28 May Respubli̇ka günü ərəfəsi̇ndə Prezi̇dent ki̇tabxanası dövləti̇mi̇zi̇n başçısının xari̇ci̇ si̇yasət fəali̇yyəti̇ni̇ əks etdi̇rən elektron resurs hazırlamışdır

AzərTAc xəbər verir ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu xarici siyasət kursunu Prezident İlham Əliyev uğurla davam etdirir. Dövlətimizin başçısı bütün ölkələrlə qarşılıqlı surətdə faydalı əməkdaşlıq, mehriban qonşuluq və dinc yanaşı yaşamaq prinsipləri əsasında münasibətlərin inkişaf etdirilməsi, dünya birliyinə inteqrasiya istiqamətində mühüm addımlar atmışdır. Azərbaycanın yürütdüyü balanslaşdırılmış xarici siyasət nəticəsində ölkəmiz dünyanın aparıcı dövlətləri ilə sıx əməkdaşlıq qura bilmiş, BMT, ATƏT, Avropa Şurası, YUNESKO, MDB, GUAM, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Konfransı Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı kimi mötəbər beynəlxalq və regional qurumlarda öz mövqelərini möhkəmləndirmişdir.

Ölkəmizin xarici siyasətinin əsas istiqamətlərindən biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həll olunması ilə bağlıdır. Prezident İlham Əliyevin xarici ölkələrə səfərləri zamanı keçirdiyi görüşlər, Azərbaycana gəlmiş dövlət və hökumət başçıları, eləcə də beynəlxalq təşkilatların nümayəndələri ilə apardığı danışıqlarda bu məsələ daim diqqət mərkəzində olmuşdur. Dövlətimizin başçısının praqmatik, qətiyyətli və hücum xarakterli diplomatik kursu təcavüzkar Ermənistanın beynəlxalq aləmdə getdikcə daha çox təcrid olunmasına, bir sıra beynəlxalq iqtisadi layihələrdən kənarda qalmasına gətirib çıxarmışdır. Aparılan uğurlu xarici siyasətin nəticəsidir ki, bu gün Azərbaycan bütün parametrlərinə görə bölgənin lider dövlətinə çevrilmişdir.

28 May Respublika günü ərəfəsində Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası Prezident İlham Əliyevin xarici siyasət fəaliyyətini əks etdirən elektron resurs hazırlamışdır. Kitabxananın direktoru Mayıl Əhmədov elektron resurs haqqında məlumat verərək bildirmişdir ki, üç fəsildən ibarət olan bu on-line nəşrin birinci fəsli Prezidentin xarici ölkələrə səfərlərini əhatə edir. Xronoloji ardıcıllıqla verilmiş materiallar əsasında məlum olur ki, 2003-cü ildə Prezident seçildiyi dövrdən indiyədək dövlətimizin başçısı 72 dəfə xarici ölkələrdə səfərdə olmuşdur. Bu səfərlərin 7-si dövlət, 23-ü rəsmi, 38-i isə işgüzar səfərdir. Dövlətimizin başçısı 11 dəfə Rusiyada, 6 dəfə Türkiyə və Fransada, 4 dəfə Gürcüstan və Polşada, 3 dəfə Almaniya, Ukrayna və Səudiyyə Ərəbistanında, 2 dəfə ABŞ, Rumıniya, Belçika, İsveçrə və Belarusda səfərdə olmuş, 27 dəfə beynəlxalq konfrans və forumlarda iştirak etmişdir.

İkinci fəsildə Prezident İlham Əliyevin xarici ölkələrə səfərləri zamanı keçirdiyi görüşlərin və qəbulların xronikası verilmişdir. Xronikanın təhlili göstərir ki, xarici ölkələrə səfərləri zamanı Prezident İlham Əliyev dövlət, hökumət başçıları və parlament sədrləri ilə 168 görüş, beynəlxalq təşkilatların rəhbərləri və nümayəndələri ilə 52 görüş, ümumiyyətlə isə 357 görüş və qəbul keçirmişdir. Dövlətimizin başçısı bu səfərlər zamanı müxtəlif vaxtlarda BMT-nin baş katibi ilə 2 dəfə, NATO-nun baş katibi ilə 3 dəfə, ATƏT-in fəaliyyətdə olan sədri ilə 3 dəfə və AŞPA-nın sədri ilə də 3 dəfə görüşmüşdür. Elektron resursun üçüncü fəsli Prezident İlham Əliyevin Azərbaycana səfərə gəlmiş xarici ölkələrin dövlət, hökumət başçıları və parlament sədrləri, beynəlxalq təşkilatların rəhbərləri və digər rəsmi şəxslərlə görüşlərinin və qəbullarının xronikasından ibarətdir. Bu fəslin təhlili göstərir ki, indiyədək dövlətimizin başçısı Azərbaycana səfərə gələn xarici qonaqlarla 793 görüş və qəbul keçirmişdir. Bunlardan 52-si dövlət, hökumət başçıları və parlament sədrləri ilə, 225-i beynəlxalq təşkilatların rəhbərləri və nümayəndələri ilə olmuşdur. Ümumiyyətlə isə Prezident İlham Əliyev indiyədək istər xarici ölkələrdə, istərsə də ölkəmizdə xarici siyasət fəaliyyəti sahəsinə şamil edilən 1150 görüş və qəbul keçirmişdir ki, bunlardan da 213-ü yüksək səviyyəli görüşlər, yəni dövlət, hökumət və parlament sədrləri ilə olan görüşlərdir.

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xarici siyasət fəaliyyətinin xronikası” kitabxananın www.preslib.az saytında yerləşdirilmişdir və mütəmadi olaraq yeniləşdirilir.

 

 

AZƏRTAC.-2007.-25 may.