Prezident Kitabxanası muxtar respublikanın 85 illik yubileyi münasibətilə bu adda internet resurs hazırlayıb

Naxçıvan Muxtar Respublikasının yaradılmasının 85 illik yubileyi ölkəmizdə geniş qeyd olunur. Prezident İlham Əliyevin "Naxçıvan Muxtar Respublikasının 85 illik yubileyinin keçirilməsi haqqında" sərəncamında. da qeyd olunduğu kimi, Azərbaycanın qədim tarixə, zəngin mədəniyyətə və çoxəsrlik dövlətçilik ənənələrinə malik Naxçıvan diyarı çətin, mürəkkəb və eyni zamanda, parlaq inkişaf yolu keçmişdir. Milli istiqlaliyyət yolunda Naxçıvanın atdığı cəsarətli addımlar bütün Azərbaycan xalqı tərəfindən rəğbətlə qarşılanmış, respublikada cərəyan edən ictimai-siyasi proseslərə öz müsbət və həlledici təsirini göstərmişdir. Əsrlərdən bəri Şərq aləminin elmi-mədəni mərkəzlərindən biri olaraq şöhrət tapan bu torpaq neçə-neçə görkəmli alim, sənətkar və tarixi şəxsiyyət yetirmişdir.

Dünən Prezident Kitabxanasında keçirilən tədbir də Naxçıvan Muxtar Respublikasının 85 illik yubileyinə həsr olunmuşdur.

Tədbir iştirakçılarına öncə Naxçıvana dair Prezident Kitabxanasının fondunda saxlanılan kitabların sərgisi təqdim olundu.

Konfrans zalında davam edən tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Mayıl Əhmədov bildirdi ki, Prezident Kitabxanası bu əlamətdar yubiley münasibətilə "Naxçıvan Muxtar Respublikası - 85" adlı internet resurs hazırlamışdır. "Ümumi məlumat", "Tarix", "İdarəetmə sistemi", "Resurslar" adlı 7 bölmədən ibarət olan bu resurs internet istifadəçilərinə muxtar respublika haqqında çox dolğun və operativ məlumat vermək məqsədi daşıyır. Bədxah qonşularımızın Azərbaycanın müxtəlif ərazilərinə, o cümlədən Naxçıvana da olan iddialarını nəzərə alaraq Prezident Kitabxanasının əməkdaşları bu diyarın qədim tarixinə dair müxtəlif mənbələrdə olan məlumatların, sənədlərin toplanmasına xüsusi əhəmiyyət vermişlər. İnternet resursun "Tarix" adlı bölməsində toplanmış və bir neçə fəsildə sistemləşdirilərək istifadəçilərə təqdim edilmiş səhifələrində Naxçıvanın həm qədim dövrlərinə dair tarixi, həm muxtar respublikanın yaradılmasına gətirib çıxaran hadisələr barədə, eləcə də müasir dövrə dair çox maraqlı sənədlər vardır.

Əhmədov qeyd etdi ki, internet resursun "Resurslar" bölməsi haqqında daha ətraflı danışmağa ehtiyac vardır. "Bu bölmədə həm ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdəki, həm də Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfərlərinin xronologiyası tərtib edilmiş, onların muxtar respublikada keçirdikləri müxtəlif görüşlərdə və tədbirlərdəki çıxışlarının tam mətnləri "Heydər Əliyev Naxçıvanda", "İlham Əliyev Naxçıvanda" adlı yarımbölmələrdə istifadəçilərə təqdim edilir."
Kitabxananın direktoru vurğuladı ki, internet istifadəçiləri "Elektron kitablar" yarımbölməsində Naxçıvanın tarixinə, iqtisadiyyatına, mədəniyyətinə və incəsənətinə dair müxtəlif dillərdə olan "Naxçıvan ensiklopediyası", "Naxçıvan abidələri ensiklopediyası", "Qayıdış", "Naxçıvan sancağının müfəssəl dəftəri", N. Vəlixanlının "Naxçıvan - ərəblərdən monqollaradək: VII-XII əsrlər" və digər 20 addan çox fundamental kitabın əməkdaşlarımız tərəfindən hazırlanmış elektron versiyaları ilə tanış ola bilərlər.

Digər bölmələr barədə də ətraflı məlumat verən M. Əhmədov qeyd etdi ki, "Naxçıvan Muxtar Respublikası - 85" adlı internet resursun bütün bölmələri mütəmadi olaraq yeniləşdirilir və onun ingilis dilində olan versiyası isə hazırlıq mərhələsindədir.

Məlumat üçün bildirildi ki, Prezident Kitabxanasının mütəxəssisləri bu günə qədər üç dildə "Odlar Yurdu Azərbaycan", "XX əsrin faciəsi - Xocalı soyqırımı" və "Heydər Əliyev: Elektron sənədlər toplusu" internet layihələrini də hazırlayıb oxucuların istifadəsinə vermişdir. Bu bazalarda toplanmış materiallar tədqiqatçılar, analitiklər və jurnalistlər üçün dəyərli informasiya mənbəyidir.

Milli Məclisin deputatı Eldar İbrahimov qeyd etdi ki, 1993-cü il-dən sonra müstəqil dövlət olaraq varlığını dünyaya sübut edən, xaosdan, anarxiyadan, özbaşınalıqdan, böhrandan xilas olaraq tərəqqi yoluna çıxan, daha dəqiq desək yenidən qurulan müasir Azərbaycan kimi, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının bugünkü inkişafı, ən başlıcası mövcudluğu da ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Naxçıvan əhalisi dövlətçiliyimizin möhkəmləndirilməsi, ərazi bütövlüyümüzün, suverenliyimizin, sərhədlərimizin toxunulmazlığının qorunması, Azərbaycanın demokratik, sivil, hüquqi dövlət kimi tanınması, yeri və rolunu artırması, bir sözlə dünya birliyində müstəqil dövlət kimi tanınması və əsas söz sahibi olması üçün ümummilli lider Heydər Əliyevin respublika rəhbərliyinə qayıdışı uğrunda mübarizənin fəal iştirakçıları olmuşdur.

90-cı illərin əvvəllərində sovetlər birliyinin dağılması ərəfəsində yaranmış vəziyyətdən istifadə edən Ermənistanın Azərbaycana qarşı torpaq iddiası baş qaldıranda muxtar respublika da çətin sınaq qarşısında qaldı. Naxçıvanı Azərbaycanın ərazisi ilə birləşdirən yollar bağlandı, Naxçıvan blokada şəraitində yaşamağa başladı. Azərbaycanın o vaxtkı rəhbərliyinin muxtar respublikanın taleyinə laqeyd münasibəti vəziyyəti daha da çətinləşdirdi. Bir tərəfdən ermənilər Naxçıvana hücum edir, digər tərəfdən isə Azərbaycan rəhbərliyində oturan xainlər erməni dəyirmanına su tökürdülər. Naxçıvanlılar ulu öndər Heydər Əliyevin ətrafında sıx birləşərək, torpaqlarını müdafiə etdilər.

Ulu öndər Heydər Əliyevin siyasi kursunun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın uğurlu gələcəyi üçün geniş imkanlar açır. Bu gün hər bir bölgənin tərəqqisi dövlət başçısının diqqətindədir. Naxçıvan gündən-günə yeniləşir, inkişaf edir. Abadlıq, quruculuq işləri muxtar respublikada da geniş vüsət alıb.

Azərbaycanda son illərdə gedən bütün işləri Naxçıvanın timsalında görmək olar.

YAP İdarə Heyətinin üzvü Kərim Kərimov qeyd etdi ki, Naxçıvan eyni zamanda Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olmaqla geniş sosial-mədəni infrastruktura malikdir. Muxtar Respublikanın Milli Elmlər Akademiyasının elmi idarələri, ümumtəhsil, peşə, musiqi məktəbləri, mədəni- maarif, səhiyyə ocaqları və muzeylərlə yanaşı, çoxlu sayda tarixi abidələri mövcuddur. "Naxçıvan ərazisini götürsək, bu kiçik ərazidə həddindən çox dünya miqyaslı tarixi-memarlıq abidələri yaşayıb və bu gün də yaşayır. Onların hər biri Azərbaycan xalqının həm tarixini, həm mədəniyyətini, həm adət- ənənələrini göstərən abidələrdir... Azərbaycanın siyasi, iqtisadi, mədəni və elmi həyatında özünəməxsus rol oynayan Naxçıvanın hər daşı, hər qayası tarixin canlı şahididir." Ulu öndər Heydər Əliyevin tarixi abidələrimizin qorunması, bərpası, milli-mənəvi dəyərlərimizin inkişafı istiqamətin-də atdığı addımlar bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

"Naxçıvan qədim diyardır" söyləyən Milli Məclisin deputatı Siyavuş Novruzov qeyd etdi ki, qədim tarixə, zəngin mədəniyyətə, çoxəsrlik dövlətçilik ənənələrinə malik olan Naxçıvanın sürətlə inkişafı əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasətin Prezident İlham Əliyevin uğurla davam etdirməsinin və Nax.MR Ali Məclisinin sədri Vasif Talıbovun muxtar respublikaya diqqətinin nəticəsidir. Dövlət başçısı İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının 85 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncamı muxtar respublikaya diqqətin bariz nümunəsidir. Sərəncamda qeyd edilir: "İndi Naxçıvan Muxtar Respublikası milli dövlət quruculuğu prosesinin fəal iştirakçısıdır, ölkəmizin iqtisadi qüdrətinin artırılmasına və intellektual potensialının gücləndirilməsinə dəyərli töhfələr verir."

Sərəncama uyğun olaraq ölkəmizdə keçirilən çoxsaylı tədbirlərdə bu qədim diyarın keçmişinə, bu gününə, onun ölkəmizin tarixindəki roluna və yerinə bir daha nəzər salınaraq, gələcək inkişaf perspektivləri müəyyənləşdirilir.

Millət vəkili Nizami Cəfərov söylədi ki, Şərqin iri elm, mədəniyyət, ticarət və sənətkarlıq mərkəzlərindən sayılan, çoxəsrlik dövlətçilik ənənələrinə malik, qədim və zəngin tarixə malik, siyasi xadimləri, alimləri, şair və ədibləri ilə dünya sivilizasiyasında tanınan Naxçıvan mürəkkəb, çətin, şərəfli inkişaf yolu keçmişdir.

Əsrlər boyu həqiqətən adına layiq olan, "Cahanın nəqşi" sayılan bu torpağı ələ keçirmək istəyənlər çox olsa da fatehləri diz üstə çökdürən qədim diyar qəhrəman övladlarının igidliyi, yenilməzlik simvolu olan qalaları sayəsində düşmənə təslim olmadı.

Tarixçi alim, Milli Məclisin deputatı Yaqub Mahmudov qeyd etdi ki, ötən əsrin sonuncu onilliyində ölkəmizdə baş verən hadisələr muxtar respublikanın ictimai-siyasi həyatına da təsirsiz ötüşmədiyi kimi Azərbaycanın ayrılmaz hissəsi olan və Şərqə açılan qapısı sayılan Naxçıvanın önəmini daha da artırdı. O dövrdə bütün diqqətlər Naxçıvan; yönəlmişdi.

1990-cı ildə doğma vətəni Naxçıvana gələn ümummilli lider Heydər Əliyev bu tarixi qayıdışı ilə Azərbaycanın müstəqilliyi və suverenliyinin əbədiliyi üçün böyük tarixi xidmətlər göstərdi.

Görülən işlərin nəticəsidir ki, Naxçıvan nəinki gözəlliyi, iqtisad inkişafı ilə də digər regionlardan fərqlənir. Muxtar respublikanın paytaxtı tanınmaz dərəcədə dəyişilib, gözəlləşib, müasirləşib. indi muxtar respublikanın elə bir guşəsi yoxdur ki, Azərbaycanda gedən ümumi inkişaf burada hiss olunmasın.

Millət vəkili Fəttah Heydərov çıxışında bildirdi ki, iqtisadi və sosial inkişafın sürətlə davam etdirildiyi Naxçıvana hər gəlişindən məmnun qaldığını, blokada şəraitində yaşasa da burada aparılan quruculuq işlərinin başqaları üçün nümunə olduğunu bildirən Prezident İlham Əliyev muxtar respublikanın davamlı, dinamik inkişaf yolu ilə irəlilədiyini ürək açıqlığı ilə qeyd edir.

Ziyalılar diyarı kimi tanınan muxtar respublikada təhsilin, elmin inkişafı da prioritet sahələrdəndir. Naxçıvan Dövlət Universitetində yaradılan şəraitdən razı qalan əcnəbi qonaqlar belə etiraf edirlər ki, burada dünyanın ən tanınmış ali təhsil ocaqlarından da yaxşı şərait yaradılmışdır. Ali məktəblərə qəbul olunanların sayı ildən-ilə artmaqdadır. Bütün orta təhsil müəssisələri ən müasir İKT avadanlıqları ilə təmin olunmuş, tədrisin keyfiyyəti yaxşılaşdırılmış, modernləşdirilmişdir.

Naxçıvan Muxtar Respublikasının 85 illik yubileyinin yüksək səviyyədə, bütün bölgələrdə qeyd olunması qədim diyarın fədakar insanlarının əməyinə verilən dəyərli töhfədir.

Yeganə Əliyeva,
Nail Rəhimzadə.

 


İki sahil.-2009.-23 aprel.-№ 74.-S.4.