AzərTAc xəbər verir ki, bu fikir yanvarın 24-də Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Prezident Kitabxanasının 5 illiyinə həsr olunmuş “Dövlət idarəetmə orqanlarının sənəd-informasiya təminatı: müasir vəziyyəti və inkişaf perspektivləri” adlı beynəlxalq elmi-praktiki konfransda səslənmişdir.

Konfrans nümayəndələri əvvəlcə Fəxri xiyabana gələrək, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmiş, xatirəsinə ehtiramlarını bildirmişlər.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də gül dəstələri qoyulmuşdur.

Elmi-praktiki konfransın işgüzar və yaradıcı şəraitdə keçəcəyinə əminliyini ifadə edən Prezidentin İşlər İdarəsinin müdirinin birinci müavini Oqtay Şahbazov informasiya cəmiyyətinin formalaşması və inkişafı dövründə Azərbaycan paytaxtında belə bir beynəlxalq tədbirin təşkilinin əhəmiyyətini yüksək qiymətləndirmişdir. Qeyd etmişdir ki, bu gün dinamik inkişaf mərhələsini yaşayan respublikamızda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması, maddi-texniki bazasının, beynəlxalq informasiya məkanında mövqelərinin möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülür.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Prezident Kitabxanasına dövlət başçısı İlham Əliyevin də xüsusi diqqət və qayğı göstərdiyi, 2006-cı il iyunun 27-də onun şəxsən kitabxanaya gələrək buradakı vəziyyətlə maraqlanması, bu mədəniyyət ocağının işinin daha da yaxşılaşdırılması ilə əlaqədar tapşırıq və tövsiyələrini verməsi diqqətə çatdırılmışdır. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev konfransın yalnız kitabxanalar arasında deyil, eyni zamanda, ölkələr və xalqlar arasında informasiya mübadiləsinin təşkilində mühüm rol oynayacağını vurğulamışdır. Nazir son iki ildə Azərbaycanda kitabxana işinin inkişafı ilə bağlı Prezident tərəfindən 4 dövlət sənədinin imzalanmasını bu sahəyə ölkə başçısının qayğısının birbaşa təzahürü kimi qiymətləndirmişdir.

Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov qeyd etmişdir ki, konfransın əsas məqsədi cəmiyyətin informasiyalaşdırılması, informasiya texnologiyalarının kitabxana sahəsinə tətbiqi şəraitində qabaqcıl təcrübənin öyrənilməsi, fikir mübadiləsinin aparılmasıdır.

Belə bir beynəlxalq konfransın Azərbaycan Respublikasının Prezidenti Kitabxanasında keçirilməsi onun respublikamızın kitabxana quruculuğundakı rolunu və əhəmiyyətini, ölkə rəhbərliyinin kitabxana işinə, cəmiyyətin sənəd-informasiya təminatının yaxşılaşdırılmasına, sənəd-informasiya ehtiyatlarının yaradılmasına və həmin ehtiyatlardan azad, sərbəst istifadənin təmin edilməsinə olan qayğısını göstərir.

Prezident Kitabxanasının fəaliyyəti haqqında məlumat verən M.Əhmədov bildirmişdir ki, hazırda bu mədəni-maarif ocağı sənəd fondları və biblioqrafik ehtiyatlar yaradılması, kitabxana proseslərinin avtomatlaşdırılması, müasir kitabxana-informasiya texnologiyalarının tətbiqi sahəsində əhəmiyyətli vəzifələr yerinə yetirir. Bu, Azərbaycan Prezidenti İcra Aparatının, mərkəzi və yerli icra orqanlarının, ictimai və humanitar elmlər sahəsində çalışan tədqiqatçılara keyfiyyətli kitabxana-biblioqrafiya və informasiya xidmətinin təşkil edilməsinə imkan yaradır.

Azərbaycan dövlətçiliyinə, milli ideologiyaya və azərbaycançılığa dair ədəbiyyatın təbliği mərkəzi kimi kitabxana həm də ümummilli lider Heydər Əliyevin zəngin irsinin və onun haqqında ədəbiyyatın toplanması, saxlanması və təbliği üzrə vacib funksiyaları yerinə yetirir. Kitabxananın yubileyi ərəfəsində onun əsərlərinin Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının rəhbəri, akademik Ramiz Mehdiyevin rəhbərliyi ilə “Azərnəşr” tərəfindən nəşr edilmiş 20 cilddən ibarət “Müstəqilliyimiz əbədidir” çoxcildliyinin elektron versiyası hazırlanmış və oxucuların istifadəsinə verilmişdir.

Kitabxanada tətbiq edilən “İRBİS-64 - Kitabxanaların Avtomatlaşdırılma Sistemi” kitabxana- biblioqrafıya proseslərinin bütün mərhələlərini əhatə etməyə, iş prosesində davamlılığa nail olmağa, korporativ şəbəkələrlə əlaqəli işləməyə, beynəlxalq standartları və təsnifat sistemlərini, internet texnologiyalarını dəstəkləməyə və digər müsbət xüsusiyyətlərə yiyələnməyə imkan yaratmışdır. Bu sistem Prezident Kitabxanasında fundamental elektron kitabxana yaradılmasına və oxuculara məsafədən xidmət texnologiyasını tətbiq etməyə imkan vermişdir.

Hazırda Elektron Kartotekanın Verilənlər Bazası ən vacib məqalələri və dövri nəşrlərdən götürülmüş digər materialları əks etdirən 100 mindən artıq biblioqrafik yazını əhatə edir. Kitabxanada ən yeni texniki vasitələrlə təchiz edilmiş 14 oxucu yeri olan elektron resurslar zalı yaradılmışdır. Bu zalın tərkibində CD, DVD və digər informasiya daşıyıcıları toplanmış elektron media fondu təşkil edilmişdir.

Avtomatlaşdırma sisteminin vasitəsilə əməkdaşlarımız tərəfindən elmi-tədqiqat, analitik və ictimai-siyasi fəaliyyətlə məşğul olan oxucu qruplarına yardım məqsədi ilə 13 adda daim yeniləşdirilən tammətnli elektron nəşr, 7 adda elektron biblioqrafik göstərici yaradılmışdır. M.Əhmədov belə bir inamını ifadə etmişdir ki, bu konfrans həm Azərbaycanda kitabxana fəaliyyətinin inkişafı üçün əlavə bir stimul olacaq, həm də Prezident Kitabxanasının MDB ölkələrindən olan həmkarları ilə beynəlxalq əlaqələrinin möhkəmlənməsinə yardım göstəriləcəkdir.

İki gün davam edəcək konfransın işində Rusiya, Belarus, Qazaxıstan və Moldovanın Prezident və Parlament kitabxanalarının rəhbərlərinin, kitabxanaşünaslıq sahəsində tanınmış alimlərin kitabxana işinin inkişafının müxtəlif istiqamətləri ilə bağlı məruzələri dinləniləcək, müzakirələr aparılacaqdır.

Konfrans günlərində nümayəndələr Azərbaycan paytaxtının tarixi-mədəniyyət abidələri ilə tanış olacaq, mədəni-kütləvi tədbirlərdə iştirak edəcəklər.

 

AZƏRTAC.-2008.-24 yanvar.