Prezident Kitabxanası beş ildə müasir kitabxana-informasiya mərkəzinin bütün atributlarını özündə əks etdirə bilib
Dünən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının yaradılmasının 5 illiyinə həsr olunmuş "Dövlət idarəetmə orqanlarının sənəd-informasiya təminatı: müasir vəziyyəti və inkişaf perspektivləri" mövzusunda elmi praktik konfrans öz işinə başlamışdır. Konfransda dünyanın bir çox ölkələrindən prezident kitabxanalarının direktorları, elm adamları iştirak edirdilər. Konfrans iştirakçıları əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin məzarını ziyarət etdilər. Sonra Prezident Kitabxanasının konfrans zalında tədbirə toplaşdılar. Prezident Kitabxanasının direktoru Mail Əhmədov konfransı açaraq tədbirin iştirakçılarını, qonaqları təqdim etdi.
Sonra Azərbaycan Respublikası Prezidenti İşlər müdirinin müavini Oktay Şahbazov çıxış etdi. Konfrans iştirakçılarını salamladı. Prezident və Parlament kitabxanalarının qarşılıqlı əlaqələrindən, bu işin əhəmiyyətindən danışdı. Sonra artıq 5 yaşı tamam olan Prezident Kitabxanası haqqında qısa məlumat verdi.
O.Şahbazov bildirdi ki, Prezident Kitabxanası 2003-cü ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Mərkəzi Şəhər Kitabxanasının və Prezidentin İşlər İdarəsinin Təsərrüfat şöbəsinin kitabxanasının bazasında yaradılıb. 2005-ci il dekabrın 9-da cənab İlham Əliyevin sərəncamı ilə kitabxanaya Prezidentin İşlər İdarəsinin bölməsi statusu verilib. Ötən il yanvarın 9-da cənab İlham Əliyevin sərəncamı ilə Prezident Kitabxanası adlandırılıb.
Kitabxananın komplektləşdirmə, kitabişləmə və elektron, Prezident, dövlət idarəçilii və ölkəşünaslığa dair ədəbiyyatın bioqrafiyası, Kitabxana fondu, İnformasiya, biblioqrafiya və kitabxana xidməti, kitabxana işinin avtomatlaşdırılması və elektron resurslar şöbələri, Nadir ədəbiyyat və İncəsənət ədəbiyyatı fondları var. Həmçinin böyük oxu, konfrans, elektron resurslar zalları, soraq-biblioqrafiya aparatı, kitabxana proseslərinin avtomatlaşdırılması sistemi mövcuddur. Beynəlxalq əlaqələri çox genişdir. Kitabxananın qonağı olan, bu sahədə zəngin təcrübəsi olan xarici mütəxəssislər Prezident Kitabxanasının təşkilinə, fəaliyyətinə çox yüksək qiymətlər verirlər, hətta heyrətlərini də bildirirlər.
O.Şahmazov çıxışının sonunda konfransın işinə uğurlar arzuladı və bu tədbirin səmərəli olacağına əminliyini bildirdi.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Prezident Kitabxanasının yaradılmasının əhəmiyyətindən, onun kollektivinin fədəkar əməyindən danışdı. Belə tədbirlərin dövlətlərarası əlaqələrin yüksəlməsində də müsbət rolunu qeyd etdi. Əmin olduğunu bildirdi ki, bu konfrans hər kəs üçün əhəmiyyətli olacaq.
Sonra kitabxananın direktoru Mayıl Əhmədov "Dövlət idarəetmə orqanları əməkdaşlarının sənəd - informasiya təminatı sahəsində Prezident Kitabxanasının iş təcrübəsi" mövzusunda məruzə ilə çıxış etdi.
Məruzəçi əvvəlcə elmi-praktik konfransın keçirilməsinə əsas məqsədləri açıqladı. Bildirdi ki, bu konfransda ali dövlət idarəetmə orqanlarının, ilk növbədə icra strukturlarının keyfiyyət və operativliyə daha yüksək tələblər verilməsi şəraitində kitabxana-biblioqrafiya və informasiya təminatının ümdə məsələlərini müzakirə etmək fikrindəyik. Burada xüsusi diqqət cəmiyyətin informasiyalaşdırılması, informasiya texnologiyalarının kitabxana sahəsinə tətbiqi şəraitində kitabxanamızın təcrübəsinin öyrənilməsinə və kitabxana proseslərinin kompleks avtomatlaşdırılması sistemlərinin yaradılması məsələlərinə yönəldiləcəkdir.
Belə bir konfransın Azərbaycan Respublikasının Prezident Kitabxanasında keçirilməsi onun respublikamızın kitabxana quruculuğundakı rolunu və əhəmiyyətini ölkə rəhbərliyinin kitabxana işinə, cəmiyyətin sənəd-informasiya təminatının yaxşılaşdırılmasına, sənəd-informasiya ehtiyatlarının yaradılmasına və həmin ehtiyatlara azad, sərbəst nail olunmanın təmin edilməsinə olan qayğını göstərir:
-- Bu gün Prezident Kitabxanası sənəd fondları və biblioqrafik ehtiyatlar yaradılması, kitabxana proseslərinin avtomatlaşdırılması, müasir kitabxana-informasiya texnologiyalarının tətbiqi sahəsində əhəmiyyətli vəzifələr yerinə yetirir. Bu, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının, mərkəzi və yerli icra orqanlarının, ictimai və humanitar elmlər sahəsində çalışan tədqiqatçılara keyfiyyətli kitabxana - biblioqrafiya və informasiya xidmətinin təşkil edilməsinə imkan yaradır. Azərbaycan dövlətçiliyinə, milli ideologiyaya və azərbaycançılığa dair ədəbiyyatın təbliği mərkəzi kimi kitabxana həm də ümummilli lider Heydər Əliyevin zəngin irsinin və onun haqqında ədəbiyyatın toplanması, saxlanması və təbliği üzrə vacib funksiyaları yerinə yetirir. Kitabxananın yubileyi ərəfəsində onun əsərlərinin Azərbaycan Respublikası Prezidenti İcra Aparatının rəhbəri, akademik Ramiz Mehdiyevin rəhbərliyi ilə "Azərnəşr" tərəfindən nəşr edilmiş 20 cilddən ibarət "Müstəqilliyimiz əbədidir" çoxcildliyinin elektron versiyası hazırlanmış və tələbatçıların istifadəsinə təqdim edilmişdir. Bu cildlərdə Heydər Əliyevin 1993-cü ilin iyun ayından 1999-cu ilin avqust ayına qədər olan dövrə aid fəaliyyəti əks olunmuşdur.
Prezident Kitabxanası təşkil edilərkən onun müasir tələblərə cavab verən mədəniyyət və informasiya mərkəzi kimi fəaliyyət göstərməsi məqsədilə xeyli müzakirələr aparılmış, digər ölkələrin analoji strukturları, prezident kitabxanaları ilə əlaqə yaradılmışdır. Mütəxəssislərimiz Rusiya Prezidenti Administrasiyasının və Dövlət Dumasının kitabxanalarına ezam olunmuş, onların iş təcrübələri öyrənilmişdir. Eyni zamanda, xüsusi mütəxəssis qrupu tərəfindən müasir dövrdə MDB ölkələrinin kitabxanalarında tətbiq olunan kitabxana-biblioqrafiya proseslərinin kompleks avtomatlaşdırılması sistemlərinin imkanları təhlil edilmişdir. Nəticədə kitabxanamız üçün "İRBİS-64 -- Kitabxanaların Avtomatlaşdırılma Sistemi"nin tətbiqi daha məqbul hesab edilmişdir. "İRBİS-64"-ün ən çox istifadə edilən əməliyyat sistemləri əsasında qurulması kitabxana-biblioqrafiya proseslərinin bütün mərhələlərini əhatə etməsi, iş prosesində davamlılığı, korporativ şəbəkələrlə əlaqəli işləmək imkanı, beynəlxalq standartları və təsnifat sistemlərini, Web texnologiyalarını dəstəkləməsi və s. müsbət cəhətləri əsas götürülmüşdür. Bu sistem Prezident Kitabxanasında fundamental elektron kitabxana yaradılması və oxuculara məsafədən xidmət texnologiyasını tətbiq etməyə imkan vermişdir. Kitabxanaların Avtomatlaşdırılması Sisteminin tətbiqindən keçən az bir müddət ərzində kitab fondunun böyük bir hissəsini əks etdirən biblioqrafik informasiyanın Elektron Kataloqa daxil edilməsi tamamilə başa çatmışdır.
Qeyd edildi ki, hazırda Elektron Kartotekanın Verilənlər Bazası ən vacib məqalələri və dövri nəşrlərdən götürülmüş digər materialları əks etdirən 100 mindən artıq biblioqrafik yazını əhatə edir. Tam - mətnli Verilənlər Bazasında isə əsasən siyasi, iqtisadi, hüquqi mövzulu elmi və publisistik məqalələri əks etdirən 50 mindən artıq mətn faylı toplanmışdır. Verilənlər Bazasına həm də qanunların və digər rəsmi sənədlərin mətnləri daxildir.
Kitabxanada ən yeni texniki vasitələrlə təchiz edilmiş 14 oxucu yeri olan elektron ruserslar zalı yaradılmışdır. Bu zalın tərkibində CD, DVD və digər informasiya daşıyıcıları toplanmış Elektron Media fondu təşkil edilmişdir.
2003-cü ildən başlayaraq Kitabxanaların Avtomatlaşdırılma Sistemi vasitəsilə kitabxanaya daxil olan bütün ədəbiyyata dair biblioqrafik informasiya elektron kataloqa daxil edilir. Bu isə oxuculara lokal şəbəkə vasitəsi ilə həm kitabxananın özündə, həm də kitabxanaya gəlmədən Web səhifəsi vasitəsilə onun fondu ilə tanış olmaq imkanı yaradır.
Avtomatlaşdırma sisteminin vasitəsilə elmi-tədqiqat, analitik və ictimai-siyasi fəaliyyətlə məşğul olan oxucu qruplarına yardım məqsədi ilə 13 adda daim yeniləşən tammətnli elektron nəşr, 7 adda elektron biblioqrafik göstərici yaradılmışdır.
Məruzəçi kitabxanada hazırlanmış elektron resurslar içərisində Azərbaycan, rus və ingilis dillərində hazırlanmış "Odlar yurdu Azərbaycan" adlı geniş ölkəşünaslıq elektron nəşrlər toplusunu xüsusi qeyd etdi. Bildirdi ki, burada respublikamız haqqında zəngin material toplanmışdır. Toplunun ingilis və rus versiyaları məhz bu gün - konfransın açılış günündə təqdim edildi. Bu elektron informasiya resursunun ölkənin, inzibati-ərazisi bölgüsü, tarix, iqtisadiyyat, mədəniyyət, azərbaycançılıq kimi bölmələrindən kitabxananın internet səhifəsindən istifadə edənlər getdikcə çoxalır.
İstifadəçilər üçün xüsusi maraq kəsb edən digər bir elektron toplu özündə ümummilli lider Heydər Əliyevin prezidentliyi dövründə etdiyi çıxışların, məruzələrin, nitqlərin, müsahibələrin tam mətnini əhatə edir. Bu elektron toplu görkəmli dövlət xadiminin zəngin irsinin öyrənilməsi üçün qiymətli mənbədir.
M.Əhmədov məruzəsində bildirdi ki, informasiya tutumu baxımından zəngin mənbələrdən biri də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2003-cü ilin oktyabr ayından başlayaraq, etdiyi bütün nitqlərinin, məruzələrinin, çıxışlarının və müsahibələrinin tammətnli elektron nəşridir. "İlham Əliyev və Azərbaycan neft diplomatiyası", "Əsrin müqaviləsi-10 il" adlanan təmmətnli elektron nəşrlərdə isə ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən Azərbaycanın yeni neft strategiyasına, indiyədək imzalanmış neft müqavilələrinə, Azərbaycan neftinin dünya bazarlarına nəqli ilə bağlı keçirilən rəsmi görüşlərə, təntənəli mərasimlərə, ixrac boru kəmərlərinə, neft və qaz sərgilərinə, Dövlət Neft Fonduna dair zəngin materiallar toplanmışdır. "Xoşməramlı səfir" adlanan tammətnli elektron nəşrdə Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın genişmiqyaslı fəaliyyətinə dair materiallar toplanmış və mütəmadi olaraq yeniləşdirilir.
Qeyd edildi ki, Ermənistanın hərbi təcavüzü nəticəsində işğal olunmuş 20 faiz ərazilərimizdə bütün maddi-mədəniyyət nümunələri, o cümlədən 927 kitabxana, 4,6 milyon nüsxə kitab fondu erməni vandalları tərəfindən məhv edilmişdir. Məlumdur ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılmasında problemin hüquqi aspektlərinin müəyyənləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu məqsədlə yaradılmış "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi", "Azərbaycanlıların soyqırımı və deportasiyası", "XX əsrin faciəsi -- Xocalı soyqırımı" adlı tammətnli elektron nəşrlərdə azərbaycanlılara qarşı ağlasığmaz qəddarlıq və soyqırımı faktları, erməni təcavüzünün sosial-iqtisadi fəsadları ilə yanaşı, BMT-nin, ATƏT-in, Avropa Şurasının, Avropa Birliyinin, İKT-nin, GUAM və digər beynəlxalq təşkilatların qəbul etdikləri sənədlər və münaqişənin həllinin hüquqi aspektlərinə dair materiallar öz əksini tapmışdır.
2004-cü ildən respublikamızda "Dövlət qulluğu haqqında" Qanun tətbiq olunur. Bu qanunun şamil olunduğu 40 mindən çox dövlət qulluqçusunun oxucu marağını nəzərə alaraq, onların fəaliyyət sahəsinə aid qanun, fərman, sərəncam, qərar və digər normativ sənədləri əhatə edən "Dövlət qulluğu" adlı tammətnli elektron nəşr tərtib edilmişdir. Bundan əlavə "Ekologiya", "Bələdiyyə hakimiyyəti", "Azərbaycan diasporu" adlı tammətnli elektron nəşrlər də hazırlanmışdır.
Digər mühüm faktoqrafik məlumat toplusu "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xarici siyasət fəaliyyətinin xronikası" adlanır. Bu elektron nəşr İlham Əliyevin prezident vəzifəsinə başladığı gündən hazırkı dövrə qədər onun çoxsahəli xarici siyasət fəaliyyətini əks etdirir.
Kitabxanada bir neçə adda elektron biblioqrafik göstəricilər də tərtib edilir. Belə göstəricilərdən "Azərbaycan Respublikası Prezidentinin fərmanları və sərəncamları" (rüblük), "Azərbaycan Respublikasının qanunları" (rüblük), "Yeni kitablar" (rüblük) "Azərbaycan Respublikasının Prezidenti: gündəlik fəaliyyətin xronikası" (rüblük) adlı nəşrləri xüsusilə qeyd etmək olar.
M.Əhmədov onu da bildirdi ki, fəaliyyətlərinin daimi istiqaməti 4 əsas mövzu -- "Tarix.Mədəniyyət. Elm", "Hakimiyyət. Müxalifət. Xalq", "Azərbaycan iqtisadiyyatı", "Azərbaycan Respublikasında seçkilər" üzrə informasiya bülletenlərinin hazırlanması və təlabatçılara çatdırılmasıdır. Fəaliyyətimizin digər əhəmiyyətli istiqamətlərindən biri də Prezidentin İcra Aparatının bir sıra mütəxəssislərinə fərdi və fərqli informasiya xidmətlərinin göstərilməsidir. Bu xidmət "Qloballaşma", "Azərbaycan regionlarının sosial- iqtisadi inkişafı", "Geosiyasət", "Qanunvericilik" və başqa mövzuları əhatə edir. Bu xidmətin yerinə yetirilməsi çərçivəsində kitabxananın mütəxəssisləri tərəfindən kitabxanaya daxil olan yeni sənəd axını (kitablar və dövri mətbuat materialları) təhlil edilir və onların içərisindən tələbatçılarımızın sorğularına müvafiq olan materiallar seçilir. Bu mənbələrin biblioqrafik yazıları tələbatçıların elektron ünvanlarına göndərilir. Onlar özləri üçün xüsusi maraq doğuran materialları seçərək, onların tam mətnini sifariş verirlər. Biz bu zaman sifarişçilərə təkcə dövri nəşrlərdən götürülmüş materialları deyil, bəzi zallarda həm də kitablardan fraqmentlər də təqdim edirik.
M.Əhmədov sonda bildirdi:
-- 2006-cı ilin iyun ayının 27-də ölkəmizin kitabxana ictimaiyəti üçün çox əlamətdar bir hadisə baş vermiş, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bizim Kitabxanamıza gəlmişdir. Dövlət başçısı kitabxanada görülən işlərlə, burada saxlanılan nadir ədəbiyyat nümunələri ilə, avtomatlaşdırma sisteminin funksiyaları, onun axtarış imkanları ilə yaxından tanış olmuşdur. Əməkdaşlar tərəfindən yaradılmış tammətnli elektron nəşrlərə, biblioqrafik göstəricilərə baxmış, bir sıra tammətnli elektron nəşrlərin ingilis və rus dillərində tərcümə variantlarının hazırlanmasının, ölkəmizin tarixini, ictimai-siyasi və mədəni həyatını əks etdirən kitabların elektron versiyalarının yaradılması işinin daha da sürətləndirilməsini tapşırmışdır. Bütün kitabxana prosesləri ilə maraqlanan dövlət başçısı kitabxana fondunun elektron nəşrlərlə daha da zənginləşdirilməsi, onun maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı da dəyərli tövsiyələrini vermişdir. Dövlət başçısı kitabxana sahəsinin inkişafına və informasiya cəmiyyətinin inkişafında onların roluna böyük əhəmiyyət verir. 2007-ci il aprelin 20-də Prezident "Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında" sərəncam imzalamışdır. Sərəncamda elmi və mədəni sərvətlərin hərtərəfli istifadəsini genişləndirmək, Azərbaycan kitabxanalarının dünya informasiya məkanına daxil olmasını təmin etmək məqsədilə onların maddi-texniki bazasının möhkəmləndirilməsi və müasir informasiya daşıyıcıları ilə təmin edilməsi üzrə bir sıra əhəmiyyətli tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Prezidentin imzaladığı bu sərəncam respublikanın bütün kitabxanaları üçün fəaliyyət proqramıdır. Tabeçiliyindən asılı olmayaraq bütün kitabxanalar öz sahəsinin sənəd-informasiya mərkəzi olmalı və kitabxana işinin informasiya cəmiyyətinin, bilik cəmiyyətinin bərqərar olması üçün yeni keyfiyyət səviyyəsinə yüksəldilməsinə yardım etməlidir. İnformasiya cəmiyyətinə keçid prosesində ən vacib şərtlərdən biri informasiyanın müyəssərliyi, başqa sözlə, hər bir vətəndaşa qanuni yolla istənilən informasiyanı istənilən zaman almaq imkanı yaradılmışdır.
Sonra Rusiya Federasiyası Prezident Administrasiyası Kitabxanasının direktoru Zaytsev Valeriy Qriqoryeviç "Rusiya Federasiyasında dövlət idarəetmə orqanlarının sənəd-informasiya təminatında kitabxananın yeri", Rusiya Federasiyası Dövlət Ümumi Elmi-Texniki Kitabxanasının baş direktoru Şrayberq Yakov Leonidoviç "XXI əsrdə kitabxana-informasiya infrastrukturunun ümumdünya istiqamətləri", Regionlararası Kitabxana Əməkdaşlığı Mərkəzinin prezidenti Kuzmin Evqeniy İvanoviç "Qlobal informasiya cəmiyyəti şəraitində effektiv hakimiyyət: problemə YUNESKO-nun "İnformasiya hamı üçün" Proqramı nöqteyi-nəzərindən baxış", Rusiya Federasiyası Parlament Kitabxanasının direktoru Andreyeva İrina Aleksandrovna "Müasir şəraitdə MDB ölkələrində hökumət və Parlament kitabxanalarının qarşılıqlı əlaqəsi", Belarus Respublikası Prezident Kitabxanası direktorunun müavini Naumova Lyudmila İvanovna "Belarus Respublikası Prezident Kitabxanasında istifadəçilərə informasiya-biblioqrafiya xidməti", Bakı Dövlət Universitetinin kitabxanaçılıq fakültəsinin professoru Abuzər Xələfov "Azərbaycanda Prezident və Parlament kitabxanalarının yaradılmasında ümummilli lider Heydər Əliyevin rolu", Qazaxıstan Respublikası Prezident Administrasiyası Kitabxanasının müdiri Nakipova Karipan Kusainovna "Kitabxanalar müasir mədəniyyət və informasiya mərkəzi kimi", Moldova Respublikası Prezidentinin müşaviri Diozu Valeriy İvanoviç "Moldova Respublikasında dövlət idarəetmə orqanlarının sənəd-informasiya təminatının forma və metodları", İnformasiya Cəmiyyətinin İnkişafı Fondunun icraçı direktoru Bakeykin Sergey Dmitreviç "Qlobal informasiya cəmiyyəti: dünya və MDB ölkələrində yeni vəzifələr və yeni prioritetlər" və digər mövzularda çıxışlar dinlənildi.
Elmi-praktik konfrans bu gün öz işini davam etdirəcək.
Vahid İMANOV
Xalq qəzeti.- 2007.-25 yanvar.-S.4.