AzərTAc xəbər verir ki, Kitabxana Assosiasiyaları və İnstitutları Beynəlxalq Federasiyasının (İFLA) prezidenti xanım Ellen Tisen Bakıya işgüzar səfəri çərçivəsində noyabrın 25-də Prezident Kitabxanası ilə tanış olmuşdur.

Kitabxananın direktoru Mayıl Əhmədov artıq 5 ildir fəaliyyət göstərən bu elm ocağının tarixi, strukturu, fəaliyyəti, kitab fondu barədə məlumat vermiş, qonağı başçılıq etdiyi qurumla tanış etmişdir. O, ümummilli lider Heydər Əliyevin ölkəmizdə Prezident Kitabxanası yaradılması barədə qərarından

sonra özünün İFLA-nın Qlazqo şəhərində keçirilən 68-ci konfransında iştirakından, Prezident Kitabxanasına daxil olan kitabların Elektron Kataloqa daxil edilməsindən və burada Avtomatlaşdırılmış Kitabxana Proqramı yaradılmasından danışmışdır. Direktor Prezident İlham Əliyevin iki il əvvəl kitabxanada olması, dəyərli məsləhətləri ilə onun fəaliyyətinə dəstək verməsi haqqında söhbət açmışdır. Ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın kitabxana ilə tanış olmasını, görülmüş işlərlə maraqlanmasını diqqətə çatdırmışdır.

Xanım E.Tisen Prezident Kitabxanasının fondunda dövlət quruculuğu, ölkəşünaslıq, ictimai-siyasi, hüquqi, iqtisadiyyat, incəsənət, ədəbiyyatşünaslıq, dilçilik bölmələrinə maraqla tamaşa etmişdir. Qonaq kitabxananın şəraiti, şöbələrin fəaliyyəti ilə tanış olmuşdur. Kitabxananın fondundan, otaqların müasirliyindən, səviyyəsindən razı qalan xanım Ellen bu elm ocağı barədə müsbət fikirlər söyləmişdir. O bildirmişdir ki, İFLA-nın növbəti konfransında Azərbaycan kitabxanalarının İFLA-da geniş təbliği və əməkdaşlığın hərtərəfli inkişafı üçün əlindən gələni edəcəkdir.

Görüş çərçivəsində E.Tisen jurnalistlərin və əməkdaşların suallarına cavab vermişdir. O, ümumiyyətlə, dünyanın heç bir yerində azərbaycanlıların qonaqpərvərliyi, sevgisi qədər xoş münasibət görmədiyini bildirmişdir.

 


AZƏRTAC.- 2008.- 25 noyabr.