1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra onun fəaliyyətinin işıqlandırılması üçün mətbu orqana ciddi ehtiyac var idi. Bu missiyanı ilk olaraq "Azərbaycan" qəzeti öz üzərinə götürdü. 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti ideyalarını təbliğ edən, hökumətin daxili və xarici siyasətini oxuculara vaxtında və yüksək peşəkarlıqla çatdıran ilk mətbu orqanı "Azərbaycan" qəzeti oldu. "Azərbaycan" qəzeti hökumətin orqanı kimi əvvəlcə Gəncədə həftədə iki dəfə, sonralar isə Bakıda Azərbaycan və rus dillərində gündəlik nəşr edildi.

"Azərbaycan" qəzetinə müxtəlif vaxtlarda Ceyhun bəy Hacıbəyli, Üzeyir bəy Hacıbəyli, Şəfi bəy Rüstəmbəyli və Xəlil İbrahim redaktorluq etmişlər. 1918-ci il noyabrın 28-dən etibarən qəzetin rusca nəşrinə Şəfi bəy Rüstəmbəyli redaktorluq etmişdir.

Bu məqalədə "Azərbaycan" qəzetinin yalnız rusca dərc edilən nüsxələrinin materiallarına istinad edilmişdir.

Qəzetdə Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiası, Zəngəzur, Naxçıvan və Qarabağda Azərbaycan xalqına qarşı törədilən kütləvi qırğınlar, Ermənistan Respublikası ərazisində yaşayan azərbaycanlıların kütləvi surətdə məhv edilməsi və tarixi torpaqlarından silah gücünə qovulması haqqında çoxlu məlumatlar işıq üzü görürdü. Qəzet həmçinin Azərbaycanın Ermənistandakı diplomatik nümayəndəliyinin fəaliyyətini də müntəzəm olaraq işıqlandırmışdır.

Məlumdur ki, 1918-ci il mayın 28-də keçmiş İrəvan xanlığının ərazisində ilk erməni dövləti - Ermənistan (Ararat) Respublikası yarandıqdan sonra rəsmi dövlət orqanları aborigen azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə siyasəti həyata keçirmişdir. Azərbaycan Milli Şurasının 1918-ci il mayın 31-də keçirilən iclasının qərarı ilə İrəvan şəhəri o şərtlə Ermənistan Respublikasına paytaxt kimi güzəştə gedilmişdi ki, Azərbaycana qarşı ərazi iddiasından əl çəksin. Lakin Ermənistan hökuməti nəinki vədinə əməl etmiş, əksinə həm Azərbaycan Respublikasının ərazilərinin işğalını, həm də İrəvan quberniyası ərazisində azərbaycanlılara qarşı soyqırımı siyasətini davam etdirmişdir.

Bütün bunlar "Azərbaycan" (rusca) qəzetinin diqqət mərkəzində saxladığı əsas mövzulardan idi.

Qəzetin 1918-ci il sentyabrın 19-da çapdan çıxmış ikinci sayında Şəfi bəy Rüstəmbəyli "Düşünmək vaxtıdır" məqaləsində "Daşnaksütyun" partiyasının şovinist siyasətini tənqid edərək yazırdı: "Bizim üçün vacibdir ki, erməni xalqı, nəhayət, "Daşnaksütyun" partiyasının siyasi avantürasının məhvə məhkumluğunu başa düşsün, hələ nə qədər ki gec deyil, ondan üz döndərsin, öz qonşuları ilə səmimi və mehriban yaşamaq yoluna qədəm qoysun. Başqa yol onlar üçün daim fəlakətli olacaqdır". Şəfi bəy Rüstəmbəylinin yüz il öncə yazdığı sözlər bu gün də aktualdır. Müasir Ermənistanın yeritdiyi avantürist siyasət, Azərbaycan və Türkiyəyə qarşı ənənəvi düşmənçiliyi onun bir dövlət kimi müstəqilliyini sual altına qoyur.

"Azərbaycan" (rusca) qəzetinin 1918-ci il 25 sentyabr tarixli sayında "Q. M." imzası ilə dərc edilən məqalədə qeyd edilir ki, İrəvan quberniyasında müsəlmanların vəziyyəti təsvirəgəlməzdir.  Məqalədə cari ilin aprelində dağıdılmış müsəlman kəndlərinin sayının 199-a çatdığı, bu kəndlərin 135 min nəfər əhalisinin bir hissəsinin ermənilər tərəfindən qətlə yetirildiyi və acından öldüyü, bir hissəsinin isə türk qoşunlarının tutduğu yerlərə köçdüklərini yazır. Həmin məqalədə qeyd edilir ki, ermənilər "Böyük Ermənistan" qurmaq məqsədilə türk-müsəlman əhaliyə qarşı etnik təmizləmə həyata keçirir və həmin ərazilərdə erməni qaçqınlarını məskunlaşdırırlar.

30 oktyabr 1918-ci ildə imzalanan Mudros sazişinə əsasən, türk qoşunları Cənubi Qafqazdan 1914-cü il Rusiya-Türkiyə sərhədlərinə geri çəkilmək məcburiyyətində qalmışdı. Bu fürsətdən istifadə edən Ermənistan ordusu Qərbi Azərbaycan ərazisində kütləvi qırğınlar törətməyə başlamışdı.

Erməni korpusunun komandanı general Andranikin qoşunu Şərqi Anadoludan geri çəkilərək 1918-ci ilin avqustundan Zəngəzura daxil olmuş, oradan Qarabağa hücum edərək erməni separatçı dəstələrlə birləşmək istəyirdi. Oktyabr ayında "Azərbaycan" (rusca) qəzetində Xəlil İbrahimin imzası ilə "Qarışıq günlərdə Qarabağın vəziyyəti" başlıqlı silsilə məqalələr dərc edilmişdir. Məqalədə Qafqaz islam ordusunun əsgər və zabitlərinin Qarabağdakı erməni separatizminə qarşı həyata keçirdikləri tədbirlərdən, ermənilərin Azərbaycan hakimiyyətini tanımalarından bəhs edilir.

1919-cu il yanvar ayının əvvəlində Azərbaycan xarici işlər nazirinin müavini Adil xan Ziyadxanovun imzası ilə Ermənistan xarici işlər nazirinə nota göndərilir. Yanvarın 7-də qəzetdə "Qarabağ-İrəvan faciəsi" başlığı altında dərc edilən həmin notada bildirilirdi: "İrəvan quberniyasında çoxsaylı erməni silahlı qüvvələri tərəfindən müsəlmanlar zorakılığa məruz qalır, şəhərlərdə və kəndlərdə onlar tərksilah edilir, öldürülür və qarət edilir, zor gücünə onları özlərinə tabe etdirməyə çalışırlar... Alınan məlumatlara görə, təkcə ermənilərin təqibindən yaxa qurtarmaq üçün Araz çayını keçmək istəyərkən boğulanların sayı 300 nəfərə çatır". Notada həmçinin erməni silahlı qüvvələrinin İrəvan quberniyasındakı Azərbaycanın mübahisəsiz ərazilərində zorakılıqlara və hərbi əməliyyatlara son qoyulması Ermənistan hökumətindən tələb edilirdi. Azərbaycan hökuməti Ermənistan Respublikasında müsəlmanlara qarşı edilən zorakılıqları onun nəzərinə çatdırır və İrəvan quberniyasındakı Azərbaycanın ayrılmaz tərkib hissəsi olan ərazilərin erməni silahlı qüvvələri tərəfindən ələ keçirilməsinə etiraz edir.

"Azərbaycan" qəzeti müntəzəm olaraq Azərbaycan və rus dillərində parlamentin iclaslarının stenoqramlarını dərc edirdi. İrəvan quberniyasından gələn xəbərlər o qədər ciddi və həyəcanlı idi ki, Azərbaycan parlamenti 8 yanvar 1919-cu ildə keçirdiyi 7-ci iclasında İrəvan quberniyası müsəlmanlarının əhvalı haqqında məsələ müzakirə etmişdi. Həmin iclasda İrəvan quberniyası müsəlmanlarının təmsilçilərinin imzası ilə yanvarın 4-də Azərbaycan parlamentinin sədrinə ünvanlanmış müraciətin mətni oxunmuşdu. Müraciətdə İrəvan quberniyasında erməni qoşunlarının törətdikləri vəhşiliklərin miqyası faktlarla sadalanırdı. Qeyd edilirdi ki, 1917-ci ilin dekabrından 1918-ci ilin iyun ayına qədər İrəvan quberniyasında erməni qoşunları tərəfindən 200-dən artıq müsəlman kəndi atəşə tutulub tar-mar edilmiş, bunların əhalisi isə qismən qətl, qismən də dağlara qaçıb soyuq və aclıqdan tələf olmuş, 100 minə qədər müsəlman İrəvan quberniyasının başqa yerlərindən köçmüşlər... Daha sonra qeyd edilirdi ki, erməni qoşunları Sürməli qəzasını tamamən, İrəvan, Şərur və Eçmiədzin qəzalarının müsəlmanların  məskunlaşdığı mahalını işğal edib Naxçıvan tərəfə yürüş etməkdədirlər. Ermənilər yerli müsəlmanları cismən kəsib, köylərindən çıxarıb İrana hicrət etmək məcburiyyətinə salırlar. Məcburiyyət ilə müsəlmanlardan təmizlənmiş mahallara Türkiyədən gəlmiş erməniləri köçürürlər. Müraciətin sonunda qeyd edilirdi ki, İrəvan quberniyasının bəzi mahallarının tamamilə müsəlmanlar ilə məskun olduğunu, bu mahalların tarixən Azərbaycanın ayrılmaz hissəsi olmasını nəzərə alaraq İrəvan müsəlmanları mövcudiyyətinin mühafizəsi üçün lazım gələn tədbirlərin görülməsini xahiş edirlər. Bu məsələ müzakirə edildikdən sonra Milli Məclis hökumətə tapşırıq vermişdi ki, İrəvan quberniyasında müsibətlərin dayandırılması üçün lazımi tədbirlər görsün.

"Azərbaycan" (rusca) qəzetinin 14 yanvar 1919-cu il tarixli sayında İrəvan quberniyası müsəlmanlarının nümayəndələri adından parlamentin üzvü Mir Hidayət Seyidovun Azərbaycan hökumətinin başçısına ünvanlanmış müraciəti dərc edilmişdir. Müraciətdə  qeyd edilirdi ki, Ermənistan hökuməti silah gücünə erməni qaçqınlarını müsəlmanların məskun olduqları ərazilərdə məskunlaşdırır, məqsəd ondan ibarətdir ki, mümkün olan qədər müsəlmanları məhv edərək bütün qəzalardan onları təmizləsinlər ki, Paris konfransında həmin ərazilərin ermənilərə məxsusluğunu sübut edə bilsinlər (Bu, həmin Mir Hidayət Seyidov idi ki, o, 1918-ci il mayın 31-də keçirilən Azərbaycan Milli Şurasının iclasında İrəvanın ermənilərə paytaxt kimi güzəştə gedilməsinə Bağır Rizayev və Nəriman bəy Nərimanovla birgə etiraz etmişdi).

22 yanvar 1919-cu il tarixdə "Azərbaycan" (rusca) qəzetində Zəngəzur qəzasının rəisi Məlik Namazəliyevin teleqramı dərc edilmişdir. Həmin teleqramda qeyd edilirdi ki, Müttəfiq Dövlətlərin Qafqazdakı Ali komissarı V.Tomsonun azərbaycanlılarla ermənilər arasında hər cür düşmənçiliyə son qoymaq barədə verdiyi əmrə zidd olaraq Andranik verdiyi vədə xilaf çıxmış, onun dəstəsi 30-dan artıq müsəlman kəndini darmadağın etmiş və yandırmış, əmlakını talan etmişdir. Qaçıb canını qurtara bilməyənlər vəhşicəsinə doğranmışdır.

"Azərbaycan" (rusca) qəzeti 31 yanvar 1919-cu il sayında yazırdı ki, Məhəmməd xan Təkinski Azərbaycan Xalq Cümhuriyyətinin Ararat Respublikasında diplomatik nümayəndəsi təyin edilmişdir. Diplomatik nümayəndə olduğu dövrdə M.Təkinski İrəvanda özünü cəsarətlə aparır, azərbaycanlı əhaliyə qarşı Ermənistan hökumətinin yeritdiyi etnik təmizləmə siyasətinin qarşısını almağa çalışır, Azərbaycan hökumətinin mümkün köməyinin əldə edilməsinə çalışırdı. O, qırğınların dayandırılması və azərbaycanlı əhalinin hüquqlarının qorunmasına nail olmaq üçün dəfələrlə Ermənistanın baş naziri, xarici işlər naziri, Eçmiədzin katolikosu, müttəfiq dövlətlərin Ermənistandakı missiyasının başçıları ilə görüşmüşdü. Azərbaycanın diplomatik nümayəndəsi M.Təkinskinin fövqəladə işgüzarlıqla göstərdiyi fəaliyyət Ermənistan hökumətini ciddi narahat edirdi. M.Təkinski Ermənistan hökumətinin daxili işlərinə müdaxilə bəhanəsilə Ermənistan hökuməti tərəfindən "persona non grata" elan edilmişdi. M.Təkinskidən sonra görkəmli Azərbaycan yazıçısı və siyasi xadimi Əbdürrəhim bəy Haqverdiyev 1919-cu il avqustun 24-də Azərbaycan Respublikasının Ermənistanda diplomatik nümayəndəsi təyin edilmişdi. Bundan öncə Ə.Haqverdiyev Azərbaycanın Dağlı Respublikasında diplomatik nümayəndəsi olmuşdu.

12 fevral 1919-cu il tarixli "Azərbaycan" (rusca) qəzeti Azərbaycan XİN-in 10 fevral 1919-cu ildə Ermənistan XİN-ə göndərdiyi notanın mətnini dərc etmişdir. Notada bildirilirdi ki, Ermənistan silahlı dəstələri başda erməni zabiti olmaqla Göyçə gölü ətrafında sərhədi keçərək Azərbaycan ərazisinə daxil olmuş, Qızılvəng, Subatan, Zağalı, Şahab və s. müsəlman kəndlərini viran etmişdir. Adları çəkilən kəndlərin kişilərinin bir hissəsini öldürmüşlər, bir hissəsi də qaçaraq canını qurtarmışdır.

"Azərbaycan" (rusca) qəzetinin 27 mart 1919-cu il tarixli sayında M.Təkinskinin martın 24-də Ermənistan hökumətinə verdiyi notanın mətni dərc edilmişdir. Notada qeyd edilir ki, türk qoşunlarının İrəvan quberniyasından geri çəkilməsindən sonra erməni silahlı dəstələri əvvəlcə Naxçıvan üzərinə hücum etmiş, Şərurda müqavimətlə qarşılaşdıqdan sonra isə Vedibasarın və Yuxarı Qarabağların kəndlərinə hücuma keçmiş, bütün dinc müsəlmanları qətlə yetirmişdir.  

"Azərbaycan" (rusca) qəzeti 17 may 1919-cu il tarixli sayında Gəncə qəzasının dağlıq hissəsinin 5-ci sahəsinin müsəlman əhalisinin müvəkkili İsmayıl Sultanovun Gəncə qəza rəisinə ünvanladığı 1919-cu il 22 aprel tarixli məlumatı dərc edilmişdir. Məlumatda yazılır: "Aprelin 13-dən etibarən Ararat Respublikasının qoşunları Novo-Bəyazid qəzasının Göyçə rayonunun şərq və şimal bölgəsinin müsəlman kəndlərini təmizləmək məqsədilə hücumlara başlamışdır. İndiyədək Göyçənin 60 minə yaxın əhalisi olan 22 kəndi dağıdılmış, yandırılmış və əhalisi təmizlənmişdir... Ermənistan respublikası öz məqsədinə çatmışdır, artıq Göyçə rayonunda müsəlman qalmamışdır. Novo-Bəyazid qəzasının 84 müsəlman kəndi məhv edilmişdir ki, onlardan da 22-si aprelin 13-20-si arasında dağıdılmışdır. Daşkənd, Qoşabulaq, Sarıyaqub, Baş Şorca, Ayaq Şorca, Söyünquluağalı, Ağkilsə, Zod, Quluağalı, Böyük Qaraqoyunlu, Bala Qaraqoyunlu, Zərzibil, Canəhməd, İnəkdaği, Qaraiman, Kəsəmən, Başkənd, Bala Məzrə, Böyük Məzrə, Şişqaya, Qayabaşı, Hacı Qərib kəndlərində 15 min evin əhalisinin mal-mülkü talan edilmiş və ermənilərə qismət olmuşdur".

İyunun 23-də A.Ziyadxanov Ermənistan XİN-ə göndərdiyi teleqramda qaçqınlar probleminin həlli və Ermənistanın Azərbaycanla münasibətlərinin nizamlanması üçün hər iki respublikanın nümayəndələrindən ibarət qarışıq parlament-hökumət komissiyasının yaradılmasını təklif etmişdir. "Azərbaycan" (rusca) qəzetinin 3 iyul 1919-cu il tarixli sayında dərc edilən məqalədə Ermənistan XİN-in Azərbaycan hökumətinə 25 iyun 1919-cu ildə göndərdiyi cavab məktubundan iqtibas gətirilir və qeyd edilir ki, Ermənistanla Azərbaycan arasında mehriban qonşuluq münasibətləri qurulması üçün Azərbaycan hökumətinin təklifini qəbul edir və hökumətlərarası qarışıq parlament komissiyasının yaradılmasına razıdır. Hər iki tərəfdən iki nəfər olmaqla və müttəfiq dövlətlərin nümayəndəsinin iştirakı ilə yaradılacaq komissiya Azərbaycanda ermənilərin və Ermənistanda müsəlmanların vəziyyətini yoxlamaq məqsədilə təşkil edilir.

Lakin Ermənistan hökumətinin bu cavabı Azərbaycan hökumətinin başını diplomatik yazışmalarla qatmağa xidmət edirdi. Arxiv sənədləri sübut edir ki, ermənilər bircə gün də olsun işğalçılıq hərəkətlərindən qalmamışlar. "Azərbaycan" (rusca) qəzetində 29 iyun-1 iyul 1919-cu il tarixlərində dərc edilmiş "Ermənistanda müsəlmanların vəziyyəti" məqaləsində deyilir: "Ermənistan Respublikasında müsəlmanların vəziyyəti faciəvidir. İrəvanda gözəl evlərin və bağların böyük əksəriyyəti müsəlmanlara məxsus idi... Türk qoşunları İrəvana yaxınlaşdığı zaman şəhərin müsəlman əhalisi nədənsə qorxaraq şəhəri tərk etmişdi. Onların malına, mülkünə Türkiyədən olan qaçqınlar sahib çıxmışdılar. Ermənistan hakimiyyətini qəbul edən müsəlmanlar şəhərə geri qayıdarkən yollarda erməni silahlıları tərəfindən tamamilə qarət edilmişdilər...Varlı bağlara, gözəl evlərə malik müsəlmanları erməni qaçqınları öz evlərinə buraxmadıqlarından qışdan bu yana məscidlərdə sığınacaq tapmışlar... Ermənistan hökuməti minlərlə qarət edilmiş, ac-yalavac, xəstə müsəlmanları açıq havada yaşamağa məcbur edir...

Müsəlmanların çəkdiyi işgəncələri təsvir etmək çətindir. Çoxları buna dözmür və dəli olurlar... Müsəlmanların evlərini zəbt edən ermənilər onlardan külli miqdarda vəsait aldıqdan sonra evlərini qaytarır və müsəlmanlar bundan sonra sığındıqları məscidlərdən evlərinə qayıda bilirlər.

Ermənistan hökuməti qəsdən və düşünülmüş surətdə erməni qaçqınlarını müsəlman məhəllələrində və evlərində məskunlaşdırır..."

"Azərbaycan" (rusca) qəzeti 29 iyun və 1 iyul 1919-cu il tarixli saylarında yazırdı ki, "əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edən Zəngibasar və Gərnibasar rayonlarının kəndləri Ermənistan hakimiyyətini qəbul etdikdən sonra belə erməni qaçqınlarını qəbul etmək məcburiyyətində qalıblar. Onların ərzağı insafsızcasına müsadirə edilir, mal-qarası, müxtəlif bəhanələrlə pulları əllərindən alınır. Müsəlman əhali ucdantutma acından ölür və təxirə salınmadan kömək diləyir. Göyçə və Dərəçiçək rayonlarının əhalisinin vəziyyəti daha ağlamalıdır. Bu rayonların əhalisi Ermənistanın indiki hərbi naziri general Silikovun hərbi dəstələrinin basqınlarına tab gətirməyərək öz ocaqlarını tərk etmişlər".

Qəzetin 29 iyun 1919-cu il tarixli sayında İrəvan şəhərindən qovulan bir azərbaycanlının şahid ifadəsini dərc etmişdir. Həmin ifadədə deyilirdi ki, İrəvan müsəlmanlarının vəziyyəti o dərəcədə acınacaqlıdır ki, şəhərin müsəlmanlar yaşayan hissəsində nəinki gecələr, hətta günün günorta çağı onların üstlərindəki azdan-çoxdan qiymətli paltarlarını çıxarır, həmçinin pullarını və qiymətli zinət əşyalarını əllərindən alırlar. Dişlərinə-dırnaqlarına qədər silahlanmış erməni gəncləri müsəlmanların evlərinə soxulur və əşyalarını daşıyıb aparırlar. Şahid ifadəsində Ermənistanın paytaxtında baş verən bu işgəncələrə çoxlarının dözməyərək dəli olduqları qeyd edilir.

"Azərbaycan" qəzeti (rusca) 19 iyul tarixli sayında etibarlı mənbələrə istinadən yazırdı ki, iyulun 4-də gecə erməni qoşunları Böyük Vedi, Çimənkənd, Daşdı Goravan, Yengicğə və Vedi-Avşar kəndlərini ağır artilleriyadan atəşə tutmuşdur. Böyük Vedi, Çimənkənd və Goravan sakinləri ağır artilleriyanın və iki zirehli qatarın köməyi ilə məhv edilib. Döyüşlər davam edir. Əhali ingilis missiyasının vasitəsilə Ermənistan hökumətinə təsir göstərməyi xahiş edir.

"Azərbaycan" qəzeti (rusca) 9 iyul 1919-cu ildə "İrəvan və Qarabağ" məqaləsində yazırdı: "Daşnakların İrəvan quberniyasında müsəlman əhaliyə qarşı törətdiyi cinayətlər cəzasız qalıb və nə ictimaiyyətə, nə də mətbuata bəllidir. 1918-ci ilin martında "Bütün müsəlmanlara ölüm" məqsədini elan edən daşnaklar tərəfindən İrəvan quberniyasının Sürməli qəzasının bütün müsəlman kəndləri məhv edilmiş və yandırılmışdır. Qəzanın sakinləri ucdantutma məhv edilmişdir. Quluna, Yaycı, Oba, Qazıqışlaq, Amarat kəndlərinin demək olar ki, bütün əhalisi doğranmışdır. Möcüzə nəticəsində qurtulan 6000 nəfər Dizə kəndinə toplaşırlar ki, Araz çayından keçib İrəvan quberniyasına gəlsinlər. Erməni qoşunları bu kəndi mühasirəyə alıb, əhalini qırırlar. Bədbəxt qurbanların qanını məscidin hovuzuna axıtmışlar... Sürməli qəzasında daş daş üstə qalmayıb...

Digər qəzaların - Novo-Bəyazid, Eçmiədzin və İrəvan qəzalarının müsəlmanlarının vəziyyəti daha acınacaqlıdır. Bu qəzalarda qırğınlar daha qeyri-insani həyata keçirilmişdir. Burada süngülərlə hücum və bombardman edilməklə əsl müharibə gedib. Qəhrəman oğulların sayəsində ermənilərin hücumlarının qarşısı "Qurd qapısı"nda alınaraq, yalnız Şərur və Naxçıvan salamat qalmışdır... İrəvanın və qəzaların kütləvi surətdə Qarsa köçən müsəlman əhalisinin vəziyyəti ermənilərin ora gəlməsindən sonra daha da ağırlaşıb. Onlar Anadolu dağlarında sığınacaq axtarmağa məcburdurlar. Görünür, azsaylı erməni xalqına İrəvan quberniyasında müsəlman əhaliyə törətdiyi dəhşətlərin miqyası kiçik gəlir. Xaricdən aldıqları köməklə daşnaklar İrəvan faciəsini Qarabağda da törətməyə çalışırlar.

Azərbaycandakı ermənilərin vəziyyəti ilə İrəvandakı müsəlmanların vəziyyətini müqayisə etmək maraqlı olardı. Ermənilər bizim respublikamızda tamhüquqlu vətəndaşdırlar. Onlar bütün vətəndaş azadlıqlarından istifadə edirlər, parlamentdə və hökumətdə təmsil olunublar, onların övladlarının təhsili üçün dövlət külli miqdarda vəsait xərcləyir, heç kim onlara toxunmur, onlar digər quberniyalarda özlərinə sığınacaq axtarmırlar. İrəvan müsəlmanlarının isə bir hissəsi məhv edilmiş, bir hissəsi səpələnmişdir və özlərinə heç yerdə sığınacaq tapa bilmirlər.

22 sentyabr 1919-cu ildə Azərbaycan xarici işlər naziri Məmmədyusif Cəfərov Müttəfiq Dövlətlərin Cənubi Qafqazdakı Ali Komissarı V.Haskelə göndərdiyi teleqramda ümid etdiyini bildirirdi ki, Ali Komissar İrəvan quberniyasında baş verən özbaşınalıqlara son qoyulması üçün tədbir görəcək və təqsirkarların cəzalandırılması üçün neytral dövlətlərin təmsilçilərinin iştirakı ilə beynəlxalq istintaq komissiyasının yaradılmasına razılıq verəcək. Bununla bağlı "Azərbaycan" (rusca) qəzeti 14 oktyabr tarixli sayında yazırdı ki, polkovnik V.Haskel Azərbaycan xarici işlər nazirinin müraciəti ilə bağlı Ermənistan hökumətinə sorğu göndərmişdir və Ermənistan hökuməti müsəlman vətəndaşlarına qarşı zorakılıqları təkzib etməmiş və vəd vermişdir ki, yerlərdə bu cür hadisələrin istintaqının aparılması üçün istintaq komissiyası yaradacaqdır.

Azərbaycan hökuməti Qərbi Azərbaycandan qaçqın düşən azərbaycanlıların problemlərinin həlli üçün dəfələrlə parlamentdə məsələ qaldırmış və hökumətə müvafiq tapşırıqlar vermişdir. "Azərbaycan" (rusca) qəzeti 26 oktyabr 1919-cu il tarixli sayında yazırdı ki, hökumətin 15 oktyabrda keçirilən iclasında Ermənistandan gələn müsəlman qaçqınlara maddi yardım üçün 2 milyon manat əlavə vəsait ayrılmışdır.    

Lakin Ermənistan hökuməti Xalq Cümhuriyyəti hökumətinin İrəvandakı diplomatik nümayəndəlik vasitəsilə Qərbi Azərbaycandakı yerli azərbaycanlı əhaliyə yardım göstərməsini hər cür vasitələrlə əngəlləməyə çalışırdı. Erməni terrorçuları 1920-ci il martın 8-də səfir Əbdürrəhim bəy Haqverdiyevin diplomatik nümayəndəliyin əməkdaşlarının məsrəfləri və Qərbi Azərbaycanda az miqdarda qalan azərbaycanlı əhali üçün apardığı 5,4 milyon Zaqafqaziya bonunu və 3,4 milyon Azərbaycan bonunu Gürcüstanla Ermənistan arasındakı ərazidə yaradılan neytral zonada qarət etmişdilər. Bundan sonra Ə.Haqverdiyev diplomatik nümayəndə vəzifəsindən istefa etmişdi. "Azərbaycan" (rusca) qəzeti 16 mart 1920-ci il tarixli sayında Hərbi Məhkəmənin sədri Teymur bəy Makinskinin Ermənistan hökuməti yanında Azərbaycanın diplomatik nümayəndəsi təyin edilməsi haqqında xəbər dərc etmişdi.

Məhəmməd xan Təkinski və Əbdürrəhim bəy Haqverdiyevin fəaliyyəti kimi, ermənilərin xislətinə yaxşı bələd olan və onların dilini bilən Teymur bəy Makinskinin fəallığı da Ermənistan hökumətini ciddi narahat edirdi. Xüsusi xidmət orqanları onun hər addımını izləyir və bir bəhanə tapıb onu həbs etdirmək istəyirdilər.

Azərbaycan hökuməti İrəvanın yaxınlığındakı Zəngibasar mahalında mühasirə şəraitində yaşayan azərbaycanlı əhalinin ən zəruri ehtiyaclarının ödənilməsi üçün diplomatik nümayəndəliyə ümumi miqdarda 600.000 rubl göndərmişdi. Diplomatik nümayəndəliyin gizli yazışmalarını və şifrəli teleqramlarını ələ keçirən Ermənistanın xüsusi xidmət orqanları bu məsələdən xəbər tutmuşdular. 1920-ci il aprelin 4-də diplomatik nümayəndəliyin əməkdaşlarının Zəngibasara apardıqları pulları Ermənistan kəşfiyyatı ələ keçirmişdi.

Tiflisə gələn T. Makinski həmin vaxt orada olan xarici işlər naziri F. Xoyski ilə görüşmüş, məsələnin mahiyyəti haqqında ətraflı məlumat vermişdi. Yazırdı ki, F.Xoyski bu məsələ ilə bağlı 14 aprel 1920-ci ildə Ermənistanın xarici işlər nazirinə nota göndərmişdi. 25 aprel tarixdə "Azərbaycan" (rusca) qəzetində dərc edilən həmin notada bildirilirdi: "Diplomatik nümayəndəliyimizdən alınan məlumata görə, aprelin 4-də Ermənistan hakimiyyəti tərəfindən Eçmiədzin yolunda 3 "kavas" (yəni diplomatik nümayəndəliyin mühafizəçi-polisləri - N.M.) üzərlərindəki pullarla həbs edilmişlər. Onlarla birlikdə sürücüyə də süni ittiham irəli sürülmüşdür. Ermənistan hökumətinin bu cür hərəkətləri beynəlxalq hüquq normalarına ziddir, ona görə də xahiş edirəm ki, kavasların və sürücünün dərhal azad edilmələri və diplomatik missiyanın maşınının və pullarının geri qaytarılması üçün təcili sərəncam verəsiniz".

"Azərbaycan" (rusca) qəzetinin 27 aprel 1920-ci il tarixli sayında xarici işlər nazirinin müavini Məhəmməd xan Təkinskinin Ermənistandakı diplomatik nümayəndə T.Makinskiyə göndərdiyi təcili diplomatik məlumatında bildirilirdi ki, aprelin 25-də ermənilərin azərbaycanlı kəndlərinə hücumunun qarşısı dərhal alınmalıdır. Təkinski yazırdı ki, Azərbaycan hökuməti məlumat almışdır ki, Novo-Bəyazid erməniləri Basarkeçərin Şişqaya kəndinə hücum edərək sakinlərini öldürmüşlər və hazırda Cil kəndi üzərinə hücuma keçmişlər. Makinskidən tələb edilirdi ki, ermənilərin hücumlarının qarşısının alınması üçün dərhal tədbirlər görsün və bu barədə beynəlxalq komissiyaya məlumat versin.

Lakin həmin gecə Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi və Cümhuriyyətin mətbu orqanları öz fəaliyyətlərini dayandırdılar. Lakin bu gün həmin qəzetlər Qərbi Azərbaycan haqqında ən dolğun informasiya mənbəyi hesab edilirlər.

1918-1920-ci illərdə Azərbaycan və rus dillərində nəşr edilən "Azərbaycan" qəzetini Cümhuriyyət dövrünün salnaməsi hesab etmək olar. Nə yaxşı ki hazırda ADA Universitetinin təşəbbüsü və dəstəyi ilə 1918-1920-ci illərdə nəşr edilmiş "Azərbaycan" qəzetinin Azərbaycan dilində nüsxələrinin tam külliyyatı Türkiyədə yaşayan soydaşlarımız Mehdi Gəncəli və Azad Ağaoğlunun ərəb qrafikalı əlifbadan kiril qrafikalı müasir Azərbaycan əlifbasına transliterasiyası ilə 20 cilddə kitab şəklində çap edilir. Yaxşı olardı ki, "Azərbaycan" qəzetinin rus dilində olan nüsxələri də transliterasiya edilərək müasir rus qrafikası ilə çap edilsin. Çünki tədqiqatçıların buna çox böyük ehtiyacı var.

Nazim Mustafa, 
Prezident Kitabxanasının şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru

Azərbaycan.-2023.-12 sentyabr.-№196.-S.8.