Prezident Kitabxanası Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinə Azərbaycan haqqında 153 kitab və elektron məlumat bazaları hədiyyə etmişdir
Fevralın 8-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinə (RİMM) kitablar hədiyyə etmişdir. Bu münasibətlə RİMM-də tədbir keçirilmişdir. AzərTAc xəbər verir ki, tədbiri RİMM-in direktoru Ənvər Şeyxov açaraq, Azərbaycan ilə Rusiya arasında humanitar əlaqələrin inkişafında bu mərkəzin rolundan danışmış, Mərkəzə hədiyyə edilən kitablara görə Prezident Kitabxanasına təşəkkürünü bildirmişdir.
Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov çıxışında demişdir ki, mərkəzə Azərbaycan, rus və ingilis dillərində 153 kitab və elektron məlumat bazaları hədiyyə edilir. Bunlar əsasən, ümummilli lider Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyətinə, respublikanın tarixinə, iqtisadiyyatı, mədəniyyəti və incəsənətinə həsr edilmiş kitablardır. Hədiyyə olunan kitablar arasında akademik Ramiz Mehdiyevin, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun, professorlar Əli Həsənov və İradə Hüseynovanın, digər müəlliflərin siyasət, diplomatiya və beynəlxalq münasibətlərə aid əsərləri də vardır. Prezident Kitabxanası RİMM-ə “Heydər Əliyev. Elektron sənədlər toplusu”, “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri, bəyanatları”, “Xoşməramlı səfir”, “XX əsrin faciəsi - Xocalı soyqırımı” və “Odlar yurdu Azərbaycan” adlı beş elektron məlumat bazası da hədiyyə edir. Sonra “İnterfaks-Azərbaycan” informasiya agentliyinin baş direktoru Aleksandr İvanov bu agentliyin xəbər arxivləri əsasında hazırlanmış “Heydər Əliyev haqqında teleqraf mətnləri” adlı kitabın bir neçə nüsxəsini mərkəzə hədiyyə etmişdir.
Mərkəzin işçilərini bu yaxınlarda yeni binanın istifadəyə verilməsi münasibətilə təbrik edən Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin demişdir ki, RİMM daim Azərbaycan dövlətinin dəstəyini hiss edir. Mərkəzə Prezident Kitabxanası tərəfindən kitablar hədiyyə edilməsi də bunun bir nümunəsidir. V.Doroxin onu da vurğulamışdır ki, Azərbaycan dövləti respublikada rus dilinin qorunmasına və inkişafına böyük diqqət yetirir, bu isə iki ölkə arasında humanitar əlaqələrin inkişafının yüksək səviyyədə olduğunu göstərir.
Sonda səfir V.Doroxin Azərbaycan kitabxanalarının əməkdaşları üçün təşkil edilmiş seminarın iştirakçılarına rus dilində olan informasiya resurslarından istifadəyə dair Rusiya dövlətinin nümunəvi sertifikatlarını təqdim etmişdir. Seminarlar “Possotrudniçestvo”nun təşkilati dəstəyi ilə federal “Rus dili” məqsədli proqramı tərəfindən təşkil olunmuşdur.
Tədbirdə Milli Məclisin deputatları, təhsil, mədəniyyət və turizm nazirliklərinin nümayəndələri də iştirak edirdilər.
AZƏRTAC.- 2011.- 8 fevral.