(Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının təcrübəsi əsasında)

Xülasə: Kitabxanalar təkcə bəşəriyyətin elmi-mədəni irsinin qoruyucuları deyil, həm də bilavasitə müasir qlobal informasiya sistemi ilə birbaşa əlaqə mərkəzləri missiyasını həyata keçirir. Bu zaman cəmiyyət kitabxanaları təkcə müxtəlif çap məhsullarının saxlayıcısı kimi deyil, həm də orada bir çox proseslərin avtomatlaşdırıldığı informasiya müəssisəsi kimi görmək istəyir. Məhz bu kimi əhəmiyyətli işlərdə Prezident Kitabxanasının fəaliyyəti Azərbaycan kitabxana sistemində xüsusi yerlərdən birini tutmaqdadır.

Oxucuların çevik informasiya əldə etməsində operativliyi təmin etmək baxımından dövri nəşrlər - qəzet və jurnallar çox önəmli rol oynayır. Ona görə də, kitabxanalarda dövri nəşrlər fondu mühüm informasiya resursu kimi, kitabxana mütəxəssisləri tərəfindən daimi diqqət tələb olunan sahələrdən birinə çevrilmişdir. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının Cari dövri nəşrlər fondunun formalaşdırılması, sistemləşdirilməsi, işlənməsi, istifadəsi və mühafizəsi sahəsində vəzifələri həmişə diqqət mərkəzində saxlanılır və aktual olaraq qalır. Açar sözlər: Elektron kitabxana, elektron resurslar, dövri nəşrlər, kitabxana fondu, informasiya təminatı.

Azərbaycanın dövlət müstəqilliyi əldə etdikdən sonra ictimai-siyasi və sosial-iqtisadi həyatın bütün sahələrində, o cümlədən cəmiyyətin mədəni, elm-təhsil səviyyəsinin yüksəldilməsi sahəsində uğurları göz qabağındadır. Bu yeni tarixi dövr informasiyalaşdırma əsrinə təsadüf edir ki, bu da cəmiyyətin bilik, maariflənmə və informasiya ehtiyaclarını ödəməkdə kitabxanaların qarşısında çox mühüm vəzifələr qoyur.

Kitabxanalar təkcə bəşəriyyətin elmi-mədəni irsinin qoruyucuları deyil, həm də müasir qlobal informasiya sistemi ilə birbaşa əlaqə mərkəzləri missiyasını həyata keçirir. Bu zaman cəmiyyət kitabxanaları təkcə müxtəlif çap məhsullarının saxlayıcısı kimi deyil, həm də orada bir çox proseslərin avtomatlaşdırıldığı və mexanikləşdirildiyi informasiya müəssisəsi kimi görmək istəyir. Məhz bu kimi əhəmiyyətli işlərdə Prezident Kitabxanasının fəaliyyəti Azərbaycan kitabxana sistemində xüsusi yerlərdən birini tutmaqdadır. Oxucuların (istifadəçilərin) daha çevik informasiya əldə etməsində operativliyi təmin etmək baxımından dövri nəşrlər - qəzet və jurnallar çox önəmli rol oynayır. Ona görə də, kitabxanalarda dövri nəşrlər fondu mühüm informasiya resursu kimi, kitabxana mütəxəssisləri tərəfindən daimi diqqət tələb olunan sahələrdən birinə çevrilmişdir. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının Cari dövri nəşrlər fondunun formalaşdırılması, sistemləşdirilməsi, işlənməsi, istifadəsi və mühafizəsi sahəsində vəzifələri həmişə diqqət mərkəzində saxlanılır və aktual olaraq qalır.

Hazırda Prezident Kitabxanasında kitabxana-informasiya, kitabxana-biblioqrafiya xidməti ilə yanaşı, sosial-mədəni və maarifləndirmə funksiyaları yerinə yetirən müəssisə kimi təkcə Prezident Administarasiyası və mərkəzi icra orqanları üçün deyil, həm də kütləvi kitabxana funksiyasını yerinə yetirməklə ölkə səviyyəsində istifadəçilərin (oxucuların) informasiya əldə etməsi üçün bütün lazımi şərait yaradılmışdır. Bildiyimiz kimi hər bir ictimai-siyasi və mədəni müəssisəsinin əsasını təşkil edən elementlər vardır. Kitabxananın əsasını isə kitab, qəzet və jurnal fondları, elektron nəşrlər, multimedia materialları və s. təşkil edir. Bütün kitabxanalar kimi Prezident Kitabxanasının fondları da kitab ticarəti müəssisələrindən satınalma, bağışlama (hədiyyə), məcburi nüsxə, abunə və mübadilə yolu ilə komplektləşdirilir.

Kitabxana fondu ümumilikdə təkcə kitablardan ibarətdir deyil, həm də qəzet və jurnallar, disklər (CD-ROM), elektron kitablar, videokassetlər, audiovizual materiallar (diafilmlər, mikrofilmlər), notlar və s. kitabxana fonduna daxildir. Kitabxana fondunun formalaşdırılması, sistemləşdirilməsi, təsnifatı və onun idarə olunması, həmçinin müasir elektron vasitələrlə təminatı mühüm elmi-texniki əhəmiyyət kəsb edir. Ona görə də ilk növbədə kitabxanalarda bir çox proseslərin birinci növbədə avtomatlaşdırılması və maddi-texniki vəziyyətə görə mexanirləşdirilməsi lazımı səviyyədə qurulmalıdır.

Məlumdur ki, kütləvi kitabxanalarda (hansı ki, Prezident Kitabxanası da bu kateqoriya kitabxanalardan hesab edilir) yalnız kitablarla oxucuların (istifadəçilərin) informasiya tələbatını tam olaraq ödəmək mümkün deyil. Cəmiyyətdə sosial-siyasi, iqtisadi, mədəni və s. sahələrdə baş verən proseslər, qaldırılan problemlər, irəli sürülən təkliflər ilk növbədə dövri mətbuatda öz əksini tapır. Ona görə də, oxucular (istifadəçilər) üçün informasiyaların əldə edilməsində aktuallıq, operativlik və çeviklik baxımından dəyər daha çox dövri nəşrlərə - qəzet və jurnal materiallarına verilir. Prezident Kitabxanası kitabxana-informasiya xidmətində öz funksiyalarını daha uğurla yerinə yetirilmək üçün kitabxana fondunun yeni sənədlərlə, xüsusilə də dövri nəşrlərlə fasiləsiz olaraq komplekləşdirilməsi, onların vaxtında və tam kitabxananın soraq-biblioqrafiya aparatında (Elektron kataloqda) əks olunması mühüm əhəmiyyət kəsb etməkdədir. Bu vəzifələrin yerinə yetirilməsi üçün Prezident Kitabxanasında dövri nəşrlərin əsas fondu ilə yanaşı Cari dövri nəşrlər fondu da fəaliyyət göstərir.

Bütün kitabxanalar kimi Prezident Kitabxanasında da dövri nəşrlərin fonda daxilolma mənbəyi kimi abunə institutu əsas götürülür. Abunə - bu gün çox böyük sayda nəşrlər arasında optimal seçim və böyük maliyyə xərcləri tələb edən bir prosesdir. Prezident Kitabxanasında da bu proseslər çox diqqətlə aparılmaqdadır. Belə ki, kitabxananın abunə olduğu dövri nəşrlərin siyahısı oxucuların (istifadəçilərin) tələblərinə cavab verməklə yanaşı il ərzində yığılmış oxucu sorğularını da əsas götürərək tərtib edilir.

Dövri nəşrlər fondu, mühüm informasiya resursu kimi kitabxana mütəxəssisləri tərəfindən daimi diqqət tələb edir. Qəzet və jurnallardan ibarət Cari dövri nəşrlər fondunun formalaşdırılması, işlənməsi, istifadəsi və mühafizəsi bütün müasir kitabxanalar kimi Prezident Kitabxanasında da aktual məsələlərdən biridir. Bunun üçün ilk növbədə fondun formalaşdırılması işini düzgün aparmaq lazımdır.

Cari dövri nəşrlər fondunun formalaşdırılmasının əsas prinsipləri:

qəzet və jurnalların abunə siyahısını mətbuat yayımı təşkilatlarının təqdim etdikləri kataloq əsasında tərtib etmək;
abunə işini tender üzrə ildə 2 dəfə keçirmək;
fəaliyyət istiqamətlərinə və profilinə uyğun olaraq cari dövri mətbuat fondunu oxucuların informasiya tələbatına cavab verəcək səviyyədə qurmaq;
xüsusi qrup oxucuların - Prezident Administrasiyasının əməkdaşlarının, mərkəzi icra orqanlarının və elmı fəaliyyətlə məşğul olan kontingentin sorğularına və tələbatlarına uyğun formalaşdırmaq;
abunə olunmuş nəşrlərin fonda daxil olma dinamikasını gündəlik olaraq izləmək.
Prezident Kitabxanasının cari dövri nəşrlər fondunun formalaşmasının əsas meyarları aşağıdakılardan ibarətdir: əsasən yerli nəşrlər üçün - bütövlük və tam əhatə etmək əsas götürülürsə, rusca (RF nəşr olunan) və xarici nəşrlərin üçün istifadəçilərin (oxucuların) tələbatı və nəşrin əhəmiyyəti, aktuallığı əsas götürülərək seçim aparılır.

Cari dövri mətbuat fondunun keyfiyyətli formalaşması üçün əsasən aşağıdakı mühüm amillər əsas götürülür:

yerli nəşrlərin formalaşdırılmasını əsasən abunə yolu təşkil etmək;
xarici dövri nəşrlərin komplektləşdirilməsinin əsasən sifariş yolu ilə aparılması;
bəzi dövri nəşrlərin məcburi nüsxə şəklində və hədiyyə olaraq daxil olması;
informasiya texnologiyalarının inkişafı ilə bağlı dövri nəşrlərin komplektləşdirilməsi sahəsində yeni siyasətinin seçilməsi;
fonda gündəlik daxil olan qəzet və jurnalların ardıcıllığını izləmək və qorunmasının təmin edilməsi.
Fondun komplektləşdirilməsi işinin yaxşılaşdırılması üçün dövri mətbuat fondunun və oxucu tələbatının analizinə dair mütəmadi olaraq işlər aparılmaqdadır. Aparılan analizlərdən çıxarılan nəticələr və təkliflər kitabxana fondunun komplektləşdirilmə şöbəsinə təqdim edilir və növbəti abunə dövründə həmin qəzet və ya jurnal sifariş siyahısına daxil edilir.

Prezident Kitabxanada oxucu tələbatının dinamikasını izləməklə dövri nəşrlərin siyahısının daimi təkmilləşdirilməsi və yenilənməsi aparılır. Belə ki, ildə iki dəfə - ilin əvvəlində və ortasında aparılan təhlilə görə oxucu tələbatının xeyli artması bununla bağlı olmuşdur. 15 il ərzində (2003-2018-ci illər) dövri nəşrlərə - Azərbaycan dilində olan nəşrlərə tələbat 3,5 dəfə, rusdilli nəşrlərə isə 2 dəfə artmışdır.

Oxucu tələbatının öyrənilməsi üzrə iş çox zəhmət tələb edən bir prosesdir. Hazırda bu proses kitabxana-biblioqrafiya xidməti sahəsində çalışan mütəxəssislər tərəfindən Prezident Kitabxanasında istifadə olunan İRBİS64 Avtomatlaşdırma Kitabxana İnformasiya Sistemi vasitəsilə gündəlik olaraq izlənilir və gələcək fəaliyyət üçün nəzərə alınır.

Kataloqlaşdırma zamanı qəzet və jurnal məqalələrindən oxucuların (istifadəçilərin) tələbatına uyğun olaraq daha aktual mövzulara aid məqalələr seçilir və bu elm sahələrinə daha üstünlük verilir: tarix (o cümlədən hərb tarixi), siyasət, iqtisadiyyat, dövlət və hüquq, beynəlxalq münasibətlər, ekologiya, sosiologiya, fəlsəfə, mədəniyyət və s. Çünki, xüsusi oxucu qrupları və əsasən mütəxəssislər onların peşə fəaliyyəti ilə bağlı nəşrlərlə maraqlanır və onlara aid materiallar seçirlər. Ona görə də abunə sifarışı həm də, Prezident Kitabxanasının profilinə uyğun olaraq aparılır. Ancaq, carı dövri nəşrlər fonduna hədiyyə və məcburi nüsxə şəklində daxil olan nəşrlər fondun növ tərkibibni xeyli dəyişir.

Cari dövri nəşrlər fondunun növ tərkibi aşağıdakı kimidir:

ictimai-siyasi;
elmi;
elmi-kütləvi;
tədris-metodiki;
reklam-məlumat;
peşəkar-praktiki və s.
Prezident Kitabxanasının dövri nəşrlər fondunun palitrası, rəngarəngliyi və fondun məzmunu ilə bağlı apardığımız işlər bizə onu deməyə əsas verir ki, müasir informasiya cəmiyyətinin tələblərinə uyğun olaraq kitabxana-informasiya və kitabxana-biblioqrafiya fəaliyyəti müasir dövrün tələblərinə uyğun qurulmuşdur. Çünki, yeni dövr, yeni cəmiyyət, elmi-texniki tərəqqinin inkişafı ilə bağlı yeni texnologiyaların tətbiqi bunu tələb edir. Əgər kitabxana müasir informasiya cəmiyyətinin tələbləri ilə ayaqlaşa bilməsə, o, müasir cəmiyyətdə bir sosial institut kimi öz funksiyalarını lazımınca yerinə yetirə bilməz.

Kütləvi kitabxanalarda fondun dövri nəşrlərlə düzgün komplektləşdirilməsi oxucuların tələb səviyyəsinin öyrənilməsi və nüfuzlu, daha populyar nəşrlərin əldə edilməsindən xeyli dərəcədə asılıdır. Bu məqsədlə Prezident Kitabxanasında cari dövri nəşrlər fondunun monitorinqi mütəmadi olaraq keçirilir, real tələbat aşkarlanır və eyni zamanda oxucu tələbatına cavab verməyən, illər ərzində bir dəfə də soruşulmayan dövri nəşrlər haqqında müdiriyyətin qərarı ilə əlavə tədbir görülür və növbəti abunə sifarişi siyahısından çıxarılır. Bu sahədə əsas vəzifələrdən biri də ondan ibarətdir ki, dövri nəşrlərin komplektləşməsi planının dəqiqləşməsi zamanı bütün bunlar nəzərə alınsın.

Kitabxananın fondunda dövri mətbuat nəşrləri əsasən Azərbaycan dilində, eləcə də rus, ingilis, türk, fars, ərəb, alman, fransız və s. dillərində də öz əksini tapmaqdadır.

Prezident Kitabxanasının cari dövri nəşrlər fonduna daxil olan hər çap materialları sistemləşdirilərək işlənilir, bütün növ nəşrlərin Elektron kartotekada biblioqrafik təsviri verilir və Elektron kataloqda öz əksini tapır.

Hazırda Prezident Kitabxananın lokal və məsafədən istifadəyə açıq (İnternetdə) tammətnli, faktoqrafiq və biblioqrafik Verilənlər bazaları vardır. Onların çoxu kitabxananın əməkdaşları tərəfindən hazırlanmış, bir neçəsi isə abunə yolu ilə əldə edilmişdir. Bu gün Prezident Kitabxanasının Verilənlər bazalarının generasiyasında, müxtəlif mövzularda 25-dən artıq interaktiv bazalar mövcuddur. Bunların arasında dövri nəşrlərin kartotekası (2004-2018) Verilənlər bazası istifadəçiləri (oxucuları) tərəfindən daha çox maraq kəsb etməkdədir. Hazırda bu bazada qəzet və jurnal məqalələrinin 500 mindən artıq biblioqrafik yazısı mövcuddur. Gündəlik olaraq bu kartotekaya bibliorqafların seçimi ilə 150-200 məqalənin biblioqrafik yazısı daxil edilir.

Hər bir qəzet və ya jurnal biblioqraf tərəfindən İRBİS64 Avtomatlaşdırılmış Kitabxana İnformasiya Siseminin “Kataloqlaşdırıcı” avtomatlaşdırılmış işçi yerində işləyərkən məqalənin məzmununa görə rubrika seçilir (QRNTİ), uyğun açar sözlər daxil edilir və sistemin yaddaşına ötürülür. Bəzi əhəmiyyətli mövzulara aid analitik məqalələrin və qanunvericilik sənədlərinin tam mətnini də kənar obyekt kimi biblioqrafik təsvirə əlavə etmək olur ki, bu da oxucuların mətn axtarışını xeyli asanlaşdırır.

Prezident Kitabxanasının elektron kataloqunda fonda daxil olmuş dövri nəşrlərin hər bir nömrəsi barədə məlumat almaq olar. Dövri nəşrlərin kartotekasında hər bir nəşrin ümumi təsviri bölməsində bütün buraxılış nömrələri barədə və hər nömrəyə aid məqalələr haqqında məlumatlar əldə etmək mümkündür. Elektron kartotekada fondda olan dövri nəşrlərinin əvvəlki illərin də arxivi haqqında məlumatlar əldə etmək mümkündür.

Prezident Kitabxanasında qəzet və jurnalların materiallarının rəqəmsallaşdırılması sahəsində də əhəmiyyətli yol qət edilmişdir. Bunun üçün 2006-cı ildən elektron-informasiya nəşrlərinin yaradılması üçün xüsusi qrup yaradılıb və müasir skayner qurğuları ilə təchiz edilmişdir. Kitabxanada həm kitab, həm də dövri nəşrlər bu qrup tərəfindən rəqəmsallaşdırılır, yəni elektron varianta gətirilir.

Oxucuların (istifadəçilərin) sorğularının tam və operativ ödənilməsi üçün və kitabxanada xidmət işinin keyfiyyətinin artırılması məqsədi ilə məhz Cari dövri nəşrlər fondu xüsusi mobil bölmə kimi yaradılıb.

Bu bölmənin əsas funksiyaları aşağıdakılardan ibarətdir:

qəzet və jurnalların cari dövri nəşrlər fondunun formalaşdırılması, sistemləşdirilməsi və işlənməsi;
qəzetlərin 1 il ərzində, jurnalların isə 2 il ərzində əsas fonda verilməsinin təmin edilməsi;
dövri nəşrlərin Elektron kartotekasının yaradılması və qəzet və jurnal məqalələrinin biblioqrafik təsvirinin verilməsi;
müxtəlif aktual mövzularda qəzet və jurnalların məqalələrinin elektron versiyasının hazırlanması;
elektron resursların - elektron informasiya bülletenlərinin, biblioqrafik göstəricilərin və başqa elektron resursların hazırlanması;
bu fondun əsasında oxuculara operativ kitabxana-biblioqrafiya və soraq- biblioqrafiya xidməti.
Prezident Kitabxanasının 15 illik fəaliyyəti dövründə bu sahədə xeyli təcrübə qazanılmışdır. Kitabxana-informasıya xidmətində dövri mətbuat materiallarından geniş surətdə istifadə olunmaqdadır. Cari dövri nəşrlər fondunda qəzet və jurnallar bir il müddətində işləndikdən sonra illik dəstləri daimi saxlanmaq üçün kitabxananın əsas fonduna verilir. Hal-hazırda Prezident Kitabxanasının Cari dövri nəşrlər fonduna hər il 350 adda qəzet və jurnal daxil olmaqdadır. Bunlardan çoxu abunə yolu ilə, bir qismi isə məcburi nüsxə və hədiyyə şəklində, habelə mübadilə yolu ilə fonda daxil edilir. Bu gün cari nəşrlər fonduna daxil olan dövri mətbuat nəşrlərinin 83-ü qəzet, 267-i isə jurnal nəşridir. Dil tərkibinə görə nəşrlər Azərbaycan, rus, ingilis, türk, fransız, alman, Ukrayna, qazax, Belarus və s. dillərdədir. Bu fondun əsas vəzifələrindən biri də oxu zalından daxil olan oxucu sorğularını ödəməkdir və hər bir oxucu bu fonddan istifadə edə bilər.

Mövcud olduğu bu illər ərzində elektron-informasiya nəşrlərini yaradan qrup cari dövri mətbuat fondundan istifadə edərək müxtəlif mövzularda 10 adda məlumat-informasiya bülleteni, 30-dan çox biblioqrafik göstərici hazırlanmış, eləcə də 100-lərlə aktual məna kəsb edən qəzet və jurnal materialını rəqəmsallaşdırmış və Prezident Kitabxanasının Elektron layihələrdə istifadə olunan materialların elektron variantını hazırlanmışdır.

Kitabxananın informasiya təminatını yüksəltmək və verilən sorğulara operativ cavab vermək məqsədilə Prezident Kitabxanası 2006-cı ildən İRBİS 64 “Tammətnli verilənlər bazası” əldə etmişdir. Eyni zamanda 2008-ci ildən kitabxananın daxili imkan və potensialı hesabına yeni bir Verilənlər bazası “İnformasiya Təminatı Bazası (İTB)” (http://itb.preslib.az) yaradılmışdır. Bu gün həmin Verilənlər bazalarında elektron mətn sayı (Azərbaycan, ingilis, rus və başqa dillərdə olmaqla) 300 mindən artıqdır. Rahat axtarış menyusu olan və geniş mövzu rəngarəngliyini əhatə edən bu bazalardan qeydiyyatdan keçdikdən sonra xüsusi oxucu qrupları istifadə etməkdədirlər.

Bütün bunlar oxucuların (istifadəçilərin), əsasən də xüsusi oxucu qruplarının sənəd-informasiya təminatını dolğun və operativ şəkildə ödəmək məqsədi daşımaqdadır. Burada əsas vurğulanacaq məqamlardan biri ondan ibarətdir ki, bu verilənlər bazalarının müəlliflik haqqı tamamilə Prezident Kitabxanasına aiddir. Onu da qeyd etmək yerinə düşər ki, elektron mətnlərdən istifadə zamanı istinad vacibdir və qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsinə icazə verilmir.

Müasir iqtisadi şəraitdə hər kitabxana bahalı nəşrlərə üstünlük vermək imkanına malik deyil, oxucu tələbatını ödəmək üçün elektron nəşrlər mövcuddur və elektron şəkildə xüsusi verilənlər bazalarına da abunə olmaq mümkündür. Hal-hazırda xüsusi əhəmiyyətli elmi jurnalların elektron versiyaları mövcuddur və dövri nəşrləri elektron daşıyıcılarında (İnternet şəbəkəsində) bu gün heç kim üçün yenilik deyil. Bunun üçün də kitabxanalar dövri nəşrin çap variantının deyil, əldə olunan razılığa görə müəyyən müddətə elektron verilənlər bazalarına abunə yolu ilə giriş əldə edirlər. Bunları da əsasən iki kateqoriyaya ayırmaq olar: pullu elektron resurslar və ümumu istifadə üçün açıq olan nəşrlər.

Prezident Kitabxanası sənəd-informasiya təminatı sahəsində özünün yaratmış olduğu verilənlər bazaları ilə bərabər 2012-ci ildə “Polpred.com. Medianın icmalı” dövri nəşrlər və informasiya agentliklərinin materiallarından ibarət verilənlər bazasına abunə olunmuşdur. Bu bazada mühüm nəşrlərin arxivləri işçilər tərəfindən fərdi toplanmışdır. Bazada 53 rubrika üzrə 600 mənbədən materiallar toplanır və hər gün yeni məqalələrin tam mətni əlavə edilir. Bir kliklə yüzlərlə məqalələrin Word-ə eksport edilməsi mümkündür. Bu bazada son 15 ilin informasiya agentliklərinin, mərkəzi və region qəzetlərinin materialları toplanmışdır.

Bu günkü statistika göstərir ki, Prezident Kitabxanasının oxucuları (istifadəçiləri) bu bazanın da fəal istifadəçiləridirlər. Həm də, oxucularımız öz İP ünvanları ilə də bu bazaya abunə ola bilərlər.

Eyni zamanda Prezident Kitabxanası bir neçə ildir ki, lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000-dən çox kitabdan ibarət elektron kitabxana - “İPR Books” Elektron Kitabxana Sistemi və 600-dən artıq elmi-populyar jurnalın elektron variantından ibarət “İPR Media” təqdim olunur ki, hər iki bazanı abunə yolu ilə əldə etmək mümkündür. Abunə olduğumuz bu elektron bazalardan kitabxana fondunun komlektləşdirilməsində lazımınca istifadə olunmaqdadır.

Prezident Kitabxanasında dövri nəşrlər fondunun saxlanma müddətinin müəyyən edilməsi mühüm aspektlərdən biri hesab olunur. Əlbəttə, bunun üçün xüsusi kitabxana təlimatları, normativ aktları mövcuddur və eyni zamanda əsas göstəricisi kimi bu nəşrlərə oxucu tələbatının olması ilə kitabxanaların özləri tərəfindən müəyyən edilir. Buna görə də, oxucu tələbatının və oxucu sorğularının təhlili prosesində aşağıdakı kateqoriyalar müəyyən edilmişdir:

ictimai-siyasi, elmi-publisistik və rəsmi qəzet və jurnalların uzunmüddətli saxlanması;
ədəbi-bədii, məlumat-reklam və s. xarakterli nəşrləri fondda 2-3 ilədək saxlamaq;
dövri nəşrlərin cildlənməsi (qovluq halında) və arxivləşdirilməsi;
fond üçün daha əlverişli şəraitin (xüsusi rəflərin və ayrıca yerin seçilməsi) yaradılması.
Son 10 il ərzində Prezident Kitabxanasında dövri nəşrlər fondunun təhlili və öyrənilməsi istiqamətində fəal işlər görülmüş və bu işlərin təhlili bir çox problemlərin üzərində düşünməyə məcburiyyət yaratmışdır.

Beləliklə, Prezident Kitabxanasında cari dövri nəşrlər fondu və elektron- informasiya nəşrlərinin yaradılması qrupu - kitabxanada istifadəçilərə (oxuculara) daha keyfiyyətli xidməti təşkil etmək üçün aktiv və dinamik işin yerinə yetirildiyi mobil bir sahə kimi formalaşmışdır. Bu həm də, milli intellektual sərvətin qorunması üçün atılmış bir addımdır.

Bu fəaliyyətin həyata keçirilməsində bəzi aparıcı xarici ölkə kitabxanalarının təcrübəsindən də istifadə olunmuşdur. Rusiya Dövlət Kitabxanasının və Belarus Prezident Kitabxanasının bu sahədə təcrübəsinin öyrənilməsi və qarşılıqlı əməkdaşlıq mübadilələri işlərimizi müasir səviyyədə qurmağa imkan vermişdir. Ümümiyyətlə, Prezident Kitabxanası kitabxana-informasiya sahəsində müasir beynəlxalq təcrübənin öyrənilməsində və mütərəqqi üsulları öz fəaliyyətində tətbiq etməyə maraqlıdır və bunda əsas məqsəd dövri nəşrlər fondunu ildən-ilə yeni nəşrlərlə zənginləşdirmək və inkişaf etdirməkdir.

Ədəbiyyat

Azərbaycan kitabxanaları XXI əsrin informasiya məkanında: rəqəmlər və faktlar / Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi; tərt.: S.Y.Məmmədəliyeva, L.A.Məmmədova; elmi red. S.Y.Məmmədəliyeva; bur. məsul F.Babayev; red. heyəti: S.Ə.Abbasov, Ə.Əhmədov. I - II cild.- Bakı: Nurlar NPM, 2007.- 820 s.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının hesabatları: 2006-2018.
İsmayılov, Z.İ. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının elektron resursları: yaradılması və istifadəsi problemləri //http://files.preslib.az/site/confiyun/zakiri.pdf
Kitabxana işinə dair rəsmi sənədlər: qanun və qanun qüvvəli normativ hüquqlu sənədlər toplusu / Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Kitabxanası; tərt. K.M.Tahirov; red. A.Abdullayeva.- Təkmilləşdirilmiş III nəşri.- Bakı: Zərdabi LTD MMC, 2015.- 200 s.; 22 sm.- 500 экз.
Xələfov, A.A. Heydər Əliyev və Azərbaycanda kitabxana işi / A.A.Xələfov; elmi red. T.X.Musayeva; red.: K.İ.Aslan, L.A.Məmmədova.- Bakı: Azərnəşr, 2006.- 312 s.
Качалина, В.В. Современные особенности формирования фонда периодических изданий библиотек / В.В.Качалина //Библиотечное дело - XXI век.- 2003.- № 2 (6).- С. 153-156.
http://www.preslib.az
http://www.rba.ru
Фонд текущих периодических изданий: формирование,систематизация, использование и сохранение
(на основе опыта Президентской Библиотеки Управления делами Президента Азербайджанской Республики)

Резюме: Библиотеки - это не только хранители научно-культурного наследия человечества, но также непосредственно осуществляют миссию центров связи с современной глобальной информационной системой. В настоящее время общество хочет видеть библиотеки не только как хранилище различной печатной продукции, но еще как информационное учреждение, где многие процессы автоматизированы. Именно в этих важных вопросах деятельность Президентской библиотеки занимает особое место в библиотечной системе Азербайджана.

Периодические издания - газеты и журналы играют очень важную роль с точки зрения обеспечения оперативности получения читателями информации. Поэтому, в библиотеках фонд периодических изданий как важный информационный ресурс стал одной из сфер, которые требуют постоянного внимания со стороны библиотечных специалистов. Задачи в области формирования, систематизации, обработки, использовании и хранении Фонда текущих периодических изданий Президентской библиотеки Управления делами Президента Азербайджанской Республики всегда находятся в центре внимания и остаются актуальными.

Ключевые слова: Электронная библиотека, электронные ресурсы, периодические издания, информационное обеспечение.

Current periodicals fund: formation, systematization,use and maintenance
(On the basis of the experience of Presidential Library of Administrative Department of the President of the Republic of Azerbaijan)

Abstract: Libraries are not only protectors of the scientific and cultural heritage of humanity, but also carry out the mission of direct contact centres of the modern global information system. Accordingly, the society wants to see the libraries not only as a keeper of various printing products, but also as an information institute where many processes are automated. Just in such important issues the activity of the Presidential Library occupies a special place in the library system of Azerbaijan.

The periodicals - newspapers and magazines play a crucial role in providing the readers with faster access to information. Therefore, as a major information resource, the periodicals fund in libraries has become one of the areas where constant attention is required by library specialists. Responsibilities of Presidential Library of Administrative Department of the President of the Republic of Azerbaijan in the field of formation, systematization, use and maintenance of the current periodicals fund are always in the spotlight and remain topical.

Key words: electronic library, electronic resources, periodicals, library holding, provision of information.

ZAKİR İSMAYILOV, 
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının şöbə müdiri, zakir.i@preslib.az

 


Azərbaycan Milli Kitabxanasının Elmi Əsərləri
Bakı, 2018, buraxılış 10