Dünən Azərbaycan Respublikası Prezidentinin işlər İdarəsinin Kitabxanası tərəfindən hazırlanan "Təcavüz. Bakı. 20 Yanvar 1990" adlı elektron resursun təqdimat mərasimi keçirildi. İlk öncə, 20 Yanvar faciəsi ilə bağlı elektron resursda yerləşdirilən fotoşəkillər nümayiş etdirildi. Sonra kitabxananın direktoru Mail Əhmədov çıxış edərək, bildirdi ki, resursu hazırlamaqda məqsəd 20 Yanvar hadisələri haqqında məlumatları daha dərindən öyrənmək istəyənlər üçün sistemləşdirilmiş halda məlumat bazası yaratmaqdan ibarətdir. M. Əhmədovun sözlərinə görə, resurs Prezident Administrasiyasının rəhbərinin sərəncamı ilə təsdiq edilmiş 20 Yanvar faciəsinin iyirminci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planına uyğun yaradılıb. Elektron resurs Azərbaycan, rus və ingilis dillərində hazırlanıb. Resurs, əsasən, mətbuat və kitablarda nəşr olunan yazılar əsasında hazırlanıb və 5 fəsildən ibarətdir. Buraya 20 Yanvar hadisələrinin analitik təhlili, 20 Yanvara aparan yolun xronologiyası və s. daxildir. Resursda, ilk dəfə olaraq, Mirnaib Həsənoğlunun arxivindən istifadə olunub.

M.Əhmədov bildirdi ki, 1990-cı ilin yanvar ayında Bakıda və Azərbaycanın bəzi rayonlarında törədilən qanlı qırğınlardan 20 il ötür: "Tarixdə baş vermiş bu cür hadisələrə müəyyən zaman keçdikdən sonra daha obyektiv qiymət vermək mümkün olur. 20 Yanvar faciəsinin baş verməsinin səbəbləri, onun miqyası, ibrət dərsləri haqqında ötən 20 ildə bir sıra tədqiqatlar aparılmış, məqalələr və kitablar yazılmış, ona ölkənin ali qanunvericilik orqanı tərəfindən siyasi-hüquqi qiymət verilmişdir. Tədqiqatlar göstərir ki, 20 il öncə, Azərbaycana qarşı edilən təcavüzün başlıca məqsədi ölkəmizdə vüsət almış milli-azadlıq hərəkatını boğmaq, yenidən müstəqilliyə qovuşmaq amalı ilə ayağa qalxan xalqın iradəsini qırmaq, onun milli mənliyini alçaltmaq, başlıcası isə, Dağlıq Qarabağ muxtar vilayətinin Azərbaycandan qoparıb, Ermənistana verilməsinə qarşı çıxan xalqı cəzalandırmaq olmuşdur. Keçmiş SSRİ silahlı qüvvələrinin Bakıya və respublikanın digər rayonlarına yeridilməsi nəticəsində haqq-ədalətin müdafiəsi üçün küçələrə çıxmış silahsız adamların, günahsız insanların qəddarcasına qətlə yetirilməsi totalitar kommunist rejimi tərəfindən Azərbaycan xalqını qarşı hərbi təcavüz və cinayət kimi qiymətləndirilmişdir".
M.Əhmədov onu da bildirdi ki, elektron resursda faciədə zərərçəkənlərin dəqiq siyahıları verilib: "Qanlı Yanvar günlərində 147 nəfərin şəhid olması, 744 nəfərin yaralanması, 841 nəfərin qanunsuz həbs olunması ilə nəticələnən qanlı aksiya xalqımıza qarşı sovet hakimiyyəti illərində həyata keçirilən qətliamların sonuncu mərhələsi idi. Xalqımıza qarşı törədilən bu cinayəti ilk dəfə ümummilli liderimiz Heydər Əliyev 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində mətbuat konfransı keçirərək pisləmiş, əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, insanlığa zidd aksiya kimi qiymətləndirmişdi".
M.Əhmədov elektron resursun ayrı-ayrı fəsilləri barədə məlumat verdi: "Azərbaycana qarşı cinayət" adlanan birinci fəsildə qan yaddaşımız olan 20 Yanvar faciəsi haqqında dolğun məlumat verilir. 20 Yanvar faciəsinə elmi-analitik yanaşma ilk dəfə akademik Ramiz Mehdiyevin "Azərbaycanlılara qarşı soyqırım gerçəklikləri" (Bakı. 2000) əsərində öz əksini tapıbdır. Həmin əsərdə qanlı faciə bir neçə aspektdən - dini, milli. Qafqaz amilləri və geosiyasi aspektlərdən. Dağlıq Qarabağ problemi kontekstindən araşdırılır, Qanlı Yanvarın ibrət dərsləri təhlil edilir. Elektron nəşrdə bu əsər üç dildə - Azərbaycan, rus və ingilis dillərində istifadəçilərə təqdim edilir. Həmin fəslin digər bölməsində 20 Yanvara aparan hadisələrin qısa xronologiyası öz əksini tapıb. Sonuncu bölmədə isə 20 Yanvar şəhidlərinin ümumi siyahısı verilibdir. "Rəsmi sənədlər" adlanan ikinci fəslin 1-ci bölməsində, istər sovet hakimiyyəti dövründə, istərsə də müstəqillik dövründə Azərbaycan parlamentində 20 Yanvar hadisələri ilə bağlı qəbul edilmiş qərarların tam mətni toplanıbdır. 2-ci bölmədə isə mövzu ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin indiyədək imzaladığı fərman və sərəncamlar öz əksini tapıb. Fəslin sonuncu bölməsində dövlət başçısının 20 Yanvarla bağlı görüşləri, qəbulları. çıxışları, müsahibələri və bəyanatlarını özündə əks etdirən materiallar toplanıbdır Üçüncü fəsil "Müraciətlər. bəyanatlar. tədbirlər". "Stenoqramlardan çıxarışlar" bölməsində 20 Yanvar hadisələrinə dair müzakirələr aparılmış Azərbaycan KP MK-nın plenumlarının və Alı Sovetin sessiyalarının protokollarından çıxarışlar təqdim edilibdir. "Elektron resurslar" fəslində 20 Yanvar faciəsinin əks-sədasına aid xarici və yerli mətbuatda dərc edilmiş yazılar. analitik materiallar. kitabların elektron versiyaları və mövzuya dair biblioqrafiya öz əksini tapmışdır. Videogörüntülər və fotoşəkillər çəkilibdir Elektron nəşrin "Fotoarxiv" bölməsində tanınmış fotoqraf Mirnaib Həsənoğlunun fövqəladə vəziyyət rejimində çəkdiyi şəkillər yerləşdirilibdir. Bu şəkillərin bəziləri ilk dəfədir ki, ictimaiyyətə təqdim edilir".
M.Əhmədov onu da vurğuladı ki, virtual məkanda ilk dəfə olaraq 20 Yanvar faciəsinə dair dolğun materiallar toplusu internet istifadəçilərinə təqdim olunur Bu tammətnli elektron nəşr mütəmadi olaraq yenilənir.

RƏFİQƏ KAMALOIZI

 


Səs.-2010.-19 yanvar.-№ 10.-S. 5.