Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin bütün dövlət strukturları qarşısında informasiya texnologiyalarından səmərəli istifadə etmək, təhsil və mədəniyyət müəssisələrini yaxın gələcəkdə tamamilə kompüterləşdirilməklə bağlı göstərişinə uyğun olaraq respublikamızın kitabxanalarında oxuculara xidməti yeni forma və üsullarının axtarışı, müasir informasiya texnologiyalarının tətbiqi sahəsində böyük işlər görülür. Bu istiqamətdə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kitabxanasında aparılan işlər daha diqqətəlayiqdir. İctimaiyyət arasında Prezident Kitabxanası kimi tanınan bu mədəniyyət ocağında ölkəmizdə ilk dəfə fundamental elektron kitabxana yaradılmış, avtomatlaşdırılmış kitabxana proqramı və oxuculara məsafədən xidmət texnologiyası tətbiq edilmişdir.

Müstəqillik illərində bütün sahələrdə olduğu kimi, Azərbaycan Respublikasının mədəni həyatında da bir çox mühüm hadisələr baş vermişdir. Ulu öndər Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kitabxanası (Prezident Kitabxanası) və Azərbaycan Respublikası Milli Məclisinin Kitabxanası (Parlament Kitabxanası) yaradıldı. Hər iki kitabxana Azərbaycanın dövlət müstəqilliyinin hədiyyəsidir. Müstəqil dövlətlərin atributları sırasında prezident kitabxanaları və parlament kitabxanaları mühüm yer tutur. Belə kitabxanalar öz statusu etibarilə dövlət kitabxanaları hesab olunurlar.

Kitabxana işinə olduqca böyük qiymət verən, onu cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik və zəka mənbəyi adlandıran ümummilli lider Heydər Əliyev bu sahənin dövlət, ümumxalq qayğısı ilə əhatə edilməsini lazım bilirdi: “Kitabxanaya daimi hörmət xalqımızın mənəviyyatını nümayiş etdirən amillərdən biridir".

Ulu öndər dövlət aparatında çalışan işçilərə yüksək kitabxana-informasiya xidməti göstərmək, qanunları, fərmanları, sərəncamları, qərarları və digər zəruri sənədləri toplayaraq qoruyub saxlamaq və onlardan istifadə edilməsi üçün Prezident Kitabxanasının yaradılmasını zəruri saymışdı. Prezident Kitabxanası öz fondunun zənginliyi və oxuculara xidmətinin yeni forma və üsulları, müasir kitabxana-informasiya texnologiyası ilə təmin edilməsi baxımından hazırda respublikamızda çox mühüm mədəni, elmi və informasiya əhəmiyyəti kəsb edən bir mərkəzə çevrilmişdir. Prezident Kitabxanasına onun yaradılmasının təşəbbüskarı və müasir kitabxana-informasiya mərkəzi kimi formalaşmasına xüsusi diqqət göstərən, bütün həyatı boyu Azərbaycan mədəniyyətinin və incəsənətinin çiçəklənməsi üçün var qüvvəsini əsirgəməyən Heydər Əliyevin adının verilməsi ümummilli liderimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində atılan növbəti addım olar və ictimaiyyət tərəfindən rəğbətlə qarşılanardı.

Kitabxana 2003-cü ildə Bakı şəhərinin iki zəngin kitabxanasının - Mərkəzi Şəhər Kitabxanasının (keçmiş Lenin adına kitabxana) və Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin nəzdində olan kitabxananın (keçmiş Siyasi Maarif Evinin Kitabxanası) bazasında təşkil edildi. Prezident Kitabxanasını Mərkəzi Şəhər Kitabxanasının binasında təşkil etmək qərara alındı. Bu, çox düzgün seçim oldu. Çünki tez bir müddətdə fəaliyyətə başlamalı olan kitabxananı “quru yerdə” yaratmaq mümkün olmazdı. Həmçinin Mərkəzi Şəhər Kitabxanası şəhərimizin qocaman və zəngin kitabxanası olduğundan onun nadir kitab fondu qorunub saxlanıldı və oxucuların istifadəsinə verildi. Kitabxanada zəngin bədii ədəbiyyat fondu ilə yanaşı, xarici ədəbiyyat və nadir kitablar fondu, xüsusilə Bakı kitabxanalarının heç birində olmayan incəsənət ədəbiyyatı fondu da var idi. Lakin şəhərin mərkəzində yerləşən bu tarixi bina baxımsızlıq üzündən qəza vəziyyətində idi.

Hazırda kitabxananın binası müasir Şərq memarlığı üslubunda və tikinti texnologiyasının son nailiyyətləri əsasında yüksək zövqlə təmir edilmiş, dünya standartlarına cavab verən kitabxana binası halına gətirilmişdir. Kitabxana ancaq Prezident Aparatının işçiləri üçün deyil, bütün oxucuların üzünə açıldı ki, bu da respublikamızda müstəqillik dövründə kitabxana işinin demokratik əsaslar üzərində qurulmasına bariz sübutdur.

Burada incəsənət ədəbiyyatı, böyük oxu, xüsusi, elektron resurslar, neft və elmi-kütləvi ədəbiyyat, nadir kitablar salonları və müxtəlif mədəni-kütləvi tədbirlər, mühazirələr, elmi seminarlar, dəyirmi masalar, görüşlər, mətbuat konfransları, sərgilər, disputlar, təqdimatlar keçirmək üçün 100 nəfərlik konfrans salonu yaradılmışdır.

İki kitabxananın kitab fondunun birləşdirilməsi nəticəsində kitabxananın olduqca zəngin və nadir fondu var. Kitabxana öz fondunu yeni kitablarla da ardıcıl olaraq komplektləşdirir. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən imzalanmış “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanununa görə, kitabxanalara Azərbaycanda nəşr edilən bütün kitablardan öz profilinə uyğun pulsuz məcburi nüsxə almaq hüququnun verilməsi də kitabxananın yerli nəşrlərlə davamlı komplektləşdirilməsinə imkan verir. Kitabxana həmçinin öz fondunu komplektləşdirmək üçün xarici nəşrlərin əldə edilməsinə xüsusi diqqət yetirir, bu da xarici ədəbiyyat fondunun zənginləşməsi üçün əlverişli şərait yaradır. Komplektləşdirmə zamanı üstünlük siyasətə, hüquqa, tarixə, iqtisadiyyata, qanunvericiliyə, azərbaycanşünaslığa dair ədəbiyyata verilir. Nadir kitablar fondunda dünyanın müxtəlif xalqlarının dillərində olan xeyli kitab toplanmışdır.

Kitabxana oxucuların arzu və sorğularını nəzərə alaraq geniş dövri mətbuat fondu yaratmağa nail olmuşdur. Azərbaycanda nəşr edilən dövri mətbuatla yanaşı, xarici dövri mətbuatın da alınması fondun əhəmiyyətini artırmışdır. Hazırda bu fondda 200 addan artıq qəzet və jurnal komplekti toplanır.

Kitabxana qarşısında Azərbaycan Respublikası Prezidenti İcra Aparatının və digər mərkəzi icra orqanlarının, həmçinin iqtisadiyyatın, mədəniyyətin müxtəlif sahələrində çalışan görkəmli alimlər, mütəxəssislər, yaradıcı ziyalılar üçün kitabxana-biblioqrafiya və informasiya bazası yaratmaq, müasir kitabxana-informasiya texnologiyasını tətbiq etməklə kitabxana işini kompüterləşdirmək kimi çox mühüm bir vəzifə qoyulmuşdur. Kitabxana, həmçinin Azərbaycan dövlətçiliyinin, milli ideologiyanın, azərbaycançılığın təbliğat mərkəzi kimi ümummilli lider Heydər Əliyev irsinin toplanıb saxlanmasında və təbliğində mühüm rol oynayır. Bunun üçün müxtəlif şöbələr yaradılarkən kitabxananın qarşısında duran bütün vəzifələr nəzərə alınmış, hər bir şöbə öz profilinə uyğun kadrla komplektləşdirilmişdir. Kitabxananın rəhbərliyi bu işə xüsusi əhəmiyyət vermiş, kadr seçərkən tələsməmiş, kitabxana və informatika sahələri üzrə təcrübəli mütəxəssisləri seçib yerləşdirməyə müvəffəq olmuşdur. Həmçinin kitabxananın işinə politoloqlar və sosioloqlar cəlb edilmişdir ki, bütün bunlar qarşıda duran çox mürəkkəb problemlərin uğurla həyata keçirilməsinə imkan yaradır.

Kitabxanaya Bakı Dövlət Universiteti kitabxanaçılıq-informasiya fakültəsinin yetirməsi, təcrübəli kitabxana təşkilatçısı kimi tanınan Mayıl Əhmədov başçılıq edir. Gənc kollektiv qısa bir müddət içərisində kitabxananı müasir tələbata, dünya standartlarına uyğun formalaşdırmağa, oxuculara xidmət işini günün tələbləri səviyyəsində təşkil etməyə müvəffəq olmuşdur.

Bəşəriyyətin informasiya əsri kimi qəbul etdiyi XXI əsr kitabxanaların qarşısında olduqca mühüm, keyfiyyətcə yeni vəzifələr qoymuşdur. Müasir kitabxanalar ənənəvi kitabxanaçılıq təcrübəsi ilə kifayətlənməməli, oxuculara xidmət işini informasiya cəmiyyətinin tələbləri səviyyəsinə yüksəltmək üçün dünya informasiya məkanına daxil olmağı, ümumbəşəri intellektual potensialdan operativ istifadə etməyi bacarmalıdır. Bu məqsədlə kitabxanalarda müasir informasiya texnologiyası tətbiq edilməli, informasiya mühiti üçün şərait yaradılmalıdır. Bu da hər şeydən əvvəl kitabxana işinə müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiqini tələb edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2003-cü ilin dekabrında Cenevrədə informasiya cəmiyyəti problemlərinə həsr edilmiş ümumdünya sammitindəki çıxışında ölkəmizdə informasiya texnologiyalarının inkişafını dövlətimizin prioritet vəzifələrindən biri elan etmişdir. Məhz buna görədir ki, dövlət kitabxanası kimi fəaliyyətə başlayan Prezident Kitabxanası öz işini müasir dünya standartlarına cavab verə biləcək səviyyədə qurmaq üçün avtomatlaşdırılmanı ön plana çəkmiş, avtomatlaşdırılmış sistem tətbiq etmişdir. Kitabxana bu məqsədlə geniş araşdırmalar aparmış, dünya kitabxanalarında tətbiq edilmiş sistemləri öyrənmiş, respublikamızın şəraitinə, xüsusilə kitabxananın öz şəraitinə və profilinə uyğun olan sistem seçmişdir.

Kitabxana öz daxili imkanlarını, avtomatlaşdırılmış sistem tətbiqinin səmərəliliyini nəzərə alaraq 2004-cü ilin may ayında MDB məkanında geniş yayılmış İRBİS-64 sistemini tətbiq etmişdir. Rusiya Dövlət Ümumi Elmi-Texniki Kitabxanasında yaradılmış bu sistem hazırda Rusiyanın və bir sıra xarici ölkələrin 1000-dən çox kitabxanasında müvəffəqiyyətlə tətbiq edilməkdədir. Kitabxanalarda tətbiqi və istifadə baxımından olduqca sadə olan bu sistem bütün beynəlxalq standartlara cavab verir. Sistem həmçinin beynəlxalq biblioqrafik standartlara və formatlara uyğunlaşdırılmışdır. Bu sistemin qəbul edilməsi kitabxananın kompleks kompüterləşdirilməsinə və kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılmasına şərait yaratmışdır.

Prezident Kitabxanası respublikamızda İRBİS sistemini ilk dəfə tətbiq edən kitabxana olduğundan, hazırda bu sahədə böyük təcrübə toplamışdır. Prezident Kitabxanasının mütəxəssisləri bu sistemi sonradan tətbiq edən Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının, eləcə də Mədəniyyət Nazirliyi sisteminə daxil olan şəhər və rayon mərkəzi kitabxanalarının əməkdaşlarına proqram tətbiqi işində hərtərəfli yardım edirlər. Hazırda mədəniyyət və təhsil nazirlikləri də öz kitabxana şəbəkələrində İRBİS sisteminin müxtəlif variantlarını tətbiq etməyə başlamışlar. Respublikamızda bu sistemin geniş surətdə tətbiqi ölkəmizdə kitabxana işinin əlaqələndirilməsi üçün geniş perspektivlər aça bilər.

Hazırda bu sistem vasitəsi ilə kitabxananın aldığı yeni ədəbiyyat elektron kataloqa daxil edilir, dövri mətbuat materiallarının biblioqrafik təsvirinin elektron kartotekası yaradılır, bütün kitabxana prosesləri avtomatlaşdırılır. Elektron kataloqdan, biblioqrafik nəşrlərin elektron kartotekasından və məlumat bülletenlərindən kitabxananın, “Web” səhifəsi vasitəsi ilə də istifadə etmək olar. Xüsusi oxucu qruplarına elektron poçt vasitəsilə də kitabxana-informasiya xidməti göstərilir. Prezident Kitabxanası bu proqram vasitəsilə respublikada ilk dəfə oxucuya məsafədən xidmət etməyə başlamışdır.

Kitabxanada “Elektron resurslar oxu salonu” yaradılmışdır. 15 oxucu yeri və İnternetə daimi çıxışı olan bu salonun xidmətindən oxucular hərtərəfli faydalana bilərlər. Qısa müddətdə əməkdaşlarımızın hazırladığı 11 adda tammətnli elektron nəşr(resurs), 7 adda elektron-biblioqrafik nəşr, 4 prioritet mövzu üzrə elektron-məlumat bülletenləri, müxtəlif mövzularda elektron kitablar bu salonda oxucuların istifadəsinə verilmişdir.

İstifadəçilərin böyük marağına səbəb olan və müxtəlif yönlü axtarışa xidmət edən tammətnli elektron nəşrlər(resurslar) barədə oxuculara daha ətraflı məlumat vermək istəyirəm. İlk dəfə olaraq Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1993-2003-cü illəri əhatə edən prezidentliyi dövründə bütün nitqlərinin, məruzələrinin, çıxışlarının, müsahibələrinin mətnlərinin elektron variantı hazırlanmışdır. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2003-cü ilin oktyabr ayından etibarən bütün nitqlərinin, məruzələrinin, çıxışlarının və müsahibələrinin də tammətnli elektron nəşri hazırlanmışdır. “Sabitlik və dinamik inkişaf ili” adlanan tammətnli elektron nəşrdə Prezident İlham Əliyevin birillik fəaliyyətinin xronikası (oktyabr 2003 - oktyabr 2004) öz əksini tapmışdır. “Əsrin müqaviləsi — 10 il”, “İlham Əliyev və Azərbaycanın neft diplomatiyası” adlanan tammətnli nəşrlərdə ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən Azərbaycanın neft strategiyasına, indiyədək imzalanmış neft müqavilələrinə, Azərbaycan neftinin dünya bazarlarına nəqli ilə bağlı keçirilən rəsmi görüşlərə, təntənəli mərasimlərə, Dövlət Neft Fonduna dair materiallar toplanmışdır.

“Xoşməramlı səfir” adlanan tammətnli nəşrdə isə Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyətinə dair materiallar verilmişdir. Xalqımızın başına gətirilən faciələrin xronikası “Əsrin faciəsi - Xocalı soyqırımı” və “Dağlıq Qarabağ münaqişəsi” tammətnli nəşrlərdə tam dolğunluğu ilə əhatə olunmuşdur. “Azərbaycan diasporu” adlanan digər tammətnli nəşrdə diasporumuzun yaranma tarixçəsinə, Dünya azərbaycanlılarının forumlarına, Həmrəylik Gününə, diaspor təşkilatlarına dair rəsmi materiallar və məqalələr öz əksini tapmışdır. Yerli özünüidarə orqanı olan bələdiyyələrə dair materiallar “Bələdiyyə hakimiyyəti” adlanan tammətnli elektron nəşrdə cəmləşmişdir.

Kitabxanada həmçinin elektron biblioqrafik-informasiya göstəriciləri tərtib edilir. Belə göstəricilərdən “Azərbaycan Respublikasının Prezidenti: gündəlik fəaliyyətin xronikası”(rüblük), “Azərbaycanı dünyaya tanıdan lider”, “İlham Əliyev. Azərbaycanın neft diplomatiyası”, “Azərbaycan Respublikası Prezidentinin fərmanları və sərəncamları” (rüblük), “Azərbaycan Respublikasının qanunları” (rüblük), “Yeni kitablar”(rüblük) biblioqrafik nəşrləri göstərmək olar. Yuxarıda göstərilən göstəricilər və kitabxananın tərtib etdiyi digər nəşrlərlə İnternet vasitəsilə də tanış olmaq mümkündür.

Kitabxana-informasiya xidmətini daha da təkmilləşdirmək məqsədi ilə azərbaycanşünaslıq, yeni kitabxana-informasiya texnologiyasının tətbiqi və biblioqrafik-analitik nəşrlərlə iş üzrə qruplar yaradılmış və ən təcrübəli, xidmət prosesini yaxşı bilən mütəxəssislər cəlb edilmişdir. Bu qrupların qarşısına ənənəvi kitabxana xidməti ilə yanaşı, yeni kitabxana-informasiya texnologiyalarını və metodlarını tətbiq etmək vəzifəsi də qoyulmuşdur.

Müstəqillik əldə etdikdən sonra dövlətçilik tariximizin, azərbaycanşünaslığın öyrənilməsinə, xüsusi ilə onun iqtisadi, sosioloji və politoloji aspektlərinin dərindən tədqiq edilib öyrənilməsinə böyük tələbat yaranmışdır. Oxucular Azərbaycan tarixinə, iqtisadiyyatına, mədəniyyətinə, elmin müxtəlif sahələrinə dair əsərlərə və müstəqillik dövründə yeni təfəkkür tərzi, milli ideologiya baxımından yazılmış əsərlərin öyrənilməsinə böyük maraq göstərirlər. Bu baxımdan Prezident Kitabxanasında “Prezident, dövlət idarəçiliyi və ölkəşünaslığa dair ədəbiyyatın biblioqrafiyası” şöbəsinin təşkili təqdirəlayiqdir.

Bu şöbədə Azərbaycanın tarixini, iqtisadiyyatını, siyasətini, mədəniyyətini yaxşı bilən yüksək ixtisaslı mütəxəssislərin toplanması azərbaycanşünaslığın mühüm bir sahə kimi öyrənilməsinə, təbliğ edilməsinə, oxuculara çatdırılmasına, oxucu sorğularının ödənilməsinə olduqca böyük təsir edəcək. Şöbə bu məqsədlə azərbaycanşünaslığa dair yeni nəşrləri izləyir, onun əldə edilməsini təmin etməklə yanaşı, oxuculara, xüsusilə, Prezident Aparatının işçilərinə çatdırmaq, vaxtlı-vaxtında onları məlumatlandırmaq üçün kitab icmalları, biblioqrafik göstəricilər, tövsiyə siyahıları hazırlamağı nəzərdə tutur. Şöbə həmçinin dövri mətbuat materiallarının toplanmasını və azərbaycanşünaslığın ayrı- ayrı sahələrinə dair biblioqrafik siyahıların tərtib edilməsini, məqalələr toplusu qovluqlarının yaradılmasını təmin edir. Bu materialların və sənədlərin kitabxananın internet saytına daxil edilməsi onun əhəmiyyətini daha da artırır.

Kitabxanada fəaliyyət göstərən biblioqrafik-analitik işçi qrupu ənənəvi biblioqrafik fəaliyyətlə elektron biblioqrafik fəaliyyəti əlaqələndirir, ənənəvi biblioqrafik materialların elektron variantını hazırlayır.

Bu günlərdə yolum yenə də Prezident Kitabxanasına düşmüşdü. Hər dəfə ora gedəndə hansısa ciddi bir yeniliyin şahidi oluram. Artıq kitabxanada görülmüş işləri xarici mütəxəssislər də yüksək qiymətləndirirlər. ABŞ-dan gəlmiş kitabxana idarəetməsi və treninq üzrə nüfuzlu mütəxəssis doktor Kennet Oberembtin kitabxananın “Xatirə kitabı”na yazdığı “Prezident Kitabxanası mənim Azərbaycanda gördüyüm ən yaddaqalan kitabxanadır. O, gözəldir, yaxşı təşkil olunmuşdur və düzgün idarə olunur” sözləri məni çox sevindirdi. Mən də bu müasir mədəniyyət ocağının — respublikamızda ilk fundamental elektron kitabxananın kollektivini qazandığı uğurlara görə təbrik edir, ona gələcək fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayıram.

Abuzər XƏLƏFOV,
Bakı Dövlət Universiteti kitabxanaşünaslıq kafedrasının müdiri, Əməkdar elm xadimi, BMT Yanında İnformasiyalaşdırma Akademiyasının akademiki, tarix elmləri doktoru, professor

 

 

Xalq qəzeti.-2006.-18 fevral.-№ 36.-S.6.