Bu gün Azərbaycan Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası növbəti layihəsini - Prezident İlham Əliyevin həyat və fəaliyyətini əks etdirən “İlham Əliyev. Elektron külliyyat” adlı yeni hazırlanmış elektron resursu (www.ilhamaliyev.preslib.az) təqdim edib.

Trend-in məlumatına görə, təqdimat mərasimində çıxış edən Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov bildirib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan müstəqil Azərbaycanın xarici və daxili siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin 15 illik fəaliyyəti nəticəsində yaranmış çox nəhəng sənəd kütləsini yalnız müasir informasiya texnologiyalarının son nailiyyətlərini tətbiq etməklə geniş oxucu auditoriyası üçün əlçatan etmək mümkündür. Məhz bu məqsədlə yaradılmış, sadə axtarış forması olan və prioritet sahələrin ayrı-ayrılıqda sistemləşdirildiyi bu elektron resursdakı materiallardan istənilən şəxsin istifadə etmək imkanı var.

M.Əhmədov deyib ki, dörd fəsildən ibarət resursda dövlət başçısının fəaliyyətinə dair mətbuatda çap olunmuş materialların tam mətni ilə yanaşı, biblioqrafik informasiya da toplanıb:

"Resursun II fəslində istifadəçilər çox sadə axtarışla Prezident İlham Əliyevin 2003-2018-ci illəri əhatə edən 1370 çıxışının, nitqinin, müsahibəsinin, bəyanatının tam mətnini əldə edə bilərlər. Bu fəslin başqa bölməsinin materiallarının təhlili göstərir ki, çox uğurlu xarici siyasət xətti formalaşdıran Prezident İlham Əliyev 2003-2018-ci illərdə dünyanın 50 ölkəsinə 259 dəfə səfər edib. Bu səfərlərin 31-i Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlıdır. Həmin səfərlərin tam xronikası, xarici siyasətlə bağlı Prezidentin çıxışlarının, nitqlərinin, müsahibələrinin tam mətnləri, xarici siyasətlə bağlı qanun, fərman və sərəncamların, eləcə də xarici ölkələrə səfərlərin fotoxronikası ilə bağlı materiallar “Xarici siyasət fəaliyyəti” adlı bölmədə toplanıb".

O qeyd edib ki, Prezidentin regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul etdiyi hər 3 Dövlət Proqramına aid bütün materiallar da resursun ayrıca bir bölməsində yerləşdirilib: "Bu bölmənin materiallarından görünür ki, Prezident yalnız 2014-2018-ci illəri əhatə edən sonuncu Dövlət Proqramı çərçivəsində ölkənin 57 rayonunda 86 dəfə səfərdə olub və bu Proqramın icrası ilə bağlı 7 fərman, 305 sərəncam imzalayıb. Proqramın başa çatmasına isə bildiyiniz kimi, hələ 8 ay qalır, yəni regionlara səfərlərin və onların sosial-iqtisadi inkişafına dair sənədlərin sayı təbii ki, artacaq".

M.Əhmədov bildirib ki, Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət proqramları da külliyyatda ayrı bölmədə verilib: "İnteraktiv olan bu bölmənin materiallarından görünür ki, Prezident İlham Əliyev Bakı şəhəri və onun qəsəbələrinin müxtəlif sahələr üzrə inkişafına dair 107 fərman və sərəncam imzalayıb".

Onun sözlərinə görə, Prezidentin fəaliyyəti nəticəsində yaranan nəhəng rəsmi sənəd kütləsindən oxucuların istifadəsini asanlaşdırmaq məqsədilə Prezident Kitabxanasında digər elektron resurslar da yaradılır. Prezidentin imzaladığı və dövri mətbuatda nəşr olunmuş 3616 qanun, 3662 fərman və 9740 sərəncamın, eləcə də Nazirlər Kabinetinin 2003-2018-ci illəri əhatə edən 4172 qərarının elektron biblioqrafik göstəriciləri belə resurslardandır.

Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev isə deyib ki, yeni təqdim olunan resurs Azərbaycanın dinamik inkişafını özündə əks etdirən zəngin resursdur.

Ə.Mehdiyev bildirib ki, Prezident İlham Əliyevin fəaliyyəti ilə bağlı olan bu portal Azərbaycanın həyatının müxtəlif sahələrini öyrənmək istəyənlərə geniş informasiyanın çatdırılmasında mühüm rol oynayacaq:

"Ona görə də düşünürəm ki, bu məsələ ilə bağlı kitabxanaya müraciət edənləri kitabxana əməkdaşları istiqamətləndirəcək, onları daha ətraflı məlumatlarla təmin edəcəklər. Elektron informasiya məkanından istifadə etmək istəyənlər isə bu resursdakı məlumatlardan yararlanacaqlar. Əsrimiz elektron əsridir. Belə bir dövrdə bu tipli layihələrin işlənib hazırlanması çox mühümdür. Ona görə də bu elektron resurs çox qiymətlidir. Belə bir mühüm layihəni hazırlayıb ərsəyə gətirdiklərinə görə Prezident Kitabxanasına öz təşəkkürümü bildirirəm".

İlhamə İsabalayeva

 


Trend.-2018. 1 may.