Prezident Kitabxanasında “Azərbaycan Respublikası - 20” adlı elektron resurs hazırlanmışdır
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının əməkdaşları dövlət müstəqilliyimizin bərpasının 20 illiyi ilə əlaqədar 9 fəsildən ibarət “Azərbaycan Respublikası - 20” adlanan internet layihə - elektron resurs hazırlamışlar.
Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov AzərTAc-a bildirmişdir ki, elektron resursun “Ümumi məlumat” adlanan birinci fəsli “Azərbaycan bu gün” və dövlətçilik tariximizi özündə əks etdirən “Müstəqilliyə qədərki tarixin qısa xülasəsi” adlanan bölmələrdən ibarətdir.
“Müstəqil Azərbaycan” adlanan 2-ci fəsil “Dövlət müstəqilliyinin bərpası və qorunub saxlanılması”, “Dövlət hakimiyyəti və milli təhlükəsizliyin təminat sistemi”, “Hüquqi dövlət quruculuğu”, “Azərbaycan beynəlxalq arenada” bölmələrindən ibarətdir. Bu fəsildə istifadəçilər ümummilli lider Heydər Əliyevin 1993-1995-ci illərdə dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi istiqamətində gördüyü işlər, hüquqi dövlət quruculuğu sahəsində həyata keçirdiyi islahatlar barədə geniş məlumat əldə edəcəklər. Həmçinin, istifadəçilər müstəqil Azərbaycanın ötən 20 il ərzində dünya birliyinə inteqrasiyası, beynəlxalq qurumlarla qarşılıqlı münasibətlərinə aid materiallarla tanış ola biləcəklər.
“Sosial-iqtisadi inkişaf” adlanan 3-cü fəsildə ötən müddət ərzində ölkəmizdə bu sahədə görülən işlərə aid analitik materiallar yer almışdır.
Elektron resursun “Sənədlər” adlanan 4-cü fəslində dövlət müstəqilliyinin və dövlətçilik atributlarının bərpası, dövlət quruluşunun əsaslarına dair sənədlər (qanunlar, fərmanlar, sərəncamlar, qərarlar) toplanılmışdır.
“Müstəqilliyin ildönümlərinə aid materiallar” adlanan 5-ci fəsildə Azərbaycan Respublikası Prezidentinin müstəqilliyin ildönümləri münasibətilə keçirilən tədbirlərdə etdiyi nitqlərin, çıxışların, müraciətlərin, imzaladığı fərman və sərəncamların mətnləri toplanılmışdır. Bu fəsildə, həmçinin Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə bağlı xarici ölkələrdə keçirilən tədbirlərə aid materiallar öz əksini tapmışdır.
Resursun “Xronologiya” adlanan 6-cı fəslində Kitabxananın əməkdaşları tərəfindən hazırlanan müstəqilliyə qədərki dövrdə və müstəqillik illərində baş vermiş mühüm hadisələrin xronologiyası ilk dəfə olaraq tam şəkildə istifadəçilərə təqdim edilir. Bu fəsli izləyən hər bir istifadəçi XX əsrin 80-ci illərinin sonlarından etibarən Azərbaycanın üzləşdiyi bəlalar, Ermənistanın ölkəmizə ərazi iddiası və hərbi təcavüzü nəticəsində baş vermiş qanlı-qadalı hadisələr, müstəqilliyin ilk illərində meydana çıxan problemlər, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra xilaskarlıq missiyası ilə həyata keçirdiyi tədbirlər nəticəsində yaranan sabitlik və dinc quruculuq illəri, respublikamızı dinamik inkişaf yolu ilə irəli aparan Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti haqqında xronoloji ardıcıllıqla məlumat əldə edə biləcəkdir.
“Elektron resurslar” adlanan 7-ci fəsil dövlət quruculuğunun müxtəlif sahələrini əhatə edən kitabların və məqalələrin elektron versiyalarını özündə əks etdirir.
“Biblioqrafiya” fəslində istifadəçilərə Kitabxananın fonduna daxil olan və müstəqil Azərbaycanın həyatının mühüm sahələrini əhatə edən kitabların, qəzet və jurnal məqalələrinin və avtoreferatların biblioqrafiyası təqdim edilir.
Sonda təqdim edilən “Fotoxronika” müstəqil Azərbaycan Respublikasının keçdiyi tarixi yolu özündə əks etdirir.
Azərbaycan, rus və ingilis dillərində tərtib edilib Prezident Kitabxanasının www.preslib.az saytında yerləşdirilən “Azərbaycan Respublikası - 20” elektron resursunun müntəzəm olaraq yenilənməsi nəzərdə tutulur.
AZƏRTAC.-2011-18 oktyabr.