AzərTAc xəbər verir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 85 illik yubileyi münasibətilə Prezident Kitabxanasında hazırlanmış “Heydər Əliyev. Elektron Sənədlər Toplusu” internet resursu istifadəçilərə təqdim edilmişdir.

Geniş oxucu kütləsinin və tədqiqatçıların ümummilli liderin zəngin irsini öyrənməyə çox böyük marağını nəzərə alaraq, internet resursda Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti olduğu dövrdəki nitqlərinin, çıxışlarının, məruzələrinin, bəyanatlarının, müsahibələrinin elektron versiyaları hazırlanmış və illər üzrə qruplaşdırılmışdır. Kitabxananın electron kataloqunda Heydər Əliyev haqqında olan 400-dən çox kitab və 1000-dən çox dövri mətbuat materialı haqqında biblioqrafik informasiya internet resursun “Biblioqrafiya” bölməsində yerləşdirilmişdir.

“Xronologiya” bölməsində ilk dəfə olaraq dahi şəxsiyyətin həyat və fəaliyyətinin əsas sahələri, şərəfli bir ömrün ən vacib məqamlarının Prezident Kitabxanası tərəfindən tərtib olunmuş xronologiyası internet istifadəçilərinə təqdim edilmişdir.

Ölkəmizin xarici siyasət kursunun, müstəqil beynəlxalq münasibətlərimizin və diplomatiyamızın formalaşmasında misilsiz xidməti olan Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti olduğu dövrdə xarici ölkələrə etdiyi səfərlərin, bu səfərlər zamanı dövlət rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri ilə keçirdiyi görüşlərin də tam xronologiyası tərtib edilərək resursun “Xarici siyasət fəaliyyətinin xronikası” bölməsində istifadəçilərə təqdim olunmuşdur.

Təməli ümummilli liderimiz tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin uğurla inkişaf etdirdiyi, müasir Azərbaycan iqtisadiyyatının əsasını təşkil edən neft strategiyasına, “Əsrin müqaviləsi”nə, neftimizin dünya bazarlarına nəqlinə, Neft Fonduna, beynəlxalq neft-qaz sərgilərinə dair rəsmi materialların tam mətnləri müvafiq sahələr üzrə qruplaşdırılaraq internet resursun “Neft strategiyası. Əsrin müqaviləsi” bölməsində verilmişdir.

İstifadəçilər üçün çox əhəmiyyətli sənədli mənbə hesab edilən bölmələrdən biri də Prezidentin İcra Aparatının rəhbəri, akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu “Müstəqilliyimiz əbədidir” çoxcildliyinin (22 cild) kitabxananın əməkdaşları tərəfindən hazırlanmış elektron versiyasıdır. Mövzu - axtarış sistemi tətbiq edilmiş bu çoxcildlik Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti olduğu dövrdə misli görünməmiş fəaliyyətini əks etdirən materialların xronoloji toplusudur.

İnternet resursun təqdimatı zamanı ümummilli liderin Prezident Kitabxanasındakı büstü önünə gül-çiçək dəstələri qoyulmuş, həyatının müxtəlif dövrlərini əhatə edən fotoşəkillərdən ibarət slayd göstərilmiş, yubiley münasibətilə təşkil olunmuş zəngin kitab sərgisinə baxış keçirilmişdir.

 


AZƏRTAC.- 2008.- 6 may.