“Azərbaycan multikulturalizmi"
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında “Azərbaycan multikulturalizmi” elektron kitabxanasının və veb saytının təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, təqdimat mərasimini açan Kitabxananın direktoru Mayıl Əhmədov qeyd edib ki, multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub, bu gün də milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycan dövlətinin vətəndaşlarının gündəlik həyat tərzinə çevrilib. Şərqlə Qərbin arasında körpü rolunu oynayan Azərbaycanın beynəlxalq arenaya təqdim etdiyi multikultural model xalqların və dini konfessiyaların dostluq və mehriban şəraitdə birgə yaşamalarını və fəaliyyət göstərmələrini təmin edən modeldir.
Mayıl Əhmədov bildirib ki, ölkəmizdə multikulturalizm ənənələrinin qorunub saxlanılması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 yanvar 2016-cı il tarixli sərəncamı ilə 2016-cı ili “Multikulturalizm ili” elan edilib. Həmin sərəncamın icrası məqsədilə Dövlət başçısının 2016-cı il martın 11-də təsdiq etdiyi “Tədbirlər Planı”nda “Azərbaycan multikulturalizmi” elektron kitabxanasının və veb saytının yaradılması müvafiq dövlət orqanları ilə birgə Prezident Kitabxanasına həvalə edilib. Bu məqsədlə Prezident Kitabxanasında Azərbaycan, ingilis və rus dillərində hazırlanan veb sayt və elektron kitabxana Azərbaycan multikulturalizminin mahiyyətini və onun bütün aspektlərini tam dolğunluğu ilə əhatə edir.
Veb saytın quruluşu barədə məlumat verən Kitabxananın direktoru bildirib ki, materiallar saytda 6 bölmədə qruplaşdırılıb. “Müiltikulturalizm” adlanan birinci bölmədə istifadəçilərə Azərbaycanda yaşayan bütün xalqları birləşdirən azərbaycançılıq ideologiyasının mahiyyəti, ölkəmizin etnik rəngarəngliyi, mədəni müxtəlifliyi, milli azlıqların təhsili, tolerantlıq ənənələri və s. barədə ətraflı məlumat verilir. Mayıl Əhmədov bildirib ki, azərbaycançılığın bütün dünya azərbaycanlılarını birləşdirən ideologiya halına gəlməsi, müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilməsi Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətidir. Çoxmillətli Azərbaycan xalqını birləşdirən azərbaycançılıq ideyası bu gün müstəqilliyin qorunmasına, demokratik inkişafa və hüquqi, sosial dövlətin qurulmasına xidmət edir. Prezident İlham Əliyev azərbaycançılıq məfkurəsini dövlətçiliyimizin ideoloji əsası kimi xarakterizə edərək deyib ki, bizi əsrlər boyu bir millət, bir xalq kimi qoruyan, saxlayan dövlətçiliyimizin təməlini təşkil edən milli-mənəvi dəyərlərimiz olub.
Saytın “Etnik rəngarənglik” yarım bölməsində etnik rəngarəngliyinə görə nəhəng al-əlvan xalçaya bənzəyən Azərbaycan ərazisində məskunlaşıb xalqların, milli azlıqların, etnik qrupların tərkibi, demoqrafik vəziyyəti, məskunlaşma arealları haqında ətraflı məlumat verilib.
“Mədəni müxtəliflik” adlanan yarım bölmədə Azərbaycanda yaşayan milli azlıq və etnik qrupların mədəniyyətinin ölkə mədəniyyətinin tərkib hissəsi kimi qorunması və inkişaf etdirilməsi sahəsində ardıcıl olaraq həyata keçirilən dövlət siyasəti barəsində ətraflı məlumat verilir. Azərbaycan dövləti tərəfindən mədəniyyətlərarası dialoqun təşviqi məqsədilə həm beynəlxalq, həm də milli səviyyədə həyata keçirilən tədbirlər ölkəmizin beynəlxalq arenada nüfuzunu artırmaqla yanaşı, xalqımızın milli həmrəyliyini daha da möhkəmləndirir və ölkəmizi mədəniyyətləri qovuşduran məkan kimi beynəlxalq aləmə təqdim edir.
“Tolerantlıq” yarım bölməsi barəsində məlumat verən Mayıl Əhmədov bildirib ki, Azərbaycanın tarixi inkişafının xüsusiyyətləri, coğrafi mövqeyi, əhalisinin etnik tərkibi bu ərazidə müxtəlif dinlərin mövcudluğuna şərait yaradıb. Ayrı-ayrı dövrlərdə bütpərəstlik, zərdüştilik, iudaizm, xristianlıq, islam və bir çox başqa dini cərəyanlar ölkədə bu və ya digər dərəcədə yayıla bilib, bir-birinə qarşılıqlı təsir göstərib. Xalqımızın minilliklər boyu formalaşmış tolerantlıq ənənələrini qoruyub saxlamaq, inkişaf etdirmək, yerli və beynəlxalq səviyyədə təşviq və təbliğ etmək bu gün dövlətin həyata keçirdiyi din siyasətinin əsas hədəfləri sırasındadır.
Müstəqil Azərbaycan dövləti cinsindən, irqindən, dilindən, dinindən, siyasi əqidəsindən, milliyyətindən, sosial vəziyyətindən, mənşəyindən, sağlamlıq imkanlarından asılı olmayaraq, hər bir vətəndaşa təhsil almaq imkanı yaradılmasına və ayrı-seçkiliyə yol verilməməsinə təminat verir. Hazırda Azərbaycanda yaşayan milli azlıqlar dövlətin dəstəyi ilə öz dillərində məktəblər açır, tədris və metodiki vəsaitlər hazırlayıb nəşr etdirirlər. Bütün bunlar haqqında ətraflı məlumat saytın milli azlıqların təhsili bölməsində ətraflı məlumat verilir. Bu bölmədə həmçinin azsaylı xalqların, milli azlıqların nümayəndələrinin təhsil aldığı ümumtəhsil məktəblərində tədris edilən dərsliklərin elektron versiyaları da yerləşdirilib.
Kitabxananın direktoru bildirib ki, bu gün Azərbaycanda milli azlıqların öz məktəbləri, mədəniyyət mərkəzləri ilə yanaşı həm də çoxsaylı kütləvi informasiya vasitələri və internet resursları vardır. Milli azlıqların kompakt yaşadığı bölgələrdə yerli televiziya kanalları fəaliyyət göstərir və dövlət büdcəsi ilə maliyyələşən müntəzəm radio verilişləri yayımlanır. Azərbaycan Dövlət radiosu ilə də milli azlıqların dillərində verilişlər yayımlanır. Azərbaycan dövlətinin heç bir fərq qoymadan milli azlıqların mətbuat sahəsindəki fəaliyyətinin inkişaf etdirilməsi sahəsində həyata keçirdiyi tədbir barəsində ətraflı məlumat “Media” bölməsində öz əksini tapıb.
“Multikulturalizm” bölməsinin “Sənədlər” yarım bölməsində Azərbaycanda yaşayan milli azlıq, azsaylı xalq və etnik qrupların hüquq və azadlıqlarının qorunması, dil və mədəniyyətinin inkişafı sahəsində qəbul edilən qanunların, fərmanların, sərəncamların və digər sənədlərin mətnləri toplanılıb.
Bu bölmədə həmçinin Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin milli- mənəvi dəyərlər, tolerantlıq və multikulturalizm barədə söylədikləri fikirlərindən ibarət “İqtibaslar” bloku yerləşdirilib.
Saytın “E-kitabxana” bölməsi haqqında ətraflı məlumat verən Mayıl Əhmədov bildirib ki, Azərbaycan multikulturalizminə dair Azərbaycan və digər dillərdə 160-dan artıq kitabın elektron versiyası hazırlanaraq bu bölmədə istifadəçilərə təqdim edilir.
“E-resurslar” bölməsində isə multikulturalizmə dair 700-dən artıq məqalənin tam mətnləri və mütəmadi olaraq yenilənən “Məlumat bülleteni”, Kitabxananın fonduna daxil olan multikulturalizmə dair müxtəlif dillərdə kitabların və məqalələrin biblioqrafiyası ilə tanış olmaq olar. Həmçinin bu bölmədə xarici ölkələrdə Azərbaycandakı multikulturalizm mühitinə dair dərc edilən məqalələrin elektron versiyaları toplanılır.
Saytın “Tədbirlər” bölməsində istifadəçilərə ölkəmizdə və xaricdə keçirilən bir sıra mühüm tədbirlər haqqında müxtəlif mənbələrdən toplanan materiallar təqdim edilir.
“Multimedia” bölməsinin “Fotoqalereya” bölməsində əsrlər boyu Azərbaycanda yaşayan azsaylı xalqların milli azlıqların, etnik qrupların milli geyimlərini, sənətkarlıq xüsusiyyətlərini, dini ibadət mərasimlərini özündə əks etdirən şəkillər və müxtəlif mərasimlər zamanı çəkilmiş unikal fotolar toplanılıb. “Videoqalereya” bolməsində isə Azərbaycanda qardaşlıq ailəsində yaşayan azsaylı xalqların milli azlıqların, etnik qrupların tarixi keçmişini, adət-ənənələrini, məişətini, folklorunu, məskunlaşma arealını, demoqrafik vəziyyətini, müasir həyat tərzini özündə əks etdirən videomateriallar toplanılıb.
Qeyd edək ki, tədbir müzakirələrlə davam edib.
SİA.- 2016.-15 oktyabr.