Azərbaycan multikulturalizmi: minillik ənənələrimizin müasir dünya informasiya məkanı
Vətənimiz hər zaman irqindən, milliyyətindən, dinindən asılı olmayaraq bütün insanların rahat yaşadığı və birgə fəaliyyət göstərdiyi bir məkan olub. Tarixin müxtəlif dövrlərində ölkəmizin ayrı-ayrı bölgələrində nəinki coğrafi nöqteyi-nəzərdən yaxın olan regionların nümayəndələri, həmçinin, uzaq hesab edilə biləcək arealların sakinləri olan almanlar, polyaklar, yunanlar və bir sözlə, Avropa və Asiya xalqlarının nümayəndələri məskunlaşmış, dini və ya etnik mənsubiyyətinə görə təqib edilən malokanlar, yəhudilər və başqa qövmlər səfalı Azərbaycan torpaqlarında qonaqpərvərliklə qarşılanmışlar. Burada onlar yerli əhalidən xoş münasibət görərək əməklərini əsirgəmədən ikinci vətən olmuş ölkənin rifahı naminə çalışmışlar.
Tariximizə nəzər salsaq görərik ki, Çindən Şimali Afrika və İspaniyaya qədər uzanan, üzərində Bakı, Bərdə, Gəncə, Şəki, Ərdəbil, Təbriz, Naxçıvan kimi qədim Azərbaycan şəhərlərinin yerləşdiyi Böyük İpək yolunun ölkəmizin siyasi, iqtisadi, mədəni inkişafında önəmli rol oynamış, Şərqlə Qərbin, Şimalla Cənubun qovşağında yerləşməsi vətənimizin çoxmillətli məkana çevrilməsinə səbəb olmuşdur. Həmçinin, Azərbaycan təbiətinin zənginliyi, flora və faunasının müxtəlifliyi, yaşayış üçün müstəsna dərəcədə əlverişli olması da tarixin bütün dövrlərində bu əraziyə fərqli xüsusiyyətlərə və düşüncə tərzinə malik insan toplumlarını cəlb etmişdir.
Dünyanın başqa bölgələrində nadir hallarda rast gəlinən və yurdumuz üçün xarakterik olan xüsusiyyətlərdən biri də bəşəriyyətə məlum olan əksər dini inancların və böyük dinlərin burada mövcud olması, bir-birini əvəz etməsi, bir çox hallarda bərabər yer alması olmuşdur. Aşkar edilən arxeoloji tapıntılar burada təbiət qüvvələrinə ən qədim inanclardan tutmuş, odpərəstliyə, zərdüştliyə, xristian, yəhudi və müsəlman dinlərinədək teoloji tarixin əksər bölmələrinin mövcud olmasını sübut edir.
Məhz qeyd etdiyimiz faktorlar ölkəmizdə mədəniyyətlərarası dialoqun formalaşmasını, milli-mədəni, linqvistik, etnik və dini müxtəlifliyi, qarşılıqlı mədəni zənginləşməni şərtləndirən əsas amillər olmuşdur. Əsrlər keçmiş, xalqımızın multikultural dəyərlərə verdiyi önəm ədəbi-bədii, elmi-fəlsəfi, siyasi-hüquqi müstəvilərdə yaratdığı irsin hər bir nümunəsində yer almış, tolerantlıq Vətənimizdə həyat tərzi kimi formalaşmışdır.
Azərbaycan multikulturalizminin əsas özəlliyindən biri də burada yaşayan dil qruplarının bir-birindən uzaq olmasıdır. Linqvistik ağacın yaxın qollarında olan dillərdə danışan qruplar mədəniyyətcə də yaxın olurlar. Azərbaycanın nümunəsində görmək mümkündür ki, ölkənin etnik kompozisiyası kifayət qədər zəngin olmaqla bir-birindən dil cəhətdən kifayət qədər uzaq olan etnik qruplardan formalaşıb. Burada yaşayan 10 milyonluq əhali arasında dünyada mövcud olan 14 əsas dil ailəsindən 3-ü (Altay, Hind-Avropa, Qafqaz) vardır. Yəni ölkəmizdəki etno-mədəni qrupların bir-biri ilə əlaqələri çox uzaqdır. Amma dil uzaqlığı Azərbaycanda rəngarəng cəmiyyətin yaranmasına mane olmamışdır. Tarix boyu ölkəmizin ərazisində mövcud olmuş xalqlar qarşılıqlı hörmət və sülh şəraitində yaşamışlar. Cəmiyyətin gündəlik həyat tərzinə çevrilmiş birgəyaşama Azərbaycanda dövlət siyasəti kimi multikulturalizmin ictimai əsasını təşkil edir.
Bu gün ölkəmizdə yaşayan müxtəlif millətlərin nümayəndələri öz dillərində danışır, milli adət-ənənəlirinə əməl edirlər. Dövlətimizin dəstəyi ilə onlara milli dillərində məktəblər açılır, tədris və metodiki vəsaitlər hazırlanır, kitablar çap edilir, tamaşalar qoyulur və filmlər çəkilir. Nəşr olunan müxtəlif millətlərin ədəbiyyat inciləri bir çox dillərə tərcümə edilir.
Müxtəlif millətlərə və dinlərə məxsus insanların mədəni müxtəlifliklərinin qorunması, inteqrasiyası, yəni multikulturalizm siyasəti bu gün bir çox Avropa dövlətləri tərəfindən qəbul edilmir. Bu da dünyada millətçilik meyillərini, millətlərarası münaqişələri artırır. Müxtəlif səbəblərdən Avropa ölkələrində bu gün baş verən miqrant axınları da vəziyyəti ağırlaşdırır, azsaylı xalqların yaşadıqları dövlətin milli mədəniyyətinə inteqrasiyasını çətinləşdirir.
Bu baxımdan, Azərbaycan öz etnik müxtəlifliyi ilə bir çox Avropa ölkələrindən fərqlənir. On milyonluq əhalimizin statistik məlumatlara əsasən onda birini milli azlıqlar və etnik qruplar təşkil edir. Milli-mədəni rəngarəngliyə baxmayaraq, müxtəlif millətlərin və konfessiyaların nümayəndələri ölkəmizdə qarşılıqlı anlaşma və hörmət şəraitində yaşayırlar.
Sovet dövründə yalançı beynəlmiləlçilik pərdəsi altında həyata keçirilən assimilyasiya meyillərininin qarşısı ümummilli lider Heydər Əliyev tərəfindən qətiyyətlə alınmışdır. Xalqımızın ulu öndərin rəhbərliyə gəlişi ilə bərpa olunan özgüvəni və multikultural tolerantlıq ənənələri Prezident İlham Əliyev tərəfindən yeni səviyyəyə qaldırılmış, bütün dünyaya örnək olacaq nümunəyə çevrilmişdir. Azərbaycanda mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsi sahəsində aparılan işlər dünya ictimaiyyəti tərəfindən diqqətlə izlənilir və yüksək qiymətləndirilir. İctimai həyatın bütün sahələrində həyata keçirilən islahatların hərtərəfli, fundamental və kompleks xarakter daşıması xüsusiyyəti bu sferada aparılan islahatlardan da yan keçməyib.
Multikulturalizmin Azərbaycan modelinin tədqiq və təşviq edilməsi sahəsində fəaliyyətin əlaqələndirilməsi və bu istiqamətdə görülən işlərin institusional əsasının formalaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2014-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi və 15 may 2014-cü il tarixli Sərəncamı ilə isə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılmışdır. Daha sonra Azərbaycanda multikulturalizm ənənələrinin qorunub saxlanması, inkişaf etdirilməsi və geniş təbliğ olunması ilə bağlı işlərin sistemləşdirilməsi, bu fəaliyyətə əlavə təkan verilməsi məqsədi ilə 2016-cı il yanvarın 11-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2016-cı il “Multikulturalizm ili” elan edilmişdir. Multikulturalizm ilinin yüksək səviyyədə və hərtərəfli keçirilməsinin təmin edilməsi üçün Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 mart tarixli Sərəncamı ilə müvafiq Tədbirlər Planı təsdiq edilmişdir. Tədbirlər planına əsasən Multikulturalizm siyasətinin hüquqi bazasını möhkəmləndirmək məqsədilə ayrı-seçkiliyə qarşı mübarizənin gücləndirilməsi ilə bağlı mövcud normativ-hüquqi aktların təkmilləşdirilməsi, “Azərbaycan multikulturalizmi” dərsliyinin hazırlanıb nəşr etdirilməsi, Multikulturalizm mövzusunda elmi-publisistik məqalə müsabiqələrinin keçirilməsi, “Multikulturalizm gənclərin gözü ilə” qısametrajlı film müsabiqəsinin təşkili və keçirilməsi, BMT Baş Qərargahında BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun yekunlarının təqdimatı, “Multikulturalizm ensiklopediyası”nın hazırlanması, “Multikulturalizm” adlı jurnalın nəşri və bölgələrdə yayımının təşkili, “Azərbaycan multikulturalizmi” elektron kitabxanasının və veb saytının yaradılması nəzərdə tutulmuşdur.
Tədbirlər planına müvafiq olaraq ölkəmizdə multikulturalizmin xüsusiyyətlərini əks etdirən “Azərbaycan multikulturalizmi” elektron kitabxanası və veb saytı Azərbaycan Respublikası Prezident Kitabxanasının əməkdaşları tərəfindən qısa müddətdə http://multiculturalism.preslib.az elektron ünvanında yaradılmışdır. Saytda yerləşdirilən məlumatlar Azərbaycan, ingilis və rus dillərində hazırlanmaqla Azərbaycan multikulturalizmi barədə informasiyanın bütün dünya oxucularına çatdırılmasını təmin edir. Veb-saytın quruluşu bu sahədə təbliğat-təşviqat işinin optimal şəkildə təşkilinə xidmət edir. “Multikulturalizm” adlanan hissədə ilk növbədə istifadəçilərə bu anlayışın mahiyyətini açan ümumi məlumat verilir, ölkəmizdə tolerantlığın tarixi təkamül yolu təsvir edilir. “Azərbaycançılıq” bölməsində vətənimizdə yaşayan bütün xalqları birləşdirən azərbaycançılıq ideologiyasının mahiyyəti izah edilir, bu məfkurənin bütün dünya azərbaycanlılarını birləşdirən ideologiya halına gəlməsi, müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən bəhs edilir. Azərbaycançılıq ideologiyasının təkamülündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin özünəməxsus rolu, onun fəaliyyəti nəticəsində Azərbaycanmultikulturalizminin dünyada mövqelərinin inamla yüksəltməsi ətraflı təhlil edilərək təqdim edilmişdir. Bununla yanaşı, saytın “Etnik rəngarənglik”, “Mədəni müxtəliflik”, “Tolerantlıq”, “Təhsil”, “Media” bölmələrində ölkəmizdə mültikulturalizmin müvafiq aspektləri hərtərəfli analiz edilmiş, tarixi faktlar sadalanmış, statistik məlumatlar verilmişdir. “Sənədlər” bölməsinə bu sahənin normativ tənzimlənməsini təşkil edən qanun, fərman, sərəncam və digər normativ aktlar toplanmışdır. “İqtibaslar” bölməsində isə istifadəçilər qeyd edilən sahəyə dövlət səviyyəsində verilən önəm və diqqətin təzahürü olan və vahid bir mənbədə toplanmış ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sitatları ilə tanış olmaq imkanı əldə edirlər. “Azərbaycan multikulturalizmi” saytının “E- kitabxana” bölməsi 160-dan artıq kitabın elektron versiyasını, “E-resurslar” bölməsi isə multikulturalizmə dair 1700-dən artıq məqalənin tam mətnini təqdim etməklə oxucular üçün əvəzedilməz informasiya ehtiyatıdır.
İnternet resursunda, həmçinin ölkədə və xaricdə multikulturalizm dəyərlərinin təbliği, milli- mədəni rəngarənglik mühitinin formalaşdırılması, mədəniyyətlərarası dialoqun qurulmasına töhfə verilməsi məqsədilə həyata keçirilən tədbirlər barədə xəbərlər, foto və video materiallar toplanmışdır. Eyni zamanda, Prezident Kitabxanasında interaktiv “Multikulturalizm” məlumat bülleteni hazırlanmışdır. Müxtəlif dillərdə azərbaycançılıq, tolerantlıq, mədəniyyətlərarası dialoq və multikulturalizm mövzularına aid 2014-2019-cu illərdə dövri mətbuat səhifələrində dərc edilmiş məqalələrin biblioqrafik təsviri əsasında hazırlanmış elektron resurs bu gün aktiv istifadə olunmaqdadır. Məlumat bülletenində materiallar xronoloji ardıcıllıqla və dillər üzrə (Azərbaycan, rus və ingilis) verilmişdir. Qeyd etmək lazımdır ki, kitabxana-informasiya xidmətinin müasir formalarından biri olan məlumat bülletenləri ən aktual mövzular üzrə yeni biblioqrafik informasiyanı tələbatçılara operativ şəkildə çatdırmaq məqsədilə tərtib olunur.
Multikulturalizm sferasının tədqiqatçıları bu zəngin internet resurslarından lazımınca yararlanmaqdadırlar. Əminəm ki, yaradılmış informasiya ehtiyatı ölkəmizdə mövcud olan unikal tolerantlıq mühitini, xalqımızın minilliklər boyu formalaşmış birgəyaşayış ənənələrini, vətənimizdə ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində mövcudluğunu internet informasiya məkanında təqdim etməklə Azərbaycan multikulturalizminin bütün dünyaya tanıdılmasına əvəz edilməz töhfə verəcəkdir.
Günay İsayeva,
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının magistrantı
Respublika. - 2020.- 14 yanvar. - № 6. - S. 7.