Prezident Kitabxanasında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş tədbir keçirilib
Mayın 10-da Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə tədbir keçirilib.
Prezident Kitabxanasından AZƏRTAC-a verilən məlumata görə, tədbirdə çıxış edən kitabxananın direktoru Mayıl Əhmədov qeyd edib ki, Azərbaycanın dünyaya bəxş etdiyi dahi şəxsiyyətlər arasında Heydər Əliyev özünün müstəsna xidmətləri ilə seçilir. Onun adı Azərbaycanın dövlətçilik tarixinə qızıl hərflərlə həkk olunub. Heydər Əliyev irsi elə zəngin xəzinədir ki, həmin xəzinədən hər bir azərbaycanlıya pay düşür. Onun bir qərinəlik irsi yaxın keçmişimizin güzgüsüdür. Heydər Əliyev irsi həm tarixi salnamədir, həm də bu günümüzə və gələcəyimizə işıq saçan sanki bir mayakdır.
Mayıl Əhmədov bildirib ki, istər Sovetlər dönəminin Azərbaycanında, istərsə də müasir ölkəmizdə elmin, təhsilin, mədəniyyətin, səhiyyənin, sənayenin, kənd təsərrüfatının tərəqqisi Heydər Əliyevin titanik zəhmətinin bəhrəsidir. Müasir Azərbaycanda dövlət idarəçilik sisteminin qurulması da məhz Ulu Öndərin adı ilə bağlıdır. Azərbaycanın dünya birliyinə inteqrasiyası, onun yeni dünya nizamında layiqli yer tutması da Heydər Əliyevin uzaqgörən və balanslaşdırılmış xarici siyasətinin bəhrəsidir.
Tədbir iştirakçıları qeyd ediblər ki, Heydər Əliyevin zəngin idarəetmə təcrübəsi sayəsində özündən əvvəlki hakimiyyətlər dövrünün səriştəsiz idarəçiliyindən miras qalmış hərc-mərcliyə, anarxiyaya, özbaşınalığa son qoyulub. Azərbaycana qarşı Ermənistanın hərbi təcavüzünün qarşısını almağa və işğal edilmiş torpaqlarımızın azad edilməsinə qadir olan Ordu məhz Heydər Əliyevin qətiyyətli addımları sayəsində formalaşıb. Ölkəmizin bugünkü dinamik inkişafının əsası da məhz Ümummilli Liderin dövlət sükanı arxasında olduğu dövrdən etibarən təmin edilib.
Bildirilib ki, Heydər Əliyevin əsasını qoyduğu daxili və xarici siyasət kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın iqtisadi potensialı və bərqərar olan sabitlik imkan verir ki, ölkəmiz bir sıra beynəlxalq miqyaslı tədbirlərə və idman yarışlarına ev sahibliyi etsin.
Tədbirdə Prezident Kitabxanasının əməkdaşlarının hazırladıqları, Ümummilli Liderin həyat və fəaliyyətinin bütün məqamlarını, onun zəngin irsini, haqqında yazılan kitab və məqalələri özündə əks etdirən, hazırda çox böyük istifadəçi kütləsinə malik olan “Heydər Əliyev. Elektron sənədlər toplusu”nun (http://heydaraliyev.preslib.az/) yeni-yeni materiallarla daha da zənginləşdirilməsi qərara alınıb.
Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə Kitabxanada sərgi təşkil edilib.
Tədbirin sonunda Heydər Əliyevin həyatından bəhs edən sənədli film nümayiş etdirilib.
Xalq qəzeti.- 2017.- 11 may.- № 99.- S. 8.