A zərbaycanın tarixində elə şəxsiyyətlər olmuşdur ki, onların həyat və fəaliyyəti, qoyub getdikləri irs heç vaxt unudulmur, insanların xatirəsində hifz edilir, zaman keçdikcə xalqın yaddaşında, şüurunda daha parlaq şəkildə təzahür edir. Belə şəxsiyyətlərdən biri yaxın günlərdə dünyasını dəyişmiş görkəmli kitabxanaşünas alim və pedaqoq, tarix elmləri doktoru, Bakı Dövlət Universitetinin məsləhətçi professoru, BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının akademiki, Əməkdar elm xadimi və Əməkdar mədəniyyət işçisi, “Şöhrət" və “Şərəf’ ordenli, Azərbaycan Kitabxanaçılar Cəmiyyətinin təsisçisi, Azərbaycan Respublikası Prezidentinin fəxri təqaüdçüsü olmuş Abuzər Alı oğlu Xələfovdur.

Ölkəmizdə kitabdan, kitabxanadan, kitabxanaçılıqdan söz düşəndə, istər-istəməz, Abuzər Xələfov yada düşür. Bu, təbiidir. Çünki respublikamızda mədəniyyətin bu spesifik sahəsinin formalaşmasında, inkişafında, indiki səviyyəyə çatmasında Abuzər müəllimin xüsusi xidməti olmuşdur.

Abuzər Xələfov 1931 - ci il dekabrın 25-də, Qərbi Azərbaycanın səfalı Göycə mahalının Cil kəndində anadan olmuşdur. Təhsilini əvvəlcə həmin kənddə, sonra isə qonşu Toxluca kəndində almış, 1950-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinin kitabxanaçılıq şöbəsinə qəbul olunmuş və 1955- ci ildə universiteti əla qiymətlərlə bitirmişdir.

Abuzər Xələfovun bir mütəxəssis, alim və şəxsiyyət kimi formalaşmasında həmin illərdə bu fakültədə çalışmış xalqımızın böyük ziyalı və alimlərindən - professorlar Mir Cəlal Paşayevin, Məmmədhüseyn Təhmasibin, Mikayıl Rəfilinin, Həmid Araslının, Feyzulla Qasımzadənin, Abbas Zamanovun, Cəfər Xəndanın, Əli Sultanlının, Məmməd Arifin, Məmmədcəfər Cəfərovun və Cəfər Cəfərovun böyük rolu olmuşdur. Buna görə də, bütün elmi-pedaqoji ictimaiyyət Abuzər Xələfovu belə parlaq simaların davamçısı hesab edirdi. Məhz bu korifeylərin tövsiyəsi ilə də gənc Abuzər Xələfov məzunu olduğu fakültəyə təyinat alaraq, kitabxanaşünaslıq və biblioqrafiya kafedrasının müəllimi kimi əmək fəaliyyətinə başlamışdır.

Abuzər Xələfovun həyatında ən əhəmiyyətli hadisələrdən biri 1962-ci ildə baş verdi. Universitetdə Filologiya fakültəsinin kitabxanaçılıq şöbəsi müstəqil fakültəyə çevriləndə, həmin fakültənin dekan vəzifəsinə namizəd müəyyənləşdirilərkən, Abuzər Xələfovun işgüzarlığı və səmərəli fəaliyyəti nəzərə alındı. O, yeni yaradılmış fakültənin ilk dekanı seçilərək müəyyən fasilələrlə 1994-cü ilə qədər bu vəzifədə çalışdı. 1963- cü ildə isə o, eyni zamanda, Kitabxanaşünaslıq-biblioqrafiya kafedrasının müdiri seçildi və 2017-ci ilə qədər həmin vəzifəni uğurla yerinə yetirdi.

Abuzər Xələfov pedaqoji işlə yanaşı, elmi fəaliyyətini də intensiv şəkildə davam etdirirdi. 1961-ci ildə o. Azərbaycanda kitabxanaşünaslıq üzrə ilk namizədlik, 1975-ci ildə isə ilk doktorluq dissertasiyalarını müdafiə etdi və bunun ardınca əvvəlcə dosent, sonra isə professor oldu. Diqqətəlayiq faktdır ki, Abuzər Xələfov keçmiş sovet məkanında kitabxanaşünaslıq üzrə doktorluq dissertasiyası müdafiə edib tarix elmləri doktoru elmi dərəcəsi almış ilk alim olmuşdur. Onun elmi rəhbəri isə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, məşhur tarixçi alim Zülfəli İbrahimov idi.

Abuzər Xələfovun həyat tarixçəsinə nəzər yetirərkən onun geniş fəaliyyət istiqamətinə malik bir şəxs kimi, həmin sahələrin hər birində uğurlar qazandığının şahidi oluruq. Abuzər Xələfovun qələmindən çıxan ilk əsər 1958- ci ildə nəşr edilmiş “Kitabxana işinin təşkilinin bəzi məsələləri" kitabı olmuşdur. Sonrakı illərdə o, öz elmi yaradıcılığını daha uğurla davam etdirərək kitabxana tarixinə, kitabxanaşünaslıq nəzəriyyəsinə, kitabxana işinin və kitabxanaçılıq təhsilinin təşkilinə dair 40-dan çox kitab və monoqrafiya, 250-dən çox elmi məqalə yazmışdır. Alimin bu istiqamətdə yaradıcılığının zirvəsi hər biri üç hissədən ibarət olan “Azərbaycanda kitabxana işinin tarixi" (2004-2010), və “Kitabxanaşünaslığa giriş” (2001-2003) adlı fundamental monoqrafiyaları olmuşdur. Qeyd edək ki, alimin bu mövzuda nəşr etdirdiyi əsərlər təkcə elmi səciyyə daşımır, həm də kitabxanaçılıq təhsilində tədris vəsaiti kimi intensiv şəkildə istifadə olunur.

Abuzər Xələfovun elmi yaradıcılığında ölkəmizin müstəqilliyinin bərpa edilməsində, onun sosial-iqtisadi inkişafında, Azərbaycanın dünya miqyasında nüfuz qazanmış dövlətlərdən birinə çevrilməsində müstəsna xidmətləri olmuş ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı olan Prezident İlham Əliyevin ölkədə kitibxana işinin inkişafına yönələn fəaliyyətlərinə həsr edilmiş əsərləri xüsusi əhəmiyyətə malikdir. Onun 2006-cı ildə nəşr edilmiş “Heydər Əliyev və Azərbaycanda kitabxana işi" adlı monoqrafiyasında dahi şəxsiyyətin bu sahəyə qayğısı ilk dəfə olaraq sistemli təhlil edilir.

Abuzər Xələfovun ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə olan müstəsna rəğbəti həm də onunla nəticələndi ki, o, Azərbaycanda biblioqrafik fəaliyyətin tarixində ilk dəfə olaraq bu böyük şəxsiyyətə aid elmi- köməkçi səpkili şəxsi biblioqrafik vəsait tərtib etdi. İndi bu qiymətli vəsait Heydər Əliyev şəxsiyyətini, onun zəngin irsini öyrənən bütün tədqiqatçılar üçün masaüstü kitaba çevrilmişdir.

Alimin qələminin məhsulu olan “Azərbaycanda kitabxana işinə dair Heydər Əliyev doktrinası uğurla davam edir” (2009) kitabı isə ölkədə kitabxana işinin inkişaf etdirilməsinə dair Heydər Əliyev ideyalarının Prezident ilham Əliyev tərəfindən müvəffəqiyyətlə inkişaf etdirilməsinə həsr olunub.

1970-ci illərdə Abuzər Xələfovun elmi tədqiqatları Azərbaycan Sovet Ensiklopediyasının redaksiya heyətinin rəhbərliyinin diqqətini cəlb etmiş və o, respublikada bu sahə üzrə mötəbər eksperti kimi, Azərbaycan Sovet Ensiklopediyasının ayrı - ayrı cildləri üçün kitabxana - biblioqrafiya və kitabçılıq işinin tarixi və nəzəri problemləri, Azərbaycan kitabxanalarının tarixi haqqında çox sayda məqalələr yazmışdır.

Uzun illər boyu dekan və kafedra müdiri işləmiş, həmişə universitet Elmi Şurasının üzvü olmuş alim həm də təhsil sahəsində təşkilatçılıq istedadına malik gözəl pedaqoq idi. O, öz zəngin elmi mütaliə və tədqiqatları nəticəsində qazandığı bilikləri, araşdırmalarının yekunlarını tədris prosesində yaradıcılıqla tədbiq edir, tələbələrin öz sahəsini mükəmməl bilən mütəxəssis kimi formalaşmasına nail olurdu. Məhz pedaqoq peşəsinə derindən bağlılıq nəticəsində Abuzər Xələfov 1955-cı ildən ömrünün sonuna qədər heç zaman pedaqoji prosesdən kənar olmamış, qəlbi 50 ilə yaxın rəhbərlik etdiyi Kitabxanaşünaslıq kafedrası, 30 ilə yaxın başçılıq etdiyi fakültə və doğma universitet ilə birgə vurmuşdu.

Görkəmli alimin elmi və pedaqoji fəaliyyətinin digər vacib istiqaməti onun respublikamızda kitabxanaşünaslıq sahəsində aparılan tədqiqatlara elmi rəhbərlik etməsi idi. özünün 65 illik elmi-pedaqoji fəaliyyəti ərzində o, yüzlərlə tələbənin diplom (buraxılış) işlərinin yazılmasına rəhbərlik etmiş, aspirant və dissertantlarla məşğələlər aparmış, çox sayda tədqiqatçının elmlər namizədi, fəlsəfə doktoru, elmlər doktoru elmi dərəcəsi alması üçün apardığı tədqiqatlara rəhbərlik etmiş, bir çox dissertasiyaların opponenti və ya rəyçisi olmuşdu. Bu tələbələrin, tədqiqatçıların hər biri Abuzər Xələfovun necə tələbkar bir pedaqoq və elmi rəhbər olduğunun, tədqiqat metodlarını necə dərindən bildiyinin və bunu öz şagirdlərinə öyrətdiyinin şahidi olmuşdu.

Abuzər Xələfovun kitabxanaşünaslıq elminin, kitabxanaçılıq təhsilinin dərin bilicisi olması təkcə respublikamızda deyil, onun sərhədlərindən kənarda - indiki MDB məkanında mütəxəssislərə yaxşı bəlli idi. Bu səbəbdən o, tez-tez elmi konfranslara və müşavirələrə dəvət edilirdi. Bir çox halda bu sahə üzrə elmlər doktoru dissertasiyalarına rəy verilməsi üçün işlər Abuzər Xələfova göndərilirdi. Alim keçmiş İttifaqın Moskva. Leninqrad, Tbilisi, Daşkənd, Kiyev, Kuybışev və başqa şəhərlərində mədəniyyətşünaslıq, kitabxanaçılıq və kitabçılıq işinin tarixi və nəzəriyyəsi üzrə yerinə yetirilmiş bir sıra namizədlik və doktorluq dissertasiyalarının rəsmi opponenti kimi çıxış etmiş, bir nəçə doktorantın məsləhətçisi olmuşdur. O, 1970-80-ci illərdə Moskva şəhərində fəaliyyət göstərən kitabxanaşünaslıq. biblioqrafıyaşünaslıq və kitabşünaslıq sahələrində doktorluq dissertasiyalarının müdafiəsi üzrə Sovet İttifaqında yeganə ixtisaslaşdırılmış Şuranın üzvü olmuşdur.

Abuzər Xələfovun elmi yaradıcılıq və təşkilatçılıq sahəsində fəaliyyətinin daha bir istiqaməti sovet dövründə ADU-nun Elmi Xəbərlərinin "Kitabxanaşünaslıq və biblioqrafiya” seriyasının təşkilatçısı və daimi redaktoru olması idi. 2009-cu ildən etibarən Abuzər Xələfovun təsis etdiyi “Kitabxanaşünaslıq və informasiya” adlı elmi-nəzəri və təcrübi jurnalın nəşrinə başlandı.

Abuzər Xələfovun fəaliyyətinin digər vacib istiqaməti onun qanunların və başqa vacib direktiv sənədlərin tərtibində iştirakı idi. Belə ki, o, kitabxana fəaliyyətinin və təhsilin dərin bilicisi kimi, “Kitabxana işi haqqında" və “Təhsil haqqında” qanunların yaradılmasında və "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın tərtibində yaxından iştirak etmişdi.

Abuzər Xələfovun ölkədə kitabxana işinin təşkili sahəsində dərin biliyi və zəngin təcrübəsi ölkənin ali idarəetmə orqanları tərəfindən də yüksək qiymətləndirilmişdir. Məhz buna görə o, 1960-1984-cü illərdə respublikamızda Mədəniyyət Nazirliyi yanında Idarələrarası Kitabxana Şurasına başçılıq etmiş, 1976 - 1989-cu illərdə isə həmin nazirliyin yanında Dövlət idarələrarası Kitabxana Komissiyasının üzvü kimi fəaliyyət göstərmişdi.

Abuzər Xələfov ölkəmizin bütün kitabxanalarına dəyər verir, onları xalqın zəka və mənəviyyat sərvəti kimi qorunub saxlanması, inkişaf etdirilməsi zərurətini vurğulayır. Kitabxanaların zamanın tələblərinə uyğun olaraq daha da təkmilləşdirilməsini, yeni texnologiyalarla təchiz edilməsini zəruri sayır, bu istiqamətdə əlindən gələni əsirgəmirdi. Onun Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasına olan diqqət və qayğısı isə müstəsna dərəcədə idi. Azərbaycanda kitabxana işinin patriarxı kimi hamı tərəfindən qəbul edilən Abuzər Xələfov Prezident Kitabxanasının fəaliyyəti ilə onun yarandığı gündən maraqlanır, onun zamanın tələblərinə uyğun bir kitabxana kimi formalaşaraq inkişaf etməsi üçün öz dərin bilik və təcrübəsini əsirgəmirdi. O, 2006-cı ildə Prezident İlham Əliyevin Prezident Kitabxanasına gəlməsini, onun işi ilə ətraflı tanış olmasını çox böyük mədəni hadisə hesab etdiyinə görə, dəfələrlə bu hadisənin əhəmiyyətindən, Kitabxananın fəaliyyətindən, qarşısında duran vəzifələrdən mətbuat səhifələrində çıxışlar etmiş, kitablarında bu mövzuda yazmışdı.

Abuzər Xələfov 2006- cı il fevralın 18-də “Xalq qəzeti”ndə dərc edilən, “ölkədə ilk fundamental elektron kitabxana” adlı məqaləsində yazırdı: ’’Bu günlərdə yolum yenə də Prezident Kitabxanasına düşmüşdü. Hər dəfə ora gedəndə hansısa bir yeniliyin şahidi oluram. Artıq kitabxanada görülmüş işləri xarici mütəxəssislər də yüksək qiymətləndirirlər. ABŞ-dan gəlmiş kitabxana idarəetməsi və treninq üzrə mütəxəssis doktor Kennet Oberembtin
kitabxananın “Xatirə kitabı”nda yazdığı “Prezident Kitabxanası mənim Azərbaycanda gördüyüm ən yaddaqalan kitabxanadır, gözəldir, yaxşı təşkil olunmuşdur və düzgün idarə olunur” sözləri məni çox sevindirdi. Mən bu müasir mədəniyyət ocağının-respublikamızda ilk fundamental elektron kitabxananın kollektivini qazandığı uğurlara görə təbrik edir, ona gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayıram.”

Prezident Kitabxanasının əməkdaşları Abuzər Xələfovun onların gördükləri işlərə verdiyi yüksək dəyəri, göstərdiyi qayğı və diqqəti heç zaman unutmayacaq, onun xatirəsini daim hörmətlə yada salacaqdır, ömrünün müdriklik çağında əbədiyyətə qovuşan ağsaqqal, ziyalı, alim, pedaqoq, əsl vətəndaş mövqeyinə malik olmuş insanın – professor Abuzər Xələfovun minlərlə tələbələrinə, yetirmələrinə, həmkarlarına qoşularaq Prezident Kitabxanasının kollektivi onun nurlu xatirəsini hüznlə yad edir, ona uca Tanrıdan rəhmət diləyir.

Mayıl ƏHMƏDOV, 
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi

 

 

Xalq qəzeti.-2020.-5 iyun.