Kitaba bağlı mənalı ömür yolu
Müasir dövrdə Azərbaycanda kitabxana işinin inkişafında, onun zamanın tələbləri səviyyəsinə çatdırılmasında xüsusi əməyi olan insanlardan biri də bu günlərdə 70 yaşı olacaq M.F. Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru, professor, Əməkdar mədəniyyət işçisi Kərim Tahirovdur.
Kərim Məhəmməd oğlu Tahirov 1951-ci il noyabr ayının 12-də Azərbaycanın səfalı Qarabağ diyarında, Ağcabədi rayonunda anadan olmuşdur. Orta təhsilini öz rayonunda başa vurduqdan sonra o,1973-1978-ci illərdə Azərbaycan Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsində ali təhsil almışdır. Təhsil illərində fərqlənən gənc məzuna yüksək etimad göstərildi və o, 1979-cu ildə təyinatla gənc mütəxəssis kimi ölkəmizdə kitabxana işinin flaqmanı olan M.F.Axundov adına Azərbaycan Dövlət Kitabxanasına göndərildi. Əmək fəaliyyətini Elmi-metodiki şöbədə böyük kitabxanaçı kimi başlayan Kərim Tahirov sonradan baş kitabxanaçı, böyük redaktor, bölmə müdiri vəzifələrində çalışaraq 1983-cü ilə qədər bu şöbədə işləmişdir. 1983-1988-ci illərdə o Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin baş Kitabxana Müfəttişliyinin böyük müfəttişi və rəisi vəzifələrində çalışmışdır. Sonrakı illərdə o Mədəni-maarif Müəssisələri İdarəsinin, Mədəni-kütləvi işlər, Kitabxana və Muzey işləri Baş İdarəsinin baş müfəttişi, Kitabxana və Muzey işləri baş idarəsinin rəisi vəzifəsində işləyərək respublikada kütləvi kitabxanalar sistemindəki kitabxanaların və muzeylərin fəaliyyətinə rəhbərlik etmişdir.
Kərim Tahirovun əmək fəaliyyətinin sonrakı dövrü yenə də gənc mütəxəssis kimi fəaliyyətə başladığı kitabxana ilə bağlı olmuşdur. 2000-2005-ci illərdə o M.F.Axundov adına Azərbaycan Dövlət Kitabxanasının Metodik və nəşriyyat işləri üzrə direktor müavini vəzifəsində çalışmışdır. Onun əmək fəaliyyətinin ən məhsuldar dövrünün məhz bu kitabxanada işlədiyi illərə təsadüf etdiyini desək yəqin ki, yanılmarıq. Bu dövrdə, yeni minilliyin ilk illərində dünyanın qabaqcıl ölkələrində kitabxana işində inqilabi səciyyəli yeniliklər baş vermiş, yeni texnologiyaların, metodların tətbiqi geniş vüsət almışdı və bu fonda M.F.Axundov adına Azərbaycan Dövlət Kitabxanasının qarşısında da çox mühüm vəzifələr dururdu. Kərim müəllim məhz belə bir mürəkkəb məqamda, 2005-ci ildə Kitabxananın direktoru vəzifəsinə təyin edildi. Bu təyinatdan dərhal sonra o, intensiv şəkildə Kitabxananın müasirləşməsi, burada yeni texnologiya və metodların tətbiq edilməsi istiqamətində işlərə başladı. Qarşıda duran ilk vəzifə Kitabxanada kompüterləşdirmə, informasiyalaşdırma işinin maddi-texniki və proqram bazasının və server sisteminin yaradılması, keyfiyyətli internet rabitəsinin təşkil edilməsi idi. Belə bir vəziyyətdə Kərim Tahirovun idarəetmə bacarığı, məqsədəyönlü və ardıcıl şəkildə çalışmağa imkan verən işgüzarlığı, yüksək iş qabiliyyəti bariz şəkildə özünü göstərdi.
Kitabxananın qarşısında duran, təcili həll edilməsi zəruri olan əsas vəzifələrindən biri də kitabxana proseslərinin kompleks avtomatlıaşdırılması və onun vacib tərkib hissəsi kimi planauyğun şəkildə elektron kataloqun və elektron resursların formalaşdırılmasına başlamaq, bu məqsədlə bir sıra texniki, təşkilati problemləri həll etmək idi. İlk istiqaməti kimi ənənəvi informasiya daşıyıcılarına yazılmış informasiyanın elektron daşıyıcılara köçürülməsi, kitabxananın fondunda olan mikrofilmlərin, köhnə tipli multimedia sənədlərin(qrammofon vallarının, maqnitofon kasetlərin) elektron formaya çevrilməsi, kompakt disklərə yazılması işinə başlandı. Bununla paralel olaraq kitabxana işçilərinin informasiya texnologiyaları üzrə biliyinin artırılması üzrə ardıcıl işlər aparıldı ki, az bir müddət ərzində kitabxananın işçilərindən əksəriyyəti kompüterlə, digər zəruri avadanlıqla işləmək vərdişləri əldə etdilər və kitabxana proseslərinin kompleks avtomatlaşdırlması işində ayrı-ayrı funksional iş yerlərində çalışmağa başladılar. Bu işlərlə paralel olaraq Kitabxananın geniş məzmunlu, lazımi informasiya ilə zəngin internet saytı yaradılaraq istifadəyə verildi. Bu zaman istifadəçilər üçün saytdan keçərək on layn üsulla Kitabxananın elektron kataloquna daxil olmaq üçün imkan da yaradıldı. Tez bir zamanda Kitabxananın internet saytı və on layn kataloqu istifadəçilər arasında yüksək populyarlıq qazandı.
Məlumdur ki, yeni texnologiyalara keçən kitabxanaların qarşısında duran mürəkkəb vəzifələrdən biri onilliklər ərzində formalaşmış, fondundakı sənədləri əks etdirən ənənəvi kataloq-kartoteka sistemindəki informasiyanın mümkün qədər tez bir zamanda elektron kataloqa keçirilməsi məsələsidir. Az bir zamanda kitabxana fondunu təşkil edən sənədlərin əhəmiyyətli hissəsinin elektron kataloqda əks etdirilməsi üçün Kərim Tahirov Milli Kitabxananın bütün qüvvəsini səfərbər edə bildi, xeyli sayda kitabxanaçıya elektron kataloqun yaradılması metodları öyrədildi və bu istiqamətdə fəaliyyət intensiv şəkildə aparılmağa başladı. Qısa müddətdən sonra, 2008-ci ildən etibarən nəinki ölkəmizdən, hətta dünyanın istənilən məkanından olan istifadəçilər bu kataloqa daxil olub müəlliflik hüququnun şərtləri daxilində lazımi sənədin elektron nüsxəsini sifariş verə bilirlər.
Kitabxanada Kərim Tahirovun təşəbbüsü ilə həyata keçirilməyə başlayan digər maraqlı istiqamət tematik on layn informasiya toplularının-Kitabxana tərəfindən “məlumat bazası” adlandırılan informasiya məhsullarının tərtib edilməsi oldu. Belə ki, kitabxanaçılar cari dövrdə hansı mövzunun aktual olduğunu, oxucuların hansı məsələyə daha çox maraq göstərdiyini müəyyənləşdirir və bundan sonra həmin mövzuya dair kitablar, dövri nəşrlərdəki məqalələr, digər çap materialları, illüstrativ materiallar (fotolar, video materiallar) seçilərək onların elektron versiyaları yaradılır, mövzu ilə əlaqəli biblioqrafik siyahılar tərtib edilir, bütün bunlar xüsusi tərzdə dizayn edilir və Kitabxananın saytına yerləşdirilir. Onlardan bir çoxu görkəmli şəxslərə, əlamətdar hadisələrə, yubileylərə həsr edilir.
2008-ci ildə Rusiya Dövlət Kitabxanasının Elektron dissertasiyalar fondundan istifadə edilməsi üçün Milli Kitabxanada xüsusi guşənin yaradılması çox əhəmiyyətli layihə idi. İndi burada xüsusi məkanda Rusiya Federasiyasında müdafiə edilmiş dissertasiyaları on layn oxumaq mümkündür. Bunun ardınca Kitabxanada ölkəmizdə müdafiə edilmiş dissertasiyaların avtoreferatlarının tam mətninin internet saytı vasitəsi ilə istifadə imkanının yaradılması üzrə layihə həyata keçirildi. Belə ki, kitabxanaya daxil olan avtoreferatlar biblioqrafik baxımdan işlənir, mətn skan edilir, sistemə yerləşdirilir və on layn əlyetərlik təmin edilir. Bu cür maraqlı resursun yaradılması bir çox elm sahələri üzrə tədqiqatçıların intensiv sənəd-informasiya tələbatının asanlıqla ödənilməsi üçün gözəl imkanlar yaratdı.
Hörmətli həmkarımızın Milli Kitabxanaya rəhbərlik etdiyi dövr ərzində diqqəti cəlb edən başqa bir fəaliyyət istiqaməti onun dünyanın kitabxana işi sahəsində aparıcı təşkilatları ilə, digər ölkələrin milli kitabxanaları, elmi müəssisələri ilə əlaqələrinin yaradılması və onlarla əməkdaşlığın təşkil edilməsi oldu. Bunlardan ilk növbədə dünyada kitabxana işi sahəsində əsas beynəlxalq təşkilat olan İFLA-nı (Kitabxana Assosiasiyaları və Təsisatlarının Beynəlxalq Federasiyası) göstərmək olar ki, Milli Kitabxana ona üzv olmuşdur. IFLA-nın məqsədi beynəlxalq kitabxana əməkdaşlığını gücləndirmək və bütün dünya kitabxanaları üçün yüksək səviyyəli kitabxana xidmətlərini, kitabxana işi sahəsində elmi tədqiqatları dəstəkləməkdir.
Kərim müəllimin təşəbbüsü ilə Kitabxananın üzvlüyə qəbul olunduğu digər təşkilat CENL (Avropa Milli Kitabxanalar Konfransı təşkilatı) Avropanın 46 ölkəsinin milli kitabxanalarını əhatə edən, 1987-ci ildən fəaliyyət göstərən nüfuzlu qurumdur, CENL qitənin mədəni irsinin qorunması və onu hamı üçün əlyetər etmək üçün Avropanın milli kitabxanalarının işini inkişaf etdirməyi qarşıya məqsəd qoyur. Təşkilatın missiyası Avropanın milli kitabxanalarının işini inkişaf etdirmək, birlikdə daha yaxşı işləmək və kitabxanaların təkbaşına edə biləcəyindən daha çox şeyə nail olmaqdır. Milli Kitabxana bu quruma üzv olaraq onun tədbirlərində fəal iştirak edir, digər üzvlərlə faydalı əməkdaşlıq həyata keçirir.
Milli Kitabxananın üzvü və təsisçilərdən biri olduğu başqa bir təşkilat MDB ölkələrinin aparıcı kitabxanaları tərəfindən yaradılmış Avrasiya Kitabxana Məclisidir. Təşkilat öz sıralarında MDB ölkələrinin 8 kitabxanasını birləşdirir və qarşısında ümumi kitabxana-informasiya məkanının, milli mədəni irsin qorunub saxlanması və inkişafı sahəsində səylərin birləşdirilməsini, kitabxana fondlarının, o cümlədən elektron verilənlər bazalarının, elektron kitabxanaların və kataloqların inkişaf etdirilməsini və digər vəzifələri qoyur. Milli Kitabxana bu təşkilatın üzvləri ilə sıx əməkdaşlıq edir, birgə layihələr həyata keçirir. Bundan əlavə, Milli Kitabxana dünyanın bir sıra milli və digər kitabxanaları ilə qarşılıqlı faydalı əlaqələr həyata keçirir, kitab mübadiləsi aparır, təcrübə mübadiləsi edir, sərgilər təşkil edir və digər işlər aparır.
Kərim Tahirov nəinki gözəl kitabxana mütəxəssisi, praktiki, həm də istedadlı alimdir. O, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının yaranması və inkişafı prosesini dərindən tədqiq edərək 2009-cu ildə "M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının yaranması və inkişafı (1923-1959-cu illər)" mövzusunda dissertasiya işini uğurla müdafiə edərək tarix elmləri namizədi (tarix üzrə fəlsəfə doktoru) alimlik dərəcəsi almışdır. Qeyd edək ki, K. Tahirovun tarixi araşdırmaları Milli Kitabxananın yeni inkişaf strategiyasının formalaşmasında mühüm rol oynamışdır. Kərim Tahirov. "M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının tarixi (1923-2008-ci illər)" adlı monoqrafiyanın, "Dünya milli kitabxanaları: M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası" adlı dərs vəsaitinin, 50-dən artıq kitab, kitabça, metodik vəsaitin və fundamental biblioqrafik göstəricinin müəllifi, tərtibçisi və redaktoru, 200-dən artıq elmi məqalənin müəllifidir. Kərim Tahirov müxtəlif ölkələrdə keçirilən elmi konfranslarda və simpoziumlarda məruzələrlə çıxış etmiş, məqalələri bir sıra ölkələrin elmi jurnallarında dərc olunmuşdur. O. "Azərbaycan Milli Kitabxanasının Elmi Əsərləri"nin, "Əlamətdar və tarixi günlər təqvimi"nin, "Azərbaycan kitabı" on cildlik milli biblioqrafik repertuarının baş redaktorudur
Kərim Tahirov həm də Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsində pedaqoji fəaliyyətlə məşğul olur. O, 2012-ci ildə BDU Kitabxanaşünaslıq kafedrasının dosenti, 2013-cü ildə isə professoru olmuşdur. Professor Kərim Tahirov BDU-nun kitabxanaşünaslıq və biblioqrafiyaşünaslıq ixtisasları üzrə İxtisaslaşdırılmış Dissertasiya Şurasının üzvüdür.
Professor Kərim Tahirovun fəaliyyəti layiqincə qiymətləndirlmiş, o, 2008-ci ildə Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi fəxri adına layiq görülmüş, 2013-cü ildə "3-cü dərəcəli Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir. Milli Kitabxananın fəaliyyətinin səmərəli təşkilinə və inkişafına görə fəxri fərman, döş nişanı və diplomlar almışdır.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının kollektivi adından əziz həmkarımızı, istedadlı kitabxana xadimi, alim və pedaqoq, professor Kərim Tahirovu 70 illik yubileyi münasibəti ilə təbrik edir, ona yeni-yeni uğurlar və möhkəm can sağlığı arzulayırıq.
Mayıl Əhmədov
Prezident Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi
Əliyusif Məmmədov
Prezident Kitabxanasının bölmə müdiri
Respublika. - 2021.- 12 noyabr. - № 244. - S. 11.