Mayın 6-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında Bakı Dövlət Universitetinin müəllimi, hüquq elmləri doktoru Fazil Zeynalovun “Azərbaycanın neft və qaz ehtiyatları: bir dövlətin regional enerji mərkəzinə çevrilməsi” kitabının təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə kitabxananın direktoru Mayıl Əhmədov Azərbaycan neftinin tarixi, ixracı və bugünkü ehtiyatları barədə ətraflı informasiyanın toplandığı kitabın Kanadada fransiz dilində nəşr edilməsinin böyük əhəmiyyət daşıdığını söyləyib. Bildirilib ki, fransız dili Kanadada ikinci dövlət dili və BMT-nin altı rəsmi işlək dilindən biridir. Bu gün dünyada fransız dilindən istifadə edən böyük oxucu auditoriyası var.

M.Əhmədov xarici dillərdə çap olunan bu cür kitabların fransızdilli ölkələrdəki müxtəlif elmi mərkəzlərə, kitabxanalara və ali təhsil ocaqlarına göndərilməsinin vacibliyini vurğulayıb, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında bu nəşrlərin böyük əhəmiyyətini qeyd edib.

Kitabxananın direktoru bildirib ki, Fazil Zeynalov Fransa, Almaniya, İsveçrə və Kanadanın mətbu orqanlarında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi və hüquqi aspektləri, ölkəmizdə qaçqın və məcburi köçkünlərin vəziyyəti, Avropanın enerji təhlükəsizliyində dövlətimizin rolu, Azərbaycanın və Xəzərin enerji resursları, Cənubi Qafqazda siyasi məsələlərlə bağlı məqalələrlə tez-tez çıxış edir.

Təqdimat mərasimində Fazil Zeynalov kitab haqqında ətraflı məlumat verib. Bildirilib ki, altı fəsil, 248 səhifədən ibarət kitabda qədim İpək Yolu üzərində yerləşən Azərbaycanın dünyada ilk neft istehsalçısı olduğu diqqətə çatdırılır, Bakı neftinin tarixi, ümummilli lider Heydər Əliyevin neft strategiyası barədə ətraflı məlumat verilir, onun tarixdə və beynəlxalq ticarətin inkişafında oynadığı roldan söz açılır. Qeyd edilib ki, Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycanda çətin duruma düşən neft sənayesi Ulu Öndərin siyasi hakimiyyətə qayıdışından sonra yenidən dirçəlib, ölkəmizdə yeni neft strategiyası həyata keçirilib və Azərbaycanın bugünkü uğurlarının əsası qoyulub. Bu inkişafın əsasını Ümummilli Liderin həyata keçirdiyi neft strategiyası təşkil edir. Üç hissədən ibarət neft strategiyasında əsas məqsəd xarici kapitalın ölkəmizə cəlb olunması, neft və qaz kəmərlərinin diversifikasiyası, sonra isə neft gəlirlərinin səmərəli idarə edilməsi idi. Bu gün ölkənin qaz və neft resurslarından əldə olunan gəlirlərdən gələcək nəsillərin və xalqımızın rifahının, həyat səviyyəsinin yüksəldilməsi məqsədilə istifadə edilir.

Diqqətə çatdırılıb ki, əsası Ümummilli Lider tərəfindən qoyulan neft strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. F.Zeynalov vurğulayıb ki, kitabda neft strategiyasının mahiyyəti və özünəməxsus xüsusiyyətləri regional kontekstdə dəyərləndirilib və bu strategiyanın həyata keçirilməsi nəticəsində Azərbaycanın böyük əhəmiyyətə malik regional layihələrin aparıcısı kimi çıxış etməsi və qlobal səviyyəli faktora çevrilməsi əsaslandırılıb.

Müəllif bu gün neft strategiyasını uğurla həyata keçirən Prezident İlham Əliyevin neft və qaz kəmərlərinin diversifikasiyası məsələsini uğurla həll etməsi məsələlərindən də söz açıb.

F.Zeynalovun sözlərinə görə, həmin strategiyanın uğurla həyata keçirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan regionun lider dövlətinə çevrilib, ölkəmizin iqtisadiyyatı sürətlə inkişaf edib. Azərbaycan bu gün regionun aparıcı dövlətinə çevrilib. Hazırda ölkəmiz nəinki regionun, bütün Avropanın enerji xəritəsini yenidən çəkən bir dövlətdir.

Kitabın sonuncu fəslində isə Xəzərin hüquqi statusu barədə məlumat verilir.

Təqdimat mərasimində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici əlaqələr şöbəsinin əməkdaşı Turab Qurbanov, Milli Məclisin deputatları Sahibə Qafarova, Musa Qasımlı və başqaları çıxış edərək F.Zeynalovun elmi və ictimai-siyasi fəaliyyətindən söz açıb, azərbaycanlı alimin ölkəmizin neft tarixindən, respublikamız müstəqilliyini bərpa etdikdən sonra bu sahədə həyata keçirilən layihələrdən və əldə olunan uğurlardan bəhs edən kitabının xarici ölkədə fransız dilində nəşr olunmasını yüksək dəyərləndiriblər. Natiqlər, həmçinin “Azərbaycanın neft və qaz ehtiyatları: bir dövlətin regional enerji mərkəzinə çevrilməsi” kitabını Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm mənbə olduğunu qeyd ediblər.

P.İmanova, Ş.Ağalarova

 

 

AZƏRTAC.-2015.- 6 may.