Xocalı soyqırımının dəhşətləri...
Prezident Kitabxanasında Xocalı soyqırımına həsr olunmuş dəyirmi masa keçirilib
Dünən Prezident Kitabxanasında “Səs” İnformasiya Agentliyinin (SİA) hazırladığı “Xocalı soyqırımı” adlı diskin (DVD) və Prezident Kitabxanasının “XX əsrin faciəsi - Xocalı soyqırımı” tammətnli elektron nəşrinin yenilənmiş variantının təqdimat mərasimi və Xocalı soyqırımının 18-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib.
SİA-nın məlumatına görə, mərasimdə millət vəkilləri, tarixçi alimlər, ziyalılar, tanınmış mətbuat orqanlarının rəhbərləri, jurnalistlər və ictimaiyyətin digər nümayəndələri iştirak ediblər.
Mərasimindən əvvəl qonaqlar Kitabxananın böyük oxu zalında Xocalı soyqırımına aid kitablar, dövri mətbuat materialları ilə, qanlı faciəyə aid kitabların elektron variantının yazıldığı disklərlə tanış olublar.
Daha sonra “Səs” İnformasiya Agentliyinin hazırladığı “Xocalı soyqırımı” adlı diskin (DVD) və Prezident Kitabxanasının “XX əsrin faciəsi - Xocalı soyqırımı” tammətnli elektron nəşrinin yenilənmiş variantı nümayiş etdirilib.
Xocalı soyqırımına həsr olunan sənədli xronikanın mahiyyətinə toxunan “Səs” qəzetinin baş redaktoru və SİA-nın baş direktoru Bəhruz Quliyev diskin hazırlanmasında əsas məqsədin Xocalı soyqırımı ilə bağlı həqiqətlərə bir daha nəzər salmaq, onu ictimai fikrin yaddaşında möhkəmləndirmək olduğunu bildirib.
“XX əsrin faciəsi - Xocalı soyqırımı” adlı tammətnli elektron nəşrinin yenilənmiş variantı haqqında məlumat verən Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov bildirib ki, 2007-ci ildə azərbaycan, ingilis və rus dillərində hazırlanan bu elektron resurs Xocalı soyqırımının 18-ci ildönümü ərəfəsində yeni materiallar hesabına əsaslı sürətdə yenilənib.
Dəyirmi masada çıxış edən qonaqlar ermənilərin zaman-zaman Azərbaycan xalqına və bütövlükdə türklərə qarşı yürütdüyü genosid siyasətindən, o cümlədən bəşəriyyətə və insanlığa qarşı yönəlmiş Xocalı soyqırımının dəhşətləri haqqında danışıblar.
Bildirilib ki, Xocalı soyqırımı Xatın, Lidisa, Oradur soyqırımları qədər dəhşətlidir. İstintaq materiallarına, eləcədə, faciənin şahidlərinin və Ermənistandan əsirlikdən qayıdan mülki və hərbi şəxslərin fikirlərinə, həmçinin dünya KİV-lərində yer alan materiallara istinad edən dəyirmi masa iştirakçıları bildiriblər ki, Xocalı əhalisinə qarşı qətliamda hazırda Ermənistan prezidenti olan Serj Sarkisyan, müdafiə naziri Seyran Ohanyan, sabiq prezident Robert Köçəryan və digərləri bilavasitə iştirak ediblər. Onlar ədalət məhkəməsi qarşısında cavab verməlidirlər.
Şərq.- 2010.- 26 fevral.- № 36.- S.2