Prezident Kitabxanasının “Heydər Əliyev. Elektron sənədlər toplusu” resursu yenilənib

Müstəqil Azərbaycanın qurucusu və memarı Heydər Əliyevin anadan olmasının 95 illiyi ərəfəsində onun tariximizin tam bir qərinəlik dövründə gördüyü nəhəng quruculuq işləri və xilaskarlıq missiyası bir daha xatırlanır və göz önündə sərgilənir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə yığıncaq keçirilib.

Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Mayıl Əhmədov qeyd edib ki, hər bir xalqın tarixində iz qoymuş görkəmli şəxsiyyətlərin irsinin, onların həyat və fəaliyyətlərinin öyrənilməsi yeni nəsillərin vətənpərvərlik ruhunda tərbiyə edilməsində, dövlət quruculuğu işlərində və siyasi xəttin düzgün müəyyənləşdirilməsində mühüm rol oynayır. Bu baxımdan, Heydər Əliyev irsi hər bir azərbaycanlı üçün daim öyrəniləsi bir məktəbdir.

Daha sonra M.Əhmədov bildirib ki, Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilməsindən sonra yaranan hərc-mərcliyin aradan qaldırılması, dövlət müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik sosial-iqtisadi inkişaf yolu ilə irəliləməsi, beynəlxalq aləmdə nüfuzunun sürətlə artması Heydər Əliyevin misilsiz fəaliyyəti sayəsində mümkün olub. Zaman göstərir ki, Heydər Əliyevin dövlətçilik və azərbaycançılıq fəlsəfəsinin mənimsənilməsi üçün öncə onun zəngin irsi araşdırılmalı və öyrənilməlidir.

Kitabxananın direktoru qeyd edib ki, əməkdaşlar tərəfindən hazırlanan və daim yenilənən “Heydər Əliyev. Elektron sənədlər toplusu” nəşri hazırda 9 fəsildən və 46 bölmədən ibarətdir. O, indiyədək həmin elektron nəşrdən 30 minə yaxın istifadəçinin faydalandığını tədbir iştirakçılarının nəzərinə çatdırıb.

M.Əhmədov vurğulayıb ki, elektron nəşrin “Xronologiya” adlanan fəslindəki Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi olduğu dövrü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olduğu müddəti özündə əks etdirən bölmələr yeni məlumatlarla xeyli dərəcədə zənginləşdirilib. O, həmçinin əlavə edib ki, elektron nəşrin “Nitqləri, çıxışları, məruzələri, müsahibələri, bəyanatları” fəslinə Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi olduğu dövrdəki etdiyi nitqlərindən, cıxışlarından, məruzələrindən və müsahibələrindən bu gün üçün aktuallıq kəsb edən seçmə materiallar, həmçinin onun fəaliyyətinin 1990-1993-cü illər Naxçıvan dövrünə aid yeni materiallar əlavə edilib.

Elektron resurs son dövrdə Heydər Əliyev haqqında müxtəlif dillərdə çap olunan kitabların elektron versiyaları ilə də zənginləşdirilib. Həmçinin kitabxananın fonduna daxil olan qəzet və jurnallarda Heydər Əliyev haqqında dərc edilən analitik və təhlili məqalələrin elektron versiyaları da elektron nəşrə əlavə edilib.

Elektron sənədlər toplusunun “Biblioqrafiya” fəslinə Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş yeni dissertasiyaların avtoreferatlarının biblioqrafiyası da əlavə edilib.

Ümummilli Liderin ömür salnaməsini əks etdirən “Fotoqalereya”ya dahi şəxsiyyətə aid müxtəlif sənədlərin fotosu və onun həyatının müəyyən anlarını əks etdirən yeni fotoşəkillər daxil edilib.

Tədbirdə çıxış edən əməkdaşlar qeyd ediblər ki, ümummilli lider Heydər Əliyevdən xalqımıza daim öyrəniləsi, tədqiq ediləsi, nümunə götürüləsi zəngin irs miras qalmışdır və “Heydər Əliyev. Elektron sənədlər toplusu” onun irsini tam dolğunluğu ilə istifadəçilərə çatdırılmasına xidmət edir.

Kitabxanada, həmçinin Ümummilli Liderin anadan olmasının 95 illiyi ilə əlaqədar sərgi təşkil edilib.

 


AZƏRTAC.- 2018.- 8 may.