Hər il Yeni il ərəfəsində cəmiyyətimiz iki cəbhəyə bölünür: Yeni il bayramını keçirənlərə və bu bayramı xristian bayramı adlandıranlara. Mübahisələr kəsilmir. 25 dekabrda keçirilən “Rojdestvo” bayramı bizim mentalitetə yaddır şüarları səslənir. Bəs miladi təqvimi nədən qışda başlayır?

Bildiyimiz kimi, Hicri-qəməri təqvimində Ayın Yer kürəsi ətrafında dövr etməsi əsas olaraq gotürülüb. Bu gün işlətdiyimiz rəsmi təqvim, yəni Miladi təqvim isə Yer kürəsinin Günəş ətrafında dövrü üzərində qurulub.

Hər il dekabrın 22-də Gün dönümü baş verir. Yer kürəsinin şimal bölgələrində görünən Günəş, ən aşağı vəziyyətə çatandan sonra, üfüqdə 3 gün dəyişməz qalır və dördüncü Gün yuxarı qalxır. Beləliklə, 22 dekabr ilin ən uzun gecəsi olur. Bu hal 3 gün davam edir və 25 dekabrdan başlayaraq günlər uzanmağa başlayır.

Əslində, bu Günəşin doğuşu deməkdir. Necə ki hər ay, göydə Ayın ilk hilal formasında gördüyümüz gecəni, ayın ilk günü sayırıq və  “Ay doğdu” deyirik. Beləcə də bu dövrdə Günəş enerji toplayaraq yeni dönəmə başlayır – bir il davam edən bir dönəmə.  Bu üç gün mühüm astroloji hadisədir.

Miladdan öncə Şimal yarımkürəsində bir sıra  xalqlar qədim inanclara görə,  25 dekabrı Günəş Tanrısının günü kimi qeyd edirdilər. Bu günü həm də Yeni il kimi, yeni həyatın başlanğıcı kimi, işıqlı gündüzün qaranlıq gecə üzərindəki qələbəsi kimi qeyd edirdilər. Qədim şumerlərdə, zərdüştlərdə, Mesopotamiyada, Misirdə, Günəşin dönməsi günü ilin ən vacib və əsas bayramı sayılırdı. Qədim inanclara görə, həmin gecə Xeyir qüvvəsi (Axura Mazda) Şər qüvvəsi (Əhrimən) ilə kəskin mübarizə aparmışdır.

Yulian təqvimi  ilk dəfə İsgəndəriyyə şəhərində Misir kilsəsi tərəfindən qəbul edilir. Kilsə rəhbərliyi çox gözəl anlayırdı ki, qədim xalq adətlərini qadağan edə bilməyəcəklər. Xalqın rəğbətini qazanmaq üçün, xristianlığın yaranma tarixini, İsa peyğəmbərin (ə.) anadan olma  gününü Günəş bayramı ilə əlaqələndirmək qərarına gəlirlər. Təqvimi tərtib etmək bir qrup astronoma həvalə olunur. Beləliklə, təqvim Günəşin illik hərəkəti üzrə tərtib edilir. Qədim romalılar 25 dekabrda Günəşin doğuşu bayramını çox təntənəli və şən keçirirdilər. Bu adət qədim şumerlərdən yunanlara və romalılara keçmişdir. Eramızın 337-ci ilində Roma papası Günəş bayramını nəzərə alaraq, 25 dekabrı İsa peyğəmbərin (ə.) doğum günü kimi təqdim edir və xristianlığın başlanğıcı məhz bu gündən sayılır.

Britannica Ensiklopediyasında (ing. Encyclopaedia Britannica) qeyd edilir ki, Kilsə bu tarixi qış gündönümündə qeyd olunan “məğlubedilməz Günəş tanrısının doğulması” adlı bütpərəst Roma bayramı ilə üst-üstə düşməsi üçün seçmiş ola bilər. Amerika Ensiklopediyasına (ing. Encyclopedia Americana) görə, Bibliya alimlərinin bir çoxu hesab edir ki, bu, "xristianlığa çevrilmiş bütpərəstlərin gözündə xristianlığın nüfuzunu artırmaq" üçün edilmişdir.

Əslində, İsa peyğəmbərin (ə.) əsl doğum günü və ili məlum deyil. 1996-cı ildə Roma papası II İoann Pavel təsdiq edir ki İsa peyğəmbərin (ə.) doğum tarixi məlum deyil və əslində, o, Miladdan 5-7 il əvvəl anadan olmuşdur.

Skandinav xalqları ilin ən uzun gecəsi olan 21-22 dekabr şərəfinə qışın ortası həmin günləri təntənə ilə keçirərək, onu Yol bayramı adlandırırlar. (Yol - поворот колеса года) və bunu Orta əsr alman xalqlarının bayramı kimi izah edirlər. Lakin “Yol” sözünün etimologiyasını heç kim izah edə bilmir. Yol–Yıl, əlbəttə ki, türk xalqlarına məxsus bir kəlmədir. Bu kəlmənin alman xalqları ilə sıx təmasda olan hunlardan keçməsi inkaredilməzdir.

Milad bayramının əsas atributu Şam ağacı sayılır. Həmişə yaşıl şam, soyuq qışdan sonrada davam edən həyatı simvolizə edir.

Bildiyimiz kimi, İsa peyğəmbər (ə.) Fələstin dövlətinin ərazisində anadan olub və isti iqlim şəraitində şam ağacının bitməsi mümkün deyil. Aralıq dənizi ətrafında yaşayan ilk xristianlar şam ağacını görməyiblər.  Müqəddəs yazılarda şam ağacının adı çəkilmir.  Şam ağacının bəzədilməsi adəti ilk dəfə XVI (!) əsrdə Almaniyada peyda olub. Ağac kultu ilə bağlı belə bir fakt var: slavyan xalqlarında, almanlarda müqəddəs ağac palıd ağacı sayılırdı, yunanlarda zeytun ağacı, finlərdə huş ağacı. Şam ağacı, şimal xalqlarında, Tayqa meşələri ilə məşhur olan, Sibirin türk xalqlarında müqəddəs ağac sayılırdı. Şam ağacı ətrafında müxtəlif rituallar icra edən şamanlara “Şaman” deyirdilər. Murad Acının “Qıpçaq çölünün yovşanı” kitabında qıpçaqların İslamdan əvvəl sitayiş etdikləri Yer-su adlı bir allahla bağlı qədim rəvayət təsvir edilir. “Yer-su dünyanın ortasında olur. Orada nəhəng bir şam bitir. Şamın yanında Ulgen – ağsaqqal bir qoca oturur. O, insanların yanına qışda gəlir. Təbiət donanda. Ulgen şam ağacı gətirirdi, onun yanında insanlar şənlənirdi, uşaqlar hədiyyələri paylamaqda qocaya kömək edirdilər”.

Şam ağacı ilə bağlı adətləri məhz köçəri hunların Avropaya gətirməsi məntiqə uyğundur. Azərbaycanda da qədim bayramlarımızdan olan, ilin  ən uzun gecəsi – Çilə gecəsi, 22 dekabrda qeyd olunurdu. Müxtəlif bölgələrimizdə bu gecəyə xüsusi hazırlıq görülür, həmin gün maraqlı mərasimlər keçirilir. Çilə gecəsindən sonra hər gün, gündüz gecədən 1-2 dəqiqə daha uzun olacaq. Bu, Yeni həyatin, yeni dövrün və yeni ilin başlanğıcı deməkdir. Dinindən, milliyətindən, irqindən asılı olmayaraq, Günəşin şüaları hər kəsi bir az daha çox da isidəcək.  Beləliklə, Milad bayramı, və Milad təqvimi ilə Yeni il bayramı tək xristian dünyasının deyil, Yer kürəsində yaşayan bütün insanların bayramıdır – ümumbəşər bir bayramdır.


Fəridə NAMAZOVA,

Prezident Kitabxanasının aparıcı məsləhətçisi, fəlsəfə doktoru

 

Xalq qəzeti.-2023.- 31 dekabr.- № 288.-S. 15.