Dünən Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Prezident Kitabxanasında Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinin yaradılmasının 50 illik yubileyinə həsr olunmuş “Kitabxanaçılıq-informasiya fəaliyyəti qlobal informasiya cəmiyyətində” mövzusunda Respublika elmi konfransı keçirilib.

Konfransda Mədəniyyət və Turizm Nazirliyi və Prezident Kitabxanasının əməkdaşları, Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinin professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

Konfransı giriş sözü ilə Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov açıb. Mayıl Əhmədov deyib ki, Azərbaycan xalqının mədəni sərvəti olan kitabxanaların qorunub saxlanması, burada olan əvəzsiz sənəd-informasiya mənbələrinin tələbatçılara çatdırılması, ölkəmizdə biliklər cəmiyyətinin bərqərar olması üçün ən vacib vasitə olan kitabxanalar öz ictimai funksiyalarını o zaman uğurla yerinə yetirə bilərlər ki, orada bacarıqlı, hazırlıqlı, öz peşəsini sevən kitabxanaçı mütəxəssislər işləsinlər. Onun sözlərinə görə, ölkəmizdə belə mütəxəssislərin hazırlanması ilə məşğul olan əsas təhsil ocağı isə məhz Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsidir. Bu il yaradılmasının 50 illiyini qeyd edilən fakültəni indiyədək 6 mindən çox məzun bitirib. Onlar ölkəmizin bütün bölgələrində, hətta vətənimizin hüdudlarından kənarda çalışaraq bu nəcib peşənin, həm də bitirdikləri təhsil ocağının adını ucaldırlar. Mayıl Əhmədov bildirib ki, həmin mütəxəssis kadrların hazırlanması ilə Kitabxanaçılıq- informasiya fakültəsinin professor-müəllim kollektivi məşğul olur, məhz həmin kollektivin zəhməti və səyi ilə fakültə BDU-nun ən qabaqcıl fakültələrindən birinə çevrilib. Hazırda fakültədə 29 nəfərlik professor-müəllim kollektivi fəaliyyət göstərir, onlar 450 nəfər bakalavr və magistranta bu peşənin sirlərini öyrədirlər: “Əminik ki, Kitabxanaçılıq-informasiya fakültəsi bundan sonra da ölkədə kitabxana təhsilinin zamanın tələblərinə cavab verən səviyyədə inkişaf etdirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək”.

Daha sonra konfransda BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı A.İ.Qurbanov “Kitabxana-informasiya mütəxəssislərinin hazırlanmasında müasir prioritet istiqamətlər”, BDU-nun Kitabxanaşünaslıq kafedrasının müdiri A.A.Xələfov “Azərbaycanda kitabxanaşünaslıq elminin müasir vəziyyəti”, BDU-nun Kitabxanaşünaslıq kafedrasının müəllimi P.F.Kazımi “Müasir kitabxana- informasiya fəaliyyəti mikroiqtisadiyyatın subyekti kimi”, BDU-nun Kitabşünaslıq və nəşriyyat işi kafedrasının dosenti V.A.Musalı “Azərbaycanda elmi jurnalların elmi informasiya məkanına inteqrasiya problemləri”, BDU-nun Kitabxanaşünaslıq kafedrasının baş müəllimi N.İ.İsmayılova “Prof. A.A.Xələfovun tədqiqatlarında kitabxanaşünaslığın müasir problemləri” mövzusunda məruzələrlə çıxış ediblər. Tədbirin sonunda məruzələr ətrafında maraqlı müzakirələr, mütəxəssislərin rəy mübadiləsi olub.

Cavidan

 

 


Palitra.-2012.-28 noyabr.-№132.-S.4.