Prezident Kitabxanasında Xocalı soyqırımı ilə bağlı diskin təqdimatı olmuşdur
Fevralın 25-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında "XX əsrin faciəsi - Xocalı soyqırımı" adlı tammətnli elektron nəşrin yenilənmiş variantının və "Səs" informasiya agentliyinin (SİA) hazırladığı "Xocalı soyqırımı" adlı diskin (DVD) təqdimat mərasimi keçirilmişdir.
Tədbirdə Milli Məclisin deputatları, tarixçi alimlər, ziyalılar, bəzi QHT və KİV-lərin rəhbərləri iştirak etmişlər. Mərasimdən əvvəl iştirakçılar kitabxananın böyük oxu zalında Xocalı soyqırımına aid kitablar və onların elektron variantlarının yazıldığı disklərlə tanış olmuşlar.
Faciə qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra "Xocalı soyqırımı" adlı videoçarx nümayiş etdirilmişdir.
Kitabxananın direktoru Mayıl Əhmədov xalqımızın ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı haqda danışmışdır. Qeyd etmişdir ki, 2007-ci ildən fəaliyyət göstərən kitabxananın elektron nəşri yenilənmiş və materiallar 6 bölmədə qruplaşdırılmışdır. Bölmələrdə Xocalı şəhidlərinin ümumi siyahısı toplanmış, soyqırımın tanıdılması istiqamətində görülən işlər, faciə barədə yerli və xarici mətbuatda dərc olunmuş materiallar yerləşdirilmişdir.
Xocalı soyqırımına həsr olunan sənədli xronikanın mahiyyətinə toxunan SİA-nın baş direktoru Bəhruz Quliyev bildirmişdir ki, diskin hazırlanmasında məqsəd Xocalı həqiqətlərinə bir daha nəzər salmaq və onu ictimai fikrin yaddaşında möhkəmləndirməkdir.
Natiqlər İslam Konfransı Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət" devizi altında keçirilən beynəlxalq kampaniya çərçivəsində reallaşdırılan tədbirlər haqqında materialları iştirakçıların diqqətinə çatdırmışlar.
Çıxışlarda ermənilərin tarix boyu Azərbaycan xalqına qarşı törətdikləri soyqırımı siyasətindən, o cümlədən bəşəriyyətə və insanlığa qarşı olan Xocalı faciəsinin dəhşətlərindən danışılmışdır.
AzərTAc.
Azərbaycan.-2010.-26 fevral.-№ 45.-S.3.