Latvi̇yali nazi̇rlə Prezi̇dent ki̇tabxanasinda görüş
AzərTAc xəbər verir ki, ölkəmizdə səfərdə olan Latviya Respublikasının elektron hökumət işləri üzrə xüsusi tapşırıqlar naziri xanım İna Qudele və onu müşayiət edən şəxslər martın 30-da Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Prezident kitabxanasında olmuşdur.
Qonaq kitabxananın zallarını gəzmiş, buradakı sərgilərə baxmışdır. O, 31 mart - Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş guşədəki eksponatlara maraq göstərmiş və demişdir ki, biz də belə hadisə yaşadığımız üçün sizi yaxşı başa düşürəm.
Sonra dəyirmi masa ətrafında davam edən görüşdə direktor Mayıl Əhmədov qonaqlara kitabxana haqqında məlumat vermişdir. Bildirmişdir ki, bu kitabxana 2003-cü ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə yaradılmışdır. Vəzifəsi Azərbaycan Respublikası Prezidenti İcra Aparatının, İşlər İdarəsinin, mərkəzi və yerli icra orqanlarının əməkdaşlarına kitabxana-biblioqrafiya və informasiya xidməti göstərmək, onların kitablara, dövri nəşrlərə və kitabxana fondunu təşkil edən digər sənədlərə olan tələbatını ödəməkdir.
Fondda XVIII-XIX əsrlərdə və XX əsrin əvvəllərində nəşr olunmuş müxtəlif dillərdə olan zəngin nadir ədəbiyyat nümunələri saxlanılır. Burada iqtisadiyyata, siyasətə, dövlət quruculuğuna, hüquqa, fəlsəfəyə, statistikaya, tarixə, ədəbiyyatşünaslığa və dilçiliyə dair ədəbiyyat üstünlük təşkil edir. Kitabxananın dövri mətbuat fonduna respublikamızda və digər ölkələrdə çap edilən 230 adda jurnal, qəzet və digər nəşrlər daxil olur. Hazırda kitabxanada fondun elektron nəşrlərlə komplektləşdirilməsi sahəsinə xüsusi diqqət yetirilir.
Qonaqlar kitabxana proseslərinin avtomatlaşdırılması sisteminə - kitabxanada müasir informasiya texnologiyalarının tətbiqinə dair məlumatı xüsusi maraqla dinləmişlər. Qeyd edilmişdir ki, hazırda elektron kataloqda 100 mindən artıq sənədi və kitabı əks etdirən biblioqrafik məlumat vardır. Burada lokal kompyuter şəbəkəsi yaradılmış, internetə çıxış təmin edilmişdir. Portativ kompyuterləri olan oxucular kitabxananın oxu zalından internetə simsiz əlaqə sistemi ilə də qoşula bilərlər. Kitabxanada İRBİS Kitabxana Avtomatlaşdırılma Sisteminin son versiyasının (İRBİS 64) tam komplekti tətbiq edilmişdir. Xüsusi oxucu qruplarına elektron poçt (E-mail) vasitəsilə də biblioqrafik informasiya xidməti göstərilir.
İna Qudele ölkəsində belə kitabxana olmadığını qeyd etmiş və burada görülmüş işlərə heyranlığını gizlətməmişdir. Latviyalı nazir kitabxananın serverinə böyük maraq göstərmiş, kitab mübadiləsinin vacibliyini vurğulamış, Mayıl Əhmədovu ölkəsinə dəvət etmişdir.
Kitabxananın mütəxəssisləri qonaqları maraqlandıran suallara cavab vermişlər.
İna Qudele fəxri qonaqlar kitabına ürək sözlərini yazmış, kitabxanaya Latviya haqqında kitab təqdim etmişdir. Qonağa Xocalı soyqırımından və Azərbaycandan bəhs edən kitablar hədiyyə olunmuşdur.
AZƏRTAC.-2007.-30 mart.