“Həqiqətin onomastikası” kitabı: Saxta erməni toponimlərinin ifşası
Prezident İlham Əliyevin 2020-ci il iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışı zamanı etdiyi çıxışda indiki Ermənistan Respublikası ərazisindəki coğrafi adların mütləq əksəriyyətinin Azərbaycan mənşəli olması, bu mövzunun tədqiqi və təbliğinə dair Azərbaycanın alim və mütəxəssislərinə verdiyi tövsiyəyə əsasən, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkilatçılığı və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Dillər Universitetinin tarixçi alimləri, tarixi toponimlər, dilçilik və xəritəçəkmə üzrə təcrübəli mütəxəssislərinin cəlb olunması ilə “Həqiqətin onomastikası” adlı kitab Azərbaycan və ingilis dillərində hazırlanaraq nəşr edilib.
AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində çıxış edən Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov, kitabın müəllifi, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, filologiya üzrə elmlər doktoru, professor İbrahim Bayramov, Milli Məclisin deputatı Hikmət Babaoğlu, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov və digərləri nəşrin əhəmiyyətindən, Ermənistan ərazisində xalqımıza məxsus toponimlərin saxtalaşdırılmasının ifşa edilməsində və qarşısının alınmasında rolu barədə danışıblar. Vurğulanıb ki, kitab indiki Ermənistanın son 200 illik aynasıdır. Bu kitab bizi strateji hədəflərimizə yaxınlaşdıracaq. Qeyd olunub ki, “Həqiqətin onomastikası” kitabı digər nəşrlərdən kəskin fərqlənir və alimlər, tədqiqatçılar üçün faydalı mənbə olacaq.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, kitab indiki Ermənistan ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması faktlarına həsr olunub.
Gərgin tədqiqat işlərinin bəhrəsi olan “Həqiqətin onomastikası” kitabı erməni vandalizminin və saxtakarlığının ən bariz nümunələrindən birinə – tarixi Azərbaycan torpaqlarında, indiki Ermənistan Respublikası ərazisində əsrlər boyu yaşamış azərbaycanlıların izlərinin silinməsi üçün bizə məxsus 1600-ə yaxın toponim, hidronim, oronimlərin kütləvi şəkildə dəyişdirilməsi və saxtalaşdırılması, bir çox yaşayış məntəqələrinin isə məqsədli şəkildə yer üzündən tamamilə silinməsi faktlarına həsr olunub. Mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitabda Ermənistanda azərbaycanlıların ata-baba yurdu olan 737 yaşayış məntəqəsinin, ləğv edilmiş 499 kənd və qəsəbənin, adları dəyişdirilmiş 704 inzibati vahidin, 231 oronimin, 116 hidronimin, 137 yaylaq və qışlağın toponimlərinin tarixi və izahı verilib. Ermənistan ərazisində toponimlərin müəyyənləşdirilməsi istiqamətində tədqiqat işləri davam etdirilir. Kitabın yaxın zamanda rus dilində nəşri də planlaşdırılır.
Qeyd edək ki, “Həqiqətin onomastikası” kitabının ideya müəllifi BBMM-in Himayəçilər Şurasının sədri, akademik Kamal Abdulladır.
AZƏRTAC
2022, 15 dekabr