"20 Yanvar. Təcavüz 1990"
Prezident Kitabxanasında elektron nəşrin yenilənmiş versiyasının təqdimatı olub
Dünən 20 Yanvar faciəsinin otuzuncu ildönümü münasibətilə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında 20 Yanvar faciəsinin qurbanlarına həsr edilmiş foto və kitab sərgisi ilə bərabər “20 Yanvar. Təcavüz 1990” adlı elektron nəşrin yenilənmiş versiyasının təqdimatı olub.
Azərbaycan Respublikası Prezidentinin 20 yanvar faciəsinin otuzuncu ildönümünün keçirilməsi haqqında Sərəncamına əsasən Prezident Administrasiyasının rəhbərinin təsdiq etdiyi tədbirlər planı çərçivəsində Bakının 6, 8 və 23 saylı tam orta məktəblərinin bir qrup şagirdlərinin, dövlət qurumlarının təmsilçilərinin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə Kitabxananın Böyük oxu zalında Kitabxana əməkdaşlarının hazırladıqları və 20 Yanvar qurbanlarının xatirəsinə həsr edilmiş videoçarx nümayiş etdirilib. Tədbir iştirakçılar həmçinin foto və kitab sərgisi ilə də tanış olublar.
Kitabxananın direktoru Mayıl Əhmədov bildirib ki, 1990-cı ilin yanvarında Bakıda və Azərbaycanın bəzi rayonlarında törədilən qanlı qırğınlardan 30 il ötür. Bu müddətdə 20 Yanvar faciəsinin baş verməsinin səbəbləri, onun miqyası, ibrət dərsləri haqqında bir sıra tədqiqatlar aparılıb, məqalələr və kitablar yazılıb, sənədli filmlər çəkilib, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə qanlı hadisəyə ölkənin ali qanunvericilik orqanı tərəfindən siyasi-hüquqi qiymət verilib, 20 Yanvar dairəsində şəhidlərin xatirəsinə abidə-kompleks ucaldılıb.
M.Əhmədov 1990-cı ilin yanvarında törədilən qanlı aksiya zamanı 150 nəfərin şəhid olduğunu, 744 nəfərin yaralandığını, 841 nəfərin qanunsuz həbs edildiyini, onlardan 112 nəfərinin SSRİ-nin müxtəlif şəhərlərinə aparılaraq həbsxanalarda saxlanıldığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Qeyd edilib ki, xalqımıza qarşı törədilən bu cinayəti ilk dəfə ulu öndər Heydər Əliyev 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyində keçirdiyi mətbuat konfransında kəskin surətdə pisləmiş, əliyalın xalqın gülləbaran edilməsini hüquqa, demokratiyaya, insanlığa zidd aksiya kimi qiymətləndirib.
Sonra tədbir Kitabxananın Konfrans zalında davam etdirilib. Kitabxananın əməkdaşları tərəfindən hazırlanmış elektron nəşrin yenilənmiş versiyası barədə ətraflı məlumat verilib. Bildirilib ki, yeddi fəsildən ibarət elektron nəşrin “Qara Yanvar” adlanan birinci fəsil “Qan yaddaşımız”, “Faciənin təhlili” və “Xronologiya” bölmələrindən ibarətdir. Bu fəsildə 20 Yanvar faciəsi tariximizin həm qanlı, həm də şanlı səhifəsi olaraq müxtəlif aspektlərdən təhlil edilir, 20 Yanvara aparan hadisələrin geniş xronologiyası təqdim edilir.
“Şəhidlər” fəslində 150 Qanlı Yanvar şəhidinin hər bir üçün ayrıca məlumat səhifəsi açılmış, onların bioqrafiyası haqqında əldə edilən məlumatlar sistemləşdirilərək istifadəçilərə təqdim edilir.
Elektron nəşrin ikinci fəsli “Sənədlər” adlanır. Bu fəsildə istər sovet hakimiyyəti dövründə, istərsə də müstəqillik illərində 20 Yanvar hadisələri ilə bağlı qəbul edilmiş qanunların, fərmanların, sərəncamların, qərarların tam mətnləri toplanılıb. Bu fəsildə həmçinin dövlətimizin başçısının 20 Yanvarla bağlı nitqləri, çıxışları, müsahibələri və bəyanatlarını özündə əks etdirən materiallar toplanmışdır. “Müraciətlər” və “Bəyanatlar” adlanan bölmələrdə isə 1990-cı il yanvarın 20-dən başlayaraq Azərbaycan SSR Ali Sovetinin bəyanatları, ictimai-siyasi xadimlərin, görkəmli şəxsiyyətlərin, ayrı-ayrı kollektivlərin, insan hüquqlarının müdafiəsi ilə məşğul olan qurumların müraciətləri öz əksini tapır. “Çıxarışlar” bölməsində isə 20 Yanvar hadisələrinə dair Azərbaycan KP MK plenumlarının və Ali Sovetin sessiyalarının protokollarından çıxarışlar təqdim edilir.
“Tədbirlər” adlanan növbəti fəsildə isə keçirilən rəsmi mərasimlər və anım tədbirləri haqqında materiallar xronoloji ardıcıllıqla istifadəçilərə təqdim edilir.
“Elektron resurslar” fəslinin “E-kitablar” bölməsində müxtəlif dillərdə mövzu ilə bağlı 50-yə yaxın kitabın, “E-məqalələr” bölməsində isə də 300-ə yaxın analitik məqalənin tam mətnləri istifadəçilərə təqdim edilir.
Saytın “Biblioqrafiya” fəslinin “Kitablar” bölməsində 20 Yanvar faciəsi ilə bağlı 130 adda kitabın, “Məqalələr” bölməsində isə 1600 məqalənin biblioqrafik təsviri yerləşdirilib.
İki bölmədən ibarət olan “Media arxiv” fəslinin birinci bölməsi “Fotoarxiv” adlanır və bu bölmədə Azərbaycan Fotoqraflar Birliyinin 20 Yanvar faciəsi ilə bağlı Kitabxanaya təqdim etdiyi nadir fotolar əks etdirilir. “Videoarxiv” bölməsində Ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyində keçirdiyi mətbuat konfransının videosu ilə yanaşı bir neçə sənədli film yerləşdirilib.
Azərbaycan, rus və ingilis dillərində hazırlanan və http://aggression.preslib.az/ subdomenində yerləşdirilən elektron nəşr mütəmadi olaraq yenilənir.
Tədbirdə Bakı şəhəri 23 saylı tam orta məktəbin direktoru Yuliya Kərimova, professor Elçin Əhmədov, Dövlət Arxivinin direktoru Emin Sərdarov, Prezidentin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin direktoru Elmira Ələkbərova, Prezident Administrasiyasının məsul əməkdaşı Fazil Zeynalov çıxış edərək bu materialların 20 Yanvar hadisələrinin öyrənilməsində və təbliğində çox dəyərli mənbə olduğunu vurğuladılar.
Cavanşir
Azad Azərbaycan. - 2020.- 18 yanvar. - № 5. - S. 5.