İyunun 16-da Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun son illərdə Azərbaycan tarixinə dair nəşr etdirdiyi kitabların sərgisi və elektron versiyalarının təqdimatı olmuşdur.

15 iyun - Milli Qurtuluş Günü ilə əlaqədar keçirilən tədbirdə kitabxananın direktoru Mayıl Əhmədov informasiya cəmiyyətində yeni texnologiyalar əsasında elektron resursların yaradılmasının, müxtəlif istiqamətlər üzrə nəşrlərin elektron versiyalarının hazırlanmasının əhəmiyyətindən danışmışdır. Azərbaycan tarixinə aid kitabların elektron versiyalarının hazırlanmasında əsas məqsəd ölkəmizin tarixi, azərbaycanlıların soyqırımı və deportasiyası, Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ümumiyyətlə, Azərbaycanın tarixi keçmişi ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır.

Qeyd olunmuşdur ki, Prezident Kitabxanası istər ölkəmizdə, istərsə də ölkəmizdən xaricdə Azərbaycan oxucusu üçün kitabların əldə edilərək kitabxananın fonduna daxil edilməsi istiqamətində zəruri işlər görür. AMEA A.Bakıxanov adına Tarix İnstitutunun 2004-cü ildən bu günə kimi Azərbaycan tarixinə aid 100-dən çox kitabının elektron variantı hazırlanaraq kitabxananın saytında yerləşdirilmişdir.

Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Yaqub Mahmudov bu layihəni Azərbaycan tarixçilərinin əməyinə verilən ən böyük töhfə adlandırmışdır. Prezident Kitabxanasına minnətdarlığını bildirən Y.Mahmudov bu gün informasiya müharibəsi şəraitində Azərbaycan tarixinə aid kitabların elektron versiyalarının hazırlanmasını çox böyük hadisə adlandırmışdır. Qədim Azərbaycan torpaqlarını dünyaya tanıtmaq üçün çox mühüm işlərin görülməsinin vacibliyini vurğulayan tarixçi, belə tədbirlərin təqdirəlayiq olduğunu söyləmişdir.

Qeyd olunmuşdur ki, artıq tədqiqatçılar internet vasitəsilə kitabların elektron versiyası ilə tanış ola biləcəklər.

 


AZƏRTAC.-2010.-16 iyun.