“Azərbaycan ədəbiyyatı özbək dilində” layihəsi ölkələrimiz arasında mədəni əlaqələrin inkişafına layiqli töhfədir
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında “Azərbaycan ədəbiyyatı özbək dilində” layihəsinin təqdimatı olub. Tədbirdə ölkəmizin Özbəkistandakı səfiri Hüseyn Quliyev, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri, ictimai-siyasi xadimlər, şairlər, yazıçılar və media nümayəndələri iştirak ediblər.
Layihə haqqında məlumat verən kitabxananın direktoru Mayıl Əhmədov bildirib ki, bu layihə Azərbaycan ilə Özbəkistan arasında ictimai-siyasi və mədəni əlaqələrin yüksək səviyyədə olmasının parlaq təzahürüdür. Bu cür təşəbbüslərin həyata keçirilməsi əməkdaşlığımızın tərəqqisinə böyük təkan verir. M.Əhmədov xüsusi vurğulayıb ki, Azərbaycan və özbək xalqları arasında tarixi köklərə malik dərin mədəni-ədəbi əlaqələr mövcuddur. Bu əlaqələr XX əsrin sonlarında hər iki respublikanın dövlət müstəqilliyinə yenidən qovuşmalarından sonra daha da inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Azərbaycanın haqq işinin müdafiəsində Özbəkistan dövləti hər zaman dəstəyini hiss etdirib. Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən ölkələrimiz arasında münasibətlərin möhkəmlənməsinə xidmət edən çoxlu sayda layihə və tədbirlər həyata keçirilir. Təqdim edilən “Azərbaycan ədəbiyyatı özbək dilində” layihəsi də həmin silsilədəndir. Layihə çərçivəsində Azərbaycan ədəbiyyatının klassikləri, müasir şair və yazıçılarımızın əsərləri, eləcə də Azərbaycanın tarixi və ictimai-siyasi həyatından bəhs edən kitablar özbək dilinə tərcümə olunub. 24 adda müxtəlif mövzulara dair Azərbaycan, türk, özbək və rus dillərində nəşr edilən bu kitablarla yanaşı, bir neçə Azərbaycan filmi də dublyaj olunaraq özbəklərin istifadəsinə verilib.
Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev ölkələrimiz arasındakı münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində görülən işlər və perspektivlər haqqında ətraflı məlumat verib. Diqqətə çatdırılıb ki, Azərbaycanın xarici siyasətində, ölkəmizin imicinin yüksəlməsində böyük rol oynayan bu cür təşəbbüslər mütəmadi həyata keçirilməlidir. Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzinın direktoru Samir Abbasov məlumat verib ki, həyata keçirilən layihələr çərçivəsində Özbəkistanın müxtəlif mədəniyyət və təhsil ocaqlarında Azərbaycan guşələri və otaqları yaradılıb. Tanınmış özbək tarixçi-publisisti Şuxrat Salamovun “Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar Fərqanədən Qarabağadək” və “Qarabağ: ideyalar müharibəsi” kitabları rus dilində çap olunub. Ş.Salamovun kitablarının ilk təqdimatı da Prezident Kitabxanasında keçirilib. Sonda “Daşnaklar Fərqanədən Qarabağadək” sənədli filmi nümayiş olunub.
Palitra.-2017.-30 mart.-№ 53.-S.2.