Vedat Akçayöz Prezident Kitabxanasında
Qars Mədəniyyət və Sənət Dərnəyi ilə Prezident Kitabxanasının əməkdaşlığı 2010-cu ildən qurulmuşdur. Dərnəyin həyata keçirdiyi müxtəlif layihələrdə Azərbaycan mədəniyyəti, incəsənəti və tarixi ilə bağlı qarşıya çıxan suallara cavab tapılmasında Prezident Kitabxanası informasiya dəstəyi göstərir. Dərnəklə əməkdaşlıq çərçivəsində, onun Azərbaycanın tarixinə, mədəniyyətinə və incəsənətinə dair sorğuları üzrə Prezident Kitabxanasında faktoqrafik arayışlar hazırlanaraq Dərnəyin başqanı Vedat Akçayözün elektron ünvanına göndərilir. Hazırda Prezident Kitabxanasının fondunda Qars Mədəniyyət və Sənət Dərnəyinin başqanı Vedat Akçayözün müəllifliyi ilə çap olunan 7 kitab saxlanılır.
Bu kitabların məzmunu haqqında “Respublika” qəzetinin oxucularına qısaca məlumat vermək yerinə düşür.
Qars Mədəniyyət və Sənət Dərnəyinin çap etdirdiyi və mətnlərinin türk və ingilis dillərində olduğu ilk kitab “Kars: eski yeni fotoğraflarla: albüm = Kars: an illustrated story: photoalbum” (Istanbul, 2010) adlanır və bu kitabda müxtəlif vaxtlarda Qarsda, Sarıqamışda və Anidə olan Avropa və Rusiya səyyahlarının, rəssamların, tədqiqatçıların çəkdikləri rəsmlər və fotolar toplanılmışdır. Kitabın özəlliyi ondadır ki, Qarsın, Sarıqamışın və Aninin hər hansı binasının, məhəlləsinin və yaxud tarixi-memarlıq abidəsinin keçmiş zamandakı rəsmi və yaxud fotosu onun müasir görkəmi ilə yanaşı verilmişdir.
Qars Mədəniyyət və Sənət Dərnəyinin çap etdirdiyi növbəti kitab “Gravürler ve minyatürlerle Kars = Kars in Gravurs and Miniatures” (İstanbul, 2013) adlanır. Bu kitabda Avropa, Rusiya səyyahlarının və qravüraçılarının əsərlərinin fotosurətləri öz əksini tapmışdır.
Vedat Akçayözün çap etdirdiyi maraqlı kitablardan biri də “Annem Sara və Malakanlar” (İstanbul, 2015) adlanır. Kitabda təsvir edilir ki, Vedat bəyin ata babası 1918-ci ildə ermənilərin Gümrüdə törətdikləri qırğınlardan canını qurtarıb Qarsa qaçan azərbaycanlı ailələrdəndir. Qaçqınlığın ilk illərində onların ailəsinin çox məhrumiyyətlərə qatlaşdığı məlum olur. Vedat bəyin ana nənəsi isə Qars vilayətinin Rusiya tərəfindən işğalı dövründə Qarsda yerləşdirilən bir malakan ailəsinin qızı olmuşdur. Malakanlar sovet hakimiyyəti illərində Qarsdan Şimali Qafqaza köçmüşlər. Həmin kitabda Vedat bəyin anası Sara xanımla birlikdə Stavropol diyarında malakan qohumlarını ziyarət etmələrini əks etdirən fotolar əks etdirilmişdir.
Son illərdə V. Akçayöz ermənilərin və gürcülərin maddi-mədəni irsinə iddia etdikləri qədim Ani şəhəri üzrə tədqiqatlarını daha da genişləndirmişdir. “Aninin gizemli yüzü” (Ankara, 2016) və “New Discovers in Ani” (Ankara, 2019) kitabları nəinki Türkiyədə, hətta bir sıra Avropa ölkələrində, xüsusilə də YUNESKO-da diqqəti cəlb etmişdir. Qədim Ani şəhərinin Azərbaycan tarixində önəmli yerini nəzərə alan Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev Vedat Akçayözün kitablarını Azərbaycan Milli Elmlər Akademiyasına göndərmişdir. Akademiyanın vitse-prezidenti İsa Həbibbəyli Vedat bəyin kitabları ilə tanış olduqdan sonra onu Bakıya dəvət etmişdir. Akademik İsa Həbibbəylinin tövsiyəsi ilə Vedat bəylə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunda görüş keçirilmiş və azərbaycanlı alimlərlə birgə tədqiqatlar aparmaq haqqında razılaşma əldə edilmişdir.
Səfər çərçivəsində, 3 dekabr 2019-cu ildə Qars Mədəniyyət və Sənət Dərnəyinin başqanı Vedat Akçayöz Qars Qafqaz Universiteti Konservatoriyasının professoru Rafiq İmrani ilə birlikdə Prezident Kitabxanasının qonağı olmuşlar. Qonaqlar səfərlərinin məqsədi barəsində məlumat vermiş, qarşılıqlı əlaqələrin daha da genişləndirilməsinin vacibliyini qeyd etmişlər. Kitabxananın direktoru Mayıl Əhmədov qeyd etmişdir ki, 10 ildir ki, Qars Mədəniyyət və Sənət Dərnəyi ilə Prezident Kitabxanası əməkdaşlıq edir. Həmçinin Mayıl Əhmədov Dərnəyin bütün nəşrlərini mütəmadi olaraq Kitabxanaya hədiyyə etdiyi üçün Vedat Akçayözə minnətdarlıq etmişdir. Vedat Akçayöz Qarsın və Aninin tarixi keçmişi və mədəniyyəti ilə bağlı yeni kitablarını - “Aninin gizemli yüzü” və “New Discovers in Ani” kitablarını Kitabxanaya hədiyyə edərək onun fondunu daha da zənginləşdirmişdir.
Arzu Əliyeva
Respublika.- 2019.- 27 dekabr.- № 288.- S. 5.