2017-ci ildə Azərbaycan - UNESCO münasibətlərinin intensivliyi davam edib
Azərbaycan-UNESCO münasibətləri zəngin inkişaf yolu keçib. Məlum olduğu kimi, Azərbaycan xalqının minilliklər boyunca yaratdığı qədim və zəngin mədəniyyət, maddi və mənəvi irs bütün dünyada maraq doğurur. Bu mühüm bəşəri dəyərlərin, irsin qorunaraq gələcək nəsillərə çatdırılması və təbliği istiqamətində ölkə rəhbərliyinin gördüyü işlərə UNESCO hərtərəfli dəstək verir. Bu münasibətlərin geniş vüsət almasında Azərbaycan Respublikasının Birinci vitse- prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xidmətləri əvəzsizdir.
Ötən il Azərbaycanın UNESCO-ya üzvlüyünün 25 illiyi münasibətilə ölkədə və UNESCO-nun Baş Qərargahında bir sıra tədbirlər keçirilib.UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Mədəniyyət və Turizm Nazirliyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbiri xüsusi olaraq qeyd etmək lazımdır.
UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının sədri, xarici işlər naziri Elmar Məmmədyarov tədbirdə çıxış edərək ölkəmizin UNESCO-da 25 illik fəaliyyəti dövründə gördüyü uğurlu işlər haqqında məlumat verib. 1994-cü ildə ümummilli lider Heydər Əliyevin müvafiq sərəncamı ilə UNESCO üzrə Milli Komissiyanın yarandığını diqqətə çatdıran nazir deyib ki, artıq Azərbaycan UNESCO- nun nüfuzlu üzvünə və donor ölkəsinə çevrilib.
UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının sədr müavini, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək deyib: “UNESCO ilə əməkdaşlığın inkişafında, mədəni irsimizin qorunması və dünya miqyasında təbliğində müstəsna rolu olan Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın dəstəyi ilə hazırda dolma hazırlama və paylaşma ənənəsindən başqa, Azərbaycanın muğam ifaçılığı, lavaş bişirmə və paylaşma ənənəsi, Lahıc misgərlik sənəti, aşıq sənəti, Novruz bayramı, xalça sənəti, tar ifaçılığı, kəlağayı sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısında, həmçinin Çövkən - Qarabağ ənənəvi atüstü oyunu isə UNESCO-nun təcili qorunmaya ehtiyacı olan Qeyri- Maddi Mədəni İrs Siyahısında yer alıb. Bu gün UNESCO ilə Azərbaycan arasında əməkdaşlıq əlaqələri yüksələn xətt üzrə inkişaf edir”.
UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının sədr müavini, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə, Milli Komissiyanın sədr müavini, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, təhsil nazirinin səlahiyyətlərini icra edən Ceyhun Bayramov tədbirdə çıxış edərək Azərbaycan-UNESCO münasibəttlərinin ildən-ilə genişləndiyini, bu sahədə mühüm uğurlar qazanıldığını diqqətə çatdırıblar.
Ötən il dekabrın 4-dən 9-dək Koreya Respublikasının Jeju adasında UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 12-ci sessiyası keçirilib. Ölkəmizin UNESCO- nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına təqdim olunmuş iki nominasiyası - “Mədəni kimliyin göstəricisi dolmanın bişirilməsi və paylaşılması ənənəsi” və “Simli musiqi aləti kamança, onun düzəldilməsi və ifaçılığı sənəti” (İran İslam Respublikası ilə birgə irəli sürülüb) Komitə tərəfindən nəzərdən keçirilərək qəbul edilib.
Ötən il dekabrın 25-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının hazırladığı “Azərbaycan - UNESCO əlaqələri” elektron layihəsi internet istifadəçilərinə təqdim edilib.
Bu elektron resurs http://unesco.preslib.az/ domenində yerləşdirilib. Elektron resurs Azərbaycan və ingilis dillərində hazırlanıb.
Elektron resursun “UNESCO-nun yubiley tədbirləri” bölməsində Azərbaycanın hələ Sovet İttifaqının tərkibində olarkən XX əsrin 60-cı illərindən UNЕSCО-nun fəaliyyətində aktiv iştirak etməsi, UNЕSCО tərəfindən 1967-ci ildə “Qafqaz xalqlarının ədəbiyyatı” seriyasından fransız dilində M.F.Axundzadənin komediyalarının nəşr edilməsi, “Dünya xalqlarının musiqisi” seriyasından Azərbaycan muğamlarından ibarət val və audiokasetlərin buraxılması haqqında məlumatlar verilib. Həmin bölmədə, həmçinin müstəqillik illərində UNЕSCО tərəfindən Azərbaycanın görkəmli şair və yazıçılarının, alim və filosoflarının, “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyinin təntənəli mərasimlə qeyd edilməsi barədə materiallar öz əksini tapıb.
“E-kitablar” bölməsində Azərbaycan, rus və ingilis dillərində U^S^-ya və Azərbaycanın mədəni irsinə aid 100-dək kitabın elektron versiyaları yerləşdirilib. Eyni zamanda, resursun hazırlanmasında istifadə olunmuş kitabların, dövri mətbuat materiallarının və saytların da siyahısı ayrıca verilib.
2018-ci ildə də bu münasibətlərin uğurla davam etdirilməsi üçün münbit zəmin yaranmışdır.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.-2018.-28 yanvar.- № 20.- S. 5.