Avqustun 20-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbiri giriş sözü ilə açan direktor Mayıl Əhmədov İrəvan xanlığının tarixinin Azərbaycan xalqının min illər ərzində yaratdığı maddi və mənəvi mədəniyyət tarixinin ayrılmaz hissəsi olduğunu qeyd edib. O bildirib ki, XVIII əsrin ortalarında meydana gəlmiş İrəvan xanlığının Azərbaycan dövlətçilik tarixində özünəməxsus yeri var, xanlığın yarandığı ərazi qədim türk- oğuz yurdudur. İrəvan şəhəri Azərbaycanın qədim elm, təhsil və mədəniyyət mərkəzlərindən biri olub.

Mayıl Əhmədov vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz çıxışlarında dəfələrlə qeyd edib ki, indiki Ermənistan dövlətinin ərazisi tarixi İrəvan xanlığının ərazisidir. Ermənilər kütləvi surətdə həmin əraziyə 1827-ci ildə İrəvan xanlığının işğalından sonra köçürülüb. Məhz dövlətimizin başçısının tapşırığı ilə 2010-cu ildə Tarix İnstitutunda “İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” monoqrafiyası, İrəvan xanlığının tarixinə, maddi-mədəni irsinə dair müxtəlif dillərdə çoxsaylı broşürlər çap edilib. “İrəvan xanlığı” monoqrafiyasının müəllifləri 2012-ci ildə Dövlət mükafatı laureatı fəxri adına layiq görülüblər. Mükafata layiq görülən müəlliflər arasında kitabxanamızın əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa da var.

Mayıl Əhmədov bildirib ki, kitabxanada mövcud olan və İrəvan xanlığı ilə bağlı erməni müəlliflərinin əsərlərindəki faktlardan da istifadə edilməklə, 2013-cü ildə “İrəvan şəhəri” portalı yaradılıb. Nazim Mustafanın müəllifi olduğu həmin elektron resurs Azərbaycan və rus dillərindədir. 2013-cü ildə Prezident Kitabxanasında təşkil edilən “Erməni vandalizmi: əsirlikdə olan Azərbaycan abidələri” sərgisində İrəvan xanlığı ərazisində, xüsusilə də İrəvan şəhərində dağıdılan tarixi-memarlıq abidələrinın təsvirləri nümayiş etdirilib.

Kitabxananın direktoru diqqətə çatdırıb ki, hazırda Almaniyada yaşayan Amir Əli Sərdari İrəvani İrəvan xanı Hüseynəli xanın nəslinin nümayəndəsidir. İrəvanın bir şəhər kimi çiçəklənməsi məhz Hüseynəli xan və onun övladlarının hakimiyyəti dövrlərinə təsadüf edir. Bu gün İrəvanda yaşı 250 ildən artıq olan yeganə tarixi-memarlıq abidəsi Göy məscid kompleksidir. Həmin kompleks məhz Hüseynəli xanın dövründə 1760-1765-ci illərdə inşa edilib. Xan sarayının Güzgülü salonu və Xan bağındakı Yay köşkünü 1791-ci ildə Hüseynəli xanın oğlu Məhəmməd xan inşa etdirib.

Mayıl Əhmədov qeyd edib ki, bugünkü görüşdə həm də İrəvanın sonuncu xanı Hüseynqulu xanın nəslinin Bakıda yaşayan nümayəndələri iştirak edirlər. Məhz bu görüşdə İrəvan xanlarının nəsilləri arasında canlı əlaqələr qurulur. Onların öz nəsilləri haqqında topladıqları məlumatları bir-biri ilə mübadilə etmələri və sonradan həmin məlumatların bir yerdə toplanılaraq tədqiqatçıların ixtiyarına verilməsi çox faydalı olardı.

Tədbir iştirakçılarının nəzərinə çatdırılıb ki, Əmir Əli Sərdari Bakıya “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rizazadənin dəvəti ilə gəlib. Onunla bu görüşə İrəvan xanlığı və İrəvan şəhəri barəsində tədqiqat aparan və əsərləri çap olunan alimlər dəvət ediliblər.

Əmir Əli Sərdari İrəvani çıxış edərək İrəvan şəhərini qurub yaradanların Azərbaycan türkləri olduqlarını qeyd edib, Hüseynəli xan nəslinin şəcərəsi, onların məskunlaşdıqları yerlər haqqında geniş məlumat verib, nəsillər arasında əlaqələrin vacibliyini vurğulayıb.

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktorunun müavini Cəbi Bəhramov, tarixçi alimlər Firdovsiyə Əhmədova, Elçin Qarayev, filoloq Cəlal Allahverdiyev, tədqiqatçı Telman Qasımov çıxış edərək İrəvan şəhərinin tarixi keçmişi haqqında ətraflı məlumat veriblər.

Tədbirdə İrəvanın köklü nəsillərinin nümayəndələrinin təmsilçilərinin fəaliyyətlərinin əlaqələndirilməsinin vacibliyi vurğulanıb. İştirakçılar kitabxananın Konfrans zalında İrəvan xanlığı ilə bağlı nəşr edilən kitab sərgisi ilə tanış olublar.

 


AZƏRTAC.- 2019.- 20 avqust.