“Dünyanı bəzəyən Abbasın tarixi” kitabının təqdimatı olub
Fevralın 9-da Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında bu qurumun və Azərbaycan Mili Elmlər Akademiyası (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun birgə təşkilatçılığı ilə, XVI əsrdə yaşamış görkəmli tarixçi, şair və xəttat İsgəndər bəy Münşinin Azərbaycan dilinə tərcümə edilmiş “Dünyanı bəzəyən Abbasın tarixi” (“Tarixi-aləm arayi-Abbasi”) kitabının təqdimatı olub.
AzərTAc xəbər verir ki, tədbirdə kitabxananın direktoru Mail Əhmədov “Dünyanı bəzəyən Abbasın tarixi” kitabının Azərbaycanın dövlətçilik tarixinin öyrənilməsinə mühüm töhfə olduğunu söyləyib. Bildirilib ki, Azərbaycanın orta əsrlər tarixini, xüsusilə Səfəvilər imperiyasının tarixini araşdırmaq üçün dəyərli mənbə olan kitabı doğma dilimizə tarix elmləri doktoru, professor Şahin Fərzəliyev çevirib. Tarix İnstitutu bu əsəri iki kitab şəklində nəşr etdirib.
M.Əhmədov kitabın poliqrafik məziyyətindən söz açaraq bildirib ki, ikicildliyə zəngin biblioqrafik aparat təyin edilib və əsər poliqrafik baxımdan yüksək ustalıqla nəşr olunub. Vurğulanıb ki, 2500 səhifədən ibarət ikicildlikdə təqribən 200 səhifəlik şərhlər qeyd olunub. Nəşrdə adlar, məkan, dövlətçilik və titullarla bağlı 300 səhifəlik göstəricilər verilib ki, bu da tədqiqatçıların kitabdan istifadəsini asanlaşdıracaqdır.
“Dünyanı bəzəyən Abbasın tarixi” əsərini Azərbaycanın tarixini öyrənmək üçün qiymətli mənbə, tarix elmi üçün mühüm hadisə adlandıran Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA- nın müxbir üzvü Yaqub Mahmudov kitabın əhəmiyyətindən və məziyyətlərindən danışıb. Bildirilib ki, İsgəndər bəy Münşinin bu əsərinin doğma dilimizə çevrilərək geniş oxucu kütləsinə təqdim olunması, qədim tarixçilik ənənələrinə malik olan xalqımızın orta əsərlərdə də möhtəşəm tarixi əsərlər yaratdığını bir daha sübut edir.
Y.Mahmudov azərbaycanlı alim İsgəndər bəy Münşinin həyat və fəaliyyəti, onun “Dünyanı bəzəyən Abbasın tarixi” əsəri barədə ətraflı məlumat verib.
Tədbirdə professor Şahin Fərzəliyev kitabın ərsəyə gəlməsindən, tərcümə prosesindən, əsərin elmi mahiyyətindən, İsgəndər bəy Münşinin həyatından söz açıb. Bildirilib ki, Şah Abbasın sarayında xidmət etmiş görkəmli orta əsr tarixçisi İsgəndər bəy Münşi əsəri fars dilində qələmə alıb. O, zəngin biliyə malik olmaqla yanaşı həm də şair, nasir, xəttat idi. İsgəndər bəy gənc yaşlarında Səfəvi ordusunda xidmət edib, sonralar Şah Abbasın sarayında münşi (katib) vəzifəsində çalışıb.
Bildirilib ki, üç cilddən ibarət əsər Azərbaycan Səfəvilər dövlətinin tarixinə dair faktiki materiallarla zəngindir. Müəllif bu qiymətli əsərin yaranmasına ömrünün bir neçə ilin sərf edib. O, qələmə aldığı hadisənin fars dilində sərrast mənasını verə bilmədikdə, doğma dilinə - Azərbaycan türkcəsinə müraciət edib. Bununla da tarixçi milli mənsubiyyətini və Azərbaycana sonsuz məhəbbətini əsər boyu oxucuların diqqətinə çatdırır.
Kitaba “Ön söz”ü AMEA-nın müxbir üzvü Y.Mahmudov yazıb.
Təqdimat mərasimində akademik Vasim Məmmədəliyev, Tarix İnstitutu direktorunun müavini Cəbi Bəhramov, dosentlər Tofiq Nəcəfli, Elxan Əzizov və başqaları çıxış edərək İsgəndər bəy Münşinin bu qiymətli kitabının onun doğma dilində çap olunmasının əhəmiyyətindən danışıb, əsərin Azərbaycan tarixşünaslığı və elmi ictimaiyyətimiz üçün mühüm töhfə olduğunu söyləyiblər.
AZƏRTAC.-2015.-9 fevral.