Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı birgə sərgi açılmışdır
Prezident Kitabxanası ilə AzərTAc-ın ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı fotolar və nəşrlərdən ibarət birgə sərgisi açılmışdır
Mayın 6-da Prezident Kitabxanası ilə Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı fotolar və nəşrlərdən ibarət birgə sərgisi açılmışdır.
“Heydər Əliyev-90” devizi altında keçirilən açılış mərasiminin iştirakçıları əvvəlcə Prezident Kitabxanasının foyesində Ümummilli Liderin büstü önünə tər güllər düzmüş, sonra isə konfrans zalında foto və nəşrlərin sərgisi ilə tanış olmuşlar.
Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətlərindən söz açan kitabxananın direktoru Mayıl Əhmədov demişdir ki, dahi şəxsiyyətlərin böyüklüyü zaman keçdikcə daha aydın görünür, onların qədr-qiymətini xalq özü verir. Azərbaycanın dövlətçilik tarixinə adı qızıl hərflərlə həkk olunan Heydər Əliyev məhz belə şəxsiyyətlərdəndir. Ümummilli lider adını qazanan Heydər Əliyevin anadan olmasının 90 illiyi ərəfəsində onun Azərbaycan tarixinin tam bir qərinəlik dövründə gördüyü nəhəng quruculuq işləri bir daha xatırlanır, xilaskarlıq missiyası göz önündə sərgilənir. Görkəmli şəxsiyyətlərin irsi, onların həyat və fəaliyyətləri dövlət quruculuğu sayəsində zəruri addımların atılmasında, siyasi xəttin düzgün müəyyənləşdirilməsində kompas rolunu oynayır. Bu baxımdan Heydər Əliyev irsi hər bir azərbaycanlı üçün daim öyrəniləsi bir məktəbdir.
Mayıl Əhmədov daha sonra bildirmişdir ki, bu gün istənilən mövzudan söhbət açarkən Heydər Əliyev irsinə müraciət etməklə yaxın keçmişimizin real mənzərəsini göz önündə tam canlandırmaq mümkündür. Bunları nəzərə alaraq 2008-ci ildə Prezident Kitabxanasında “Heydər Əliyev. Elektron sənədlər toplusu” yaradılmışdır. Ümummilli Liderin anadan olmasının 90 illiyi ərəfəsində yeni materiallarla zənginləşdirilən həmin topluda Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti olduğu dövrdə AzərTAc tərəfindən yayılan çıxışları, nitqləri, müsahibələri, bəyanatları və müraciətləri illər üzrə qruplaşdırılmışdır. Həmçinin elektron topluya “Heydər Əliyev. Müstəqilliyimiz əbədidir” seriyasından indiyədək çap edilən kitabların (42 kitab) elektron versiyası da daxil edilmişdir. Ulu öndər Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə tariximizə və mədəniyyətimizə aid məruzə və çıxışlarından, müsahibələrindən seçmələr, eləcə də Heydər Əliyevin həyat və fəaliyyətinə dair yazılan, Azərbaycan, rus və ingilis dillərində çap edilən seçmə kitabların elektron versiyaları da həmin elektron resursda yer almışdır.
Qeyd edilmişdir ki, dövri mətbuatda Ümummilli Lider haqqında hər il yüzlərlə məqalə dərc edilir. Elmi-nəzəri əhəmiyyət kəsb edən və Heydər Əliyevin müasirlərinin qələmə aldıqları seçmə məqalələrin tam mətnləri və Prezident Kitabxanasının fonduna daxil olan müxtəlif dillərdə çap edilən kitabların, avtoreferatların və məqalələrin biblioqrafiyası da ayrıca olaraq oxucuların ixtiyarına verilmişdir.
Tədbirdə çıxış edən AzərTAc-ın baş direktoru Aslan Aslanov bu günlərdə xalqımızın, dünya azərbaycanlılarının Ümummilli Lideri, müstəqil dövlətçiliyimizin qurucusu, Azərbaycanın XX əsrdə yetirdiyi dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünü böyük ruh yüksəkliyi ilə qeyd etdiyini, onun xalq, Vətən qarşısındakı xidmətlərinin bir daha xatırlandığını, Ulu Öndərin əziz xatirəsinin dərin ehtiramla yad olunduğunu diqqətə çatdırmışdır. Heydər Əliyevin mübarizələrlə dolu bütün mənalı ömrü canından artıq sevdiyi xalqına, Vətəninə xidmətə həsr olunmuşdur.
Baş direktor vurğulamışdır ki, ulu öndərimiz çıxışlarından birində deyirdi: “Mən həyatım boyu, bütün əmək fəaliyyətim dövründə ancaq xalq üçün, insanlar üçün düşünmüşəm, xalq üçün yaşamışam, insanlar üçün yaşamışam”. İlk baxışda adi görünən bu sözlərin arxasında dahi şəxsiyyətin mübarizələrlə dolu, dinclik, istirahət nə olduğunu bilməyən uzun bir ömrü dayanır.
Elə bir ömür ki, hər günü, hər ayı, hər ili bütün varlığı ilə sevdiyi, bağlı olduğu xalqına, Vətəninə misilsiz xidmət nümunəsidir.
Bildirilmişdir ki, 34 illik bir dövrdə siyasi hakimiyyətin zirvəsində olan Heydər Əliyevi xalqımızın bəxtinə düşmüş Tanrı payı adlandı ranlar, onu Corc Vaşinqton, Franklin Ruzvelt, Uinston Çörçill, Şarl de Qoll, Konrad Adenauer kimi görkəmli dövlət xadimləri ilə müqayisə edənlər, Ulu Öndərin hələ sağlığında canlı əfsanəyə çevrildiyini yazanlar və deyənlər heç də yanılmırlar. Heydər Əliyev elə xoşbəxt taleli şəxsiyyətlərdəndir ki, həm sağlığında, həm də vəfatından sonra dünyanın ən sayılıb-seçilən dövlət xadimləri və siyasətçiləri onun haqqında çox dəyərli fikirlər söyləmişlər. Türkiyənin keçmiş Baş naziri Bülənd Ecevit Heydər Əliyevi “min ildən bir yetişən dahi”, Rusiya Prezidenti Vladimir Putin “siyasət nəhəngi”, sabiq ABŞ konqresmeni Qreq Laflin “Mərkəzi Asiyanın Corc Vaşinqtonu”, məşhur qırğız yazıçısı Çingiz Aytmatov “həm tarixi, həm də əfsanəvi şəxsiyyət” adlandırmışlar. Fransanın sabiq Prezidenti Jak Şirak Ulu Öndər haqqında demişdi: “Azərbaycanın bəxti onda gətirib ki, bu ölkəyə Heydər Əliyev kimi böyük siyasi iradəyə, zəngin dövlətçilik təcrübəsinə malik, müdrik, uzaqgörən və nüfuzlu dövlət xadimi rəhbərlik edir”. Bu baxımdan Fransada nəşr olunan “Kuryer İnternasional” jurnalının baş redaktoru Aleksandr Adlerin aşağıdakı fikirləri də çox ibrətamizdir: “Tanrı bu şəxsiyyəti təkcə öz xalqına deyil, həm də başqa xalqlar üçün son dərəcə mürəkkəb bir tarixi məqamda göndərmişdir. O, bir sıra ciddi böhranlar keçirmiş və onları dəf etmişdir. O, bütün bunlara mətanətlə sinə gərmiş və onu mənən və cismən məhv etmək üçün göstərilmiş bütün cəhdlərə baxmayaraq, daha yüksəklərə qalxmışdır”.
Tədbirdə Prezident Kitabxanasının şöbə müdiri Zakir İsmayılov Ulu Öndərin zəngin irsinin gələcək nəsillərə çatdırılmasında sərginin və kitabxanada yaradılmış “Heydər Əliyev. Elektron sənədlər toplusu”nun əhəmiyyətindən danışmışdır.
Prezident Kitabxanasının elmi katibi Kəmalə Sarıcalinskaya AzərTAc-a müsahibəsində sərginin təşkilinə görə agentliyin rəhbərliyinə minnətdarlığını bildirmiş və Ümummilli Liderin ömür salnaməsini əks etdirən sərgidə dahi şəxsiyyətə aid müxtəlif nəşrlərin və onun həyatının müxtəlif anlarını əks etdirən fotoşəkillərin oxucularda böyük maraq doğurduğunu vurğulamışdır.
AZƏRTAC.-2013.- 6 may.