“Aeroportdan kimsə mənə tərəf gəldi. Bu, Əlif Hacıyev idi”
Amerikalı yazıçı-publisistin kitabından seçmələr
Milliyyətcə ingilis olan Tomas Qolts 1954-cü ildə Yaponiyada doğulub. Amerika Birləşmiş Ştatlarının Şimali Dakota Ştatında böyüyüb və Nyu-York Universitetini Yaxın Şərq üzrə mütəxəssis kimi bitirib. 15 il Türkiyədə və keçmiş SSRİ-nin müxtəlif respublikalarında çalışıb. Həmin illərdə gördüyü və şahidi olduğu faktlar əsasında üç kitab qələmə alıb.
SSRİ-nin çökməsindən sonra isə Tomasın fəaliyyəti postsovet məkanının “qaynar nöqtə”lərində keçib. Onun 1998-ci ildə işıq üzü görmüş “Azərbaycan gündəliyi” (“Azerbaijan Diary”) kitabı canlı şahidi olduğu faktlar və hadisələr, xüsusən Xocalı soyqırımı əsasında ərsəyə gəlib.
2009-cu ilin martında Azərbaycan - Kanada Dostluq Cəmiyyətinin təşkil etdiyi beynəlxalq tədbirdə ermənilərin törətdiyi çoxsaylı terror, təxribat və digər cinayətlər barədə konkret faktlar əsasında danışdığına görə Kanadada fəaliyyət göstərən Erməni Milli Komitəsi ona qarşı “irqçilik” ittihamı irəli sürmüşdü. Yaponiyada doğulmuş, ABŞ-da böyüyüb təhsil almış Amerika yazıçı-publisistinin Qafqaz həqiqətlərini söyləməsini irqçilik adlandıran insanlar hansı məntiqə, arqumentə əsaslandıqlarını heç özləri də bilmirdilər.
Tomas Qoltsun Azərbaycan oxucusu üçün daha maraqlı olan əsərlərindən biri də “Xocalı soyqırımı: milyon imza - bir tələb” kitabıdır. Prezident Kitabxanasının hazırladığı “XX əsrin faciəsi - Xocalı soyqırımı” (XX yüzilliyin sonlarında bəşər tarixinin ən böyük faciələrindən biri - Xocalı soyqırımı haqqında tammətnli elektron nəşr) elektron -resursunda həmin kitabın mühüm hissələrinin azərbaycancası verilmişdir.
Daha geniş məlumat almaq üçün https://khojaly.preslib.az/ saytına müraciət etmək mümkündür.
Oxuculara “Xocalı soyqırımı: milyon imza - bir tələb” kitabından bəzi məqamları təqdim edirik. Qeyd edək ki, bu sətirlər tam bir əsər ardıcıllığı ilə deyil, müəllifin müxtəlif səfərləri zamanı şahidi olduğu məqamlar üzrə hazırlanıb.
... 1992-ci ilin 26 fevral tarixi adi iş günü təsiri bağışlayırdı... Hicran (müəllifin xanımıdır-red.) qəfildən iş otağıma gələndə mən “Vaşinqton Post” qəzetinə məqalə hazırlayırdım. O, Xalq Cəbhəsinin məlumat şöbəsi ilə telefon əlaqəsində olmuşdu və bəzi kədərli xəbərləri var idi: “Ağdamda olan mənbələr məlumat verirdi ki, Qarabağda olan Azərbaycan qaçqınları kütləvi hücumdan qaçıb canlarını qurtarırlar”.
... Hər iki tərəfdən münaqişənin başlanması ilə bağlı şişirdilmiş məlumatlar gəlirdi. Lakin mən, ilk növbədə, telefon zəngləri etməyin ən yaxşı variant olduğunu düşündüm. Qəribəsi o idi ki, hökumətdə heç kəs cavab vermirdi...
... Mən orada əvvəl olmuşdum. Əslində, iki dəfə. İlk dəfə səfərim sentyabr ayında olmuşdu, biz aeroporta doluşaraq Boris Yeltsinin gəlişini gözləyirdik. Sonuncu dəfə mən orada bir ay əvvəl, 1992-ci ilin yanvar ayında olmuşdum. O vaxt artıq Xocalıya getməyin tək yolu ancaq helikopterlə mümkün idi. Çünki ermənilər Ağdama gedən yolu kəsmişdilər.
... Mən kiçik macəranın hamısını yadımda çox yaxşı saxlamışam. Erməni tərəfinin azərbaycanlıların kütləvi surətdə silahlanmaları, helikopterlərinin erməni kəndləri üzərində “uğuldayaraq” əylənmələri və əhalini qorxuya salmaları barədə çoxsaylı məlumatlarına şübhə edərək, qaçqınlarla görüşmək, onların vəziyyəti barədə danışmaq üçün London “İndependent”inin müxbiri Xyu Poupla Ağdama yola düşdüm.
Ağdamda qaçqınları tapmaq çox asan idi. Onlar hər tərəfdə var idi. Ən ağır mərkəzləşmiş ünvan yerli aeroport idi. Qaçqınlardan biri 4 uşaq anası 35 yaşlı Zümrüd Eyvazova idi...Yaxınlıc|da olan helikopterin mühərrikinin səsindən Zümrüd mənim qulağıma qışqırdı: “Nəyə görə hökumət yolu aça bilmir?”, “Nəyə görə onlar bizi güllələnəcək ördəklər kimi uçmağa məcbur edirlər?”
Mənim cavabım yox idi.
Daha sonra, aeroportdan kimsə mənə tərəf gəldi. Bu, Əlif Hacıyev idi. Xocalıda hava limanı təhlükəsizliyinin başçısı idi. Bu cənab bizi 3 ay əvvəl - Yeltsinin səfəri zamanı Ağdamda bir dəstə sərxoş insandan xilas etmişdi. O, həmin vaxt daha şən idi, lakin onun mənə indi də gülümsəməsinə baxmayaraq, artıq o qədər də şən deyildi. Mən onun yaşadığı şəhərdə vəziyyətin necə olduğunu soruşdum.
“Gəl!” - dedi Hacıyev. “Gəl Xocalıya gedək - o zaman sən özün üçün olanları görə bilərsən və cəsarətin olsa, olanları yazarsan”.
Onun arxasında “Mİ - 8” helikopteri dayanmışdı, onun pərləri yavaş - yavaş fırlanırdı. Helikopter artıq təhlükəli dərəcədə insanlar və yemək ehtiyatları ilə dolu idi.
Mən getmirəm! - Poup dedi. - Mənim həyat yoldaşım və uşaqlarım var!
Rotor daha sürətlə fırlanmağa başladı və mən cəld qərar qəbul etməliydim.
“Sonra görüşərik!” - mən ona dedim, amma bunun bir daha mümkün olacağına özüm də tam əmin deyildim. Mən helikopterə daxil oldum. 25 nəfər üçün nəzərdə tutulan bu helikopterdə 50-dən artıq adam var idi.
Eyni zamanda, müxtəlif silah-sursat da yüklənmişdi. Mən öz-özümə düşündüm: bu, dəlilikdir. Hələ geri dönmək üçün vaxt var idi. Lakin artıq gec idi. Helikopter yellənə-yellənə yerdən ayrılmağa başladı. Mən Poupun mənə əl edərək sahədən uzaqlaşdığını gördüm və həmin vaxt onunla bərabər olmağımı arzu etdim.
Uçuş mühəndisinin verdiyi məlumata əsasən, son iki ay ərzində bu bölgədə 20-dən artıq helikopter vurulmuşdu. Bizim uçduğumuz helikopter bir həftə öncə yarım bak yanacaq götürmüşdü. Yanacağın az olması bizim üçün uğurlu idi, çünki güllələr daha yüksəkdən uçuşurdular.
Buludları yararaq keçdiyimiz zaman mən yollarda öz hava körpüləri vasitəsilə Ermənistandan (və yaxud, azərbaycanlı müharibə alverçilərindən) əldə edilmiş benzin və dizel yanacağı ilə dolu hərəkət edən yük maşınlarını və avtomobilləri görürdüm.
Budur, şükürlər olsun ki, nəhayət, saatlarla uzanmış səfər kimi görünən, amma, əslində, bəlkə də 20 dəqiqədən sonra bizim helikopter Xocalı aerodromunda enməyə başladı.
Mən sağam! Qışqırmaq istəyirdim, lakin düşündüm ki, sakit və soyuqqanlı qalmaq daha məqsədəmüvafiqdir. Mən bunu gün ərzində iki dəfə etmişdim. “Özünü necə hiss edirsən?” - deyə Əlif Hacıyev məndən soruşdu.
“Normal, çox yaxşı!” - mən rus dilində ona yalan dedim. Həmin vaxtda, geri dönən yaxınlarını salamlamaq üçün bəzi insanlar helikopterin ətrafına toplaşdı. Hamı orada Azərbaycanın qalan hissələrindən ən son məlumatları almaq üçün toplaşmışdı: qəzetlər, dedi-qodular və şayiələr.
Bu qədər həyəcanın səbəbi aydın idi: Xocalıda heç bir telefon yox idi, heç bir şey işləmirdi; işıq, qızdırıcı, su yox idi. Kənar dünya ilə əlaqə yalnız helikopter vasitəsilə mümkün idi, onlar da hər uçuşlarında təhlükə ilə üzbəüz idilər. Gecə düşən kimi, şəhərin təcrid olunduğu daha açıq şəkildə hiss olunurdu. Mən kiçik qarnizonda Hacıyev və onun bəzi adamlarına qoşuldum və biz XTPD-çilər ilə zəif şam işığında çiy soğan və boyat çörəklə şam etdiyimiz zaman o, mənə sərhəd xətti ilə bağlı məlumat verdi.
Hacıyev məyus halda mənə bildirdi ki, vəziyyət pisdir və getdikcə daha çox pisləşir. Son 3 ay ərzində ermənilər ucqar kəndlərin hamısını bir-bir ələ keçirmişlər. Azərbaycanlıların əlində yalnız iki şəhər qalmışdır: Xocalı və Şuşa və onlar arasında olan yol kəsilmişdir. Mən vəziyyətin pisləşdiyini bilirdim, amma bu dərəcədə pis olmasından heç xəbərim yox idi.
“Bu, sizin Bakının dediyi məlumatlara inandığınız üçün belədir”, - deyə Əlif boğuq səslə bildirdi. “Bizim hamımızı satıblar. Əgər hökumət istəsə, Ağdama gedən yolu bir gündə aça bilər”, - deyə bildirdi.
... Gördüyümüz ilk adamdan Ağdamda nə baş verdiyini soruşduq. O, heç bir şey bilmədiyini dedi. Biz Bərdə adlanan başqa bir şəhərdə dayandıq və baş verən hadisə və şayiələr barədə bir şey öyrənmək üçün sorğu etdik. Hər yerdə məlumatsızlıqla üzləşirdik.
. Ağdama çatdığımız zaman hər şeyin şişirdildiyi barədə düşünməyə başladıq və yeməyə bir şey tapmaq üçün maşını şəhərin mərkəzinə sürdük. Orada qaçqınlarla qarşılaşdıq. Küçələrdə 10, daha sonra 20 və daha sonra yüzlərlə qışqıran və ağlayan Xocalı sakini var idi. Onların çoxu şəhərə əvvəlki səfərlərimlə bağlı məni tanıdı. Onlar paltarımdan yapışır, ölmüş yaxınlarının, dostlarının adlarını sadalayır və məni əsas məscidə bitişik olan “morqa” - ölmüş yaxınlarının cəsədlərini göstərmək üçün apardılar.
Biz əvvəl sağ qalmış insanların dediklərinə inanmağa çətinlik çəkdik: onlar deyirdilər ki, ermənilər Xocalını mühasirəyə alıblar və belə bir ultimatum veriblər ki, ya çıxsınlar, ya da ölsünlər . Daha sonra son günlərdə olanlar barədə söz-söhbət gəzməyə başladı, bunların çoxu da komandir Əlif Hacıyevə aid idi.
Ölümü hiss edərək, Əlif hökumətə, ən azı, bəzi döyüşçü olmayanları xilas etmək üçün helikopterlər yollamasına yalvarsa da, Bakı heç bir şey etməmişdi. Daha sonra fevral ayının 25-i gecəsi, erməni döyüşçüləri şəhərə 3 tərəfdən hücum edirlər. Dördüncü yol qaçqınların qaça bilməsi üçün açıq buraxılmışdı.
Əlif evakuasiya haqqında əmr verib: vuruşan kişilər Qarqar çay vadisi boyunca geri çəkilsinlər, qadınlar, uşaqlar və ağsaqqallar isə bu zaman aşağıdan qaçıb canlarını qurtarsınlar. Alovlu gecədə yollar axtararaq, fevral ayının 26-sı səhərə qədər qaçqınlar Qarabağın ucqarında yerləşən Naxçıvanlı kəndinin hüdudlarına yaxınlaşıblar. Onlar yolu keçərək təpə ilə üzüaşağı - Azərbaycan mövqelərinə tərəf, Ağdama doğru getməyə başlayıblar. Artıq Şelli postundan şəhərə, Ağdama 10 kilometr yol qalırmış.
“Onlar atəş açırdılar, atəş açırdılar və atəş açırdılar” - ağlayaraq Raisa Aslanova adlı qadın bildirdi. Dedi ki, həyat yoldaşı və kürəkəni onun gözləri qarşısında öldürülmüşdür, qızı isə itkin düşmüşdür. Yüzlərlə, bəlkə də, min nəfər mülki şəxs onları müdafiə edən bir ovuc döyüşçü ilə birgə bildirçin ovundakı kimi gülləbaran edilmişdilər. Meyitləri sayırdılar, lakin demək lazım idi ki, cəsədlərin çoxu əlçatmaz yerlərdə qalmışdı, bura sanki insan məskəni deyildi, ölüm məskəninə və qarğalar üçün piknik sahəsinə bənzəyirdi.
Bir gecədə min ölü? Bu qeyri-mümkün kimi görünürdü. Lakin biz arayış aparandan sonra, ölənlərin sayı barədə deyilənlərin həqiqət olduğunu gördük. Ağdamda yerli dini rəhbər imam Sadıx Sadıxov qeydiyyatda olan ölülərin siyahı ilə adlarını çəkərkən, göz yaşları içində boğulurdu. Həmin gün itkin düşən və öldüyü güman edilən, hələ ailəsi tamamilə məhv edilənləri çıxmaq şərti ilə 477 nəfər ölü var idi. 477 nəfər ölü Ağdama qədər gəlmiş və sağ qalmışlar tərəfindən təsdiq edilən ölü sayı idi və onlar, mükəmməl olmasa da, fiziki cəhətdən müsəlman adətlərinə görə 24 saat ərzində basdırılmasını həyata keçirməyə müvəffəq oldular.
“Reuters” agentliyinin jurnalisti Elif Kaban sarsılaraq sanki ağlını itirmişdi. Həyat yoldaşım Hicran iflic kimi olmuşdu. Fotoqraf Oleq Litvin huşsuzluq halına düşmüşdü, mən ona hansısa hədəfi - meyitləri, qəbirləri, yanaqlarını dırnaqları ilə cıran qadınları göstərməyincə, şəkil çəkmirdi. Bəli, öyüməmək üçün güclü mədə lazım idi, lakin indi işləmək, hesabat vermək vaxtı idi: qırğın baş vermişdi və dünya bundan xəbər tutmalıydı.
Biz dəfələrlə xəstəxanalara, “morqa” və getdikcə genişlənən qəbiristanlıqlara baş çəkərək şəhəri gəzdik, müdafiə perimetri boyunca topa-topa gələn sağ qalan insanlardan dəhşətli müsahibələr alırdıq və yenidən şəhərə geri qayıdaraq xəstəxanalara yeni gətirilən yaralıları, ordan da “morq”lara yük maşınları ilə tanınmaq və ənənəyə uyğun olaraq yuyulub torpağa tapşırılmaq üçün gətirilən meyitləri yoxlayırdıq.
Tanış sifətlər axtarırdım və mənə elə gəldi ki, bir neçəsini gördüm, amma əmin deyildim: meyitlərdən birinin gənc veterinar oğlanın olduğu aşkarlandı, onu gözünə yaxın məsafədən açılan atəşlə öldürmüşdülər. Mən Xocalıda olarkən belə bir adamı tanıyıb-tanımadığımı və ya ona təqdim edildiyimi yadıma salmaq istəyirdim, lakin buna əmin ola bilməzdim.
Quruyub qaxaca dönmüş digər meyitlər sanki onların necə qətlə yetirilməsindən xəbər verirdilər: qolları sanki əbədi təslim işarəsi kimi yanlara atılmışdı. Bəzilərinin başlarının dərisi yox idi, sanki skalpları soyulmuşdu... Bu ağır gün idi.
Günortadan xeyli keçmiş, kimsə dedi ki, Gəncədəki rus qarnizonundan kirayə edilmiş hərbi helikopter qırğının baş verdiyi sahə üzərinə uçuş edəcək, beləliklə, biz hava limanına yola düşdük. Uçuş yox idi, lakin mən orada bəzi köhnə dostlarımı gördüm.
Hərbi geyimli bir nəfər təəccüblə “Tomas” deyərək məni qucaqladı və gözləri yaşardı. “Naş naçalnik...” Üzü sızanaqlı bu oğlanın simasında mən Əlif Hacıyevin döyüşçülərindən birini tanıdım, o, bakılı idi, dediyinə görə, Qarabağa hərbi xidmətə gəlməzdən əvvəl bankda işləyirmiş. Ağlamaqdan səsi boğula-boğula rus dilində nə isə demək istəyirdi, lakin bircə bunu deyə bildi: komandir...
Xocalı qarnizonunun bir neçə digər sağ qalmış döyüşçüləri də ətrafımda yığışaraq məni qucaqladılar.
Əlif Hacıyevin komandanlıq etdiyi qırx nəfərlik dəstənin yalnız on üzvü sağ qalmışdı. Üst-başları çirkli, əldən düşmüş və tərə batmış bu insanların yeganə günahı sağ qalmaqları idi. Onlar dəhşətli gecənin və sonrakı günün, komandirləri Əlif Hacıyevin həlak olmasının bütün epizodlarını hissə-hissə danışırdılar.
O, qadın və uşaqları müdafiə edərkən başından aldığı güllə yarasından həlak olmuşdu; qadın və uşaqların çoxusu onsuz da ölmüşdülər.
Axşama yaxın biz şəhərin mərkəzindəki qonaq evinə telefon axtarmaq üçün qayıdanda orada yorulub əldən düşmüş Tamerlan Qarayevlə rastlaşdıq. Əsli Ağdamdan olan bu parlamentin spiker müavini mənim orada gördüyüm azsaylı dövlət rəsmilərindən biri idi. O, Rusiya Daxili İşlər Nazirliyinin Stepanakertdə yerləşən 366 saylı motorlaşdırılmış piyada alayından fərarilik etmiş 2 türkmən əsgərini dindirirdi. Onlar bir həftə qabaq Xocalıya qaçıb gəlmişdilər. Baş vermiş faciənin sonuncu elementi qəfildən yerini aldı: viran edilmiş şəhərə hücum edənlər yalnız ermənilər deyil, ruslar da olublar!
Bu iki nəfər bizə baxmağa başlayan kimi Tamerlan onlara: “danışın, danışın!” - dedi. Onlardan biri, Ağaməhəmməd Mutif danışdı ki, erməni və rus zabitləri bizi müsəlman olduğumuz üçün döyürdülər, ona görə biz də qaçdıq. “Bizim yeganə istəyimiz evimizə, Türkmənistana qayıtmaq idi”.
“Bəs sonra nə baş verdi?”
O birisi dedi: “Onlar şəhərə hücum etdilər”. “Biz bölməmizin döyüş maşınlarını tanıdıq”.
Yadıma komandir Sergey Şukrin düşdü və fikirləşdim ki, görəsən o da bu işə qatılıbmı? Bu iki nəfər şəhəri onun sakinləri ilə birlikdə tərk ediblər, ermənilər və 366-cı alayın əsgərləri qaçanları aşkar etdikdə onlar qadın və uşaqlara dağlardan keçməyə kömək ediblər.
Mutif danışırdı: “Onlar atəş açdılar və təkcə bizim qrupda ən azı 20 nəfər həlak oldu”. “Bundan sonra biz qaçmağa başladıq”.
BBC-nin Moskva müxbirinə qırğın haqqında məlumat verərkən o: “Sən düşünürsən ki, Qarabağda bir hücum nəticəsində ölənlərin sayı dörd il ərzində bizim xəbər verdiyimiz ölənlərin sayından çoxdur? Bu, mümkün deyil”.
“Reuters”ə bax! Onlar heç bir xəbər vermirlər”.
... Doğrudan da, belə idi. Elif Kabanın öz səyyar faks aparatı ilə məlumatları göndərməsinə baxmayaraq, efirə heç nə verilmirdi. Ya kimsə bu məlumatı qırağa qoyurdu və ya “münaqişəli iddialar” adı ilə ümumiləşdirilir, neytral hesabatların içərisinə daxil edirdi. Ədalət naminə demək istəyirəm ki, Bakıdakı hökumət və KİV bizim məlumatları çatdırmağımız üçün yardım etmədi. Biz Ağdama xəbərlər əldə etmək üçün yollananda prezidentin nümayəndəsi iddia edirdi ki, Xocalının mübariz müdafiəçiləri ermənilərin hücumunu dəf ediblər və yalnız iki nəfər həlak olub. Dağlıq Qarabağda adi gecələrdən biri keçib. Biz fərqli məlumatı bilirdik, amma Azərbaycanın dövlət yalan mexanizmi qarşısında cəmi 3 nəfər idik.
Axırda mən “Vaşinqton Post” qəzetinin Moskva bürosuna zəng edərək bir hadisə haqqında məlumat vermək istədiyimi bildirdim. Oranın işçiləri mənim diktə ilə xəbər verəcəyim məlumatı dinləyə bilməzdilər, çox məşğul idilər, amma mənim israrlarımdan sonra məni Vaşinqtonda yerləşən xarici əlaqə bölməsi ilə birləşdirdilər. İmam Sadıxova istinadən mən ölənlərin sayının 477 olduğunu xəbər verdikdə redaktorlar məndən qeyzlə soruşmağa başladılar: bu rəqəmi haradan almısan, axı rəsmi Bakı hələ də 2 nəfərin ölümü haqqında məlumat verir? Bütün meyitləri görmüsən? Bəlkə azdır? Erməni KİV-lərində “Azərbaycan tərəfinin güclü hücumu” haqqında məlumat verilir. Niyə bu haqda sənin hesabatında heç nə yoxdur?”
Bu məlumatın mənim hesabatımda olmamağının səbəbini belə bir şeyin baş vermədiyi üçün demək istəyirdim ki, Ağdama “Kristal” tipli birinci raket düşdü və mənim telefonla danışdığım qonaq evindən təxminən 2 kilometr aralıda partladı. Ondan sonra digərləri də partlamağa başladı, qonşu binadakı partlayışdan yaşadığımız qonaq evinin pəncərələri sınıb töküləndə qərara gəldik: nə qədər ki, göyə sovrulmamışıq, telefonla danışmağı bitirək və düşək zirzəmiyə...
Hazırladı: İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.-2019.-26 fevral.-№46.-S.9.