Zəngin kitab aləmi
Prezident Kitabxanasından xoş təəssüratla
Bakının mərkəzində yerləşən və ilk növbədə gözəl memarlıq üslubu olan möhtəşəm binası ilə diqqətçəkən bu kitabxana kitabsevərlərə, tələbələrə, tədqiqatçı alimlər və mütəxəssislərə yaxşı tanışdır. İçəri daxil olduqda binadakı yüksək komfort, burada çalışmaq üçün mükəmməl şərait, ən müasir texniki təchizat və avadanlıq diqqət çəkir. Bura Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasıdır.
Oxucular kitabxananın elektron variantından daha çox istifadə etdiklərindən burada çox sakitlikdir, iş öz axarı ilə gedir. Biz də bu sakitlikdən yararlanıb, kitabxananın tarixinə, bu gününə səyahət etdik.
Əvvəlcə onu bildirək ki, kitabxana 2003-cü ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Bakı şəhərinin iki qocaman kitabxanasının - Mərkəzi şəhər kitabxanasının (keçmiş Lenin adına kitabxana) və Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin nəzdində olan kitabxananın (keçmiş Siyasi Maarif Evinin kitabxanası) bazasında yaradılıb. Mərkəzin əsas vəzifələrindən biri Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının əmək- daşlarına, humanitar elm sahələrində çalışan tədqiqatçılara kitabxana-biblioqrafiya və informasiya xidməti göstərməkdir. Kitab və digər sənəd növləri üzrə fondları formalaşdıraraq informasiya ehtiyatlan yaratmaq, onları mühafizə etmək, ənənəvi və elektron kataloq- kartoteka, biblioqrafik vəsaitlər sistemini tətbiq etmək kitabxananın fəaliyyətinin əsas istiqamətlərini təşkil edir.
XVI-XIX əsrlərdə və XX əsrin əvvəllərində nəşr olunmuş müxtəlif dillərdə olan nadir ədəbiyyat nümunələri saxlanıldığı fondda iqtisadiyyat, siyasət, dövlət quruculuğu, hüquq, fəlsəfə, statistika, tarix, ədəbiyyatşünaslıq və dilçiliyə aid ədəbiy yat üstünlük təşkil edir. Kitabxananın dövri mətbuat fonduna respublikamızda və digər ölkələrdə çap edilən 300 adda jurnal, qəzet və digər dövri nəşrlər daxil olur. Zamanla ayaqlaşan kitabxanada müasir informasiya texnologiyaların tətbiqinə xüsusi önəm verilir. Burada lokal kompyuter şəbəkəsi yaradılıb, internetə çıxış təmin edilib. Hər bir internet istifadəçisi kitabxananın elektron kataloqundan və digər elektron resurslarından istifadə edə bilər. Xüsusi oxucu qruplarına elektron poçt vasitəsilə də biblioqrafik informasiya xidməti göstərilir. 2003-cü ildən etibarən kitabxananın aldığı bütün kitablar haqqında məlumatlar elektron kataloqa daxil edilir. 2004-cü ildən isə fonda daxil olan dövri nəşrlərdəki ən əhəmiyyətli materialların biblioqrafik təsvirləri elektron kataloqun tərkibindəki ayrıca məlumat bazasında yerləşdirilir.
Kitabxananın hər bir zalını ayrıca gözdən keçirdik. İncəsənət ədəbiyyatı zalında 50 min nüsxədən artıq ədəbiyyat, not və patefon valları toplanıb. Burada həmçinin rəssamlıq, musiqi və teatr tarixinə aid nadir kitablar da saxlanılır. İncəsənət ədəbiyyatı zalı maraqlı görünüşü ilə də insanı cəlb edir.
Şərq memarlığı üslubunda bərpa olunan zal elektron vasitələrlə də tam təchiz edilib. Elektron resurslar zalında isə oxucular kitabxanada yaradılmış bütün elektron resurslardan istifadə edə bilərlər. Zalda oxuculara məlumat-biblioqrafiya xidməti ilə yanaşı, müxtəlif texniki xidmətlər də göstərilir.
Kitabxananın Nadir ədəbiyyat zalı (fondu) da çox maraqlıdır. Burada rus, ingilis, alman, fransız, polyak, italyan, eston və s. dillərdə zəngin ədəbi nümunələr toplanıb. Fondda qotika şrifti ilə çap olunmuş qədim alman kitablar toplusu, «Kral Musiqi Akademiyasının təqdimatında Böyük Opera toplusu», Baron de Bayın «Tatarlara: Dərbənddən Yelizavetpola», «Mirzə Şəfinin nəğmələri» və s. nadir kitab nüsxələri saxlanılır. Zallardan əlavə kitabxanada şöbələr, bölmələr də fəaliyyət göstərir.
Kitabxanada bu günə qədər zəngin elektron toplular hazırlanıb. «XX əsrin faciəsi - Xocalı soyqırımı» adlı layihədə faciə ilə bağlı müxtəlif məlumatlar, «Xocalıya ədalət» kampaniyası, Xocalı faciəsinin saytlarda əks olunması və s. materiallar yer alıb. «Heydər Əliyev. Elektron sənədlər toplusu», «Azərbaycan Prezidenti İlham Əliyevin xarici siyasət fəaliyyəti», «Naxçıvan Muxtar Respublikası», «Təcavüz. 20 Yanvar. Bakı 1990» və digər toplular da fakt və materiallarla zəngindir.
«Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri, bəyanatları», «Xoşməramlı səfir», «Əsrin müqaviləsi-15 il», «Azərbaycan diasporu», «Dağlıq Qarabağ müharibəsi», «Azərbaycanlıların soyqırımı və deportasiyası» haqqında ətraflı məlumatlarla isə "Elektron resurslar"da tanış olmaq mümkündür.
Kitabxananın konfrans zalında isə müxtəlif tədbirlər - kitab təqdimatları, mətbuat konfransları, sərgilər, ədəbi-bədii görüşlər, oxucu konfransları keçirilir. Bu zal media mənsublarına da yaxşı tanışdır.
Yeri gəlmişkən, noyabrın 15-dən 19-dək Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Prezident Kitabxanasında respublikanın şəhər, rayon mərkəzləşdirilmiş kitabxana sistemlərinin mütəxəssisləri üçün "Kitabxanaların elektron resurslarının idarə olunması və milli resursların İnternet məkanına çıxarılması" mövzusunda treninq- kurs keçirilib. Treninq iştirakçılarına «Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı»na uyğun olaraq respublika kitabxanalarının dünya informasiya məkanına inteqraşiyası işini sürətləndirmək məqsədilə onlarda müasir tələblərə cavab verən kataloq, elektron resurs və veb saytın təşkili, internetə çıxış və s. mövzularda təlimlər keçirilib. Həmçinin qabaqcıl təcrübə nümunələri təhlil edilərək, kitabxana-informasiya xidmətinin müxtəlif aspektləri üzrə müzakirələr aparılıb. Treninqin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
Gülər Nizamiqızı
Mədəniyyət.-2011-25 noyabr-№ 87.-S. 11.