Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında Azərbaycan və ingilis dillərində yaradılan və  yerləşdirilən “Naxçıvan Muxtar Respublikası-100” elektron layihəsi yeni materiallarla zənginləşdirilib.

Kitabxanadan bildirilib ki, Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı prezident sərəncamına uyğun olaraq yaradılan elektron layihə 7 əsas, 47 alt bölmədən ibarətdir. Bölmələrdə Naxçıvanın həm qədim dövrlərinə, həm də muxtar respublikanın yaradılmasına gətirib çıxaran hadisələr barədə, eləcə də müasir dövrə dair sənədlər toplanıb. Yarımbölmələrdə Naxçıvanın müxtəlif dövrlərdəki inzibati-ərazi və idarəetmə forması barədə sənədlərlə, həmçinin Prezident Kitabxanasının əməkdaşları tərəfindən tərtib edilmiş Naxçıvan tarixinin xronologiyası ilə də tanış olmaq mümkündür.

Layihədə Ümummilli lider Heydər Əliyevin Azərbaycanın dövlət başçısı olduğu dövrlərdə və Prezident İlham Əliyevin son 20 ildə Naxçıvan Muxtar Respublikasına səfərlərinin xronologiyası tərtib edilib. Eyni zamanda, onların Naxçıvanda keçirdikləri müxtəlif görüşlər və iştirak etdikləri tədbirlərdəki çıxışlarının tam mətnləri təqdim olunur.

İstifadəçilərə Naxçıvanın tarixinə, iqtisadiyyatına, mədəniyyətinə və incəsənətinə dair müxtəlif dillərdə 130 fundamental elektron kitab və dövri mətbuatda dərc edilmiş 600 seçmə məqalənin tam mətni təqdim olunur. Biblioqrafiya bölməsində Naxçıvana dair operativ informasiya ilə maraqlanan oxucular üçün Prezident Kitabxanasının fondunda olan 440 kitabın, 188 avtoreferatın və dövri mətbuatda dərc edilmiş 2900 məqalənin biblioqrafik təsvirləri verilib.

Kitabxananın oxu salonunda isə “Naxçıvan Muxtar Respublikası-100” kitab sərgisi təşkil olunub.

 

Xalq qəzeti. - 2024. - 10 fevral. - № 29.- S. 6.