Fevralın 19-da Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun və Hərbi Prokurorluğun birgə layihəsi əsasında hazırlanmış və nəşr olunmuş “Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımları” kitabının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə kitabxananın direktoru Mayıl Əhmədov təqdim olunan kitabın əhəmiyyətindən danışıb.

Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov qəsbkar ermənilərin zaman-zaman işğalçılıq siyasəti apardıqlarını, qanlı cinayətlər törətdiklərini bildirib.

Ermənilərin Azərbaycan xalqına qarşı 1918-ci ildə törətdikləri soyqırımı barədə danışan alim, məkrli düşmənin işğalçılıq siyasətini davam etdirdiyini söyləyib.

Qeyd olunub ki, “Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımları” kitabında bədnam ermənilərin törətdikləri qanlı faciələr haqqında ətraflı məlumat verilib.

Azərbaycan Respublikasının hərbi prokuroru, general-leytenant Xanlar Vəliyev nəşrlə bağlı fikirlərini bölüşüb.

 


AZƏRTAC.-2016.-19 fevral.