiyyəti və özünəməxsus xüsusiyyətləri regional kontekstdə dəyərləndirilib”. Digər çıxışçılar da kitabın Azərbaycanın neft sənayesinin təbliğinə böyük töhfə verəcəyini qeyd ediblər.
“Palitra”.- 2015.- 7 may.- № 81.- S. 4.