Dünən Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Prezident Kitabxanasında Naxçıvan Muxtar Respublikasının 85 illik yubileyi ilə əlaqədar "Naxçıvan Muxtar Respublikası - 85 " adlı internet resursun təqdimatı keçirildi. Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının nümayəndələri, Milli Məclisin üzvləri və alimlər iştirak edirdilər.

İnternet resursu təqdim edən Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov bildirdi ki, bu il ölkəmizdə Naxçıvan Muxtar Respublikasının 85 illik yubileyi geniş qeyd olunmaqdadır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu barədə imzaladığı 6 fevral 2009-cu il tarixli sərəncamda qeyd olunduğu kimi, Azərbaycanın qədim tarixə, zəngin mədəniyyətə və çoxəsrlik dövlətçilik ənənələrinə malik Naxçıvan diyarı çətin, mürəkkəb və eyni zamanda, parlaq inkişaf yolu keçmişdir. Əsrlərdən bəri Şərq aləminin elmi-mədəni mərkəzlərindən biri olaraq şöhrət tapan bu torpaq neçə-neçə görkəmli alim, sənətkar və tarixi şəxsiyyət yetirmişdir.

Direktorun sözlərinə görə, Prezident Kitabxanası bu əlamətdar yubiley münasibətilə "Naxçıvan Muxtar Respublikası - 85" adlı internet resurs hazırlamışdır. "Ümumi məlumat", "Tarix ", "İdarəetmə sistemi", "İqtisadiyyat", "Elm və təhsil", "Mədəniyyət", "Resurslar " adlı 7 bölmədən ibarət olan bu resurs internet istifadəçilərinə muxtar respublika haqqında dolğun və operativ məlumat vermək məqsədi daşıyır. "Bədxah qonşularımızın Azərbaycanın müxtəlif ərazilərinə, o cümlədən Naxçıvana olan iddialarını nəzərə alaraq Prezident Kitabxanasının əməkdaşları bu diyarın qədim tarixinə dair müxtəlif mənbələrdə olan məlumatların, sənədlərin toplanmasına xüsusi əhəmiyyət vermişlər.

"Tarix " bölməsində toplanmış və bir neçə fəsildə sistemləşdirilərək istifadəçilərə təqdim olunan səhifələrdə Naxçıvanın həm qədim dövlərinə dair tarixi, həm muxtar respublikanın yaradılmasına gətirib çıxaran hadisələr barədə, eləcə də müasir dövrə dair çox maraqlı sənədlər vardır. "Naxçıvan ən qədim zamanlardan xanlıqlar dövrünədək", "Naxçıvan xanlığı", "Araz Türk Cümhuriyyəti", "Naxçıvan general qubernatorluğu", "Ermənilərin Naxçıvanda törətdikləri soyqırımlar ", "Naxçıvan İnqilab Komitəsi ", "Naxçıvan Muxtar Diyarı ", "Naxçıvan Muxtar Respublikası 1924-1991-ci illərdə" və "Müstəqillik dövrü " adlanan yarımbölmələrdə Naxçıvanın müxtəlif dövrlərdəki inzibati-ərazi və idarəetmə forması barədə tarixi sənədlərlə, həmçinin ilk dəfə olaraq Prezident Kitabxanasının əməkdaşları tərəfindən tərtib olunmuş Naxçıvan tarixinin xronologiyası ilə də tanış olmaq mümkündür".

Mayıl Əhmədov bildirdi ki, internet resursun "Resurslar" bölməsində həm ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan Prezidenti olduğu dövrlərdəki, həm də Azərbaycanın hazırkı Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfərlərinin xronologiyası tərtib edilmiş, onların Naxçıvanda keçirdikləri müxtəlif görüşlər və iştirak etdikləri tədbirlərdəki çıxışlarının tam mətnləri "Heydər Əliyev Naxçıvanda" və "İlham Əliyev Naxçıvanda " adlı yarımbölmələrdə ətraflı şəkildə istifadəçilərə təqdim olunur. "Elektron kitablar " yarımbölməsində istifadəçilər Naxçıvanın tarixinə, iqtisadiyyatına, mədəniyyətinə və incəsənətinə dair müxtəlif dillərdə olan "Naxçıvan ensiklopediyası ", "Naxçıvan abidələri ensiklopediyası ", "Qayıdış ", "Naxçıvan sancağının müfəssəl dəftəri", N. Vəlixanlının "Naxçıvan - ərəblərdən monqollaradək: VII-XII əsrlər" və 20 addan çox digər fundamental kitabla tanış ola bilərlər.

Bölmənin maraqlı yarımbölmələrindən biri də dövri mətbuatda dərc olunmuş Naxçıvana aid məqalələrin tam mətnindən ibarət "Mətbuat səhifələrində " adlanır . "Görkəmli naxçıvanlılar " yarımbölməsində isə bu diyarın alimləri, sənətkarları, yazıçıları, şairləri və tarixi şəxsiyyətləri haqqında məlumatlar toplanmışdır. Naxçıvana dair operativ informasiya ilə maraqlanan oxucular üçün " Biblioqrafiya " yarımbölməsində Prezident Kitabxanasının fondunda olan kitabların, avtoreferatların və dövri mətbuatda çap olunmuş əhəmiyyətli məqalələrin biblioqrafik təsvirləri verilmişdir.

Direktorun sözlərinə görə, "İdarəetmə sistemi" bölməsində muxtar respublika Konstitusiyasının tam mətni ilə tanış olmaq mümkündür. Bu bölmənin Naxçıvanın "Qanunvericilik hakimiyyəti", "İcra hakimiyyəti" və "Məhkəmə hakimiyyəti" yarımbölmələri əhatə olunur. "Ali Məclisin sədri" yarımbölmə sində isə muxtar respublika Ali Məclisinin sədri Vasif Talıbovun 1996-cı ildən bu günədək müxtəlif tədbirlərdə etdiyi məruzə və çıxışlarının mətni verilib.

Mayıl Əhmədov onu da qeyd etdi ki, "Naxçıvan Muxtar Respublikası - 85" internet resursun bütün bölmələri mütəmadi olaraq yeniləşdirilir. Onun ingilis dilində versiyası isə hazırlıq mərhələsindədir. "Məlumat üçün bildirim ki, Prezident Kitabxanasının mütəxəssisləri bu günə qədər üç dildə "Odlar yurdu Azərbaycan", "İyirminci əsrin faciəsi - Xocalı soyqırımı " və "Heydər Əliyev. Elektron sənədlər toplusu " internet layihələrini hazırlayıb oxucuların istifadəsinə vermişdir. Hesab edirəm ki, bu bazalarda toplanmış materiallar tədqiqatçılar, analitiklər və jurnalistlər üçün dəyərli informasiya mənbəyidir" - deyə direktor bildirdi.

Kitabxananın Naxçıvanın yubileyi ilə əlaqədar gördüyü işləri təqdir edən tarixçi alim Vəli Əliyev qeyd etdi ki, ərəb mənbələrində Naxçıvanın "Nəqşi-cahan" adlandırılması təsadüfi deyil. Naxçıvan, doğrudan da, dünyanın ən gözəl şəhərləri ilə yanaşı dayana bilən qədim və gözəl bir yaşayış məskənidir. Tarixin müxtəlif mərhələlərində bir çox fatehlər buradan keçib, şəhərdəki bir çox tarixi abidələri dağıdıblar. Ancaq onların izləri qalmaqdadır. Bu mənada burada açılası, öyrəniləsi böyük bir aləm var.

Bu gün Naxçıvanda böyük inkişaf müşahidə olunduğunu, hər yerdə quruculuq işləri görüldüyünü diqqətə çatdıran Milli Məclisin üzvü Eldar İbrahimov bildirdi ki, 10 il əvvəl ümummilli liderimiz Heydər Əliyev Naxçıvanın 75 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Ulu öndərin 90-cı illərin əvvəllərində Naxçıvanı göz bəbəyi kimi qoruduğunu qeyd edən millət vəkili sonrakı illərdə onun Azərbaycanı da ağır fəlakətdən xilas etdiyini vurğuladı. İndi isə bu cənnət diyarın 85 illiyinin keçirilməsi haqqında Prezident İlham Əliyev sərəncam verib. Hazırda Naxçıvanda aparılan böyük quruculuq işləri də İlham Əliyevin adı ilə bağlıdır.

Naxçıvanı etnoqrafik coğrafiyamızın mərkəzi adlandıran millət vəkili Nizami Cəfərov bildirdi ki, muxtar respublika bu gün blokadadır, ona hər gün, hər an diqqət göstərilməlidir. Məmməd Səid Ordubadini, Hüseyn Cavidi, Mirzə Cəlili yetirən diyar bu gün inkişaf edir, buradakı tarixi abidələr öyrənilir, Gəmiqaya, Nuh peyğəmbərlə bağlı beynəlxalq tədbirlər keçirilir. Bütün bu məlumatların bu cür elektron resursda bir neçə dildə təqdim edilməsi olduqca əhəmiyyətli hadisədir.

AMEA Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov da kitabxananın gördüyü işi təqdir etdi, özünün təkliflərini verdi. Bildirdi ki, 1918-ci ildə ermənilər Naxçıvan, Şərur-Dərələyəz, Qarabağ və Zəngəzuru zəbt edərək Ermənistan yaratmaq arzusunda olublar. Ancaq mərdliklə müdafiə olunmuş Naxçıvanı ələ keçirmək onlara qismət olmayıb. Vaxtilə Nərimanov və Atatürk ona elə bir status təmin ediblər ki, Naxçıvanı heç kəs Azərbaycandan qoparıb ayıra bilməz. Bununla belə, bu ərazi ilə bağlı daim beynəlxalq tədbirlər keçirilməli, araşdırmalar dərinləşdirilməlidir.

Tədbir iştirakçılarından YAP İdarə Heyətinin üzvləri Kərim Kərimov, Siyavuş Novruzov, Milli Məclisin üzvü Fəttah Heydərov və başqaları da Prezident Kitabxanasının gördüyü işlərdən razılıqla söz açdılar.

Sonra tədbir iştirakçılarına Prezident Kitabxanasının fondunda saxlanılan Naxçıvana dair kitabların sərgisi təqdim edildi. Sərgidə Naxçıvanın tarixi, sosial-iqtisadi və mədəni inkişafını əks etdirən kitablar nümayiş etdirilirdi. "Naxçıvan muxtariyyəti tarixi sənədlərdə" adlı kolleksiyada Naxçıvan diyarının Naxçıvan Muxtar Sovet Sosialist Respublikasına çevrilməsi haqqında Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 9 fevral 1924-cü il tarixli qərarı, Naxçıvanda Xalq Komissarlıqlarının yaradılması haqqında 14 fevral 1924-cü il tarixli Dekreti, Naxçıvan Sovet Sosialist Respublikasının Əsasnaməsi, Naxçıvan Diyarının hərbi komissarı Talıbzadənin Azərbaycan SSR Xalq Komissarları Sovetinə Naxçıvandakı vəziyyətlə bağlı 1921-ci ilin may ayında göndərdiyi məruzənin mətni, muxtar respublikanın yaradılmasının 10 illik və 25 illik yubileylərinin qeyd olunmasına dair 27 iyul 1930-cu il tarixli manifest və 3 may 1949-cu il tarixli qərar və digər mühüm arxiv sənədlərinin surətləri təqdim olunurdu.

Paşa ƏMİRCANOV.

 


Xalq qəzeti.-2009.-23 aprel.-№ 86.-S.8.